Məhkəmə qərarları › İş №2-1(112)-4535/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4535/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4535/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1977-1992-ci illərdə tutduğu vəzifələrin Qanunun tələblərinə uyğun olaraq şöbə (sektor) müdiri vəzifələrinə uyğunlaşdıraraq ona təyin olunmuş pensiyanın yenidən hesablanması, 2018-ci ilin noyabr ayının 01-dən 2021-ci ilin noyabr ayının 01-dək olan müddətdə pensiyanın yenidən hesablanmış məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 avqust 1941-ci il tarixdə Bakı şəhərində doğulmuş, müxtəlif dövlət və qeyri-dövlət orqanlarında işləmişdir. 03 oktyabr 2005-ci il tarixdə yaşa görə pensiyaya çıxmışdır. Əmək fəaliyyətinin bir hissəsi müxtəlif dövlət orqanlarında keçmişdir. Belə ki, Binəqədi İcraiyyə Sovetliyinin 23 iyun 1977-ci il tarixli 1-ci sessiyasının Qərarına əsasən xx.xx.1977-ci ildən X5 İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmuş və həmin vəzifədə 03 iyul 1987-ci il tarixədək işləmişdir. Onun bu vəzifəyə təyin olunma və azad edilmə əmrləri Binəqədi Rayon İcraiyyə Komitəsinin sədri tərəfindən verilmişdir. Həmin vəzifədən azad olunması başqa işə keçməyi ilə əlaqədar olmuşdur, bu qeydlər əmək kitabçasında öz əksini tapmışdır. 1987-1989-cu illərdə XX çağırış üzrə sessiyasının 03 iyul 1987-ci il tarixli Qərarına və Kirov (hazırda Binəqədi) Rayon İcraiyyə Komitəsinin sədrinin 01-24/9 saylı xx.xx.1987-ci il tarixli Sərəncamına əsasən Kirov (hazırda Binəqədi) Rayonu Kommunal Təsərrüffat Şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixdə başqa işə keçməsi ilə əlaqədar həmin vəzifədən azad olunmuşdur. 1989-1992-ci illərdə Kirov (hazırda Binəqədi) Rayon İcraiyyə Komitəsinin Sədrinin 01-24/5 saylı xx.xx.1989-cu il tarixli Sərəncamına əsasən Kirov (Binəqədi) Rayon İcraiyyə Komitəsinin yaşayış sahələrinin qeydiyyatı və paylanması şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 2021-ci ilin oktyabr ayında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 1977-1992-ci illərdə tutduğu vəzifələrin şöbə müdiri (sektor) dövlət qulluğu vəzifələrinə uyğunlaşdıraraq, ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi pensiyasının göstərilən qaydada yenidən hesablanmasını təmin etməkdən imtina edərək bildirmişdir ki, dövlət qulluğu stajı 5 ildən az (3 il 7 ay 19 gün , yəni 1989- 1992-ci illəri arasındakı dövr) təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi əmək pensiyamın hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 5 ildən az (3 il 7 ay 19 gün (xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh qeyd edilənlərə əsasən İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ərizəsində 2018-ci ilin noyabr ayının 01dən 2021-ci ilin noyabr ayının 01-dək dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etsə də, iddia mahiyyət etibarilə dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarına əsasən, iddiaçı xx.xx.1941-ci il təvəllüdlüdür, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun dövlət qulluğu stajının 5 ildən az (3 il 7 ay 19 gün-xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövr) olması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İ və İİİ hissələr) . “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. 2.1-ci maddəsinə əsasən, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir; 2.2-ci maddəsinə əsasən, bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir; 21.1 və 21.1.7-ci maddələrinə əsasən, dövlət qulluqçuları üçün pensiya təminatı və dövlət sosial sığortasına təminat verilir; 23.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir; (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiya) 23.4-cü maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 32-1.1-ci madəsinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1.Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya) 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya) 20.12-ci maddəsinə əsasən, Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdeh tərəfindən mübahisələndirilən, İddiaçı çalışdığı: - xx.xx.1977-xx.xx.1987-ci illərdə X5 İcraiyyə Komitəsinin sədri vəzifəsi; - xx.xx.1987-xx.xx.1989-cu illərdə Kirov (hazırda Binəqədi) Rayonu Kommunal Təssərüffat Şöbəsinin müdiri vəzifəsinin dövlət qulluğu vəzifəsi olub-olmamasının araşdırılması zərurəti yaranmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusu”nda nəzərdə tutulan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılır. Qeyd edilən Siyahının 1.17-ci bəndində rayon X4 icraiyyə komitəsinin aparatında, 2.13-cü bəndində isə rayon X4 (Məclisinin) icraiyyə komitəsinin, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında mövcud olan vəzifələr “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış, lakin qəsəbə sovetlərində (X5 İcraiyyə Komitəsi) mövcud olan vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Kirov Rayonu Kommunal Təsərrüfat Şöbəsi isə Kirov Rayon X4 İcraiyyə Komitəsinin aparatının strukturunda nəzərdə tutulduğu halda, müvafiq şöbənin müdiri vəzifəsi dövlət qulluğu hesab edilir; Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1977-xx.xx.1987-ci illərdə çalışdığı X5 İcraiyyə Komitəsinin sədri vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq siyahıda öz əksini tapmamışdır. Qeyd edilən Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. İddiaçının işlədiyi qəsəbə sovetliyinin sədri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2007-ci il tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında da öz əksini tapmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, qəsəbə sovetliyinin sədri vəzifəsinin dövlət qulluğuna aid edilib-edilməməsi ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-949/2022 №-li iş üzrə xx.xx.2022-ci il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xx.xx.1987-xx.xx.1989-cu illərdə çalışdığı Kirov (hazırda Binəqədi) Rayonu Kommunal Təssərüffat Şöbəsinin Kirov Rayon X4 İcraiyyə Komitəsinin aparatının strukturunda nəzərdə tutulması da müəyyən edilməmişdir. Qeyd edilənləri təkzib edəcək hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının dövlət qulluğu stajı 5 ildən az olduğundan, “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar