Məhkəmə qərarları › İş №2-1(112)-4553/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4553/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4553/2023 22.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslər X27, X10, X24, X30, X28, X29) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1) Həyat yoldaşı X3, qızları - X7 və X11 faktiki olaraq yaşadıqları və iddiaçının mülkiyyətində olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, ev 17 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinə həvalə edilmasinə dair Qərar qəbul edilməsi; 2) İddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində uzun müddətdir faktiki olaraq yaşamayan, sadəcə olaraq qeydiyyatda olan aşağıdakı siyahıda adları göstərilmiş şəxslərin yaşayış yeri üzrə həmin evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinə həvalə edilmasinə dair Qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddiaçının ərizəsi əsasında iddia tələbi X27, X10, X24, X30, X28, X12 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində xx.xx.1984-cü il tarixində anadan olmuş və indiyədək də həmin evdə yaşayır. Məmmədova (Əbülfəzova) X34 ilə xx.xx.2012-ci ildə ailə həyatı qurmuşdur. Nikah bağladıqdan sonra, həyat yoldaşı da iddiaçının yaşadığı evə - ünvan 4 ünvanında yerləşən həmin fərdi yaşayış evinə gəlin gəlmişdir və iddiaçının ailəsi ilə birlikdə bu günə qədər də həmin evdə yaşayır. Bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü qızı X17 və 20.1.2013-cü il təvəllüdlü qızı X18 dünyaya gəlmişdir. Ancaq, xx.xx.2021-ci il tarixdə öz adına, Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********57-10301 sayılı reyestr nömrəsi və ********** nömrəli qeydiyyatla tam paya sahib olaraq, Çıxarış almışdır. İddiaçı qeyd etmişdir ki,iddiaçının yaşadığı həmin ev - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam olaraq iddiaçının mülkiyyətindədir. Həmçinin, iddiaçıya məxsus olan və ailə ilə birlikdə yaşadığı həmin fərdi yaşayış evində faktiki olaraq uzun müddətdir yaşamayan, ancaq sadəcə olaraq qeydiyyatda olan bəzi şəxslər, hətta artıq vəfat etmişlərin də adı hələ də mövcuddur. Belə bir vəziyyət isə, rəsmi sənədləşdirmə işləri, qeydiyyat işləri və s. işlərdə mənə və ailəmə çətinliklər törətməkdədir. İddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə həyat yoldaşı X4, qızları - X7 və X8 faktiki olaraq yaşadıqları evə, yaşayış yeri üzrə qeydiyyata alınmaları mümkündür. Faktiki olaraq uzun müddətdir iddiaçının evində yaşamayan, sadəcə olaraq qeydiyyatda olan digər şəxslərin və vəfat etmişlərin yaşayış yeri üzrə həmin evdən qeydiyyatdan çıxarılmaları mümkündür. Belə ki, iddiaçının evində qeydiyyatda olan X5 və X35 artıq çoxdan vəfat etmişlər. İddiaçı qeyd etmişdir ki, Azərbaycan Respublikası, Sabunçu Raoyn Məhkəməsinin 2-263 sayılı, 1999- cu il tarixli Qətnaməsinə əsasən Məmmədova (Qurbanova) Leyla Adil qızının həmin evdən yaşayış hüquqlarını itirmiş hesab olunması və qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilmişdir. Qurbanova (Məmmədova) Leyla Adil qızı uzun müddətdir ki, ailə quraraq öz ailəsinin yanına köçmüş və faktiki olaraq öz həyat yoldaşının evində yaşamaqdadır. O, öz soyadı olan Məmmədova soyadını da ailə qurduqdan sonra Qurbanova olaraq dəyişdirmişdir. Ancaq, Qurbanova (Məmmədova) Leyla Adil qızının yaşayış üzrə qeydiyyatının iddiaçıya məxsus olan həmin fərdi yaşayış evində olması düzgün hesab etmir. İddiaçıya mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evində qeydiyyatda olan digər şəxslərin qeydiyyatdan çıxarılmasına dair xx.xx.2022 - ci il tarixdə Baki şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinə ərizə ilə müraciət etmişdir. Ancaq, xx.xx.2022 - ci il tarixdə 073-44756M-3222 sayılı məktubla mənim ərizəmə imtina cavabı gəlmişdir. İddiaçının mülkiyyətində olan evdə digər şəxslərin faktiki olaraq yaşamadıqlarını nəzərə alaraq, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları mümkündür. Mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə həyat yoldaşı X4, qızları - X7 və X8 faktiki olaraq yaşadıqları evə, yaşayış yeri üzrə qeydiyyata alınmaları mümkündür.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilir ki, X19, X2, X13, X14, X12 və vəfat etmiş şəxslər- X1, X20 iddiaçıya məxsus olanünvandan pasport qeydiyyatında çıxarılmaları Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir.

5. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi məhkəməyə ünvanlanan xx.xx.2023cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirərək qeyd etmişdir ki, İddiaçı ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları barədə müraciəti Nərimanov RPİ-nə daxil olmuşdur. Cavabdeh tərəfindən məktubla iddiaçıya rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda şəxsin qeydiyyatdan çıxarılmasının cavabdeh tərəfindən mümkün olmadığını və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir.

6. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi məhkəməyə ünvanlanan xx.xx.2023cü il tarixli məktubda məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan baxılmasını xahiş edilmişdir.

7. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir.

8. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

10. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

11. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

13. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X27, X10, X24, X30, X28, X29 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşdurlar.

14. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 və X25 iş üzrə məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilməsindən imtina edilmişdir.

15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 44221675 nömrəli arayışda bildirilmişdir ki, X27 (xx.xx.1985-ci il təvəllüdlü), X10 (xx.xx.1960-ci il təvəllüdlü), X24 (xx.xx.1982-ci il təvəllüdlü), X30 (xx.xx.2009-cu il təvəllüdlü), X28 (xx.xx.2011-ci il təvəllüdlü), X29 (xx.xx.1977-ci il təvəllüdlü) Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, 17 saylı fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadırlar.

16. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışının surətindən görünür ki, ünvan 8 ünvanındakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

17. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, X15, X2, X9, X21, X12 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, 17 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.

18. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2958 nömrəli arayışında bildirilmişdir ki, üçüncü şəxslər Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, 17 saylı fərdi yaşayış evində yaşamırlar.

19. Azərbaycan Respublikası Sabunçu Rayon Məhkəməsinin 2-263 nömrəli 1999-cu il qətnaməsi ilə (həmin dövrdə soyadı) X22 qeyd olunan mənzilə (fərdi yaşayış evinə) olan yaşayış hüquqları itirilmiş hesab edilmişdir.

IV. Məhkəmənin mövqeyi

20. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

23. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

25. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən: 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

27. SMS-AZEMİS məlumat axtarış sistemindən olan məlumata əsasən X6 və X37 öldükləri təqdirdə hələ də həmin ünvanda qeydiyyatları mövcuddur.

28. X23 münasibətdə isə qeyd edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun adıçəkilən fərdi yaşayış evinə istifadə hüququna xitam verilmiş olsa da, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından imtina edilmişdir.

29. Odur ki məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli X15, X2, X9, X21, X14, X12, X1, X25 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, 17 saylı fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X15, X2, X9, X21, X14, X12, X1, X25 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, 17 saylı fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar