Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4534/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin ölçüsünün dəyişdirilməsi barədə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin üzərinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “333” saylı bağa dair mülkiyyət hüququna dair yeni texniki pasportda və dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ölçüsünün 1810 kv.m göstərilməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1810 kv.m torpaq sahəsində yerləşən 333 saylı bağa mülkiyyət hüqunu təsdiq edən qeydiyyat vəsiqəsi əvəzinə reyestrdən çıxarış verilməsi üçün cavabdehə müraciət edib. Cavabdeh 13 oktyabr 2020-ci il tarixli dövlət reyestrindən çıxarış və texniki pasport verərkən torpaq sahəsinin ölçüsü az, 013 ha göstərmişdir. Yeni texniki pasportda və dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ölçüsünün düz göstərilmədiyi üçün, o, 22 oktyabr 2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edib. Cavabdeh **********56 saylı, 11 yanvar 2011-ci il tarixli məktubunda bildirib ki, guya onun arxivində olan bağ müqaviləsində bağ sahəsinin ölçüsü 0.13 ha göstərilib. Əlavə 500.0 kv.m torpaq sahəsinin iddiaçıya aid olmasına dair müqavilə, sərəncam, order, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərinin iclasının protokolundan çıxarış təqdim edilmədiyi nəzərə alınıb. Lakin, bağ müqaviləsində bağ sahəsini ölçüsünün 1810 kv.m deyil, 0.13 ha göstərilməsi barədə cavabdehin cavabı həqiqətə uyğun deyil. Belə ki, dövlət reeyestrindən çıxarış və yeni texniki pasport verilənədək, ona təqdim olunmuş bütün sənədlərdə mübahisə torpaq sahəsinin ölçüsü 1810 kv.m göstərilib. Bundan əlavə, X1 və İstismarı Birliyinin təqdim etdiyi sənədlərdə 6470 saylı müqavilədə, də 333 saylı bağ evinin ölçüsünün 1810 kv.m olduğu göstərilib. Cavabdehin yeni texniki pasportda və dövlət reyestrindən çıxarışda ona məxsus torpaq sahəsinin ölçüsünün birtərəfli qaydada azaltması əsassız və qanunsuzdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində mövcud olan bağ müqaviləsində bağ sahəsinin ölçüsü 0.13 ha göstərilmişdir. Əlavə 500.0 kv.m torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********56 saylı, 11.01.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki: - Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı İnkişafı İdarəsi ilə X5 arasında bağlanmış, 6470 nömrəli, 16 aprel 1998-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, 333 nömrəli, 0.13 ha bağ sahəsi və üzərində olan 31.85 kv.m yaşayış, 16.9 kv.m 1 otaqdan ibarət bina X2 icarəsinə ayrılmışdır. Həmin müqaviləyə əlavə edilmiş texniki sənəddə, bağ sahəsinin ümumi sahəsi 1810 kv.m, tikinti altı sahə 162.38 kv.m göstərilmişdir. - X5 tərəfindən 28.07.1998-ci il tarixdə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə ərizə ilə müraciət edilərək, 333 saylı bağ sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi xahiş edilmiş, onun adına 30/1857 nömrəli, 06.10.1998-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. - X5 14.06.2001-ci il tarixdə vəfat etmiş, bundan sonra 11.05.2005-ci il tarixdə, Bakı şəhəri 44 saylı dövlət notariat kontoru tərəfindən İddiaçı adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. - Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 205 nömrəli, 11.04.2005-ci il tarixli sərəncamına əsasən, Bakı şəhər Tİ və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi 30/2589 saylı, 09.03.2005-ci i ltarixli məktubla rayon İcra Hakimiyyətinə müraciət edərək, Mərdəkan qəsəbəsi, 333 saylı bağ sahəsində yerləşən vətəndaş X4 məxsus mülkün qeydiyyat vəsiqəsi və texniki pasportunda dəyişiklik edilməsi barədə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, X4 məxsus bağ evinin kitab- 15, səhifə - 1857, qeydəalma – 30/1857, 26.10.1998-ci il tarixli qeydiyyat vəsiqəsi var. Mülkdə əlavə “A” tikilisinə bitişik 1 yaşayış otağı- 34.2 kv.m tikilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Mərdəkan qəsəbəsi, 333 sayı bağ sahəsində yerləşən vətəndaş X4 məxsus mülkdə əlavə 1 yaşayış otağı – 34.2 kv.m olan tikilərin qeydiyyat vəsiqəsi və texniki pasportunda dəyişikliklər edilərək, qeydə alınması Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş edilmişdir. - Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin fərdi yaşayış evinə dair 30/917 reyestr nömrəli, 28.04.2005-ci il tarixli texniki pasport tərtib edilmiş və sözügedən texniki pasportda torpaq sahəsinin həqiqi sahəsinin 1810.00 kv.m, tikinti altı sahəsinin 195.8 kv.m olması göstərilmişdir. - Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçıa adına BM seriyalı, 001890 nömrəli, 09.06.2005-ci il tarixli qeydiyyat vəsiqəsi tərtib olunmuş, həmin qeydiyyat vəsiqəsində bağ sahəsi üzərində yerləşən evin 66.0 kv.m yaşayış sahəsinin olması və evin 3 yaşayış otağından ibarət olması göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbsəi, 333 saylı bağ evinə və torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş, həmin çıxarışda bağ sahəsinin ölçüsü 0.13 ha, daşınmaz əmlakın ümumi sahəsi 84.5 kv.m göstərilmişdir. Eləcə də, bağ evinə dair 12.10.2020-ci il tarixdə tərtib olunmuş texniki pasportda torpaq sahəsinin sənəd üzrə 0.13 ha, faktiki olaraq 0.13 ha olması göstərilmişdir. -İddiaçı bağ sahəsinə dair əlavə 500 kv.m sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, sonuncu tərəfindən iddiaçının müraciətindən **********56 nömrəli, 11.01.2021-ci il tarixli məktubla imtina edilərək bildirilmişdir ki, İdarənin arxivində mövcud olan bağ müqaviləsində bağ sahəsinin ölçüsü 0.13 ha göstərilmişdir. Əlavə 500.0 kv.m torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Məhkəmə bildirir ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 saylı Fərmanı təşkil edir. Məhz həmin normalarda sadalanan sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən edilən əsaslardan biri və Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-da nəzərdə tutulmuş əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin, iddiaçı adıçəkilən normalarda təsbit olunan sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-nin 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada məhkəmə iddiaçının iddia tələbində irəli sürdüyü dəlilləri ilə razılaşmır. Belə ki, ilkin olaraq Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı İnkişafı İdarəsi ilə iddiaçının mərhum atası X5 arasında bağlanmış, 6470 nömrəli, 16 aprel 1998-ci il tarixli icarə müqaviləsindən göründüyü kimi, həmin müqaviləyə sasən Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, 333 nömrəli, 0.13 ha bağ sahəsi və üzərində olan 31.85 kv.m yaşayış, 16.9 kv.m 1 otaqdan ibarət bina X2 icarəsinə ayrılmışdır. Həmin müqaviləyə əlavə edilmiş texniki sənəddə, bağ sahəsinin ümumi sahəsi 1810 kv.m və sonradan iddiaçının adına Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30/917 reyestr nömrəli, 28.04.2005-ci il tarixli texniki pasportda torpaq sahəsinin həqiqi ölçüsü 1810 kv.m göstərilsə də, həmin sənədlər torpaq sahəsinin əlavə 510 kv.m hissəsinə görə hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, əlavə 510 kv.m torpaq sahəsinə dair mülkiyyət hüuqunu təsdiq edən hüquqi sənəd təqdim olunmalıdır ki, bu sənədlər də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 saylı Fərmanı ilə tənzimlənmişdir. Məhkəmə eləcə də, qeyd edir ki, cavabdeh tərəfindən bağ evinə dair 12.10.2020-ci il tarixdə yenidən aparılmış inventarlaşdırma nəticəsində, tərtib olunmuş texniki pasportda torpaq sahəsinin faktiki sahəsi 0.1810 ha deyil, 0.13 ha göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli bağ sahəsinin əlavə sahələri üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İPM–in 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4534/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4534/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver