Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4531/2021 09.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 01.01.2006-cı il tarixinə 25 il 07 ay 17 gün ümumi və həmin tarixə 14 il 02 ay 08 gün iş stajı nəzərə alınmaqla oktyabr 2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 21.07.1980-ci il tarixinədək peşə texniki məktəbində təhsil almış, 07.08.1980-ci il tarixində əmək fəaliyyətinə başlamışdır. 13 may 1981-ci ildən 20 may 1983-cü il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. 26.04.1984-cü il tarixindən 16.07.2018-ci il tarixinədək müxtəlif təşkilatlarda elektrik və qaz qaynaqçısı peşələrində işləmişdir. 25.02.2020-ci il tarixində iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 03.03.2020-ci il tarixli, **********0 saylı məktubunda “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə istinad edərək iş yerindən güzəştli şərtlə pensiya hüququ verən arayışı tələb etmişdir, hansı ki qeyd olunan maddədə bu tələb təsbit olunmayıb. Həmçinin mövcud qanunvericilikdə pensiya təyini üçün əmək kitabçası əsas götürülür və pensiya təyini üçün tələb olunan sənədlərin siyahısında arayış qeyd olunmamışdır. Cavabdehin tələbinə əsasən sonuncu iş yerindən arayışı 24.12.2020-ci il tarixində təqdim etmişdir. Növbəti dəfə cavabdeh 27.01.2021-ci il tarixinədək ümumi iş stajının 25 ildən az (22 il 07 ay 26 gün) təşkil etməsini bildirərək pensiya təyinindən imtina etmişdir. İddiaçının ümumi və güzəştli iş stajı aşağıdakı qaydada hesablanmalıdır. -texniki peşə məktəbi 01 il 11 ay 10 gün; -həqiqi hərbi xidmət 02 il 00 ay 17 gün; -ümumi iş stajı 07.08.1980-cı il tarixindən, peşə təhsili və hərbi xidmət daxil olmaqla 01.01.2006-cı il tarixinə 25 il 07 ay 17 gün; -güzəştli iş stajı 03.10.1983-cü il tarixindən peşə təhsilinin yarısı, yəni 01 il 11 ay 10 gün 01.01.2006-cı il tarixinə 14 il 02 ay 08 gün təşkil edir. Cavabdeh iş stajının hesablanılmasında yalnışlığa yol vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının 24.12.2020-ci il tarixli müraciəti Mərkəzi Filial tərəfindən **********1 nömrəsi ilə qeydə alınmışdır. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim olunan sənədlərdən göründüyü kimi İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 7 ay 26 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan SSRİ X8 Təhsili Komitəsi tərəfindən 22.07.1980-ci il tarixdə verilmiş 124379 nömrəli diplomun surətinə əsasən İddiaçı 01.09.1977-ci il tarixdə Bakı şəhəri 59 nömrəli orta texniki-peşə məktəbinə daxil olmuş və 21.07.1980-ci il tarixdə məktəbi xarrat (inşaatçı) peşəsi üzrə bitirmişdir. Azərbaycan SSRİ X8 Təhsili Komitəsi tərəfindən 14.04.1984-cü il tarixdə verilmiş 600897 nömrəli diplomun surətinə əsasən İddiaçı 01.09.1983-cü il tarixdə Bakı şəhəri 14 nömrəli orta şəhər texniki-peşə məktəbinə daxil olmuş və 14.04.1984-cü il tarixdə məktəbi elektrik qaynaqçısı peşəsi üzrə bitirmişdir. İşdə olan HЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 03.05.1981-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, 18.05.1983-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИT ******* nömrəli əmək kitabçasının və surətinə əsasən İddiaçı 07.08.1980-ci ildə Neft Sənayesi Nazirliyinin “Neft xüsusi materialları ittifaqının” Birliyi üzrə Bakı Ağırlaşdırıcılar Zavodunda ağırlaşdırıcılar sahəsinə üçüncü dərəcəli xarrat qəbul edilmiş və 06.04.1981-ci ildə həqiqi hərbi xidmətə çağrılması ilə bağlı işdən azad edilmişdir. 18.08.1983-cü ildə Azərbaycan SSR Meşə Sənayesi Nazirliyinin TTİ-də 4-cü dərəcəli xarrat qəbul edilmiş və 03.10.1983-cü ildə öz istəyi ilə işdən azad edilmişdir. 26.04.1984-cü ildə Xəzər Neft və X9 üzrə X4 Axtarış Qazma İdarəsində 14 saylı ODPTM bitirdikdən sonra 4-cü dərəcəli əl ilə qaynağın elektrik qaz qaynaqçısı qəbul edilmiş və 21.04.1986-cı ildə öz istəyi ilə işdən azad edilmişdir. 15.05.1986-cı ildə Azərbaycan SSR ƏMXN Xüsusi tikinti təmir trestinin Bakı TTİ-də 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş və 03.11.1986-cı ildə öz istəyi ilə işdən azad edilmişdir. 06.12.1986-cı ildə Xəzər Neft və X9 üzrə X4 Axtarış Qazma İdarəsində 4-cü dərəcəli əl ilə qaynağa elektrik qaynaqçısı qəbul edilmiş və 12.02.1988-ci ildə işdən azad edilmişdir. 23.02.1988-ci ildə 2 saylı sahəyə 5-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş və 14.04.1989-cu ildə işdən azad edilmişdir. 17.04.1989-cu ildə “Azqaztikinti” trestinin XMN-ya 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş və 22.08.1989-cu ildə işdən azad edilmişdir. 21.08.1989-cu ildə “Metalçı” kooperativinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 09.11.1989-cu ildə öz istəyi ilə işdən azad edilmişdir. 01.11.1989-cu ildə Maştağa tikinti materialları komitəsi yanında “Karxana” kooperativində elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş və 05.02.1990-cı ildə işdən azad edilmişdir. 04.05.1992-ci ildə “Araz” D.R.M-nə gözətçi təyin edilmiş və 17.08.1992-ci ildə işdən azad edilmişdir. 16.02.1990-cı ildə Xəzər Neft və X9 üzrə X4 Axtarış Qazma İdarəsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 21.10.1990-cı ildə işdən azad edilmişdir. 04.09.1990-cı ildə “Azborukəmərtikintisi” tr. BKQ-da müvəqqəti olaraq 6-cı dərəcəli qaynaqçı qəbul edilmiş və 28.04.1992-ci ildə işdən azad edilmişdir. 01.10.1992-ci ildə 6-cı dərəcə üzrə elektrik qaynaqçısı qəbul edilmiş və 29.08.1994-cü ildə işdən azad edilmişdir. 03.09.1994-cü ildə Bakı Liman Dəniz Axtarış Qazma İdarəsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 23.11.1995-ci ildə işdən azad edilmişdir. 08.07.1997-ci ildə Abşeron Rayon Neft Kəmərləri İdarəsinin Sabunçu QTM-nə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş və 01.10.1999-cu ildə işdən azad edilmişdir. 01.10.1999-cu ildə X3 İstehsalat Birliyi Təmir Tikinti İdarəsinə ARNQİ-dən köçürmə yolu ilə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı qəbul edilmiş və 01.02.2000-ci ildə işdən azad edilmişdir. 23.12.2002-ci ildə Bos Şelf LTD-də qaynaqçı vəzifəsinə qəbul edilmiş, 03.06.2013-cü ildə qaynaq üzrə briqada vəzifəsinə keçirilmiş və 16.07.2018-ci ildə vəzifədən azad edilmişdir. İş materiallarında olan Bos Şelf MMC-nin HR-2020/BOS/GHA/R-00/3991 nömrəli, 10.11.2020-ci il tarixli arayışından görünür ki, verilir İddiaçı ondan ötrü ki, o həqiqətən BOS Şelf MMC-də 23/12/2002-ci il tarixdən 03/06/2013-cü il tarixədək qaynaqçı peşəsində işləmiş, 03/06/2013-cü il tarixdə Qaynaq üzrə Briqadir vəzifəsinə keçirilmişdir (03/06/2013cü il tarixli 128/13 ir saylı Əmr). Onunla bağlanmış əmək müqaviləsinə 16/07/2018-ci il tarixdə xitam verilmişdir (16/07/2018-ci il tarixli 1030/18 ir saylı Əmr). BOS Şelf MMC 29/10/2001-ci il tarixindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Burada mctalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklannin hazırlanmasıdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 35-ci hissədə (Ümumi peşələr), öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 11 il 5 ay 15 gün təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın Neft Kəmərləri İdarəsi tərəfindən SOCAR**********30490075X00076 nömrəli, 21.04.2021-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı (xx.xx.1962-ci təvəllüdlü) 08.07.1997-ci ildən Abşeron Rayon Neft Kəmərləri İdarəsinin Sabunçu Qəza-Təmir Məntəqəsinə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş (əmr №11, 07.07.1997-ci il) və 01.10.1999-cu il tarixdən AR ƏM 69-cu maddəsi ilə köçürülmə yolu ilə işdən azad edilmişdir. X3 İstehsalat Birliyi Təmir Tikinti idarəsinə ARNKİ-dən köçürmə yolu ilə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş (əmr №13/L,01.10.1999-cu il) 01,02.2000-ci il tarixdən AR ƏM 69-cu maddəsi ilə öz xahişiilə işdən azad edilmişdir (siyahı № 2). İddiaçı zərərli əmək şəraitində işlədiyi üçün əlavə əmək haqqı, əlavə məzuniyyət və ya digər güzəştlər barədə məlumatlar araşdırma zamanı aşkar olunmamışdır. Müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda kod XXXİİİ 23200000-19906(ümumi peşələr, əl ilə qaynaq aparan elektrik qaynaqçıları) uyğundur. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş SOCAR**********30020123X00016 nömrəli, 31.03.2021-ci il tarixli məktuba əlavə olunmuş SOCAR**********80020115X00056 nömrəli, 31.03.2021-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 26.04.1984cü il (Əmr №47k, 25.04.1984-cü il) tarixindən 21.04.1986-ci il (Əmr №39-k, 18.04.1986-cı il) tarixinə kimi “Xəzərqazmaneftqazsənayesi" İstehsalat Birliyinin “lliç Buxtası” X5 idarəsində işləmişdir. Vətəndaş İddiaçı Malik oğlu 26.04.1984-cü ildən 21.04.1986-cı ilədək “İliç Buxtası” X5 İdarəsində 4-cü dərəcəli elektrik qazqaynaqçısı (əl ilə) peşəsinə qəbul edilmiş (Əmr № 47k, 25.04.1984-cü il) və 21.04.1986-cı ildə işdən azad edilmişdir (Əmr № 39k, 18.04.1986-cı il). Bu müddətdə iş stajı 01 il, 11 ay, 05 gün təşkil etmişdir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 23200000 XXXİİİ.Ümumi peşələr. Elektrik qazqaynaqçısı (əl ilə) 23200000-11620 kodu ilə güzəştli şərtlərlə təqaüd almaq imkanına malikdir. Məhkəmənin sorğusuna cavab olaraq BOS Şelf MMC-nin C- 2021/BOSS/BAC/GHA/L-513 nömrəli, 30.03.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı 02.01.2002-ci il tarixdən 03.06.2013-cü il tarixədək BOS Şelf MMC-də Qaynaqçı (məşğulluq təsnifat kodu: 7212) vəzifəsində işləmiş, 03.06.2013-cü il tarixdən Qaynaq üzrə Briqadir (məşğulluq təsnifat kodu: 3122) vəzifəsinə keçirilmişdir. İddiaçı 16.07.2018-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad olunmuş və sosial ehtiyacları nəzərə alınaraq ona aylıq əmək haqqının 5 (beş) misli miqdarında əlavə ödəniş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialının İddiaçı ünvanlanmış **********1 nömrəli, 27.01.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (22 il 7 ay 26 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının ümumi iş stajı 22 il 7 ay 26 gün olmaqla qanunla tələb olunan 25 il ümumi iş stajından azdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlülüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, iddia tələbinin iddia olunan məzmunda təmin edilməsi və iddiaçıya 2019cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı toplaması, bunun 12 il 06 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olması tələb olunur. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşını 12.08.2019-cu il tarixdə tamamlamışdır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İş üzrə təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək ümumilikdə 23 il 04 ay 05 gün ümumi iş stajı toplamışdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 01.01.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcud deyil. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi 01.07.2017-ci il tarixədək qüvvədə olmuş Qanunun tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün eyni vaxtda 3 şərtin ödənilməsi tələb olunur - şəxsin 01.07.2017-ci il tarixədək 25 il ümumi iş stajı, bunun 12 il 06 ay güzəştli işlərdə işləməsi və 57 yaşını tamam etməsi. Qeyd olunan Qanunun tələblərindən çıxış etdikdə iddiaçı 01.07.2017-ci il tarixədək 34 il 10 ay 07 gün ümumi iş stajı, 12 il 06 aydan çox ümumi iş stajı toplasa da həmin tarixədək 57 yaşı tamam etməmişdir. İddiaçı yuxarıda qeyd edildiyi kimi 57 yaşını 12.08.2019-cu il tarixdə, yəni 01.07.2017-ci il tarixdə Qanuna edilmiş dəyişiklikdən sonra tamamlamışdır. Belə olan halda, Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən tələb olunan 3-cü şərt-yaş tələbi iddiaçıya münasibətdə ödənilmir. Beləliklə, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə yalnız tam əmək stajını 2006-cı il 1 yanvar tarixədək qazanmış olduğu halda, yaxud tam əmək stajını həmin tarixdən sonra (2017-ci il 1 iyul tarixədək) tamamlamış olsa da, lakin 57 yaşının 2017-ci il 1 iyul tarixədək tamam olduğu halda iddia etməkdə haqlı ola bilərdi. Hazırki halda isə qeyd olunan Qanunun tələbləri iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyininə imkan vermədiyindən iddia tələbi təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4531/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4531/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver