Məhkəmə qərarları › İş №2-1(112)-4556/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4556/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4556/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin pensiya kapitalına əsasən yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, əmək pensiyaları haqqında Azərbaycan Respulikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləği iki cür müəyyənləşdirilir: 1) fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ və 2) güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. İddiaçının sosial sığorta hesabındakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququ vardır. Bu zaman iddiaçı birinci kateqoriya şəxslərdən hesab ediləcəyinə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcəkdir. Sonda hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasından imtina etməklə yalnız sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün iddiaçının yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti filialına və ya DOST mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya təyin olunduqdan sonra iddiaçının fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında iddiaçının yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1ci maddəsinin və 45-ci maddəsinin müddəaları tətbiq edilməklə əmək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləmişdir. İddiaçının hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək iddiaçının əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalı nəzərə alınaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin müraciəti təmin edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********4 nömrəli iddiaya etirazında göstərmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş 11/1464-016473 nömrəli pensiyaçının uçot vərəqindən məlum olur ki, İddiaçı xx.xx.2011-ci il tarixdə "Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq 1833,66 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. "Əmək pensiyaları haqqında" Qanunun 6.3 və 37.3.1-ci maddələrində qeyd edilən sığorta və yığım hissələri, hərbi qulluçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə, hərbi qulluçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların vəzifə, rütbə maaşları, xidmət illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir. Həmçinin Qanunun 29.2 maddəsinə uyğun olaraq bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesasblanır. Göründüyü kimi 29.2-ci maddənin mətnində " ....və ya yenidən hesablandıqda” ifadəsindən də istifadə edilmişdir ki, bu Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən hərbi qulluqçu kateqoriyasından olan pensiyaçıların pensiyasının yenidən hesablanmasını nəzərdə tutur. Yəni həmin kateqoriyadan olan şəxslərin əmək pensiyasının sığorta hissəsi pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablanır, lakin pensiyanın qulluq stajına görə əlavə hissəsi sığorta hissədəki artımlar qədər azaldılır və pensiyanın ümumi məbləği dəyişmir. Həmçinin Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respulikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləği iki cür müəyyənləşdirilir: 1) fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ və 2) Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Sözügedən kateqoriyadan olan şəxslərə yaşa görə əmək pensiyası təyin olunduğu zaman yaş həddi “Əmək pensiyaları haqqında” Qanuna əsasən deyil, tərxis olunduqları qurumlarda xidmətkeçmə haqqında qanunvericiliklə müəyyən edilmiş normalara əsasən müəyyən olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, hərbi qulluqçu kimi xx.xx.2011-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 61594 nömrəli məlumat vərəqinə əsasən iddiaçının hərbi xidmətdən tərxis olunduğu xx.xx.2011-ci il tarixə xidmət müddəti təqvim ili ilə 20 il 11 ay 24 gün təşkil etmiş, cəmi pul təminatı isə 1411 manat müəyyən olunmuşdur. İddiaçı xx.xx.2011-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Deparamentinə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin 11/1464 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2011-ci il tarixdən ömürlük 1337,34 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2011-ci il tarixdə yeni məlumat vərəqi verilmiş və cəmi pul təminatı 1939 manat müəyyən edilmişdir. Həmin məlumat vərəqinə əsasən cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdə iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilmiş və iddiaçıya təyin edilən pensiyanın məbləği xx.xx.2011-ci ildən xx.xx.2011-ci il tarixədək 1517,82 manat, xx.xx.2011-ci il tarixdən ömürlük 1833,66 manat müəyyən edilmişdir. İşdə olan iddiaçıya məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdə "xxxx" Aviaşirkəti MMC-yə 2-ci pilot kimi işə qəbul olunmuşdur və hazırda həmin müəssisədə işləyir. İddiaçı hazırda həmin müəssisədə işlədiyi dövrə əsasən onun fərdi hesabında toplanmış pensiya kapitalına hesabına əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, ““Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşların əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatma və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun minimum stajının olmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı). Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, hərbi qulluqçular da (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir. Pensiya məbləğində müəyyən olunan güzəşt “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100 faiz həcmində onun pensiyasına qulluq stajına görə əlavə edilir. Təminat xərcliyi dedikdə, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi). Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin məzmununa əsasən, əmək pensiyası təyin edilmiş hərbi qulluqçu hərbi xidmətini davam etdirdiyi təqdirdə onun əmək pensiyası yenidən son təminat xərcliyi nəzərə alınmaqla hesablanmayacaq. Bu isə ondan irəli gəlir ki, pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçunun əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən son təminat xərcliyinə görə hesablanması, təminat xərcliyinin əvvəlkindən aşağı olduğu halda pensiyaçının pensiya məbləğinin azalmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 9-cu hissəsinə də əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Dövlət Sosial Müdafiə Fonduna ona dair yenilənmiş məlumat vərəqi göndərilmir. Lakin pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların təminat xərcliyindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ümumi qaydaya uyğun olaraq davam etdirildiyindən, qanunverici həmin şəxslərin əmək pensiyasının yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına əsasən yenidən hesablanmalı olduğunu müəyyən etmişdir. “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsi ilə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər kateqoriyasına aid edilmişdir. Beləliklə, göründüyü kimi, əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir.” Konstitusiya Məhkəməsi Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 02 fevral 2022-ci il tarixli qərarında yuxarıda qeyd olunanları əsas götürməklə qərara almışdır ki:

1. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Göründüyü kimi, həm qanunvericiliyə, həm də Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsasən iddiaçının ona təyin edilmiş əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmasını tələb etmək hüququ mövcuddur. İddiaçı həmin maddənin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən və cavabdeh tərəfindən hazırkı tarixədək ona təyin edilmiş pensiya məbləği yenidən hesablanmadığından məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Buna görə də hazırkı tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia təmin edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45ci maddəsinin tələbləri əsas götürülməklə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar