Məhkəmə qərarları › İş №2-1(112)-4553/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4553/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4553/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X25 qızının katibliyi, iddiaçının vəkili X9, cavabdehin nümayəndəsi X10, üçüncü şəxslər X20 və X13 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxslər X20 və X21 göstərilməklə “yeni texniki pasportun verilməsi, tikilinin koordinatlarının müəyyən edilməsi, çıxarışın və texniki pasportun ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktına uyğun olaraq “Polimer” kooperativinə (hazırda İddiaçı MMC-yə) ünvan 1 ünvanda ayrılmış 0,2 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə dair texniki pasportun tərtib edilərək iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, X20 ilə X13 aralarında bağlanmış 03.08.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında axırıncıya satılmış 255,2 kv.m sahəli “D” tikilisinin koordinatlarının müəyyən edilməsi və İddiaçı MMC-nin sərəncamında olan torpaq sahəsində yerləşən 177,8 kv.m sahəli tikiliyə dair X13 adına verilmiş **********48-06301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 13.06.1990cı il tarixli 4/142 saylı qərarı ilə “Polimer’’ kooperativinə ünvan 2 ünvanda 0,2 ha torpaq sahəsi ayrılmış, 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu tərtib edilmiş və 90/234 saylı ayrıc aktı cizgisi əsasında 0,2 ha torpaq sahəsi “Polimer” kooperativinə təhvil verilmiş, həmin sahədə kooperativ tərəfindən 706,2 kv.m. istehsalat binaları inşa edilmiş və həmin tikililərin və tikililərin yerləşdiyi torpaq sahəsinə dair AR DƏK-in Dövlət Əmlaklarının İnventarlaşdırılması İdarəsi tərəfindən 02.12.1997-ci ildə texniki pasport verilir, daha sonra isə 2004-cü ildə kooperativ həmin tikililəri özəlləşdirir və Dövlət Əmlak Komitəsi tərəfindən kooperativə 01.12.2004-cü il tarixli 007619 saylı texniki pasport və 22.12.2004-cü il tarixli 004077 saylı özəlləşdirmə şəhadətnaməsi verilir. Reyestr xidməti idarəsi tərəfindən verilmiş istinad edilən 02.12.1997-ci il tarixli və 01.12.2004-cü il tarixli texniki pasportların hər birində “Polimer” kooperativinin mülkiyyətində olan tikililərin Bakı şəhəri İcra Hakimiyyətnin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarına və tikinti inşaat pasportuna uyğun olaraq 0,2 ha torpaq sahəsində yerləşməsi öz əksini tapmışdır. 24.07.2006-cı il tarixdə isə “Polimer’’ kooperativinin bazasında İddiaçı MMC yaradılır və İddiaçı MMC 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktı əsasında “Polimer” kooperativinə təhvil verilmiş 0,2 ha torpaq sahəsindən istifadə və sahiblik etməyə davam edir. Lakin 25.05.2016-cı il tarixdə cavabdeh heç bir hüquqi əsas göstərmədən iddiaçının mülkiyyətində olan tikililərin yerləşdiyi torpaq sahəsinə dair yeni texniki pasport tərtib edərək iddiaçının sərəncamında və istifadəsində 1770,1 kv.m. torpaq sahəsinin olmasını əks etdirir. Cavabdehin bu hərəkətləri qanunla qorunan qanuni əsaslarla iddiaçıya ayrılmış torpaq sahəsinə sərəncam vermək, sahiblik və istifadə hüquqlarımın pozulması olmasına istinad edrək bu yanlışlığın aradan qaldırılması və Bakı şəhəri İcra Hakimiyyət-nin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı, 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktı əsasında verilmiş 0,2 ha torpaq sahəsinə dair öncə tərtib edilmiş 02.12.1997-ci il tarixli və 01.12.2004-cü il tarixli texniki pasportları əsasında İddiaçı MMCnin mülkiyyətdə olan tikililərin 0,2 ha torpaq sahəsində yerləşməsinə dair düzgün tərtib edilmiş texniki pasportun verilməsini müraciəti naməlum səbəblərdən bu günə qədər təmin edilməmişdir. 1994-cü ildə Bakı şəhəri İcra Hakimiyyətnin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı ilə “Polimer” kooperativinə ayrılmış 0,2 ha torpaq sahəsi ilə bağlı Süni Dəri və Plonka materialları zavodu ilə “Polimer” kooperativi aralarında “kooperativə ayrılmış 0,2 ha torpaq sahəsinin 0,12 ha olmasının müəyyən edilməsi”nə dair AR Arbitraj Məhkəməsinin icraatında olan iş üzrə tərəflər arasında barışıq sazişi bağlanmış və Ali Arbitraj Məhkəməsinin 22.09.1994-cü il tarixli,2445/4a 4-152 saylı qərardadı ilə Süni Dəri və Plonka materialları zavoduna “Polimer” kooperativinə məxsus ərazidən istəhsalat məqsədləri üçün istifadə etməyə gediş-gəliş yolun verilməsinə dair barışıq sazişi təsdiq edilmişdir. Eyni zamanda qanuni qüvvəsini almış AR Ali Məhkəməsinin MK-nın 03.02.2010-cu il tarixli saylı qərarı ilə müəyyən edilmişdir ki, 1997-ci ilədək fəaliyyət göstərmiş ünvan 2 ünvanda yerləşən ayrı giriş-çıxışı olan Süni Dəri və Plonka materialları zavodun qeyri-yaşayış tikililərini ilkin “Xəz” KDM-nin adına rəsmiləşdirilmiş, “Xəz” KDM ilə X18 aralarında bağlanmış 07.04.1997-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin tikililəri Oktay Əsədov əldə etmiş və axırıncı istinad edilmiş tikililərə öz adına mülkiyyət hüququ verən sənədi almış,daha sonra isə o, 825,4 kv.m. olan qeyri-yaşayış sahəsini (“B” və “D” tikililərini) Bakı şəhəri 42 saylı DNK-da 17.06.2000-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi əsasında X7, 03.08.2002-ci il tarixdə isə X11 Dəri və Plonka materialları zavodun ərazisində yerləşən özünə məxsus sahəsi 825,4 kv.m qeyri-yaşayış sahəsindən 255,2 kv.m olan “D” tikilisini Bakı şəhəri 3 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçı X8,axırıncının mülkiyyət hüquqları dövlət reyestri xidməti idarəsində 30.10.2002-ci ildə qeydə alınmış və həmin sahəyə onun adına 30.09.2002-ci ildə texniki pasport tərtib edilmişdir. Lakin həmin alqı-satqı müqaviləsi bağlandıqdan sonra X30 Quliyevdən aldığı 255,2 kv.m qeyri-yaşayış sahənin axırıncıdan ona təhvil verməyi tələb etmək əvəzinə, həmin tikilinin İddiaçı MMC-nin həyətində yerləşdiyini iddia edərək əsassız tələblər irəli sürmüş və bu günədək bu zəmində aralarında mübahisələr davam edir. X30 Quliyevdən 17.06.2000-ci il tarixdə satın aldığı 255,2 kv.m olan “D” tikilisi axırıncının sərəncamında və sahibliyində qalmış, əvəzində isə cavabdeh Nuru Bağırovun adına ”SAC” MMC-nin sərəncamında olan torpaq sahəsində yerləşən 177,8 kv.m sahəli tikiliyə qanunsuz olaraq **********48-06301 reyestr nömrəli çıxarış vermişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia ərizəsinə etirazla məhkəməyə müraciət edilərək, bildirilmişdir ki, 01.12.2004-cü il tarixdə İddiaçı MMC-yə (keçmiş “Polimer” kooperativinə) Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən 007619 saylı inventar nömrəsi ilə texniki pasport və 22.12.2004-cü il tarixli ******* saylı verilmiş şəhadətnamə əsasında ünvan 3 ünvanında yerləşən əmlaka 25.05.2016-cı il tarixdə ******* saylı çıxarış və 11/907 saylı inventar nömrəsi ilə texniki pasport tərtib olunmuşdur. X4 müraciəti əsasında məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/95 saylı 21.02.1994-cü il tarixli məktubu və 17.02.1994-cü il tarixli 94/41 saylı ayrıc aktı ilə “Polimer” kooperativinə ayrılmış torpaq sahəsinin ayrıc aktında dəyişiklik edilmiş və 1200,0 kv.m. torpaq sahəsi müəyyən edilmişdir. 22.09.1994-cü il tarixində qarşılıqlı barışıq sazişi imzalanmış və ərazinin planı təsdiq edilmişdir. 22.09.1994-cü il tarixində bu saziş Azərbaycan Respublikası Arbitraj Məhkəməsi tərəfindən qərardadla təsdiq edilmişdir. Barışıq sazişi və Arbitraj Məhkəməsinin qərardadı təqdim edilməmiş və nəticədə 01.12.2004-cü il tarixdə verilmiş 007619 saylı texniki pasport səhv tərtib edildiyindən, 19.01.2010-cu tarixdə Bakı şəhər Ərazi İdarəsi tərəfindən Akt tərtib edilərək ləğv edilmişdir və bu barədə "xxxx" MMC-yə 23.01.2010-cu il tarixdə bildiriş məktubu göndərilmişdir. Məsələ ilə bağlı “SAC" MMC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə qarşı məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Talıbov Cavanşir Sirac oğlunun (İddiaçı MMC-nin təsisçisi) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərindən şikayətə dair iddiası təmin edilərək, Talıbov Cavanşir Sirac oğlunun hüquq və azadlığının pozulmasına səbəb olmuş, 02.12.2004-cü il tarixli texniki pasportun etibarsız hesab edilməsi və ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və bu İdarənin vəzifəli şəxslərinin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və vəzifəli şəxsləri tərəfindən 02.12.2004-cü il tarixli texniki pasportun qanunsuz ləğv olunması ilə Talıbov Cavanşir Sirac oğlunun hüquq və azadlığının pozulmasının aradan qaldırılması, 19 yanvar 2010-cu il tarixli 1 saylı aktın etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2010-cu il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı Talıbov Cavanşir Sirac oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərindən şikayətə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 11 mart 2011-ci il tarixli 2(102)-563/11 saylı qərarı ilə Talıbov Cavanşir Sirac oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2011-ci il tarixli 2(007)-315/2011 saylı qətnaməsi ilə iddiaçı X13 cavabdehlər İddiaçı MMC-yə, həmin cəmiyyətin direktoru Talıbov Cavanşir Sirac oğluna və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı mülkiyyət hüquqlarına yaradılan maneələrin, müdaxilənin qanunsuz hesab edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2011-cu il tarixli 2(103)-4523/2011 saylı qətnaməsi ilə iddiaçı X13 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2011-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, iddiaçı X13 xüsusi mülkiyyətində olan 177.8 kv.m qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıxış yolu olan ünvan 4nından gediş-gəliş məqsədilə sərbəst istifadə etməsinə maneçiliyin yaradılmasının İddiaçı MMC-yə və onun direktoru Talıbov Cavanşir Sirac oğluna qadağan edilməsi, X13 xüsusi mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə girişçıxış yolu olan ünvan 4nından istifadə qaydasının giriş-çıxış darvazasından müəyyən edilməsi və həmin darvazanın açarlarının bir nüsxəsinin iddiaçı X17 verilməsi, iddia tələbinin vurulmuş ziyanın ödənilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 01 may 2012-ci il tarixli, 2(102)-1291/2012 saylı qərarı ilə iddiaçı X13 və Talıbov Cavanşir Sirac oğlunun kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, Talıbov X12 Nuru Zaman oğluna məxsus olan S=177,8 kv.m. faydalı sahənin ona qaytarılmasını istəyir. Sözügedən sahə arxiv sənədlərində ilkin özəlləşmə anı eskizinə əsasən fiziki şəxs X26 tərəfindən 2000-ci ildə özəlləşən 1855,0 kv.m. faydalı sahənin bir hissəsi olmuşdur (texniki pasport inv № 135/00). Sonradan həmin 1855,0 kv.m. sahə 2 hissəyə bölünmüşdür: 825,4 kv.m. sahə X15 adına və 1029,6 kv.m. sahə isə ilkin olaraq Abdullayev Babəkin adınadır və 1029,6 kv.m. faydalı sahə İddiaçı mülkiyyətindən kənar sahədə yerləşir ki, onun da İddiaçı qaldırdığı şikayətə aidiyyəti yoxdur. 825,4 kv.m. sahə sonradan 177,8 kv.m. və 647,6 kv.m. sahələrə bölünmüşdür ki, bunun da 177,8 kv.m. sahəsi X5 və buna dair X13 adına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Müvafiq şəhadətnaməyə əsasən X13 adına ********** qeydiyyat nömrəli 01.07.2019-u il tarixli çıxarış tərtib edilmişdir. Digər 647,6 kv.m. sahə isə X15 adında qalmışdır. Həmin sahələrdən biri İddiaçı faktiki istifadə etdiyi əraziyə bitişik 647,6 kv.m. sahə və digər 177,8 kv.m. olan tikili isə İddiaçı faktiki istifadə etdiyi əraziyə qatmaq istədiyi tikilidir. İddiaçı istifadə etdiyi torpaq sahəsindən sözügedən 177,8 kv.m. və 647,6 kv.m. faydalı sahəsi olan tikililərə giriş-çıxış olduğundan tərəflər arasında mülkiyyətdə olmayan torpaq sahəsində ümumi istifadədə olması səbəbindən mübahisə yaranmışdır. Üçüncü şəxslər X20 və X21 iddiaya etirazda göstərmişlər ki, 1988-ci ildə X32 Materialları Zavodunun nəzdində ərazisində “Polimer” kooperativi (İddiaçı MMC) yaradılmış və həmin zavoddan 350 kv.m. istehsal sahəsi və avadanlıqlar icarəyə götürmüşdür. İcarədə olan müddətdə 13.06.1990-cı il 4/142 saylı qərarla zavodun 2000 kv.m. sahəsini almışdır. Daha sonra zavod rəhbərliyi həmin sahəni zavoda qaytarmış və 1994-cü ildə barışıq sazişi bağlanmışdır. 2002-ci ildə alqı-satqı müqaviləsi əsasında X16 məxsus 255,5 kv.m., ümumi 177,8 sahəsi olan qeyri-yaşayış sahəsi 3 saylı Dövlət Notariat Kontorunda X1. Bir müddət istifadədən sonra “Polimer” kooperativi (İddiaçı MMC) Nuru Bağırovun giriş-çıxışını məhdudlaşdırmaq üçün ümumi sahəyə darvaza qoymuş, sonradan Cavanşir Talıbov və Nuru Bağırov arasında məhkəmə çəkişməsi başlamış, məhkəmənin yekun qərarında X13 iddiası təmin olunur və darvazanın açarının bir nüsxəsi ona verilməklə sərbəst hərəkətinə mane olmamaq İddiaçı MMC-yə və onun rəhbəri Cavanşir Talıbova tapşırılmışdır. 2013-cü ildə müraciətlərinə əsasən, 19 yanvar tarixində 1 saylı akta görə “Polimer” kooperativinin tərtib etdirdiyi texniki pasport ləğv edilmiş, bu aktdan narazı qalan sonuncu iddia ilə müraciət etmişdir. Son nəticədə iddia təmin edilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktına uyğun olaraq İddiaçı MMC-nin adına ünvan 2 ünvanda ayrılmış 0,2 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə dair texniki pasportun tərtib edilərək iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, X20 ilə X13 aralarında bağlanmış 03.08.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X5 255,2 kv.m sahəli “D” tikilisinin koordinatlarının müəyyən edilməsi və İddiaçı MMC-nin sərəncamında olan torpaq sahəsində yerləşən 177,8 kv.m sahədən ibraət tikiliyə dair X13 adına verilmiş **********48- 06301 reyestr nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 iyul 2021-ci il tarixli məhkəmə iclasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə artıq bir dəfə iddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmə iclasının təxirə salınmasını və hazırkı məhkəmə iclasında iddiaçının vəkilinin iştirak etməsini nəzərə alaraq, İPM-in 62.3cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurum tərəfindən verilmiş etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddiaya etiraz edərək, tərəflərindən verilmiş etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhəkmə qeyd edir ki, hazırkı iddia ərizəsi 3 tələbdən ibarətdir: 1) Bakı Şəhər İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktına uyğun olaraq İddiaçı MMC-nin adına ünvan 2 ünvanda ayrılmış 0,2 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə dair texniki pasportun verilməsi, 2) X20 ilə X13 aralarında bağlanmış 03.08.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X5 255,2 kv.m sahəli “D” tikilisinin koordinatlarının müəyyən edilməsi, 3) X13 adına verilmiş **********48-06301 reyestr nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi. Məhkəmənin 30 avqust 2021-ci il tarixli qərardadı ilə, iddia X20 ilə X13 aralarında bağlanmış 03.08.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X5 255,2 kv.m sahəli “D” tikilisinin koordinatlarının müəyyən edilməsi və X13 adına verilmiş **********48-06301 reyestr nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi hissələrində mümkün sayılmamışdır. Hazırkı məhkəmə baxışının predmetini birinci iddia tələbi olan, Bakı Şəhər İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktına uyğun olaraq İddiaçı MMC-nin adına ünvan 2 ünvanda ayrılmış 0,2 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə dair texniki pasportun verilməsi təşkil edir. Məhkəmə hazırda baxılan iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia baxılan hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 10 mart 2021-ci il tarixli məktubuna əlavə edilmiş, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 4/142 nömrəli, 13.06.1990-cı il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Nizami rayon XDS İcraiyyə Komitəsinin 03/5015 nömrəli 24 noyabr 1989-cu il tarixli məktubuna əsasən “Polimer” kooperativinə şəhərin Nizami rayonundakı 2016-cı məhəllədə istehsalat sahəsi yaratmaq üçün torpaq sahəsi ayrılmışdır; -Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin “Polimer” kooperativinə və Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinə ünvanlanmış 21 fevral 1994-cü il tarixli, 18/03-8/95 saylı məktubunda göstərilmişdir ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 4/142 nömrəli, 13.06.1990-cı il tarixli qərarına əsasən Nizami rayonundakı 2016-cı məhəllədə “Polimer” kooperativinə ayrılmış torpaq sahəsinin ayrıc aktında dəyişikliklər edilmiş, məktuba yeni tərtib olunmuş 94/41 nömrəli, 17.02.1994-cü il tarixli ayrıc aktı əlavə edilmişdir. Ayrıc aktında torpaq sahəsinin ölçüsü 0,12 ha olaraq göstərilmişdir; -Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin 22.09.1994-cü il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə “Polimer” kooperativinə verilmiş və “Polimer” kooperativi tərəfindən hasara alınmış sahə “Polimer” kooperativinin istifadəsində qalır, lakin “Polimer” kooperativinin alaqapısından sahənin qurtaracağında olan hasaradək sxemdə göstərilmiş “ümumi istifadədə olan sahə”dən Süni Dəri və Plyonka materialları zavodu istehsal məqsədi ilə gediş-gəliş üçün istifadə edə bilər. “Ümumi istifadədə olan sahə”də tərəflər tikinti işləri apara bilməz və bir-birinin gediş-gəlişinə mane ola bilməz; -02.12.1997-ci il tarixli texniki pasportda həqiqi sahə 2000 kv.m. olaraq göstərilmişdir; -01.12.2004-cü il tarixli 007619 saylı texniki pasportda torpaq sahəsi sənəd üzrə 2000 kv.m., faktiki 1770,1 kv.m. olaraq göstərilmişdir; -24.07.2006-cı il tarixli X6 Reystrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 24.07.2006-cı ildə qeydiyyata alınmış və “Polimer” kooperativinin bazasında yaradılmış və onun hüquqi varisidir; -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 23 yanvar 2010-cu il tarixli 06/2241 nömrəli məktubunda göstərilmişdir ki, Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən 01.12.2004-cü il tarixli 007619 saylı texniki pasport tərtib edilərkən sözügedən qeyri-yaşayış sahəsinə sənədlər tam (yəni dəyişiklik edilmiş ayrıc aktı, Barışıq sazişi və Arbitraj Məhkəməsinin qərardadı) təqdim edilməmiş, nəticədə texniki pasport səhv tərtib edilmişdir. Göstərilənlərə əsasən, İddiaçı MMC-yə (keçmiş “Polimer” kooperativinə) verilmiş 007619 saylı texniki pasport ləğv edilmişdir; -RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 687,8 kv.m. əmlak komleksi kimi müəssisə İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir; -25.05.2014-cı il tarixli **********14-12301 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, faktiki istifadədə olan sahə 0,1770 ha, əsas tikili altında olan sahə 0,0759 ha olaraq göstərilmişdir; -03 avqust 2002-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X22 “D” tikilisini, yəni 255,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsini X3; -30.10.2002-ci il tarixli 001912 nömrəli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, ünvan 4nında yerləşən 177,8 kv.m. qeyri-yaşayış sahəsi X13 xüsusi mülkiyyətindədir; -559165 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 177,8 kv.m. qeyri-yaşayış sahəsi X13 xüsusi mülkiyyətindədir; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0 və 2.0.3-cü bəndlərinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsinin təmin edilməsi Xidmətin fəaliyyət istiqamətlərindən biridir; 3.0, 30.23 və 3.0.24-cü bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasında göstərilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının sözügedən torpaq sahəsində yerləşən tikililərə dair cavabdehin özü tərəfindən verilmiş çıxarışı mövcuddur və o, sadəcə olaraq həmin tikililərin yerləşdiyi torpaq sahəsinin ölçüsünün 0,2 ha göstərildiyi texniki pasportun verilməsini tələb edir. Bununla bağlı iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktına istinad edir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/95 saylı 21.02.1994-cü il tarixli məktubu və 17.02.1994-cü il tarixli 94/41 saylı ayrıc aktı ilə “Polimer” kooperativinə ayrılmış torpaq sahəsinin ayrıc aktında dəyişiklik edilmiş və 0,12 ha torpaq sahəsi müəyyən edilmişdir. 22.09.1994-cü il tarixində qarşılıqlı barışıq sazişi imzalanmış və ərazinin planı təsdiq edilmişdir. 22.09.1994-cü il tarixində bu saziş Azərbaycan Respublikası Arbitraj Məhkəməsi tərəfindən qərardadla təsdiq edilmişdir. İddiaçının istinad etdiyi 01.12.2004-cü il tarixdə verilmiş 007619 saylı texniki pasport 19.01.2010-cu tarixdə Bakı şəhər Ərazi İdarəsi tərəfindən Akt tərtib edilərək ləğv edilmişdir. Texniki pasportun ləğv edilməsi ilə bağlı inzibati orqanın hərəkətləri mübahisələndirilmiş, nəticə etibarilə iddia təmin edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, texniki pasportda torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə əksini tapmış sahəsi göstərilir ki, hazırkı halda 25.05.2014-cı il tarixli **********14-12301 reyestr nömrəli texniki pasportda göstərilmiş ölçülərin düzgün olmaması öz təsdiqini tapmamış və torpaq sahəsinin 0,2 ha göstərilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hətta iddiaçının ərizəsində istinad etdiyi 01.12.2004cü il tarixli 007619 saylı texniki pasportda da torpaq sahəsinin faktiki ölçüsü 1770,1 kv.m. olaraq göstərilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia baxılan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia "Bakı Şəhər İcra Hakimiyyətinin 13.06.1990-cı il tarixli 4/142 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş 17.07.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktına uyğun olaraq İddiaçı MMC-nin adına ünvan 2 ünvanda ayrılmış 0,2 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə dair texniki pasportun verilməsi" hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar