Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4542/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə qarşı soyadın dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə qarşı soyadın dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü ildə doğulmuş İddiaçı1 və xx.xx.2006-cı ildə doğulmuş İddiaçı2, “Abili” soyadının “Abiyev(a)” kimi dəyişikliyinin qeydə alınmasını və müvafiq olaraq yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, Nümayəndə xx.xx.2004-cü ildə doğulmuş İddiaçı1 və xx.xx.2006-cı ildə doğulmuş İddiaçı2 valideyinidir. Uşaqlar doğulduqdan sonra onlar üçün doğum haqqında şəhadətnamə alınan zaman uşaqların soyadı “Abili” kimi qeyd olunmuşdur. Lakin hazırda uşaqlar “Abili” soyadının “Abiyev” soyadına dəyişdirilməsini istəyirlər. Çünki ən azından azərbaycan dilində leksik baxımından səsləndirilməsi də fərqlidir. Xəzər rayon qeydiyyat şöbəsinə uşaqların doğum haqqında şəhadətnamələrində soyadlarının “Abili”dən “Abiyev(a)”ə dəyişdirilməsi üçün edilmiş müraciətə cavab olaraq, xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası vətəndaşları “ov” “-yev”, sonluqlu soyadlarını “lı” (sözün kökündən asılı olaraq “-lı”, “-lu”, “-lü”), “-zadə”, “oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Növbəti dəfə soyadın sonluğunun “-ov”, “-yev” sonluqlu soyada dəyişdirilməsi qeydiyyat şöbəsində mümkün deyil. Hesab edirlər ki, Xəzər rayon qeydiyyat şöbəsinin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Cavabdehin iddiaya dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. İddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclasının xx.xx.2021-ci il tarixə təyin olunması barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbər verilməklə yanaşı, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinin tələblərinin izah olunmasına baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiyi və işə onların iştirakı olmadan baxılıb-baxılmamasına dair münasibət bildirmədiyindən. məhkəmə iddianın mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılmaqla, təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkünsüz sayılmalıdır. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş Nümayəndə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 17132499 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1979-cu ildə Xaçmaz şəhərində doğulmuş X3 ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 013871 №li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Nümayəndə ilə X2 arasında bağlanmış nikah 2004-cü ilin iyul ayının 2-ci günündə 259 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abiyev, arvada Abiyeva soyadı verilmişdir. Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 451617 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhərində doğulub, atası Nümayəndə, anası X1 qeyd edilmişdir. Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 733171 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhərində doğulub, atası Nümayəndə, anası X1 qeyd edilmişdir. İddiaçıların (qanuni nümayəndələrinin) hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Bakı şəhəri, Xəzər rayon Qeydiyyat şöbəsinin 05/15-26 №li xx xxxxxx 2021-ci il tarixli məktubu ilə onlara bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası vətəndaşları “-ov”, “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “lu”, “lü”), “-zadə”, “oğlu”, “qızı”, sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Hazırki halda yuxarıda adı çəkilən Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı xx.xx.1993-cü il tarixli qərarının müddəası uşaqların doğum haqqında akt qeydlərində tətbiq olunmuşdur. Növbəti dəfə soyadın sonluğunun “-ov”, “-yev” sonluqlu soyada dəyişdirilməsi qeydiyyat şöbəsində mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2114/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3-cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək göstərir ki, xx.xx.2005-ci il təvəllüdlü N.V oğlu məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü N.V oğlu publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə qanuni nümayəndəsi tərəfindən təmsil olun yetkinlik yaşına çatmayan iddiaçıların tələbi soyadlarında dəyişiklik edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli 297 №li Fərmanının 2-ci bəndinin 8-ci yarımbəndində göstərilmişdir ki, müəyyən edilsin ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-54.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir (bənd 6.26). Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, yetkinlik yaşına çatmayan (18 yaşına çatmamış) uşaqların soyadının dəyişdirilməsi məsələsi yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir və bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəalarına uyğun olaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İş materiallarından görünür ki, iddiaçılar (onların qanuni nümayəndəsi) tərəfindən hazırki tələblə bağlı yerli icra hakimiyyətinə müraciət olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə qarşı soyadın dəyişdirilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4542/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4542/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver