Məhkəmə qərarları › İş №2-1(112)-4529/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4529/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4529/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı X1, üçüncü şəxs X2 ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə (3-cü şəxs: X5) qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü ildə, Suraxanı rayonunda doğulmuşdur. O, Suraxanı rayonu 90 nömrəli orta məktəbdə təhsil almışdır. O, ailəlidir və 4 övladı var. İddiaçının əvvəllər doğum haqqında şəhadətnaməsi olub, uşaq vaxtı evlərində yanğın olub və sənədləri yanıb. Doğum haqqında şəhadətnaməsi olmadığına görə iddiaçı 18 yaşı tamam olan vaxt şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Dəfələrlə Azərbaycan Respublikası vətəndaşı kimi şəxsiyyət vəsiqəsi almağa cəhd etsə də, bürokratik əngəllərdən qorxmuş, hüquqi savadsızlığı nəticəsində bu işi bitirə bilməmişdir. İddiaçının sənədi olmadığı üçün faktiki yaşadığı ünvana qeydiyyata düşə bilmir. Eyni zamanda, şəxsiyyət vəsiqəsi olmadığına görə daim problemlərlə qarşılaşır. Hazırda isə şəxsiyyət vəsiqəsi əldə etmək niyyətindədir. Buna görə də, doğum haqqında şəhadətnamə təqdim etməlidir. Bu barədə ərizə ilə cavabdehə müraciət etsə də, doğum haqqında şəhadətnamədə qeyd olunan şəxsin həqiqətən də o, olduğunu sübut edə bilmədiyindən doğum haqqında şəhadətnaməni təkrar ala bilmir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X5 üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs iddiaçının həqiqətən onun qardaşı olduğunu və doğum haqqında şəhadətnaməsinin yanğında məhv olmasını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəkə oclasında təmsil edilməmiş, lakin məhkəməyə məktubla müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, iddiaçının doğumu Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 862 saylı xx.xx.1984-cü il tarixli aktla qeydə alınmışdır. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd olmadığından ərizənin cavabdeh tərəfindən icra olunması mümkün deyildir. Həmçinin, “doğum haqqında təkrar şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsi”nin cavabdehin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında təkrar şəhadətnamə ilə təmin ediləcəkdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 862 saylı xx.xx.1984-cü il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumatda adının Səftər, soyadının Heydərov, ata adının Vaqif, 05 iyul 1984-cü il tarixdə doğulması, ata qrafasında X6, ana qrafasında X7 qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri xx.xx.1947-ci il təvəllüdlü X6 ilə xx.xx.1952-ci il təvəllüdlü X7 olan xx.xx.1984-cü il təvəllüdlü İddiaçı və X2 doğumu xx.xx.1984-cü ildə, xx.xx.1980-ci il təvəllüdlü X3 doğumu xx.xx.1980-ci ildə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində, xx.xx.1973-cü il təvəllüdlü X4 doğumu xx.xx.1973-cü ildə, xx.xx.1975-ci il təvəllüdlü X3 doğumu isə xx.xx.1975-ci ildə Kürdəmir rayonunun Karrar icra nümayəndəliyində qeydə alınmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən şahid X8 iddiaçının həqiqətən onun qardaşı İddiaçı olduğunu, doğum haqqında şəhadətnaməsinin yandığını, hazırda şəxsiyyətini təsdiq edən sənədin olmadığı üçün cavabdeh tərəfindən ona təkrar doğum haqqında şəhadətnamənin verilmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər (1.4). Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər (1.14.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir (9.1). Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur (9.2.). Təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: ərizəçinin adı, soyadı və atasının adı; ünvanı; haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; təkrar tələb olunan şəhadətnamənin növü; vətəndaşlıq vəziyyəti akt qeydini tərtib edən Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə tərtib edilmə tarixi və yerli barədə məlumatlar (9.3.).Əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur (9.4). Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər (9.7). Göründüyü kimi iddiaçı doğum şəhatənaməsinin məhv olduğundan doğum haqqında təkrar şəhadətnamə verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, iddiaçının şəxsiyyət vəsiqəsi olmadığından cavabdeh onun şəxsiyyətini müəyyən edə bilməmiş və bu səbəbdən ona təkrar şəhadətnamə verilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının doğum faktı cavabdehin təqdim etdiyi 862 saylı xx.xx.1984-cü il tarixli doğum haqqında akt qeydində qeyd edilmişdir. Həmin qeyddən müəyyən edilir ki, iddiaçının atası X6, anası X7 olmaqla xx xxxx 1984-cü ildə anadan olmuşdur. Bu faktı məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmiş iddiaçının bacısı X5 və məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının qardaşı X8 da təsdiq etmişlər. Lakin hazırki işin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, cavabdehin bu imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar