Məhkəmə qərarları › İş №2-1(112)-4530/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4530/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4530/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkilnnın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X15, X23, X8, X6, X22, X10, X3) qarşı ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək üçüncü şəxslər X11, X20, X4, X2, X19, X5, X1 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Cavadxan küçəsində yerləşən ev 3, 20 saylı mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il ********** nömrəli qeydiyyat nömrəli verilmiş çıxarış əsasında mülkiyyətçisidir. Üçüncü şəxslər X15, X23, X8, X6, X22, X10, X3 ona məxsus mənzildə qeydiyyatdadırlar. Lakin onların qeydiyyatı ona məxsus mənzildə tamamilə formal xarakter daşıyır və faktiki olaraq üçüncü şəxslər öz ailə üzvləri ilə birlikdə başqa ünvanlarda yaşayırlar. Belə ki, üçüncü şəxs iddiaçının oğlu X6 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur və həmin vaxtdan ona məxsus evdə yaşamır, öz ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşayır. X3 iddiaçının qızıdır və 2005-ci ildə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan ona məxsus evdə yaşamır yaşamır, öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində daimi olaraq yaşayır. X15 xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmuşdur və həmin vaxtdan ona məxsus evdə yaşamır yaşamır, öz ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində daimi olaraq yaşayır. Üçüncü şəxslərin ona məxsus mənzildə qeydiyyatlarə tamamilə formal xarakter daşıyır, onların mülkiyyət hüququ üzrə ona məxsus mənzildə hheç bir istifadə hüququ yoxdur.

3. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslər onun övladları və nəvələridir, həmin evdə yaşamırlar, lakin aralarında hər hansı mübahisə yoxdur.

4. Cavabdeh Nəsimi Rayon Polis İdarəsi məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

6. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

7. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli cavabında (bundan sonra - cavabdehin imtinası) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslər ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma qətnaməsi əsasında həyata keçirilir.

8. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə X15, X23, X8, X6, X22, X10, X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar.

10. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15, X23, X8, X9, X7, X6, X22, X10, X3 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

11. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X15, X23, X8, X6, X22, X10, X3 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

12. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarışına əsasən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.

13. Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyəti Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 23 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən iddiaçıya verilən arayışa əsasən bildirilmişdir ki, X7 və X9 ünvan 1 ünvanında qeydiyyatdadırlar və yaşayırlar. X15, X23, X8, X6, X22, X10, X3 ünvan 1 ünvanında yaşamırlar.

14. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3, X6 və Novruzbəyova (Cəfərova) Surə Tariyel qızı iddiaçının övladları, onların yetkinlik yaşına çatmayan uşaqları X10, X8, X22 və X23 iddiaçının nəvələridir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, X11, X20, X4, X2, X19, X5, X1 ünvan 1-yə dair istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir.

IV. Məhkəmənin mövqeyi

16. Məhkəmə tərəfindən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının (mülkiyyətçinin) ailə üzvüdür (övladları və yetkinlik yaşına çatmayan nəvələridir).

17. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

20. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə yardıma ehtiyacı olan nəvələr aid edilmişdir.

24. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. Lakin məhkəmə hesab edir ki, üçüncü şəxslər X15, X23, X8, X6, X22, X10, X3 iddiaçının (mülkiyyətçinin) ailə üzvü (övladları və nəvələri) olduğundan onların həmin mənzilə istifadə hüququna xitam verilməsi haqqında məhkəmə qətnaməsi əsasında yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarıla bilər. Odur ki, məhkəmə cavabdeh qurumun hazırki imtinasının qanunsuz olduğu qənaətində deyil.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar