Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4527/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 12 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolunun cənubqərb hissəsində yerləşən 360,0 kv.metr qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) etdiyi müraciət İdarənin arxivində mövcud olan xx.xx.2001-ci il tarixli texniki pasportda göstərilən tikililərin faktiki mövcud olmaması, həmçinin xx.xx.2006-cı il tarixli texniki pasportda göstərilən torpaq sahəsi və tikililərlə faktiki vəziyyət arasında ciddi fərq olması əsası ilə təmin edilməmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolunun cənub-qərb hissəsində yerləşən 360,0 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000096 qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolunun cənub-qərb hissəsində yerləşən 360,0 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin 000096 qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin 3-cü abzasında göstərilir ki, bu şəhadətnamə ilə rəsmiləşdirilən 360,0 kv.metr qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətidir. Lakin buna baxmayaraq xüsusi mülkiyyətində olan əmlakla bağlı çıxarışın verilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edilsə də, cavabdeh tərəfindən “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli bildiriş ünvanlanmışdır. Bildiriş onunla əsaslandırılmışdır ki, guya baxış keçirilərkən İdarənin arxivində mövcud olan xx.xx.2001-ci il tarixli texniki pasportda göstərilən tikililərin faktiki mövcud olmadığı, həmçinin xx.xx.2006-cı il tarixli texniki pasportda göstərilən torpaq sahəsi və tikililərlə faktiki vəziyyət arasında ciddi fərq olduğu müəyyən edilmişdir. Bundan başqa bildirişdə guya elektron kadastr bazasında göstərilən sahə AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrak ərazisində olmaqla yanaşı bir hissəsinin (190 kv.m) su kəmərinin mühafizə zonasında yerləşdiyi qeyd edilmişdir. Hesab edir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən mülkiyyət hüquqları barədə dövlət reyestrində müvafiq qeydiyyatın aparılması barədə ona yeni çıxarış verilməlidir. Ona görə də, cavabdeh təşkilatın imtinasını əsassız sayır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman İdarənin arxivində mövcud olan xx.xx.2001-ci il tarixli texniki pasportda göstərilən tikililərin faktiki mövcud olmadığı, həmçinin xx.xx.2006-cı il il tarixli texniki pasportunda göstərilən torpaq sahəsi və tikililərlə faktiki vəziyyət arasında ciddi fərq olduğu müəyyən edilmişdir. O cümlədən elektron kadastr baza məlumatına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisində olmaqla yanaşı bir hissəsi (190 kv.m) su kəmərinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan iddiaçının torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyinin məqsədəmüvafiq olmasına dair iddiaçıya məktub ünvanlanmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələri olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 000941 nömrəli müəssisə və obyektin texniki pasportundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolunun cənub-qərb hissəsində yerləşən 360,0 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 000096 qeydiyyat nömrəli, mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolunun cənub-qərb hissəsində yerləşən 360,0 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. "xxxx" QSC Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamentinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aktda qeyd edilmişdir ki, Bakı şəhəri,Binəqədi rayonu Biləcəri qəsəbəsi, Sumqayıt şosesinin cənub-qərb hissəsində su kəmərinin köçürülməsi layihəsinə mane olan, akta əlavə olunan foto şəkillərdə göstərilən İddiaçı məxsus yarımçıq tikilinin sökülməsi vacibdir. Su kəmərinin köçürülməsi layihəsi yerinə yetirildikdən sonra "xxxx" QSC İddiaçı məxsus yarımçıq tiklinin təqdim olunmuş layihəyə uyğun 1 ərzində yenidən tikilməsinə zəmanət verir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı məxsus yarımçıq tikilinin layihəsi məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 000096 qeydiyyat nömrəli, mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolunun cənub-qərb hissəsində yerləşən 360,0 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı hazırda həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazını İdarənin arxivində mövcud olan xx.xx.2001-ci il tarixli texniki pasportda göstərilən tikililərin faktiki mövcud olmaması, həmçinin xx.xx.2006-cı il il tarixli texniki pasportunda göstərilən torpaq sahəsi və tikililərlə faktiki vəziyyət arasında ciddi fərq olması, elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisində olmaqla yanaşı bir hissəsinin (190 kv.m) su kəmərinin mühafizə zonasında yerləşməsi, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olması ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Əvvəla, cavabdehin etirazının torpaqla bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tələbi qeyri-yaşayış sahəsinə hüququn dövlət qeydiyyatının aparılması ilə bağlıdır. Hansı ki həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmuş, lakin sonradan ona dəyişiklik edilməli olmuşdir. Bu da o deməkdir ki, hazırkı iddia tələbi çərçivəsində həmin dəlillərin araşdırılması zərurəti yoxdur və onlar imtinanın əsası ola bilməz. xx.xx.2001-ci il tarixli texniki pasportda göstərilən tikililərin faktiki mövcud olmaması dəlilinə gəldikdə isə, iddiaçının tələbini xx.xx.2006-cı il tarixli, 000096 qeydiyyat nömrəli, mülkiyyət hüququ haqqında şəhadətnaməyə və xx.xx.2006-cı il tarixli, 000941 nömrəli müəssisə və obyektin texniki pasportuna əsaslandırır. xx.xx.2001-ci il tarixli texniki pasportla bağlı dəlil də öz növbəsində, imtinanın əsası ola bilməz. xx.xx.2006-cı il tarixli texniki pasportda göstərilən tikililərlə faktiki vəziyyət arasında ciddi fərq olması dəlilinə gəldikdə məhkəmə qeyd edir ki, bu fərq "xxxx" QSC tərəfindən tikilinin sökülüb yenidən inşa edilməsi ilə əlaqədardır. Belə ki, "xxxx" QSC Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamentinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Sumqayıt şosesinin cənub-qərb hissəsində su kəmərinin köçürülməsi layihəsinə mane olan, akta əlavə olunan foto şəkillərdə göstərilən İddiaçı məxsus yarımçıq tikilinin sökülməsi vacibdir. Su kəmərinin köçürülməsi layihəsi yerinə yetirildikdən sonra "xxxx" QSC İddiaçı məxsus yarımçıq tiklinin təqdim olunmuş layihəyə uyğun 1 ərzində yenidən tikilməsinə zəmanət verir. Qeyd edilənlərdən aydın olur ki, "xxxx" QSC təbii inhisar subyekti kimi dövlət əhəmiyyətli layihənin həyata keçirilməsi üçün iddiaçıya məxsus tikilinin sökülməsi və yenidən tikilməsini həyata keçirmişdir. Bu zaman tikilinin texniki pasportda qeyd ediləndən fərqli inşa edilməsi iddiaçının təqsiri və imtinanın əsası kimi qiymətləndirilə bilməz. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı xx.xx.2006-cı il tarixli, 000096 qeydiyyat nömrəli, mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ona məxsus olmuş 360,0 kv.m. (ölçüdə hər hansı artım yoxdur, cavabdeh tərəfindən də bu barədə dəlil irəli sürülməmişdir) yuxarıda qeyd edilən əsasla dəyişdirilmiş (perimetrik ölçü və konfiqurasiya fərqi də ondan qaynaqlanır) xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsasdır. İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixli, 000096 qeydiyyat nömrəli, mülkiyyət hüququ haqqında şəhadətnamə cavabdeh orqana təqdim edilmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilmiş əsaslarla imtina edilmişdir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolunun cənub-qərb hissəsində yerləşən 360,0 kv.metr qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ haqqında çıxarış verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt yolunun cənubqərb hissəsində yerləşən 360,0 kv.metr qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4527/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4527/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver