Məhkəmə qərarları › İş №2-1(112)-4552/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4552/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4552/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Sabunçu rayonu XDSnin İK-nın 13/717 saylı, 27 yanvar 1989-cu il tarixli qərarına əsasən Nardaran qəsəbəsində Bakı şəhəri İH tərəfindən tərtib edilmiş Baş plana uyğun olaraq Sabunçu rayonu İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 37, mənzil 3-də yaşayan İddiaçı Nardaran qəsəbəsi Ləhiş Bağ massivi sahəsində yerləşən 12/2202 saylı 600 kv.metr torpaq sahəsinə dair yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayonu XDS-nin İK-nın 13/717 saylı, 27 yanvar 1989-cu il tarixli qərarına əsasən fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində həyətyani torpaq fondu ayrılmışdır. Bakı şəhəri İH tərəfindən tərtib edilmiş Baş plana uyğun olaraq hər bir ailəyə 1200 kv.metr hesabı ilə torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Sabunçu Rayonu İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.2006-cı il tarixli, 02/633 №-li çıxarışdan göründüyü kimi Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 37, mənzil 3-də yaşayan iddiaçıya Nardaran qəsəbəsi, Ləhiş Bağ massivində sahəsi 600 kv.m olan torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yerləşmə sxemi olmadığı üçün Bakı şəhər İH-nə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Nardaran qəsəbəsi Ləhiş bağ massivində vətəndaşlara verilən torpaq sahələrinə aid Sabunçu Rayon İH-də heç bir arxiv sənədi olmadığından həmin sənədlərin qanuna uyğunluğunu araşdırmaq mümkün olmamış və bu səbəblə sxemi tərtib edərək təstiq etmələri imkanları xaricindədir. İddiaçı pozulmuş hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etmiş və məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə dair yazılı münasibətdə göstərilmişdir ki, Cavabdeh Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin heç vaxt torpaq ayırmaq səlahiyyəti olmayıb. Lakin, nümayəndəlik tərəfindən ayrı-ayrı şəxslərə torpaq sahəsi ayrılmışdır. Bu faktlar aşkar edildikdən sonra Sabunçu RİH başçısının 26 saylı, 06 fevral 2023-cü il tarixli sərəncamı ilə İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanunun müvafiq tələbləri rəhbər tutularaq Sabunçu RİH başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayırmasına dair bütün qərarları etibarsız hesab edilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Surəti iddia ərizəsinə əlavə edilmiş Cavabdeh Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından xx.xx.2006-cı il tarixli, 02/633 №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 37, mənzil 3-də yaşayan İddiaçı Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, sahə 12/2202-də 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Məhkəmə soğusuna əsasən Cavabdeh Başçısının Nardaran qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 fevral 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının adına torpaq sahəsinin ayrılması haqqında nümayəndəlikdə heç bir məlumat yoxdur. Bakı şəhəri Cavabdeh başçısının 06 fevral 2023-cü il tarixli, 26 nömrəli Sərəncamı ilə Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayrılmasına dair bütün qərarlarının etibarsız hesab edilməsi qərara alınmışdır. Sərəncamda göstərilmişdir ki, Cavabdeh başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli 5-18/6/2-83/23 saylı məktubla məlumat verərək bildirmişdir ki, 2002-2008-ci illər ərzində Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən ayn-ayrı vətəndaşlara müvafiq qərarlar əsasında torpaq sahələri ayrılmışdır. Bu isə hal-hazırda qanuni istifadələrində torpaq sahələri olan vətəndaşlarla onlar arasında böyük mübahisələrə səbəb olur. Məsələ ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həqiqətən Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən qanuna zidd olaraq ayrı-ayrı vətəndaşlara 2002-2008-ci illərdə qərar qəbul edilərək torpaq sahələri ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamənin və həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndəliklərin torpaq sahələri ayırmaq səlahiyyəti olmamışdır. İddiaçının müraciətinə əsasən cavabdehin imtina məktubunda göstərilmişdir ki, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində vətəndaşlara verilən torpaq sahələrinə aid Cavabdehndə heç bir arxiv sənədi olmadığından, həmin sənədlərin qanuna uyğunluğunu araşdırmaq mümkün deyil. Qeyd olunanlarla əlaqədar həmin torpaq sahələrinə sxemlərin tərtib edilərək təsdiq edilməsi imkan xaricindədir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. Hazırkı halda iddiaçı yerləşmə sxeminin verilməsini tələb etdiyi torpaq sahəsinin ona qanuni əsaslarla ayrıldığını sübut etməlidir. İşdən göründüyü kimi iddiaçı yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsinin Cavabdeh Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarına əsasən ayrıldığını iddia etsə də, məhkəmə araşdırması zamanı həmin sənədin mötəbər olmadığı aşkar edilmişdir. Belə ki, Bakı şəhəri Cavabdeh başçısının 06 fevral 2023-cü il tarixli, 26 nömrəli sərəncamı ilə Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayrılmasına dair bütün qərarlarının etibarsız hesab edilməsi qərara alınmışdır. Belə ki, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamənin və həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndəliklərin torpaq sahələri ayırmaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar öz əksini tapmışdır. Həmin müddəadan da göründüyü kimi yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri xx.xx.2001-ci ilədək yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması səlahiyyətinə malik olmuşlar. İddiaçı hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsə də, hər bir halda torpaq sahəsinin ona qanuni əsaslarla ayrılması müəyyən edildikdən sonra həmin sahəyə dair yerləşmə sxemi tərtib edilə bilər. Lakin, həmin sahənin iddiaçıya qanuni əsaslara ayrılması müəyyən edilmir. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Göründüyü kimi Cavabdeh Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarı həmin qərarı qəbul etməyə səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyi üçün etibarsız hesab edlmişdir. Bu səbəbdən həmin qərar hər hansı hüquqi nəticə yaratmır. Beləliklə, cavabdeh tərəfindən qanuni əsaslarla iddiaçıya hər hansı torpaq sahəsinin ayrıldığı iş materialları ilə sübut olunmur. Belə olan halda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması müəyyən olunmur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar