Məhkəmə qərarları › İş №2-1(112)-4550/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4550/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4550/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “şəhid ailəsi kimi mənzil növbəsinə götürülmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəhid ailəsi kimi mənzil növbəsinə qəbul olunması haqqında sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi üçün Xətai Rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Lakin müraciətinə xx.xx.2023-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə (fərdi evlə) təmin olunmaq üçün yaşadıqları rayon (şəhər) icra hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, iddiaçı X5 ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə şəhid ailəsi kimi müraciət edərək, yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmasını xahiş etmişdir. Araşdırma zamanı, İddiaçı xx.xx.2017-ci il tarixdən vətəndaş X1 mülkiyyətində olan Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən ümumi sahəsi 81.48 kv.m olan 20 “A” nömrəli evdə 4 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla yaşadığı müəyyən edildiyindən və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən şəhid ailələri və onlara bərabər tutulan güzəştli şəxslərin hər adamsayına düşən mənzil normasından artıq olduğundan ərizəçinin xahişini təmin etmək mümkün deyildir. Yuxarıda qeyd olunanları və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Elektron məhkəmə sistemindən əldə edilən məlumatlardan görünür ki, ASAN 4-2 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1982-ci il tarixdə Şəki şəhəri, Baş Layısqı kəndində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. -Kiş kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ № 097790 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X6 ilə xx.xx.1982-ci il təvəllüdlü X2 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmışdır. Ərə “Abdullayev”, arvada “Abdullayeva” soyadı verilmişdir. -Şəki şəhər İHB-nin Kiş kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ № 978431 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə vəfat etmişdir. -Şəki şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 015499 №-li vəsiqənin notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı şəhid ailə üzvü kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir. -Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 99 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 02 №-li arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, məhəllə 2942D, döngə 8 ünvanında yerləşən, 81.48 kv.m sahəsi olan 20A №-li mənzildə yaşayır. Ailə tərkibi oğlu- X10, qızı- X7 və oğlu- X3 ibarətdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 X1 adına qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 2 ünvanı Milli Qeydiyyat Sistemində olan məlumatlara əsasən hazırda aşağıda qeyd olunan fiziki şəxslərin adlarında qeydiyyatdadır: 4-cü mərtəbədə 3 otaq (y/s 45.32 kv.m., k/s 36.16 kv.m.) 1) X19-4-cü mərtəbədə 3 otaq (y/s 45.32kv.m., k/s 29.08 kv.m.) və 7.08 kv.m. açıq eyvan; 2) X8-2-ci mərtəbədə sağ tərəfdə 3 otaq (y/s 45.32 kv.m., k/s 29.08 kv.m.) və 7.08 kv.m. açıq eyvan; 3) X20-3-cü mərtəbədə 3 otaq (y/s 45.32 kv.m., k/s 29.08 kv.m.) və açıq eyvan 7.08 kv.m; 4) Nəcəfov Fikrət iltifat oğlu- 1-ci mərtəbədə 3 otaq (y/s 45.32 kv.m., k/s 25.2 kv.m.); 5) X4-2-ci mərtəbədə 3 otaq (y/s 45.32 kv.m., k/s 36.16 kv.m.); 6) X14- 1-ci mərtəbədə 3 otaq (y/s 45.32 kv.m., k/s 25.2 kv.m.); 7) X21- 3-cü mərtəbədə yerləşən 3 otaq (y/s 45.32 kv.m., y/s 29.08 kv.m.) və açıq eyvan 7.08 kv.m; X9- 4-cü mərtəbədə 3 otaq (y/s 45.32 kv.m., k/s 36.16 kv.m.). -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* №-li arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2005-ci il təvəllüdlü X10 ünvan 3 ünvanında qeydiyyatdadırlar. -Xətai rayon Xətai bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. -Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, hazırda Fondun mövcud informasiya sistemlərində iddiaçıya verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, ümumibirgə mülkiyyətdə olan, Şəki rayonu, Baş Layısqı kəndində yerləşən 1.6571 ha və 0.4104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri aşkar edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubla 12 saylı Şəki Ərazi İdarəsində mövcud olan arxiv materiallarına əsasən məlumatlar və müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş məlumatlardan görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı adına Şəki rayonu, Baş Layısqı kəndində yerləşən 0.1819 ha, 0.1586 ha torpaq sahələri və xx.xx.2023-cü il tarixdə 0.4104 ha, 1.671 ha torpaq sahələri üzərində ümumibirgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının övladlarının adına isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçının qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsi verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, qeyd olunan ünvana xx.xx.2019-cu il tarixdən X10, X7 və X11 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə azyaşlı olaraq qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı əri X6 xx.xx.2017-ci ildə Xocavənd rayonu ərazisində həlak olmuş və iddiaçı hazırda “şəhid ailəsi” statusuna malikdir (bu, işin mübahisə olunmayan hallarına aiddir). İddiaçı ailəsi ilə birlikdə (özü, 2 oğlu və qızı – cəmi 4 nəfər) ünvan 6 ünvanında yerləşən 3 otaqdan ibarət 81.48 kv.m yaşayış sahəsi olan 20A saylı evdə qeydiyyatda olmaqla yaşayır. O, şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi ilə bağlı hazırkı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinada mənzil növbəsinə götürülmə üçün hüquqi əsasın olmadığı bildirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, onun yaşadığı evin yaşayış sahəsi (81,48 kv,m) ailə üzvlərinin sayına görə adambaşına düşən ayrılma normasından artıqdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və onun şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsini (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını) tələb edir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -28.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. -43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. Bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. Müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. Bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Göründüyü kimi, hazırkı qanunvericilik yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanı həyata keçirən orqanları təsbit etmiş, habelə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma qaydası və uçota almaqdan imtinanın əsaslarını Mənzil Məcəlləsinin müvafiq olaraq 51 və 53.1-ci maddəsində konkret müəyyən etmişdir. Lakin cavabdeh iddiaçının mənzil növbəsinə götürülməsindən imtina əsaslarından hər hansı birinə istinad etməmiş, sübutlar təqdim etməmişdir. Qanunun məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. İşin müəyyən edilmiş halalrından görünür ki, iddiaçı şəhid ailəsinin üzvüdür, faktiki qeydiyyatda olduğu və yaşadığı evin mülkiyyətçiləri onun ailə üzvləri deyil, özünün və övladlarının mülkiyyətində mənzil, fərdi yaşayış evi aşkar edilmir. İddiaçının mülkiyyətində torpaq sahəsinin olması ilə bağlı isə məhkəmə vurğulayır ki, iddiaçının ümumibirgə mülkiyyətində həyətyanı torpaq sahəsi olsa da, nəzərə almaq lazımdır ki, həmin əmlak onun müstəsna mülkiyyətində deyil və sahə üzrə paylar müəyyən edilməmişdir. Bu hal iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına mane olan hal kimi qiymətləndirilməməlidir. Bundan başqa Cavabdeh Xətai RİH-in imtinasına gəldikdə isə, məhkəmənin mövqeyi belədir ki, iddiaçının hazırda bacısına məxsus fərdi yaşayış evində yaşaması və qeydiyyatda olması onun yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya səbəb ola bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən bacı ailə üzvləri sıyahısına aid edilməmişdir və həmin şəxs öz ailəsinə məxsus təsərrüfat aparır. Ona görə “yaşayış sahəsinin ölçüsünün müvafiq normadan artıq olması” məsələsində cavabdehin imtinası əsaslı sayıla və iddiaçının mənzil növbəsinə götürülməsindən imtina üçün əsas ola bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlıdır. Odur ki, iddia təmin edilməli və iddiaçının şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması) vəzifəsi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması) vəzifəsi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar