Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4532/2022 20.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı «iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmişdir. Həmin illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 7 fevral 1993-cü il tarixli 012 nömrəli əmrinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. İİ qrup Qarabağ əlilidir. Ona baş leytenant rütbəli zabit kimi nə hərbi xidmətdə olduğu dövrdə, nə də ki, Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra ev verilməmişdir. İddiaçı «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsaslanaraq, hərbi xidmət dövründə vətən uğrunda döyüşmüş hərbi qulluqçu kimi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq hərbi qulluqçuların siyahısında mənzil növbəsinə qeydiyyata alınması ilə bağlı 20 iyun 2018-ci il tarixdə ərizə ilə cavabdeh Bakı şəhəri Xətai RİH-ə müraciət etmişdir. Cavabdeh orqanın 19 noyabr 2021-ci il tarixli imtina məktubunda aşağdakılar qeyd edilir: araşdırma zamanı müəyyən olunmuşdur ki, o (iddiaçı), Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən xüsusi mülkiyyətində olan 7 saylı evin 114 saylı mənzili 17 noyabr 2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən sataraq mənzil şəraitini süni şəkildə pisləşdirmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə həmin mənzildən daimi qeydiyyatı ləğv edildiyi təqdirdə, 2 fevral 2020-ci il tarixdən Xətai rayonu, Sadıqcan küçəsi, 52 saylı inzibati binaya daimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlər yol verilmiş vətəndaşlar göstərilən niyyəti hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Bakı şəhəri Xətai RİH tərəfindən onun qanunvericilikdə müəyyən olunmuş hüquqları pozulmuşdur. Belə ki, sözügedən mənzil ona məxsus olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5873/2019 saylı iş üzrə 28 avqust 2019-cu il tarixli qətnaməsinin altıncı abzasında qeyd edilmişdir ki, iş materiallarına əsasən alıcı X7 ilə satıcı Quliyeva (Qaramətova) Almas Zeynal qızı arasında 17 noyabr 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 7 saylı evin, 114 saylı mənzilinə dair 30 noyabr 2008-ci il tarixdə X4 (həmin iş üzrə iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (MH seriyalı ******* saylı) verilmişdir. 40 saylı Dövlət Notariat Kontorunun 3 dekabr 1997-ci tarixli 3MA-5-820 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 7 saylı evin, 114 saylı mənzili X2 adına qeydiyyatdan keçmişdir. 36 saylı DNK-nın 17 avqust 2007-ci tarixli 4-Ə-01-181 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 7 saylı evin, 114 saylı mənzildə qeydiyyatda olmasına baxmayaraq mənzil 3 dekabr 1997-ci il tarixdən kənar şəxsin mülkiyyətindədir. Beləliklə, hesab olunur ki, cavabdeh orqanın imtinası əsassızdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsininin 2-ci bəndinin 3-cü abzasında qeyd olunur ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularınıyerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilm'ışyaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş bə bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya torpaq sahəsi növbədənkənar verilir. «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində qeyd olunur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Konvensiyanın 71-ci maddəsinin 6-cı və 7-ci bəndlərində göstərilmişdir ki, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs, ərizə və şikayətlərinə prosessual qanunla müəyyən olunmuş qaydada baxılaraq, müvafiq əsaslandırılmış məhkəmə aktının qəbul edilməsinə əmin olmalıdır. Heç kəs əsaslandırılmış müvafiq məhkəmə aktının çıxarılmaması ilə ərizə və ya şikayətinə baxılmadan, prosessual qaydadan kənar yolla müraciətin araşdırılması üçün müxtəlif maneələrin olduğunu ona bildirən məlumatları daimi olaraq gözləməməlidir. Qeyd olunmalıdır ki, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüquqları pozulmuşdur: Hamı qanun və məhkəmə qarşısında bərabərdir; Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır; Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Hər kəsin Konstitusiyanın 26-cı (İnsan və vətəndaş hüquqlarının müdafiəsi) və 60-cı (hüquq və azadlıların məhkəmə təminatı) maddələri və Avropa Konvensiyasının 6-cı (Ədalətli məhkəmə hüququ) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri ilə təmin olunmuş hüquqlarının pozulmasına gətirib çıxarar. Bu mənada, vurğulanmalıdır ki, İoçev Bilqarıstana qarşıiş üzrə 02 fevral 2006-cı il tarixli qərarında Avropa Məhkəməsi Konvensiyanın 13-cü maddəsinin tələbləri ilə bağlı hüquqi mövqeyini ifadə etmişdir ki, hüquqi müdafiə vasitəsi qanunvericilikdə olduğu kimi təcrübədə də səmərəli olmalıdır (§142). «Hamılıqla qəbul olunmuş insan hüquq və əsas azadlıqlarının təşviqi və müdafiəsi üzrə cəmiyyətin, üzvlərin, qrupların və orqanların hüquq və vəzifələri haqqında» Birləşmiş Millətlər Təşkilatının 09 dekabr 1998-ci il tarixli Bəyannaməsinin 9-cu maddəsinin 2-ci bəndinə görə hüquq və azadlıqlarının pozulduğu ehtimal olunan hər kəs şikayətinə baxılması barədə məhkəmə orqanından qərarı əldə etmək hüququna malikdir. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə Konvensiya nəzəri və xəyali deyil, praktiki və səmərəli hüquqların təmin olunmasına yönəlib. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi mülki mübahisələrin həlli üçün məhkəməyə müraciət hüququnu təmin edir. Bu hüquq yalnız tələb irəli sürmək hüququnu deyil, eyni zamanda, mübahisə ilə bağlı məhkəmənin “qərarını” əldə etmək hüququnu ehtiva edir (Kutiç Xorvatiyaya qarşı iş üzrə 01 mart 2002-ci il tarixli qərar, (§25). Avropanın digər konstitusiya mühakiməsi orqanlarının da bu məsələyə münasibəti maraq doğurur. Belə ki, X1 16 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hüququ (1) müstəqil və qərəzsiz məhkəmə qarşısında tələb irəli sürmək hüququnu nəzərdə tutan məhkəməyə müraciət hüququnu; (2) ədalətliyin və açıqlığın tələblərinə müvafiq olaraq məhkəmə prosesinin düzgün keçirilməsi hüququnu və (3) məcburi qərarı məhkəmədən əldə etmək hüququnu təşkil edən məhkəmə qərarı hüququnu əhatə edir. Göstərilənlərə və «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyasının 10-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 57, 60-cı maddələrinə, İPM-in 2.2, 33, 52, 68, 69, 73 və 85-ci maddələrinə əsaslanaraq, iddiaçının hərbi xidmət dövründə vətən uğrunda döyüşmüş hərbi qulluqçu kimi müraciət etdiyi 20 iyun 2018-ci il tarixdən güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq hərbi qulluqçuların siyahısında mənzil növbəsinə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Xətai RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 28 noyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, Xətai RİH iddia ilə razılaşmır. Belə ki, İddiaçı iddia ərizəsində ehtiyatda olan hərbçi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş edir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən xüsusi mülkiyyətində olan 7 saylı evin 114 saylı mənzilini 17 noyabr 2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən sataraq mənzil şəraitini süni şəkildə pisləşdirmiş və 2 fevral 2020-ci il tarixdən Xətai rayonu, Sadıqcan küçəsi, 52 saylı inzibati binaya qeydiyyata alınmışdır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlayır. İddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə görə qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1992 – 1993-cü illərdə zabit kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və 7 fevarl 1993-cü il tarixdə xəstəliyə görə ettiyata buraxılmışdır. O, cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RİH tərəfindən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh tərəfindən həmin məsələnin həllindən imtina olunmuşdur. İmtina isə belə əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan mənzili 17 nooyabr 2017-ci il tarixdə satmış və bununla da yaşayış şəraitinin qəsdən pisləşdirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə icraatı zamanı (20 dekabr 2022-ci il tarixdə) artıq iddiaçının öz mülkiyyətindəki mənzilini satdığı vaxtdan 5 il 1 ay vaxt ötmüşdür. Bununla da, cavabdehin imtina üçün gətirdiyi əsas aradan qalxmışdır. Məhkəmənin qənaəti belədir ki, İddiaçı özünə məxsus mənzili 2017-ci ilin noyabr ayında satması uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymətləndirilə bilərdi, lakin Azərbaycan Respublikası Məcəlləsinin 53.1.3-cü maddəsinin tələbləri üzrə müəyyənləşdirilmiş 5 illik müddət keçdiyindən, hazırda iddiaçı müvafiq uçota alınmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olnanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı müraciət etdiyi 20 iyun 2018-ci il tarixdən güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq hərbi qulluqçuların siyahısında mənzil növbəsinə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 81, 85 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı müraciət etdiyi 20 iyun 2018-ci il tarixdən güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq hərbi qulluqçuların siyahısında mənzil növbəsinə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4532/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4532/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver