Məhkəmə qərarları › İş №2-1(112)-455/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-455/2020

10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-455/2020 10.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «pensiyanın yenidən hesablanması» tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiya haqqının aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx xxx 1962-ci il tarixdə doğulmuşdur. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun “qeyd” hissəsində göstərilmişdir ki, 13 iyun 1997-ci il tarixli 321-İQD saylı Qanunun İ hissəsinin 1ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü və 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqust ayının 1-dən başlayaraq 2000-ci il avqust ayının 1-dək hər il 06 ay artırılır. İddiaçının 27 may 2014-cü il tarixdə 52 yaşı tamam olduğundan, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə iş stajı nəzərə alınmaqla, yaşa görə əmək pensiyası həmin tarixdən təyin edilmişdir. Lakin bu zaman aylıq pensiya məbləği müəyyənləşdirilərkən qeyd olunan Qanunun müddəalarına deyil, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad edilmiş, bununla da iddiaçının hüquqları kobud şəkildə pozulmaqla, pensiyanın məbləği süni şəkildə, kəskin azaldılmışdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun 17-ci maddəsinə əsasən, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faiz, “b” bəndində nəzərdə tutulan işlərdə çalşan işçilərə isə 65 faiz, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin üçüncü abzasında qeyd olunmuşdur ki, yaşa görə pensiyanın əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci abzasında göstərilmişdir ki, həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta aylıq əmək haqqının 85 faizindən, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, “b” bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 1-cü abzasında qeyd olunmuşdur ki, pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Həmin maddənin 2-ci abzasında göstərilmişdir ki, pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, iddiaçıya yaşa görə pensiya, orta aylıq əmək haqqımın 70 faizi məbləğdə təyin edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər azı 20 il iş stajı olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Pensiya təyin olunarkən iddiaçının ümumi iş stajı 36 il 7 ay 17 gün, güzəştli işlərdə çalışdığı müddət isə 25 il 1 ay 10 gün olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin üçüncü abzasında qeyd olunanlara əsasən, iddiaçıya təyin edilmiş yaşa görə pensiyanın əsas məbləği, tələb olunan iş stajından (20 il) artıq hər tam il üçün orta aylıq əmək haqqının iki faizi qədər və tələb olunan güzəştli stajdan artıq hər il üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılmalıdır. Yəni iddiaçının ümumi iş stajı 36 il və güzəştli stajı 25 il, 1 nömrəli siyahı üzrə tələb olunan iş stajı isə 20 il və güzəştli staj 10 il olduğundan, pensiya məbləği müəyyən edilərkən 16 illik (36-20=16) artıq iş stajı və 25 illik güzəştli iş stajı nəzərə alınmalı, bu 16 illik ümumi iş stajının hər ili üçün orta aylıq əmək haqqının iki faizi miqdarında (16x2=32 faiz) və 25 illik güzəştli iş stajının hər ili üçün orta aylıq əmək haqqının bir faizi (25x1=25 faiz) miqdarında əlavə məbləğ müəyyənləşdirilməli və ümumilikdə yekun pensiya məbləği formalaşdırılmalıdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, iddiaçıya yaşa görə pensiya, orta aylıq əmək haqqımın 70 faizi məbləğində təyin edildikdən sonra, ümumi iş stajımın 36 il və güzəştli stajımın 26 il olması nəzərə alınmaqla (yəni tələb olunan ümumi və güzəştli iş stajları müvafiq olaraq 20 il və 10 ildir), ümumi iş stajının 20 ildən artıq hər tam ili üçün iki faiz və güzəştli iş stajımın 10 ildən artıq hər tam ili üçün bir faiz olmaqla, orta aylıq əmək haqqının 57 (32+25=57) faizi miqdarında əlavə ödəniş, orta aylıq əmək haqqının 70 faizi miqdarında müəyyən edilmiş pensiya məbləğinin üzərinə gəlinməklə (yəni 70+57=127 faiz (lakin yuxarıda qeyd edildiyi kimi bu məbləğ orta aylıq əmək haqqının 100 faizindən artıq ola bilməz)), iddiaçıya ödəniləcək yekun pensiya məbləğinin orta aylıq əmək haqqının 100 faizi miqdarında olması təsbit edilməli idi. Lakin hal hazırda iddiaçı hər ay bu məbləğdən dəfələrlə az pensiya alır ki, bunu da hüquqlarının kobud şəkildə məhdudlaşdırılması hesab edirik. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi ilə razı deyillər. İddiaçıya görə, ona pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü və 17-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya pensiya təyin edilərkən 16 illik artıq iş stajı nəzərə alınmalı, həmin artıq stajın hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə məbləğ müəyyənləşdirilməlidir. Başqa sözlə, iddiaçıya pensiya orta aylıq əmək haqqı miqdarının 100 faizi miqdarında müəyyən edilməlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx xxx 1962-ci il təvəllüdlüdür, iddiaçıya 27 may 2014-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəzərə almaq laızmdır ki, iddiaçıya pensiya təyin edərkən, başqa sözlə, iddiaçının pensiya hüququ yaranarkən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun deyil, “Əmək pensiyaları haqqında” qanun qüvvədə olmuşdur. “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsi (“9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) iddiaçıya pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tətbiq edilməli olmasını nəzərdə tutmur. Həmin maddə yalnız 2 şərtə - sığorta hadisəsinə münasibətdə tələblərin “Vətəndaşların pensiya təminatı haqqında” qanunu əsasında müəyyənləşdirilə biləcəyini ehtiva edir. Bunlar yaş və staj şərtləridir - sığorta hadisələridir. İddiaçıya pensiya təyin edilərkən həmin sığorta hadisələrinə aid tələblərin (57 yaş və 25 il ümumi, 12,5 il güzəştli staj) diqqətə alındığı mübahisəsizdir. İddiaçı isə, qüvvədən düşmüş Qanuna istinad edərək 12 yanvar 2010-cu ildə pensiya təyin edərkən onun orta aylıq əmək haqqısının əsas alınmalı olduğunu iddia edir. Halbuki “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsi heç də bütün məsələlərdə, o cümlədən iddia edilən məsələdə əvvəlki qanunun tətbiq edilməli olması kimi bir müddəanı ehtiva etmir. Əks halda, “Əmək pensiyaları haqqında” qanunun qəbuluna böyük ölçüdə ehtiyac olmazdı. “Əmək pensiyaları haqqında” qanunda pensiyaların, orta aylıq əmək haqqı əsas götürülməklə hesablanması barədə norma 1 yanvar 2010-cu ilədək qüvvədə olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 10.2-ci və 27-ci maddələrinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-Ş QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə pensiyaların hesablanmasının başqa qaydası tətbiq edilməyə başlanılmışdır. İddiaçının pensiya hüququ 27 may 2014-cü ildə, yəni müvafiq normanın “Əmək pensiyaları haqqında” qanundan çıxarılmasından sonra yaranmışdır. Ona görə də pensiya təyin edilərkən orta aylıq əmək haqqı əsas götürülməmişdir. Beləliklə, iddiaçıya pensiya məbləği hesablanarkən, haqlı olaraq “Əmək pensiyaları haqqında” qanunun qüvvədə olan müddəaları rəhbər tutulmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 1357 nömrəli, xx.xx.2014-cü il tarixli Qərarına əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilmişdir. Lakin iddiaçı təkcə yaşa və staja görə deyil, ümumilikdə ona təyin edilmiş pensiyanın xx.xx.1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun tələblərinə uyğun olaraq təyin edilməli olmasını, buna görə də pensiyasının həmin Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanmasını xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiyalar təyin edilməsini yalnız iki şərtə münasibətdə müəyyən edir - yaş və staj. Bu, pensiya təyin edilərkən digər hallara şamil edilə bilməz. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «pensiyanın yenidən hesablanması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar