Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4556/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhəri Ərazi İdarəsinə qarşı “əmək müqaviləsi bildirişinin ləğv edilməsi” tələbinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhəri Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dair elektron sistemdə qeydə alınmış xxxxxxx0003000 nömrəli əmək müqaviləsi bildirişinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixində müddətli müqavilə və iş yerinin əsas iş yeri, əməyin ödənilməsi forması vaxtamuzd olmaqla "xxxx" MMC-yə xadimə vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin bitmə tarixi xx.xx.2024-cü ildir. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. Müqavilə müddəti bitəndən sonra işdən azad olunmuşdur. Lakin rəsmi olaraq əmək müqavəsinə xitam verilməmişdir. Müqavilənin xx.xx.2024 -cü il tarixində bitməsinə baxmayaraq müqavilə sistemdə hələ də qüvvədə görünür və əsas iş yeri kimi qeydə alınıb. Bununla əlaqədar iddiaçı X1 Xidmətinə yazılı şəkildə müraciət etmişdir. Sonradan müraciətinə yazılı olaraq cavab veriblər ki, bunu edə bilməzlər. İddiaçının adının hələ də sistemdə bağlanmış şirkətdə qeydiyyatda qalması iddiaçıya digər işlərə düzəlməyə çətinlik törədir. Hazırda iddiaçı Sumqayıt şəhərində fəaliyyət göstərən “Elant” tədris mərkəzində yarım ştat formada xadimə vəzifəsində işləyir. Lakin, növbəti aydan həmin tədris mərkəzində iş yerinin əsas iş yeri olaraq qeydə alınması üçün “Əmək və X2” (ƏMAS) yerləşdirilmiş məlumatın sistemdən silinmədiyi səbəbindən hüquqlarını rəsmləşdirə bilmir. “Elant” tədris mərkəzinə müraciət etdikdən sonra adıının sistemdə hələdə qüvvədə olduğu və əsas iş yeri kimi qeydə alındığı görünür. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC (bundan sonra – üçüncü şəxs) iş üzrə üçüncü şəxs kimi adi cəlbetmə qaydasında cəlb edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs arasında mövcud olan əmək müqaviləsinin müddəti bitmiş, lakin əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmamış və rəsmiləşdirilməmişdir. Belə olan halda iddiaçı ilk növbədə işəgötürənlə arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə, bu mümkün olmadıqda isə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidir. Buna baxmayaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı qeyd olunan mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, bununla da məhkəmə aidiyyəti normaları pozulmuşdur. Digər bir məsələ isə iddiaçının öz iddia tələbində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X1 Xidmətini cavabdeh kimi göstərərək və əmək müqaviləsi bildirişinin aktiv qaldığı üçün yeni işə başlaya bilməməsini əsas gətirərək işəgötürənlə arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin elektron informasiya sistemindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbidir ki, qeyd olunan tələb maddi normalara ziddir və əsassızdır. Cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələb cavabdehin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə cavabdehin üzərinə qoyula bilməz. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Kəpəz İnşaat M” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dair elektron sistemdə qeydə alınmış xxxxxxx0003000 nömrəli əmək müqaviləsi bildirişinin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş edir. İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış əmək müqaviləsinin bağlandığı vaxt qüvvədə olmuş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 157 saylı, xx.xx.2025-ci il tarixli Qərarı ilə qüvvədən düşüb) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 183 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”da göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi; əmək müqaviləsinə xitam verilməsinin əsası; işəgötürənin adı; işçinin soyadı, adı, atasının adı; işçinin fərdi identifikasiya nömrəsi (FİN); “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi (6.1.). Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir (6.2.). Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə (1-1.). Göründüyü kimi qanunvericilikdə əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən xitam verilməsi halları öz əksini tapmışdır. İddiaçının hazırkı tələbi isə həmin hallara söykənmir. Belə ki, iddiaçını işə gğötürən hüquqi şəxs olan hazırkı iş üzrə üçüncü şəxs hal-hazırda ləğv edilməmişdir. Belə olan halda iddiaçı "xxxx" MMC-ni cavabdeh kimi göstərməklə əmək müqaviləsinin ləğv edilməsi tələbi ilə mülki qaydada müvafiq ümumi məhkəməyə müraciət etməli idi. Lakin, iddiaçı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın müvafiq idarəsini cavabdeh kimi göstərməklə inizbati məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı əladə etmək istədiyi məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün sayılmamalı və iddiaçıya müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhəri Ərazi İdarəsinə qarşı “əmək müqaviləsi bildirişinin ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına apelyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4556/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4556/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver