Məhkəmə qərarları › İş №2-1(112)-4549/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4549/2020

25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4549/2020 25.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi və yeni qərarın qəbul edilməsi” tələbinə dair işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinin tələblərinə əsasən məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8388/2019-003 saylı, 16.07.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmir Məmmədovun hərəkətlərini qanunsuz hesab edərək 07.02.2020-ci il tarixli icraata başlamaq haqqında Qərarını ləğv etməklə, icra vərəqəsi üzrə yeni icraata başlamaq haqqında qərar qəbul edilməsi və icraata başlamaq haqqında qərarın və bildirişin könüllü icra üçün verilməsi vəzifəsinin cavabdeh Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq, iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iş üzrə məhkəmə iclasında mümkünlük məsələsinin araşdırılacağını bildirmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 25 iyun 2020-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli 6 nömrəli Qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 iyun 2020-ci il tarixli Məlumatının (Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin) tövsiyələrini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsindəki tələblərini nəzərə alaraq, mübahisəni şifahi dinləmə olmadan həll etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8388/2019 saylı, 16.07.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli, 2(003)-55/18 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, X3 ilə X5 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış, AN-İ seriyalı, ******* №, Bakı şəhəri 9 saylı notariat kontorunda 4Ə/396 nömrə ilə reyestr qeydiyyatına alınmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələr – X2 adına aparılmış reyestr qeydi, X5 ilə İddiaçı arasında 17 sentyabr 2016-cı il tarixdə bağlanmış, AN-İ seriyalı, ******* №, Bakı şəhəri 10 saylı notariat kontorunda 4Ə/110 nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin; Bakı şəhər, Xəzər rayon, Buzovna qəsəbəsi Rasim İmanov küçəsində yerləşən 2A saylı evin 17 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən İddiaçı adına aparılmış reyestr qeydi və RX seriyalı, ******* nömrəli, 20.09.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın; İddiaçı ilə X4 arasında 24 sentyabr 2016-cı il tarixdə bağlanmış 4 saylı Bakı “ASAN xidmət” mərkəzində reyestrdə 4Ə/1117 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin; Bakı şəhər, Xəzər rayon, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 2A saylı evin 17 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən X1 adına aparılmış reyestr qeydin və RX seriyalı, ******* nömrəli, 04.10.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin 07.02.2020ci il tarixli, 1309 №-li tələbin könüllü icrası haqqında bildirişdən və eyni tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılması, borclu İddiaçı, X2, X1 10 gün müddətidə icranı könülü olaraq təmin edilməsinin təklif olunması qərara alınmışdır. İddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, mülki icraat qaydasında baxılan iş üzrə verilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8388/2019-003 saylı, 16.07.2019-cu il tarixli icra sənədi icra edilməsi üçün cavabdeh orqanına göndərilmiş və sonuncu tərəfindən həmin icra sənədi çərçivəsində icra hərəkətləri həyata keçirilmişdir. İcra sənədi üzrə borclu olan iddiaçının iddia ərizəsindən göründüyü kimi, o, hazırki iddia ərizəsi ilə Xəzər rayon İcra və Probasiya Şöbəsinin 07.02.2020-ci il tarixli icraata başlamaq haqqında qərarınının ləğvini tələb edir. İddiaçı icra məmuru tərəfindən qəbul edilən qərarın qanunazidd olduğuna əsaslanır. Bu səbəbdən, İddiaçı Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin qərarının qanunsuz hesab edilməsini və həmin qərarının ləğv edilməsini tələb edir. Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, hazırki işin mübahisələndirilən halları mülki icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən verilmiş və cavabdeh orqanın icraatında olan icra sənədləri üzrə icra məmuru tərəfindən qəbul edilən qərarının ləğvi və həmin icra vərəqəsi üzrə yeni icraata başlamaq haqqında qərarın qəbul edilməsi ilə bağlıdır. Belə ki, İPM-in 1.1-ci maddəsinin tələbi baxımından, inzibati qaydada qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranması təşkil edir. Konkret halda isə həmin şərt ödənilmədiyindən iddiaçının tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Yəni, mülki icraat qaydasında baxılan iş üzrə verilmiş icra sənədi ilə başlanmış icra icraat zamanı həmin icraatın iştirakçıları tərəfindən qaldırılan hər bir məsələyə inzibati icraat çərçivəsində baxılması mümkün sayıla bilməz. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı icra məmuru tərəfindən qəbul edilən icraata başlamaq haqqında qərardan şikayət etsə də, son olaraq, həmin icra məmurunun verilmiş icra sənədi üzrə həyata keçirdiyi hərəkətləri qərəzli hesab edir. Məhz, “Homsbi” Yunanıstana qarşı işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqları haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırılması hüququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir” Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə, icra sənədlərinin icra edilməsinə nəzarəti icra qurumunun rəhbəri ilə yanaşı həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası zamanı icra məmurunun hərəkətləri və hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir, qanuni qüvvəsini almış məhkəmə qərarının (qərardadının) icrası olaraq, mülki icraatda baxılan iş üzrə onun tərəflərinin həmin icraat daxilində məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və onun davamı kimi qəbul edilir. Bu baxımından, icra orqanına qarşı onun hərəkət və hərəkətsizliyindən şikayətlərə baxılması, məhz, icra sənədini vermiş və icraya nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilməlidir. Bu səbəbdən Məhkəmə bildirir ki, yalnız icra orqanı tərəfindən icra icraatından kənara çıxarılmaqla yol verilən, icraatdan kənar şəxslərin hüquq və azadlıqlarının pozulduğu hallarda, həmin şəxslərin icra orqanının hərəkət və hərəkətsizliyindən və ya qərarlarından verdiyi şikayətlərin ümumi (publik) hüquq sahəsinə aid edilməsi və bu qəbildən olan mübahisələrə inzibati məhkəmələrə aid edilərək inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkündür. Qeyd edilənlərin hazırki işə tətbiqi baxımından Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən hərəkəti icra sənədinin birbaşa icrasına yönəlmiş hərəkət olmuşdur. Ona görə də, həmin hərəkətin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı sözügedən hərəkətin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Pandemiya dövrü ilə əlaqədar tərəflərin iştirakı ilə məhkəmə iclasının keçirilməsi mümkün olmasa da, qeyd edilənlərlə bağlı, iddiaçıya 22 may 2020-ci il tarixli məktubla hüquqi yardım göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi və yeni qərarın qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar