Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4546/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarın məbləğin ondan tutulması hissəsində ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üzərinə hesablanmış 15035.85 manat məbləğinin ondan ödənilməsi tələbinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan 15035.85 manat artıq ödənilmiş əmək pensiyasının cavabdehin hesabına ödənilməsi barədə icraata başlama barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən qərar qəbul edilmişdir. Onun sağlamlığında bir neçə problemlər mövcuddur. Həmin pensiya ödənişi ona qanuni əsaslarla verilmiş, heç bir saxtakarlıq halları olmamışdır. Belə olan halda, cavabdeh tərəfindən 15035.85 manat ödənişin tələbi qanunsuzdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış məbləğin ondan tutulması hissəsində qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş dilmişdir. Etiraza əsasən, X1 Departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, 1 sentyabr 2005-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 206.00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 20.60 manat olmaqla orta aylıq məək haqqı 226.60 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci iltarixli, 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.2-ci maddəsinə əsasən 9 il 11 ay 25 gün qulluq stajına uyğun olaraq orta ayıq əmək haqqının (226.60 manat) 53 faizi – 120.10 manat məbləğində müəyyən edilmiş və həmçinin “Aztəminatlı ailələrə verilən müavinətlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 may tarixli 315 nömrəli Sərəncamının “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 fevral tarixli 373 nömrəli Fərmanına əsasən qüvvədən düşmüş 5-ci bəndinə uyğun olaraq 122.30 manat təşkil etmişdir. Lakin, xx.xx.2005xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 157.22 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 593,64 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 fevral 2007-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 260.00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 26.00 manat olmaqla orta aylıq əmk haqqı 286.00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 11 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (286.00 manat) 53 faizi – 151.58 manat məbləğində müəyyən edilmiş və həmçinin vaxtilə işləməyən pensiyaçılara verilən 2.20 manat müavinət olmaqla ümumilikdə pensiyası 153.78 manat təşkil etmişdir. Lakin, xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində cavabdehə hər ay 197.20 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 738,14 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 41.00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 414.00 manat olmaqla orta aylıq əmək haqqı 451.00 manat təşkil etmişdir. Bununla əlaqədar cavabdehin əmək pensiyası “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017ci il tarixinədək qüvvədə olmuş rdaksiyasına əsasən 9 il 11 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (451.00 manat) 53 faizi – 239.03 manat məbləğində müəyyən edilmişdir. Lakin, xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ona hər ay 312.00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 4743,05 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmşdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520.00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 52.00 manat olmaqla orta aylıq əmək haqqı 572,00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 i l 11 ay 25 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (572,00 manat) 53 faizi-303,16 manat məbləğində müəyyən edilmişdir. Lakin, xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 397,80 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 4826,64 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar cavabdehin 9 il 11 ay 25 gün dövlət qulluğu stajına görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 33,06 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən cavabdehin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 57,00 manat olmaqla orta aylıq əmək haqqının 627,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (572,00 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (627,00 manat) arasındakı fərq məbləğinin (55,00 manat) 33,06 faizi-18,18 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (303,16 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 321,34 manat müəyyən edilmişdir. Lakin, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 423,97 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində cavabdehə 1847,34 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 855,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 85,50 manat olmaqla orta aylıq əmək haqqının 940,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (627,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (940,50 manat) arasındakı fərq məbləğinin (313,50 manat) 33,06 faizi-103,64 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (321,34 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 424,98 manat müəyyən edilmişdir. Lakin, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 567,92 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 2287,04 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən, cavabdehə xx.xx.2005-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 15035,85 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 15035,85 manat pul vəsaitin büdcəyə qaytarılması məqsədilə yazılı razılığının qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Lakin, hazıradək cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala daxil olmamışdır. Bu səbəbdən də, tərəflərindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə uyğun qaydada “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********7 nömrəli Qərar tərtib olunaraq cavabdehin ünvanına göndərilmişdir. Həmçinin S750231880AZ nömrəli poçt xəbərnaməsinə əsasən xx.xx.2021-ci il tarixli **********0 nömrəli Qərar icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Yasamal rayon İcra Şöbəsi tərəfindən Mərkəzi Filiala ünvanlanmış 06.01,2022-ci il tarixli, xx/xx-270869/3 nömrəli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmalıdır. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 81.1ci maddəsinə əsasən İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun 82.1 -ci maddəsinə əsasən Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 1) borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olduğu gündən sornakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Cavabdeh qurum tərəfindən qanunvericiliyin qeyd olunan şərtlərinin hər birinə riayət edildikdən sonra artıq ödənilmiş pensiyanın geri qaytarılması barədə qərar qəbul edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarından, əmək pensiyasının yenidən hesablanması zamanı gəlinən nəticələrdən, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi. İnzibati orqan artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edərkən haqlı olmuşdur. Nəticə etibarı ilə 05 may 2021-ci il tarixli qərar qanuni və əsaslıdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Faiqnovna xx.xx.1946-cı il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarının surətidən görünür ki, xx.xx.1946-cı il tarixində anadan olmuş, ünvan 2 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı xx.xx.2005-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 15035,85 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 270869/2021-53-29-003 nömrəli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Bu müddət ərzində tələb üzrsüz səbəbdən icra edilmədikdə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulacağı barədə xəbərdar olunmuşdur. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini nəzərdən keçirərək, borclu İddiaçı xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 15035.85 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus pensiya işi təqdim edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Məhkəmə tərəfindən hazırki iddianın xüsusi mümkünlük şərti olan “iddia müddəti”-nin araşdırılması məqsədilə məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilmiş, iş materiallarında olan sənədlərə (pensiya işi və s.) və iddiaçının izahatlarına əsasən iş üzrə mübahisəli qərarın cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsinə dair hər-hansı bir sübut müəyyən edilməmiş, iddiaçı mübahisəli qərar barədə icra məmurunun xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarı əsasında tanış olmuş, sözügedən qərar isə iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə hazırki idida tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialları ilə müəyyən olunur ki, cavabdehə Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də, iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqanın faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə gəlmiş olduğu nəticəni ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin aşağıdakı tələblərinin təhlil olunmasını zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi, hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həlledici əhəmiyyət daşımasa da, pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıbqaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olubolmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hərhansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da, mövcud olmayacaqdır. “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də, göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də, ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən, artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq, geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə, inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalara (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması hazırkı iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsinin qarşısını alır. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə vurğulayır ki, əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması, əmək pensiyasının bərpa edilməsi barədə iddiaçı tərəfindən iddia qaldırılmamaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddianın təmin edilməsi qanunvericiliyin tələbləri ilə uzlaşır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması hissəsində” ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiysına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4546/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4546/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver