Məhkəmə qərarları › İş №2-1(112)-4542/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4542/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4542/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlar sahəsində 70 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1687 saylı bağ sahəsinin mərhum atası X1 adına reyestrdə qeydə alınaraq arayış verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********17 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim olunan orderin verilməsinə əsas olmuş Bakı şəhər İcraiyyə Komitəsinin 1990-cı il tarixli, 15/595 nömrəli qərarının idarədə saxlanan arxiv nüsxəsində X1 adı aşkar edilməmişdir. Həmçinin bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1687 saylı bağ sahəsinə mərhum atası X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, arayışın (reyestrdən çıxarışın) və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1687 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması haqqında arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1687 saylı bağ sahəsi mərhum atası X3 Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən 19 aprel 1990-cı ildə 3/78 saylı qərar əsasında verilmişdir. Atası 06 iyul 2017-ci ildə Bakı şəhərində vəfat etmişdir və həmin bağ sahəsi mirasdır. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün iddiaçının müraciəti əsasında Xaçmaz şəhəri 1 saylı Notariat Kontorunda vərəsəlik işi açılmış və miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın verilməsi üçün cavabdehə məktubla müraciət etmiş, müraciət cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, göstərilən bağ sahəsinə verilmiş order üçün əsas Bakı şəhəri İcraiyyə Komitəsinin 1990-cı il tarixli 15\595 nömrəli qərarı deyil, 19 aprel 1990-cı il tarixli 3/78 nömrəli qərarı olmuşdur. Qərarların saxlanılmasının məsuliyyətini idarə daşıyır. Cavabdehin imtinasının digər bir səbəbinə gəldikdə, bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisləri heç bir vaxt müraciət etməmişlər. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********89 saylı iddiaya yazılı etirazında imtinada göstərilənlərə istinad etmiş və bildirmişdir ki, məhkəmə mübahisəsi dövründə İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddia tələbində qeyd olunan 1687 saylı bağ sahəsinə dair digər fiziki şəxs X10 tərəfindən İdarəyə müraciət edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçının tələbinin əsası kimi təqdim etdiyi Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 Bağlar sahəsinin 70 nömrəli kooperativinin Б/С nömrəli orderindən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 nömrəli qərarına əsasən X3 Ləhiş bağlar sahəsində 70 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1687 saylı bağ sahəsi ayrılmışdır. Lakin məhkəmə araşdırması zamanı qeyd edilən orderin verilməsinə əsas olmuş, yəni bağ sahəsinin ayrılması barədə orderin özündə adıçəkilən Bakı şəhəri İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 nömrəli qərarı nə Bakı şəhər İcraiyyə Komitəsinin hüquqi varisi olan Bakı Şəhər İcra Hakimiyyətinin arxivində, nə də bağ təsərrüfatı idarələrinin arxiv saxlayıcısı olan Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrının arxivində aşkar olunmamışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabuçu rayonu, Ləhiş bağ massivində yerləşən 1687 saylı bağ sahəsinə dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 4/151 saylı qərarı ilə 69-79 saylı bağ-tikinti kooperativlərinin üzvlərinin siyahısı təsdiq edilmiş, həmin qərarın 2 saylı əlavəsində 70 saylı BTK-nın üzvlərinin siyahısı göstərilmiş, siyahıda X4 adı olmamışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1990-cı il tarixli qərarları və onlara əsas olmuş sənədlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı isə xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda X7 barədə heç bir məlumat yoxdur. Belə olan halda aydın olur ki, iddiaçının təqdim etdiyi orderdə istinad olunan qərar mövcud olsa da, həmin qərarda iddiaçının atası E.Məmmədova torpaq sahəsi ayrılması barədə məlumat mövcud olmamışdır. Bu isə iddiaçının təqdim etdiyi orderin mötəbər olmadığını deməyə əsas verir. Çünki E.Məmmədova torpaq sahəsinin ayrılması barədə qərarın qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan SSR-in 07 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Yəni şəxsə ilk öncə torpaq ayrılması barədə qərar qəbul olunmalı, daha sonra isə həmin qərara uyğun olaraq müvafiq order verilməlidir. Beləliklə, müəyyən olunur ki, iddiaçının iddia etdiyi bağ sahəsinin ona ayrılması barədə ilkin torpaqayırma sənədi müəyyən olunmamışdır. Bağ sahəsinin ayrılması barədə qərar (sərəncam) olmadığı halda isə tək order bağ torpaq sahəsinə hüquqmüəyyənedici sənəd qismində qəbul edilə bilməz. Məhkəmə nəticəyə gələrkən həmçinin o halı da nəzərə alır ki, iddiaçının qeyd etdiyi bağ sahəsinə dair digər fiziki şəxs müraciət etmişdir. Belə ki, işdə olan cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətdən görünür ki, X5 ərizə ilə cavabdehə müraciət edərək göstərmişdir ki, o, 2007-ci ildə keçmiş bağlar idarəsinə müraciət etmiş, istifadəsində olan Ləhiş bağlarındakı 1687 saylı 1200 kv.m bağın sənədləşdirilməsi üçün bağ növbəsinə qəbul edilmiş, sənədləşmə yekunlaşana kimi Bağlar İdarəsi fəaliyyətini dayandırmış, bundan sonra o, Kürdəxanı bələdiyyəsinə müraciət etmiş və 27 noyabr 2007-ci il tarixli bələdiyyənin qərarı əsasında sözügedən bağ sahəsi sənədləşdirilmişdir. Hazırda həmin torpaq hasar içərisindədir, tikili vardır. Yaxın zamanda tanımadığı şəxs bağ sahəsinə gələrək bağın ona aid olduğunu iddia etmiş, lakin sənədini göstərməmişdir. Onda olan məlumata əsasən Bağlar İdarəsi tərərfindən 1687 saylı bağa deyil, 1687a saylı bağa dair sənəd verilmişdir. Həmin ərizəyə əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin “torpağın icarəyə verilməsinə dair” 27 noyabr 2007-ci il tarixli qərarından görünür ki, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 18 saylı protokolunun qərar hissəsi rəhbər tutularaq Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi X6 icarəsinə verilmiş, E.Məmmədovla xx.xx.2007-ci il tarixdə 1560A saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə olunan torpaq sahəsinin sxemindən görünür ki, bağın nömrəsi 1687, qonşu bağlar kimi 1686, 1688 saylı bağlar (sahələr) göstərilmişdir. Göründüyü kimi, idiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı həmçinin başqa şəxsin adına qüvvədə olan inzibati akt mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. İnzibati orqan iddiaçının tələb etdiyi qeydiyyatı qanunvericiliyin tələbinə görə yalnız torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər olduqda apara bilər. Belə sənədlər isə hazırkı iş üzrə müəyyən olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar