Məhkəmə qərarları › İş №2-1(112)-4532/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4532/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4532/2025 15.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ünvan 8 evin, 23 saylı mənzilin adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-ci il tarixində doğulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B mənzil 23-də ailəsi ilə birlikdə yaşayır. Yaşadığı 81 mənzilli doqquz mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qaradağ Müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmişdir. O, Qarabağ Müharibə əlili olduğu üçün xx.xx.1996- ci il tarixdən Nərimanov Rayon İcra Hakimiyyətində mənzil uçotuna götürülmüşdür. Yaşayış yeri olmadığı üçün qeyd olunan, Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2011-ci tarixli sərəncama əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 9 mərtəbəli, 15B saylı binada bizə (5 nəfər ailə tərkibi ilə) 2 otaqlı, sahəsi 84.5 kv.m olan 23 saylı mənzil verilmişdir. Hal-hazırda onun bina dövlət mənzil fonduna aid olmaqla, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 125 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Mənzilə dair Mənzil-Kommunal İstismar Sahəsi ilə arasında kirayə haqqında birtipli kirayə müqaviləsi də bağlanmışdır və o mənzilin kirayəçisi hesab olunur. Yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə xx.xx.2024-ci il tarixli, **********61 saylı məktub ilə ona imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq yaşadığı mənzilin adına özəlləşdiriləsinə dair müraciətinə imtina olunmuşdur. Onun xx.xx.1996-cı ildən mənzil növbəsinə durmağı nəzərə alınmamışdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B ünvanında yerləşən ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 37.9 kv.m olan 23 saylı mənzilə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və ona xx.xx.2024-cü il tarixli **********61 məktubla cavab verilmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, ünvan 8 evin, 23 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 551 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən müayinə zamanı müəyyən olunmuşdur ki, mənzilin ümumi sahə 84.5 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 493/10 nömrəli Sərəncamına əsasən vətəndaş İddiaçı 1 nəfər ailə tərkibi-özü yaşayış yeri üzrə mənziil növbəsinə götürülməsi, güzəştli siyahıya salınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş MV seriyalı 065072 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən İddiaçı xx.xx.2001-ci il tarixdə verilmişdir. Vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********423 nömrəli X1 bildirmişdir ki, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşməsinə, razıdır, etirazı yoxdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 551 nömrəli Sərəncamına əsasən Qaradağ rayonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa olunmuşdur. Bakı şəhərinin Qaradağ, Yasamal, Nəsimi və Nərimanov rayonlarında yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış əlillərin və şəhid ailələrinin sırasından daha çox ehtiyacı olanların mənzillə təmin olunmasını obyektiv həyata keçirmək məqsədilə Nazirliyin xx.xx.2010-cu il tarixli 11/7-143 №-li əmrinə əsasən xüsusi komissiya yaradılmışdır. Komissiyanın qərarı əsasında Nazirliyin Kollegiyası xx.xx.2011-ci il tarixli Qərar qəbul etmiş və həmin sənədə əsasən yuxarıda qeyd olunan binadan Nərimanov rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış və 1-ci növbədə yaşayış sahəsi ilə təmin edilmək hüququ olan 11 ailələyə mənzillər ayrılmışdır. Bu barədə Rayon İcra Hakimiyyətinə Nazirliyin xx.xx.2011-ci il 11/30-801 №-li məktubu daxil olmuşdur. Qeyd olunanlara istinad edərək qərara alıram: 1.Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilmiş S.Orucov küçəsindəki 81 mənzilli 15 В №-li yaşayış binasından Nərimanov rayonunda yaşayış yeri üzrə mənzil növbəsində olan aşağıdakı Qarabağ müharibəsi əlillərinə, şəhid ailəsinə və «20 Yanvar» əlilinə mənzil verilsin: binanın 8-ci mərtəbəsindəki ümumi sahəsi 84.85 kv.m, yaşayış sahəsi 41.29 kv.m olan 2 otaqlı 23 nömrəli mənzilə 2 nəfər ailə tərkibi ilə 2-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı adına sosial kirayə müqaviləsi bağlanmışdır: 1-İddiaçı-1974(özü), 2-A.Ə.Alıyeva-1986(arvadı). İş materiallarına əlavə edilmiş Nazirliyin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Qaradağ rayonununda inşa olunmuş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgünsünün həyata keçirilməsi məqsədilə xx.xx.2010-cu il tarixli 11/7-143 nömrəli əmrlə yaradılmış komissiyaının xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarışda göstərilmişdir ki, 2-ci qrup əlili İddiaçı 3 nəfər ailə tərkibi(özü, həyat yoldaşı, uşağı) ilə birlikdə atasına məxsus 2 otaqlı sahəsi 30 kv.m olan mənzildə 8 nəfər qeydiyyatda olmaqla 8 nəfər yaşayır. Məhdud kommunal şəraitli mənzildir. Mənzil 2 otaqlı olmaqla, ümumi sahəsi 84.85 kv.m, faydalı sahəsi 41.29 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” xx.xx.2024-cü il tarixli Birtipli Müqaviləyə əsasən kirayədar 123 saylı Mənzil Kommunal İstismar İdarəsi ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 41.29 kv.m təşkil edən 23 nömrəli mənzili kirayəçi İddiaçı istifadəsinə vermişdir. İş materiallarına əlavə edilmiş 125 saylı MKİS tərəfindən verilmiş Arayışda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən 15b saylı binanın 23 nömrəli mənzilində İddiaçı 4 nəfər ailə üzvləri ilə birgə qeydiyyatdadırlar və yaşayırlar. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon İcra hakimiyyətinin xx.xx.2011-ci il tarixli 007268 nömrəli Orderindən görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 551 nömrəli Sərəncamı əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 15 b saylı evdə yerləşən 2 otaqlı yaşayış sahəsi 41.29 kv.m olan mənzil İddiaçı istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011ci il tarixli 550 nömrəli sərəncamında göstərilmişdir ki, AR ƏƏSMN sifarişi ilə ünvan 3 ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-36865/24 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2, mənzil 23 ünvanında xx.xx.1974-cü il təvəllüdlü İddiaçı, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2017ci il təvəllüdlü X3, xx.xx.1986-cı il təvəllüdlü X9 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq 125 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 405 nömrəli məktubunda göstərilmişdir ki, 2009-cu ildə inşa edilmiş ünvan 5 ünvanında yerləşən yaşayış binası Dövlət mənzil fonduna aid olmaqla Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2012-ci il tarixli, 25 saylı sərəncamına əsasən Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında və 125 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Tərəfimizdən iddiaçı ilə birtipli mənzil kirayə müqaviləsi bağlanmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-15446/2025 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, mənzilin hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 84.85 kv.m, yaşayış sahəsi 41.29 kv.m təşkil edir. Mənzilin faktiki olaraq ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 37.9 kv.m təşkil edir. Mənzil 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşir. Giriş 1, soldan 2-ci qapı. Mənzilin texniki vəziyyəti birtipli layihə ilə eynidir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-13/2-1145/2025 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 8 yaşayış binası Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 550 nömrəli sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Eyni zamanda Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin xx.xx.2012-ci il tarixli, 51 nömrəli əmrinə əsasən Lökbatan qəsəbəsi, Seymur orucov küçəsi, 15b saylı yaşayış binası 125 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmətinə verilmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2012-ci il tarixli 51 nömrəli Əmrinə əsasən AR ƏƏSMN sifarişi ilə ünvan 7 ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası 125 saylı MKİS-in xidməti dairəsinə verilməsi qərara alınmışdır. -Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 550 nömrəli “ ünvan 7 ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” Sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Nazirliyin sifarişi ilə ünvan 8 ünvanda əlil və şəhid ailələri üçün inşa olunmuş 9 mərtəbəli, 81 mənzilli yaşayış binasının balansa qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan yaşayış binasını Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul etməklə, vahid texniki istismar normalarına uyğun xidmətinin təşkili istiqamətində müvafiq təşkilati tədbirləri həyata keçirmək məqsədilə: 1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 8 ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş 9 mərtəbəli, 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilsin. 2. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti (Ənvər Quliyev) qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq xidmətləri ilə birgə təhvil-təslim işləri ilə bağlı müvafiq təşkilatı tədbirləri həyata keçirsin. 3. ünvan 8 ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş 9 mərtəbəli, 81mənzilli yaşayış binasının dövlət mənzil fonduna keçirilməklə balansa və xidmət dairəsinə qəbul edilməsi ilə əlaqədar, bu binaya aid mühəndis kommunikasiyaları və qurğular şəhər təsərrüfatının müvafiq xidmətləri tərəfindən balansa və texniki xidmətə götürülməsi təmin edilsin. 4. Sərəncamın icrasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Rasim Quliyevə həvalə edilsin. -Dövlət Qəbul Komissiyasının inşası başa çatmış obyektin istismara qəbul olunması barədə xx.xx.2009-cu il tarixli 11/7-178a nömrəli aktına əsasən Bakı şəhəri, Qaradağ rayonunda əlil və şəhid ailələri üçün 9 mərətbəli 81 mənzilli yaşayış evi yaxşı qiymətlə istismara qəbul edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********61 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 8 evin, 23 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 551 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslərin ərizəsi. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Hazırkı iş üzrə cavabdeh öz imtina əsasını, etirazını onunla əsaslandırmışdır ki, sözügedən mənzil iddiaçıya Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 551 nömrəli sərəncamı xx.xx.2011-ci il tarixdə verilmiş, bununla da iddiaçı barəsində hüquqmüəyyənedici sənəd olan sərəncam 2009-cu ildən sonrakı tarixli olmaqla “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən özəlləşməyə əsas vermir. Məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının iddia predmeti olan mənzil özəlləşdirmək hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin aşağıdakı normalarına əsasən yaranmışdır. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. -33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Qeyd edilən normaların tələblərini hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 493/10 nömrəli Sərəncamına əsasən vətəndaş Alıyev X10 əlili kimi yaşayış yeri üzrə mənziil növbəsinə götürülmüş, həmin vaxtdan 2011-ci ilədək iddiaçı mənzillə təmin edilməmişdir. Qaradağ rayonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa olunmuş, Bakı şəhərinin Qaradağ, Yasamal, Nəsimi və Nərimanov rayonlarında yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış əlillərin və şəhid ailələrinin mənzillə təmin olunmasını obyektiv həyata keçirmək məqsədilə Nazirliyin xx.xx.2010-cu il tarixli 11/7-143 №-li əmrinə əsasən xüsusi komissiya yaradılmışdır. Komissiyanın qərarı əsasında Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 551 nömrəli Sərəncamına əsasən Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilmiş S.Orucov küçəsindəki 81 mənzilli 15 В №-li yaşayış binasından Nərimanov rayonunda yaşayış yeri üzrə mənzil növbəsində olan 2-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı 2 otaqlı 23 nömrəli mənzil verilmişdir. Sözügedən bina istismara qəbul edilmiş və hazırda iddiaçının yaşadığı mənzil dövlət mənzil fonduna aid olmaqla Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 125 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir, iddiaçı ilə birtipli mənzil kirayə müqaviləsi bağlanmışdır. Göründüyü kimi iddiaçı xx.xx.1996-cı il tarixdən mənzil növbəsinə götürülmüş, lakin işin faktiki hallarına əsasən mənzil iddiaçının istifadəsinə 15 ildən sonra, yəni 2011ci ildə verilmişdir. İddiaçıya mənzil yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş, o, yaşayış yeri üzrə mənzil uçotundan çıxarılmış və yalnız bundan sonra ona təhvil verilmiş mənzil uçotda olduğu Nərimanov RİH-nin xx.xx.2011-ci il tarixli 551 nömrəli sərəncamı ilə onun adına rəsmiləşmişdir. Başqa sözlə, iddiaçının mənzillə təmin olunmağa qanuni gözlənti hüququ olmuş və bu hüquqdan irəli gələn nəticələri yalnız 2011-ci ildə realizə edə bilmişdir. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Beləliklə, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X6 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X4-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına fərq qoyulması, başqa sözlə eyni vaxtda mənzil növbəsinə götürülmüş şəxslərin, onların iradəsindən asılı olmayan hallardan irəli gələrək müxtəlif vaxtlarda mənzillə təmin edilmələri səbəbindən, sadəcə tarixə əsaslanmaqla ədalətli olmayan differensasiyanın aparılması eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Belə ki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda verilmiş sərəncamlar predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni müvafiq icra hakimiyyəti orqanının xx.xx.2011-ci il tarixli 551 nömrəli sərəncamını, eləcə də mənzil üzrə qeydiyyatda olan şəxslərin mənzilin özəlləşməsinə dair razılıq ərizələrini təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Mənzilin yerləşdiyi bina istismara qəbul edilmiş və cavabdehin mütəxəsissləri tərəfindən yerində müayinə keçirilərkən mənzilin texniki vəziyyəti, ölçüləri müəyyən edilmiş, mənzildə yenidənqurma və ya yenidənplaşma işləri aşkar olunmamışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B ünvanında yerləşən ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 37.9 kv.m olan 23 saylı mənzilə mülkiyyət hüququnun İddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B ünvanında yerləşən ümumi sahəsi 84.5 kv.m, yaşayış sahəsi 37.9 kv.m olan 23 saylı mənzilə mülkiyyət hüququnun İddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar