Məhkəmə qərarları › İş №2-1(112)-4539/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4539/2020

06.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4539/2020 06.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadə, Şifahi məhkəmə baxışı keçirilmədən tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddiaçının mənzil növbəsinə qeydiyyata alınmasına dair inzibati işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinin tələblərinə əsasən Bakı İnzibati Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 nəfər ailə tərkibi ilə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 03.01.2001-ci ildən 11.04.2007-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində, 24.04.2007-ci il tarixdən 29.07.2019-cu il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin 851 ş/h saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 41.0.9-cu maddəsi ilə (öz arzusu ilə) tərxis olmuşdur. Hal-hazırda Azərbaycan Respublikası SHXÇDX-in Bakı şəhəri Nərimanov rayon idarəsində hərbi qeydiyyatdadır. O, hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməyi ilə bağlı Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinə ünvanladığı ərizəyə cavab olaraq 28 fevral 2020-ci il tarixli Ə-21-068 saylı məktubla ərizənin icrasında imtina edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuz hesab edilərək onun hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul olunmağı öhdəliyi qoyulmalıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hərbi qulluqçu statusuna Azərbayacan Respubikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Cavabdeh orqanın imtinası qanunazidd olmamışdır. Belə ki, ehtiyata buraxılmış hərbi qulluqçunun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində hesab edilməsi üçün “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanunun 12-ci maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 7-ci fəslinin tələblərinə cavab verməməsi əsası ilə cavabdeh orqan imtina etmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 06 iyul 2020-ci il tarixə təyin olunmuşdur. İddiaçı 30 iyun 2019-cu il tarixli teleqramla məhkəməyə müraciət edərək, işə şifahi məhkəmə baxış iclası keçirilmədən baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 29 iyun 2020-ci il tarixli, 1/399 saylı məktub ilə məhkəməyə müraciət edərək, inzibati iş üzrə şifahi dinləmə olmadan yekun qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Məhkəmə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli 6 nömrəli Qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 iyun 2020-ci il tarixli Məlumatının (Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin) tövsiyələrini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsindəki tələblərini nəzərə alaraq, mübahisəni şifahi dinləmə olmadan həll etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehin Ə-21-068 nömrəli 28 fevral 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, 25 dekabr 1991-ci il tarixli "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1ci hissəsinə əsasən: AR Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa), ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 3cü hissəsinə əsasən: yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən gec 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə görə: Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara habelə 15 təqvim ili daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. İddiaçı 03.01.2001-ci ildən 11.04.2007-ci ilədək AR Ədliyyə Nazirliyində xidmət etmiş, AR DSXR-in 851 nömrəli ş/h əmrinə əsasən 29.07.2019-cu il tarixdə “Hərbi xidmət keçmə haqqında” AR qanununun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə tərxis olunmuşdur. -Azərbyacna Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin 27 sentyabr 2019-cu il tarixli 297 nömrəli arayışdan görünür ki, 1978-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı 03.01.2001-ci ildən 11.04.2007-ci ilədək AR Ədliyyə Nazirliyində, 24.04.2007ci ildən 29.07.2019-cu ilədək Azərbaycan Respublikası DSX-də xidmət etmiş, AR DSXR-in 851 nömrəli ş/h əmrinə əsasən 29.07.2019-cu il tarixdə “Hərbi xidmət keçmə haqqında” AR qanununun 41.0.9-cu maddəsi ilə -öz arzusu ilə tərxis olunmuşdur. 02.08.2019-cu ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsində qeydiyyatdadır. -Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsinin 04/223 nömrəli 30 sentyabr 2019-cu il tarixli arayışına əsasən Nərimanov Bələdiyyəsi tərəfindən Nərimanov rayonu T.Əliyev küçəsi, ev 50, mənzil 29-da yaşayan İddiaçı mülkiyyətinə torpaq sahəsi ayrılmamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 09 oktyabr 2019-cu il tarixli, **********75 saylı arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. - AZ İİ№728058 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 26 iyul 2011-ci ildə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin 08-ci ayının 09-cu günündə 1733 nömrəli qeyd aparılmışdır. Atası İddiaçı, anası X1r. - AZ-İ 260127 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasında olan nikah ləğv edilmişdir. İş materiallarından görünür ki, həqiqətən də iddiaçı ehtiyata buraxıldığı zaman 18 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq oğlu ilə birlikdə mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıldığına görə müraciəti müsbət həll etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilərkən «Hərbi xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsi düzgün tətbiq edilmədiyindən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasənyaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələrgöstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndi ilə bağlı qeyd edir ki, həmin norma öz arzusu ilə xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 15 ildən çox olması (18 il) iş materialları ilə müəyyən edilir. Beləliklə, Məhkəmənin mövqeyinə görə hazırkı İddiaçı 15 təqvim ilindən artıq xidmət etmiş, xidməti mənzildə yaşamayan həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsini qeydiyyatda olduğu yer üzrə müvafiq orqan qismində Bakı şəhəri Cavabdehdən tələb etməkdə haqlıdır. Onun xidmətdən tərxis olunmasının səbəbi hərbi qulluqçu kimi müvafiq imtiyazlarından istifadə etmək hüququnu məhdudlaşdıra bilməz. Odur ki, cavabdeh Bakı şəhəri Cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun gəlməyən və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı 2 nəfər ailə tərkibi (özü və oğlu) ilə birlikdə hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam vermə öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı İddiaçı iddiası təmin edilsin. İddiaçı 2 nəfər ailə tərkibi (özü və oğlu) ilə birlikdə hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar