Məhkəmə qərarları › İş №2-1(112)-455/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-455/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-455/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (X11 anası) (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, işləmir), iddiaçının vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, “Femida” vəkil bürosunda işləyir), cavabdehin nümayəndəsi Nümayəndə2 (Yevlax rayonunda qeydiyyatdadır, Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı X11 (qanuni nümayəndəsi İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X29 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2007-ci il təvəllüdlü X14 ailə başçısını itirməyə görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin hesablanaraq yetkinlik yaşına çatana qədər onun qanuni nümayəndəsinə -anasına İddiaçı ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X29 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı X20 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, xx.xx.2007-ci il təvəllüdlü X14 ailə başçısını itirməyə görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin hesablanaraq yetkinlik yaşına çatana qədər onun qanuni nümayəndəsinə -anasına İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası - xx.xx.1962-ci il təvəllüdlü X17 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. X6, 1978-ci ildən etibarən əmək stajı vardır. Həmçinin, X17 xx.xx.1980-xx.xx.1982-ci il tarixləri aralığında hərbi xidmətdə olmuşdur. O, vəfat etdikdən sonra xx.xx.2007-ci il təvəllüdlü X14 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət olunmuşdur. Müraciətinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 11 sentyabr 2021-ci il tarixli, **********8 nömrəli imtina məktubu təqdim olunmuşdur. İmtina məktubunda “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydaları”na istinad edərək bildirilmişdir ki, X3 əmək kitabçasını və ya surətini, əmək kitabçası olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə yenidən müraciət etdiyi halda məsələyə yenidən baxıla bilər Əvvəlcə X3 əmək qabiliyyətli yaş dövrü hesablanmalıdır. Belə ki, Abdullayev Samir xx.xx.1962-ci il tarixində dünyaya gəlmiş və xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Nəticədə onun ümumilikdə yaşadığı müddət 58 il 11 ay 16 gün təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün iddiaçının X3 14 il 3 ay + 4 ay = 14 il 7 ay sığorta stajı olması tələb olunur. Onun 1978-ci il tarixindən bəri əmək stajı vardır. O, təkcə 21 il müddətində Amerika Səfirliyində işləmiş, Fotoelektronika İnstitutunda əmək fəaliyyəti ilə məşğul olmuş və sonuncu iş yeri isə “Azad Bank” olmuşdur. X18 Səfirliyində işləməyi barədə əmək kitabçası tərtib olunmadığından həqiqətəndə orada işləməyi barədə arayış təqdim olunsa da, cavabdeh orqan tərəfindən həmin arayış məqbul hesab edilməmişdir. Cavabdeh orqanın imtina məktubunda da əmək kitabçası olmadığı halda məhkəmə qərarı əsasında məsələyə baxılacağı bildirilmişdir. X17 xx.xx.1980-xx.xx.1982-ci il tarixləri aralığında (2 il 2 gün) hərbi xidmətdə olmuşdur. Həmçinin, o, Azərbaycan Mühəndis-İnşaat İnstitutunda 1978-1986-cı illərdə təhsil almış və ona inşaat-mühəndisi ixtisası verilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hərbi xidmət və ali təhsil müddəti də iş stajına daxil edilir. xx.xx.1956-cı il tarixində qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət Təminatı haqqında” SSRİ qanununun 1-ci maddəsinin “V” bəndinə görə “ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir”. Həmin qanunun 109-cu maddəsinin “İ” yarımbəndində qeyd olunur ki, “ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinin “g” bəndinə əsasən “ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti” iş stajına daxil edilir. X3 təkcə hərbi xidmət və ali təhsil dövrlərini hesabladıqda 10 il staj təşkil edir. X3 əmək fəaliyyəti ilə bağlı sığorta stajına əlavə olaraq hərbi xidmət dövrü və ali təhsil dövrünü də hesabladıqda, ailə başçısı itirməyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 14 il 7 aylıq sığorta stajı ödənilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehin iddiaya dair etirazında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının mərhum əri X17 qanunla tələb olunan sosial sığorta stajına malik deyildir. İş materiallarına əlavə edilən 19 yanvar 2007-ci il tarixli 307044 nömrəli nikah haqqına şəhadətnaməyə müvafiq olaraq X17 ilə İddiaçı Ağasaməd qızı xx.xx.2007ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli 037385 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X17 ilə X5 birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X22 anadan olmuşdur. İş materiallarına əlavə edilən xx.xx.2021ci il tarixli, 126287 №li “Ölüm haqqında şəhadətnamədə müvafiq olaraq X17 xx.xx.2021-ci il tarixdə (59 yaşında) vəfat etmişdir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq X6na münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1. 59 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 44 il (əmək qabiliyyətli yaş dövrü), 2. 44 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 176 ay, 3. 176 ay: 12 ay - 14 il 06 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq X6na münasibətdə tələb olunan sosial sığorta stajı 14 il 06 aydır. İşin mübahisələndirilən halı X3 “Fotoelektronika İnstitutu”nda, “Azad Bank” firmasında və xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək X10 Azərbaycan Respublikasındakı Səfirliyində işlədiyi dövrdür. Mərhum S.S.Abdullayevin əmək kitabçası yoxdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 4/41 nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********0900 nömrəli məktubları ilə sözügedən müəssisələr barədə məlumatların olmadığı qeyd edilmişdir. Bundan əlavə X10 Azərbaycan Respublikasındakı Səfirliyinə iddiaçının mərhum ərinin iş stajının müəyyən edilməsi -məqsədilə çoxsaylı sorğular göndərilsə də, hazıradək sözügedən sorğular cavablandırılmamışdır. Bundan əlavə X10 Azərbaycan Respublikasındakı Səfirliyi xx.xx.2012-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsistemində “Sığortaedənlərin reyestri” bölümündə sığortaedən kimi uçota alınmışdır. Bununla belə qeyd olunan dövrdən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. İddiaçının mərhum ərinin əmək kitabçasının olmaması səbəbindən yuxarıda göstərilən dövrlərin sığorta stajı kimi nəzərə alınması qanunvericiliyə ziddir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsinə əsasən 2006-cı ilin yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının mərhum ərinin qanunla tələb edilən 14 il 06 ay sosial sığorta stajı olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi İddiaçı və onun vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçının anası Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1969-cu ildə anadan olmuşdur. AZE 10602048 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı X20 Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.2007-ci ildə anadan olmuşdur. AZ-İİ 126287 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X17 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İZ ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1962-ci il təvəllüdlü X17 xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. İV 972219 nömrəli diplomun surətinə əsasən X17 1978-1986-cı illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda sənayə ve mülki tikinti ixtisası üzrə təhsil almışdır. AZ-İ 307044 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X17 və X15 arasında xx.xx.2007-ci ildə nikah bağlanmışdır. AZ-İİ 037385 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X20 xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş, atası X17, anası İddiaçıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, mərhum S.S.Abdullayevin əmək kitabçasını və ya surətini, əmək kitabçası olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 3 saylı Bakı “DOST” Mərkəzinə təqdim etdikdən sonra övladı X9 ailə başçısını itirməyə görə əmək pensiyası hüququna yenidən baxıla bilər. X21 Dövlət Departamenti Avropa Məsələləri Bürosunun iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir, X17 əvvəlcə müşahidə aşkarlama mütəxəssisi, sonra isə yerli mühafizəçi qismində 20 ildən artıq ABŞ Dövlət Departamentində xidmət etmişdir. X16 Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, bu məktub X8 həqiqətən 03 aprel 1999-cu il tarixindən 2 fevral 2021-ci ilədək X10 Bakıdakı Səfirliyində işlədiyini təsdiqləyir. Samir Abdullayev mühafizəçi vəzifəsində çalışmışdır. Azərbaycan Milli Elmlər X7 iddiaçının vəkilinə ünvanladığı xx.xx.2022-ci il tarixli 029- 08/216 nömrəli məktubunda bildirilmişdir ki, X17 həqiqətən xx.xx.1984-cü ildə X13 İnstitutunun Filialının 9-cu şöbəsinə 2-ci dərəcə ilə radio avadanlıqlarının nəzarətçisi vəzifəsinə işə qəbul olunmuşdur (Əmr №29 xx.xx.1984-cü il). xx.xx.1985-ci ildə İnstitutun adı dəyişilərək X1 olmuşdur (Əmr №548 xx.xx.1985-ci il). xx.xx.1987-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 58 xx.xx.1987-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 81 saylı qərarı ilə AMEA H.A.Abdullayev adına Fizika İnstitutunun və Fotoelektronika İnstitutunun bazasında AMEA Fizika İnstitutu yaradılmışdır. Məktubda tələb olunan, S.S.Abdullayevə məxsus AMEA Fizika stitutunun arxivində mövcud olan sənədlərin surətləri göndərilir. Bura daxildir: 1984-1985-1986-1987-ci illərdə əmək haqqının aylar üzrə məbləğlərini əks etdirən əmək haqqı barədə arayış... Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının cavabdehə ünvanladığı 13 yanvar 2022-ci il tarixli 7-12/17 saylı məkubunda bildirilmişdir ki, X8 işlədiyi Fotoelektronika İnstitutunun və “Azadbank” firmasının sənədləri BŞİH-nin arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli 01/3-17 saylı məktubunda bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestirində “Azadbank” Səhmdar- Kommersiya bankı 02 iyul 1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Bununla yanaşı, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyiciisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada" görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu ilə S.S.Abdullayevin işdən azad edilməsi haqqında şəxsi ərizəsinin və köçürmə haqqında “Promsvyazmontaj” Bakı Quraşdırma İdarəsinin 500-1 saylı 23 dekabr 1988-ci il tarixli məktubunun surəti göndərilir. Cavabdeh tərəfindən məhkəməyə inzibati iş üzrə icraat materialları təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respubliksının Mili Arxiv İdarəsi xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, “Azadbank” Kommersiya bankının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Memarlıq və İnşaat Universiteti xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, X17 xx.xx.1978-ci il, 159u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin axşam şöbəsininə qəbul olmuşdur (qr.1228r). xx.xx.1980-ci il, 204 u/p saylı əmrlə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1982-ci il, 224 u/p saylı əmrlə həqiqi hərbi xidmətdən sonra Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin axşam şöbəsinə bərpa olmuşdur (qr.1220r). xx.xx.1986-cı il, 312u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin axşam şöbəsinin “Sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarı ilə ona “İnşaat-mühəndisi” ixtisası verilmişdir. Diplom: HB № 972219, qeydiyyat № 922. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, 1987-ci ilin may ayından (əmr №89/k, xx.xx.1987 il) 1988-ci ilin dekabr ayına (əmr №210/k, 23 dekabr 1988 il) qədər (dekabr ayı da daxil olmaqla) Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda laborant, böyük texnik və mühəndis vəzifələrində işləmişdir. Belə ki, əmək haqqı cədvəlinə əsasən 1987-ci ilin may-dekabr ayları və 1988-ci ilin yanvar-dekabr ayları üzrə 2506-34 (iki min beş yüz altı rubl. 34 qəpik) əmək haqqı almışdır. Buna müvafiq olaraq əmrlərin surətləri təqdim olunmuşdur. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respubliksının Kənd Təsərrüfatı Nazirliyi xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, müraciətdə qeyd olunan qurumla bağlı sənədlər Nazirliyin arxivində aşkar edilməmişdir. Bu səbəbdən tələb olunan məlumatların təqdim edilməsi imkan xaricindədir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respubliksının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, X8 1978-1979-cu illər üzrə işlədiyi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin arxiv sənədlərində onun əmək fəaliyyəti ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir, 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 4.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış;; Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İşin faktiki hallarına əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçının mərhum əri X17 xx.xx.1962-ci ildə doğulmuş, xx.xx.2021-ci ildə ölmüşdür. Ölən zaman onun yaşı -58 il 11 ay 16 gün olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 14 il 06 stajının olması kifayət edir (59-15=44, 44*4/12=14 il 06 ay). Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Cavabdeh öz imtinasını iddiaçının mərhum atasının əmək kitabçasının olmaması və işlədiyini iddia etdiyi “Fotoelektronika İnstitutu”, “Azad Bank” firması barədə məlumatların olmaması, eyni zamanda X10 Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən sorğuların cavablandırılmaması nəticəsində orada işləməsinə dair sübutun olmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin imtinası ilə razı deyil. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş əmrlər və əmək haqqı cədvəlləri, müvafiq idarələrin arayışları iddiaçının mərhum ərinin 1984-1987-ci il tarixlərdə “Fotoelektronika İnstitutu”nda, 1987-1988-ci il tarixlərdə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda, 1999-2021-ci il tarixlərdə X10 Azərbaycan Rüspublikasındakı Səfirliyində işləməsi, eyni zamanda hərbi bileti və diplom müvafiq dövrlərdə təhsil alması və hərbi ximətdə olması halları faktının öz təsdiqini tapmışdır. Məhkəmə həmin məlumat mənbələrini sosial sığorta stajının müəyyən edilməsi üçün mötəbər əsas hesab edir və bu müddətləri ailə başçısının sosial sığorta stajı kimi qəbul edir. Qeyd olunanlara və iş materiallarına əlavə olunmuş sənədlərə əsasən, iddiaçının xx.xx.1978- ci ildən xx.xx.2006cı il tarixədək olan dövrdə 19 il 05 ay 6 gün iş stajı müəyyən olunur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. Belə ki, iddiaçının 1978-ci ildən xx.xx.2006-ci ilədək işlədiyi müddətdə, yəni 1992-ci ildən xx.xx.2006-ci ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və daha çox şahidin ifadələrinə əsasən tədiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda və ya həmin sənəd bərpa etmək mümkün olmadıqda mövcud iş stajınısübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və müvafiq idarələrin arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, sorğu əsasında təqdim olunan sənədlərdə göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X14 ailə başçısını itirməyə görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin hesablanaraq yetkinlik yaşına çatana qədər onun qanuni nümayəndəsinə -anasına İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33,34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X14 ailə başçısını itirməyə görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin hesablanaraq yetkinlik yaşına çatana qədər onun qanuni nümayəndəsinə -anasına İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar