Məhkəmə qərarları › İş №2-1(112)-4554/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4554/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4554/2025 28.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 İdris oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Sabunçu Rayonu XDS-nin İK-nin 13/717 saylı, 27 yanvar 1989-cu il tarixli qərarına əsasən Nardaran qəsəbəsində Bakı şəhəri İH tərəfindən tərtib edilmiş Baş plana uyğun olaraq Sabunçu Rayonu İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının Bakı şəhəri Böyük Şor D/К ev 182-də yaşayan İddiaçı Əkbər qızına Nardaran qəsəbəsi Ləhiş Bağ massivi sahəsi 12/2204 600 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Sabunçu Rayonu XDS-nin İK-nin 13/717 saylı, 27 yanvar 1989-cu il tarixli qərarına əsasən fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində həyətyanı torpaq fondu ayrılmışdır. Bakı şəhəri İH tərəfindən tərtib edilmiş Baş plana uyğun olaraq hər bir ailəyə 1200 kv.m hesabı ilə torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Sabunçu Rayonu İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.2006-cı il tarixli, 02/634 №-li çıxarışdan göründüyü kimi Bakı şəhəri, Böyük Şor D/К ev 182-də yaşayan İddiaçı Əkbər qızına Nardaran qəsəbəsi Ləhiş Bağ massivi sahəsi 12/2204 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsini yerləşmə sxemi olmadığı üçün Baku şəhər İH-nə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəyə cavab olaraq bildirmişdir ki, Nardaran qəsəbəsi Ləhiş bağ massivində vətəndaşlara verilən torpaq sahələrinə aid Sabunçu Rayon İH-də heç bir arxiv sənədi olmadığından həmin sənədlərin qanunauyğunluğunu araşdırmaq mümkün olmamış və bu səbəblə sxemi tərtib edərək təsdiq etmələri imkanları xaricindədir. İddia ərizəsinə əlavə olunan və notarial qaydada təstiq olunan xx.xx.2006-cı il tarixli, 02/633 №-li çıxarışdan göründüyü kimi Sabunçu Rayonu XDS-nin İK-nin 13/717 saylı, 27 yanvar 1989-cu il tarixli qərarına əsasən fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində həyətyanı torpaq fondu ayrılmışdır. Bakı şəhəri İH tərəfindən tərtib edilmiş Baş plana uyğun olaraq hər bir ailəyə 1200 kv.m hesabı ilə torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Sabunçu Rayonu İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.2006-cı il tarixli, 02/634 №-li çıxarışdan göründüyü kimi Bakı şəhəri Böyük Şor D/К ev 182-də yaşayan İddiaçı Əkbər qızına Nardaran qəsəbəsi Ləhiş Bağ massivi sahəsi 12/2204 600 kv.m torpaq sahəsi ayrılmışdır. Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 835/23 saylı sorğunun cavabından göründüyü kimi Cavabdeh Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Arxiv sənədlərinin nümayəndəlik tərəfindən verilməməsi torpaq sahəsinin vətəndaşa məxsus olmamasına əsas verə bilməz. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə xx.xx.2025-ci il tarixli yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmçinin bildirmək istəyirik ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və koordinatlar barədə məlumat Cavabdehndə yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığından hesab edirik ki, imtinamız əsaslı olmuşdur. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdi. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə iddianın mümkünlüyü ilə bağlı bildirir ki, hazırki iş üzrə Bakı şəhəri Cavabdeh qismində çıxış etməkdədir, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq cavabdehə müraciət edilməklə imtina cavabı alındıqdan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən hazırkı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarlarında da kassasiya instansiya məhkəməsi həmin işlər üzrə aidiyyəti yerli icra hakimiyyətinin cavabdehlik daşıdığını bildirmişdir. İş materiallarında olan sənədlərə əsasən: Cavabdeh tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli, 5-18/2-6-15-091/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində vətəndaşlara verilən torpaq sahələrinə aid Cavabdehndə heç bir arxiv sənədi olmadığından həmin sənədlərin qanuna uyğunluğunu araşdırmaq mümkün deyil. Qeyd olunanlara əlaqədar həmin torpaq sahələrinə sxemlərin tərtib edilərək təsdiq edilməsi imkan xaricindədir. Cavabdeh Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.2006-cı il tarixli, 02/634 nömrəli qərarına əsasən Bakı şəhəri XDS-i İK-nın 13/713 saylı, 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılmış və Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq İddiaçı Nardaran qəsəbəsi, Ləhiş bağ massivi sahə 12/2204-də 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün ayrılmışdır. Cavabdeh 06 fevral 2023-cü il tarixli, 26 nömrəli qərarı ilə Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayrılmasına dair bütün qərarları etibarsız hesab edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarına qanunvericiliyinin aşağıda göstərilən normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının 27 fevral 2001-ci il tarixli, 96-İİQD nömrəli Qanununa əsasən qüvvədən düşmüş Torpaq Məcəlləsinə əsasən: Maddə 14. Torpaq sahələrindən daimi istifadə. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi. Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnaməyə görə (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür): Bənd 13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. ... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı hissəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Qanunvericiliyin müddəalarından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İş materiallarından müəyyən edilir ki, Cavabdeh Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.2006-cı il tarixli, 02/634 nömrəli qərarına əsasən İddiaçı Nardaran qəsəbəsi, Ləhiş bağ massivi sahə 12/2204-də 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün ayrılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı hazırki iddia tələbi ilə sözügedən qərar əsasında ona təhkim olunmuş torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib olunmasına nail olmaq istəyir. Doğrudur ki, yuxarıda göstərilən qanunvericiliyin müddəalarına və oxşar vahid məhkəmə təcrübəsinə görə əgər torpaq sahəsinin ayrılması barədə qərar (sərəncam) əsasında vətəndaşa ayrılan torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib edilməmişdirsə, bu zaman torpaqayırma barədə inzibati aktın qüvvədə olubolmamasından asılı olaraq, yerləşmə cizgisi yerli icra hakimiyyəti tərəfindən tərtib olunur. Hazırki iş üzrə isə iddiaçı ona ayrılan torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsini xahiş etsə də, nəzərə almamışdır ki, torpaq sahəsinin ayrılması barədə həmin qərar öz hüquqi qüvvəsini itirmişdir. Belə ki, Sabunçu Rayon İcra Hakimiyyət Başçısının 06 fevral 2023-cü il tarixli, 26 nömrəli Sərəncamından görünür ki, həmin Sərəncam ilə 2002-2008-ci illər ərzində Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayırmasına dair bütün qərarları etibarsız hesab edilmişdir. Yerli icra hakimiyyətinin sözügedən qərarı inzibati məhkəmə icraatı çərçivəsində digər şəxslər tərəfindən mübahisələndirilsə də, nəticədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1193/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə həmin iddia mümkün sayılmamışdır. Kassasiya instansiya məhkəməsi iddianın subyektiv hüquq baxımından mümkünlük şərtlərinə cavab vermədiyi qənaətinə gəlsə də, öz mövqeyində bildirmişdir ki, aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndənin 2001-ci il yanvarın 1- dək yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə qərar qəbul etmək səlahiyyəti mövcud olmuş, həmin tarixdən sonra isə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə belə bir səlahiyyətə malik olmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Məhkəmə diqqətə çatdırır ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır. Əgər inzibati akt geri çağırılmışdırsa, ləğv olunmuşdursa, dəyişdirilmişdirsə, etibarsız hesab edilmişdirsə və ya qüvvədən düşmüş hesab olunmuşdursa, həmin inzibati aktın yaratdığı hüquqi qüvvədəsi də öz əhəmiyyətini itirir. Hazırki vəziyyətdə nəzərə alınmalıdır ki, hər nə qədər iddiaçı Cavabdeh Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 04 yanvar 2006-cı il tarixli, 02/634 nömrəli qərarına əsasən ayrılan torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib olunmasına çalışsa da, torpaq sahəsinin ayrılması ilə bağlı 2002-2008-ci illər ərzində qəbul olunmuş inzibati aktlar Cavabdeh müvafiq sərəncamı ilə etibarsız sayılmışdır ki, nəticə etibarilə, iddiaçı tərəfindən irəli sürülən xx.xx.2006-cı il tarixli həmin qərarda hüquqi baxımdan heç bir hüquqi nəticə doğurmur. Məhkəmə əlavə olaraq onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1193/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarı qanunvericiliyə əsasən, preyudissial əhəmiyyətə malikdir və tərəflərin mübahisəli hüquq münasibətlərinin müəyyən edilməsində hüquqi mənbə rolunu oynayır. Məhkəmə sözügedən məhkəmə aktının preyudissialıq daşıdığını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, hüquqi qüvvəyə minmiş məhkəmə qərlarının digər məhkəmələr və ya inzibati orqanlar üçün məcburi xarakter daşıyır. Bu institut, hüquqi münasibətlərin sabitliyini təmin edir, xüsusilə maddi hüquq norması ilə təsbit edilmiş faktlar və hüquqi qiymətləndirmələrə şamil olunur. Beləliklə Məhkəmə hesab edir ki, torpaq sahəsinin ayrılması barədə Cavabdeh Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.2006-cı il tarixli, 02/634 nömrəli qərarı, Cavabdeh müvafiq sərəncamın hüquqi nəticəsi olaraq öz əhəmiyyətini itirdiyindən, həmin qərar hal-hazırda iddiaçıya hər hansı hüquq yaratmır, bu səbəbdən də ona yerləşmə cizgisinin verilməsi də istisna olunur. Odur ki, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə- vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, Məhkəmə Qərara aldi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar