Məhkəmə qərarları › İş №2-1(112)-4545/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4545/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4545/2023 16.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Gömrük Komitəsi Sədrinin 18 yanvar 2022-ci il tarixli 100/089Ş nömrəli, gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postuna baş inspektor vəzifəsinə bərpa olunması, 01 fevral 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh Dövlət Gömrük Komitəsinin 18 yanvar 2022-ci il tarixli 1000/089Ş nömrəli əmrin surəti qanunla müəyyən edilmiş müddətdə iddiaçıya təqdim edilməmişdir. Dövlət Gömrük Komitəsinə dəfələrlə müraciət olunsa da, 18 yanvar 2022-ci il tarixli əmrin surəti ona rəsmi qaydada yalnız 18 oktyabr 2022-ci il tarixdə, yəni Dövlət Gömrük Komitəsinin rəhbərliyinin dəyişməsi ilə əlaqədar qəbulda olduqdan sonra rəhbərliyin göstərişi əsasında təqdim olunmuşdur. Əmrin surəti ona rəsmi qaydada təqdim edildikdən sonra cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 6257/2022 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatına qəbulunun yolverilməz hesab edilməsi və iddia ərizəsinin sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Bundan sonra cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bundan əlavə, ərizəyə əlavə edilmiş tibbi sənədlərlə də təsdiq edilir ki, iddiaçı "miokardın ön divarının kəskin transmural infarktı, sol mədəcik çatışmazlığı, böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi” diaqnozu ilə qoyulmuş xəstəliklərdən əziyyət çəkir və ona 11 oktyabr 2021-ci il tarixdə koronar angioqrafiya əməliyyatı icra olunmuşdur. Xəstəliyi hazırki vaxta kimi də davam edir. Belə ki, cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia vermə müddətinin ötürülməsinin səbəblərindən biri də ona qoyulmuş diaqnozlar üzrə aparılan müalicələr və icra olunan ağır əməliyyatlar olmuşdur. “Türk - X2’’ xx.xx.2022-ci il tarixli arayışı ilə “ürəyin işemik xəstəliyi, sol mədəciyin ön divarında keçirilmiş miokard infarktı, koronar arteriya stenləşmə” diaqnozu qoyulmuş və stres, psixiemosional gərginlikdən uzaq durulması tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı tərəf ərizənin məzmununa uyğun izahat verərək, buraxılmış müddətin bərpa edilməsi, iddiaya mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/089Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən İddiaçı Qərb Ərazi Baş Gömrük İdarəsi “Qırmızı körpü” gömrük postunda baş inspektor vəzifəsində xidmətinə xidmətdə olmanın son yaş həddinə çatması əsası ilə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Hazırkı iddiasında iddiaçı sözgedən əmrin ləğv edilib, işə bərpa olunmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının əmrin ləğv edilməsi tələbi İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, sözügedən xx.xx.2022-ci il tarixli 1000/089Ş nömrəli əmrin mövcudluğu barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. İş materiallarına əlavə edilmiş 180-19 nömrəli əmək kitabçalarının təhvil verilməsinin qeydiyyat kitabından çıxarışa əsasən İddiaçı xidmətdən azad edildikdən sonra xx.xx.2022-ci il tarixdə əmək kitabçasını imza etməklə qəbul etmişdir. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, iddiaçının ən geci əmək kitabçasını götürərəkən işdən azad edildiyi əmrin tarixi və nömrəsi qeyd olunmuş sırada imza etdiyi, əmrin nömrəsi, tarixi barədə qeydlərin də olduğu əmək kitabçasının əslini əldə etdiyi vaxtdan onun sözügedən əmrdən məlumatlı olduğu təsdiq olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, əmrdən sonra xidməti vəzifəsinin icrasına buraxılmaması da iddiaçıya həmin vaxtdan əmrin elan edildiyini sübut edir Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən əmrin rəsmi olaraq təqdim olunmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan ən geci xx.xx.2022ci il tarixdən məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə xx.xx.2022-ci il tarixdə hazırkı məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. - 24.6-cı mddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Hazırkı iş üzrə iddiaçı prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi mübahisələndirilən əmrin ona təqdim edilməməsi, ümumi məhkəmədə iddia qaldırması, səhhəti ilə əlaqədar əməliyyat və müalicədə olmasını qeyd etmişdir. Məhkəmə qeyd edilənləri iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi qəbul etmir. Belə ki, qeyd edildiyi kimi iddiaçı sözügedən əmrdən əmr ona elan olunduğu vaxtdan məlumatlı olmuşdur. Məhkəmədə iddia qaldırmaq üçün inzibati aktın rəsmi qaydada əldə etməsinə hüquqi zərurət olmamışdır. İddiaçının xidmətdən azad edilmə barədə məlumatlı olduğu vaxtdan əmək kitabçasının surəti ilə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanını istisna edən hər hansı hal mövcud olmamışdır. İddiaçının 24 noyabr 2022-ci il tarixdə mülki məhkəmə icraatında iddia qaldırdıqdan sonra inzibati məhkəmə icraatında iddia qaldırması belə iddia müddətinin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Qeyd edildiyi kimi iddiaçı mülki məhkəmə icraatında belə iddia müddətini ötürməklə iddia qaldırmışdır. Ərizəyə əlavə edilmiş tibbi sənədlər iddiaçının xidmətdən azad edilmədən öncə 2021-ci ilin oktyabr ayı və əmrdən 1 ay sonra 2022-ci ilin fevral ayı ərzində müayinə və mülaicə olunması ilə bağlı sənədlərdir. İddiaçının özünün də qeyd etdiyi kimi xx.xx.2021ci ildə koronar angioqrafiya əməliyyatı icra olunmuş, əmr verildikdən sonrakı dövrdə iddiaçının iddia qaldırmaq imkanını aradan qaldıra biləcək uzun müddətli, stabil stasionar müalicə şəraitində olması sübut olunmur. Hətta iddiaçının iddia etdiyi səhhəti ilə əlaqədar “stres və gərginlikdən uzaq olması”na dair həkim tövsiyyəsi belə onun şəxsən olmasa da istər inzibati icraatda, istərsə də məhkəmədə nümayəndəsi vasitəsilə hüquqlarının müdafiəsi üçün müraciət etmək, təmsil olunmaq imkanından məhrum etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddəti ötürülmüşdür, müddətin ötürülməsinin üzrlü səbəbləri müəyyən edilmədiyindən müddətin bərpası barədə ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 24.7-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Prosessual müddətin bərpa edilməsinin əksinə müddətin bərpa edilməməsi barədə qərardaddan şikayət verilə bilər. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 24, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar