Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4540/2022 16.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı kirayə müqaviləsinin bağlanılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı şəxsin hesab vərəqəsinin addan-ada dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində iddiaçı qeyd edir ki, mənzildə 2003-cü il tarixdən qeydiyyatda olmaqla yaşayır. Bu səbəbdən də şəxsi hesab vərəqəsi onun adına dəyişdirilməlidir. Lakin ona, bununla bağlı cavabdeh imtina vermişdir. Məhkəmənin qərardadı ilə X2 üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək ünvan 1 ünvanında yerləşən mənzilin xidməti mənzil fondundan çıxarılması və mənzilin şəxsi hesab vərəqəsinin onun adına dəyişdirilməklə mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək ünvan 1 ünvanında yerləşən iki otaqlı ümumi sahəsi 40,97 kv.m olan mənzilin şəxsi hesab vərəqəsinin onun adına dəyişdirilməklə mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından da görünür ki, 13 sentyabr 13/17 nömrəli qərar əsasında həmin tarixdə X1 mənzilə dair order verilmiş, onun adına şəxsi hesab vərəqəsi açılmışdır. Həmin şəxsi hesab vərəqəsindən və aidiyyəti polis orqanının arayışından müəyyən edilir ki, iddiaçı həmin mənzildə yaşayır və qeyd olunan şəxsdən başqa digər şəxin həmin mənzilə qeydiyyatı mövcud deyil. Qeyd olunanlar əsasında iddiaçı cavabdehə mənzilin öz adına sənədləşdirilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə orderdə adıçəkilən şəxsin razılıq ərizəsi və onunla qohumluq əlaqəsini təsdiq edən sənədin mövcud olmamasına istinad edərək müraciət təmin etməmişdir. Məhkəmə, hesab edir ki, hazırkı inzibati mübahisənin həlli ilə əlaqədar orderdə adıçəkilən şəxsin mənzilə dair hər hansı hüququnun mövcud olub-olmaması, razılıq ərizəsinin zəruriliyinə qiymət verilməlidir ki, qeyd olunanları nəzərə alaraq orderin verilməsi, orderin yaratdığı hüquq və vəzifələrin nədən ibarət olması halları araşdırılmalıdır ki, bu səbəbdən də orderin verildiyi dövrdə qüvvədə olmuş aşağıdakı qanunvericilik aktlarının qeyd edilməsi zərurəti mövcuddur. Əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsinin: Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Maddə 51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 6.0. Mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.1. dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; 34.1. Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. 69.2. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır.
70. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. 90.1. Kirayəçi və (və ya) onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə, müntəzəm olaraq qonşuların hüquqlarını və qanuni mənafelərini pozduqda və ya yaşayış sahəsinin dağılmasına (korlanmasına) yol verməklə onunla təsərrüfatsızcasına rəftar etdikdə, kirayəyə verən kirayəçini və onun ailə üzvlərini pozuntuları aradan qaldırmaq zərurəti barədə xəbərdarlıq etməyə borcludur. Qeyd edilən pozuntular yaşayış sahəsinin dağılmasına (korlanmasına) səbəb olarsa, kirayəyə verənin kirayəçiyə və onun ailə üzvlərinə yaşayış sahəsinin təmir edilməsi üçün ağlabatan müddət təyin etmək ixtiyarı vardır. Əgər yaşayış sahəsinin kirayəçisi və (və ya) onun ailə üzvləri kirayəyə verənin xəbərdarlığından sonra göstərilən pozuntuları aradan qaldırmazlarsa, təqsirkar vətəndaşlar kirayəyə verənin və ya digər maraqlı şəxslərin tələbi ilə məhkəmə qaydasında digər yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılırlar. 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Plenumunun Qərarında qeyd edilmişdir ki, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Qanunvericiliyin tələbindən də göründüyü kimi mənzilin istifadəyə verilməsi ilə bağlı orderdə adı qeyd edilən şəxsin istifadə hüququnun xitamı mülki icraat qaydasında həll edilmədən inzibati icraat çərçivəsində həmin şəxsin razılığı olmadan iddiaçının adına mənzilin sənədləşdirilməsi yol verilməzdir. Belə ki, hazırkı halda iddiaçı üçüncü şəxsin mənzilə istifadə hüququna xitam verilməsi və ya itirilmiş hesab edilməsi barədə məhkəməyə müraciət etməmiş, bununla bağlı iddianın təmini barədə qərar qəbul edilməmiş, üçüncü şəxsin istifadə hüququna xitam və ya itirilmiş hesab edilməsi barədə qətnamə məhkəməyə təqdim edilməmişdir ki, həmin şəxsin razılığı olmadan mənzilin iddiaçının adına sənədləşdirilməsini məhkəmə əsassız hesab edir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-226/2022 saylı iş üzrə qəbul etdiyi 01.02.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “mübahisəli mənzilin hazırkı icarədarı T.Qaluşkodur, onun başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi barədə məhkəmə qətnaməsi və ya ölümü haqqında akt qeydi, yaxud mənzilin kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsinə razılığı təqdim olunmamışdır. Qeyd olunmalıdır ki iddiaçının məhkəməyə təqdim etdiyi, mənzilin icarədarı T.Qaluşkonun belə bir razılığı barədə 05.03.1991-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəni isə, notariusun möhürü ilə təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul etməməkdə apelyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.” Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov