Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4557/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “xarici valyuta borcu üzrə kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək onunla Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 08 dekabr 2014-cü il tarixili kredit müqaviləsinin restrukturiziyasıya edilməsi öhtəliyinə cavabdehə həvalə edilməsi və bank tərəfindən hesablanmış əlavə borcun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 08 dekabr 2014-cü il tarixdə onunla Bank VTB (Azərbaycan) ASC arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən 6850 dollar məbləğində kredit verilmişdir. O verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə kreditdən istifadə etməyi və krediti qaytarmağı öhdəliyinə götürmüşdü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən onunla bank arasında bağlanmış 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsi restrukturiziyasıya olunmalı olduğu halda bank bunu etməmiş əvəzində isə onun banka olan borcu barədə saxta məlumatlar yerləşdirmişdir. Azərbaycan kredit bürosu MMC tərəfindən verilmiş çıxarışda isə onun Bank VTB ASC-yə borcunun olduğu və gecikmə də olduğu qeyd edilmişdir. 17 may 2016-cı il tarixə onun kireditora cərimə faiz borcu olmaqla cəmi 8989,23 (səkkiz min doqquz yüz səksən doqquz dollar iyirmi üç sent) borcunun olduğu bildirilir. Belə ki X1 Şərur rayon məhkəməsi tərəfindən qəbul edilmiş 17 may 2016-cı il tarixli 2(110)-158/2016 saylı məhkəmə əmrinə əsasən, ondan 8989,23 (səkkiz min doqquz yüz səksən doqquz dollar iyirmi üç sent) və 30 (otuz) AZN məbləğində pulun tutulması əmr edilmişdir. Bu hal ilə o razı deyil, 2019-ci ilin 11-ci ayında o dəfələrlə Mərkəzi Bankın apelasiya komisiyyasına, Maliyyə nəzarəti palatasına müraciət etməyimə bamayaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən mənimlə bank arasında bağlanmış 08 dekabr 2014-cu il tarixli kredit müqaviləsi restrukturiziyasıya olunmalı olduqu halda hec bir tədbir görülməmişdir. 23.06.2021-ci il tarixli 2560 mömrəli Bank VTB ASC tərəfindən ünvanına daxil olan məktubu Binəqədi rayonu icra şöbəsinə təqdim etdiyi halda onun əmək haqqının 50%-i həcmində məcburi icyara yönəltmişdilər.
3. Cavabdeh tərəfindən iddiaya təqdim edilən iddiaya yazılı etirazda bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Eyni zamanda qeyd edilir ki, bu məlumat bazalarına məlumat sahibi qismində “Bank VTB (Azərbaycan)” ASC tərəfindən 08.12.2014-cü il tarixli kredit müqaviləsi ilə bağlı hər hansı məlumat təqdim edilmədiyindən həmin müqavilə Fərmanın təsiri dairəsinə daxil edilməmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) 7.1-ci bəndinə əsasən vətəndaşlar barəsində olan məlumatların (kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı) fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Belə ki, həmin portalda iddiaçının restrukturizasiya ediləcək kredit borcları siyahısına hazırdaki kredit müqaviləsi üzrə borclar göstərilməmişdir. Göstərilənlərlə yanaşı o da qeyd edilməlidir ki, Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. İddiaçı hazırda 08.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsini məhkəmədən xahiş etsə də, bununla bağlı müəyyən edilmiş müddət çərçivəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməmişdir.
4. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən məhkəməyə bildirilmişdir ki: -İddiaçı Bank VTB (Azərbaycan) ASC-yə 139409-CNS-14107 saylı, 08.12.2014-cü il tarixli "Nağd pul krediti müqaviləsi" üzrə 21.12.2015-ci il tarixinə olan borcu aşağıdakı şəkildə təqdim edilir: Əsas borc 6713,58 USD; Faiz 1406,79 USD; Cərimə 235,85 USD; Cəmi 8356,22 USD. Həmin kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixinə olan borcu aşağıdakı şəkildə təqdim edilir: Əsas borc 6713,58 USD; Faiz 184,17 USD; Cərimə 18,90 USD; Cəmi 6916,65 USD. -İddiaçı Bank VTB (Azərbaycan) ASC-yə 139409-1-13234 saylı, 09.12.2014-cü il tarixli "Kredit kartı müqaviləsi" üzrə 21.12.2015-ci il tarixinə olan borcu aşağıdakı şəkildə təqdim edilir: Əsas borc 498,68 USD; Faiz 137,36 USD; Cərimə 24,24 USD; Cəmi 660,28 USD. Həmin kredit kartı müqaviləsi üzrə 21.02.2015-ci il tarixinə olan borcu aşağıdakı şəkildə təqdim edilir: Əsas borc 498,68 USD; Faiz 5,27 USD; Cərimə 0 USD; Cəmi 503,95 USD.
5. İddiaçının Bank VTB (Azərbaycan) ASC-yə müraciətinə cavab olaraq bildirilmişdir ki, onunla Bank arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli, 139409-1-13234 saylı "Kredit xətti müqaviləsi"nə əsasən ona 24 ay müddətinə, illik 32 faiz dərəcəsi ilə 500 USD məbləğində kredit xətti və 08 dekabr 2014-cü il tarixli, 139409-CNS-14107 saylı “Nağd pul krediti müqaviləsi"nə əsasən ona 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 6 850.00 USD məbləğində kredit ayrılmışdır. Borc öhdəliyinin vaxtında və lazımınca icra edilməməsi səbəbindən, Bank tərəfindən ərizə ilə aidiyyəti Məhkəməyə müraciət edilmişdir. Nəticədə, 139409-1-13234 saylı “Kredit xətti müqaviləsi" və 139409-CNS- 14107 saylı “Nağd pul krediti müqaviləsi" üzrə Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi tərəfindən 15 aprel 2016-cı il tarixli, 2(110)- 158/2016 saylı Qətnamə (bundan sonra Qətnamə) və 07 iyun 2016-cı il tarixli, 2(110)-158/2016 saylı Qərardad (bundan sonra Qərardad) qəbul edilmişdir. Bu Qətnaməyə və Qərardada əsasən, ondan 139409-CNS-14107 saylı Müqavilə üzrə 8 331,61 USD məbləğində, 139409-1- 13234 saylı Müqavilə üzrə isə 657,52 USD məbləğində borcun və 30 AZN dövlət rüsumunun tutulması qət edilmişdir. Hal-hazırda icra tədbirləri davam etdirilir. Hal-hazırda Bank tərəfindən aşağıdakı qeyd olunan təklifin baxılması mümkündür: Hər iki Müqavilə üzrə Qətnamə üzrə qalıq borc tələbinin tam icra olunacağı təqdirdə borcun 60%-nin güzəşt edilməsi.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasındaiştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
7. İddiaçının ərizəsi əsasında iddia tələbi məhkəmənin 12.04.2022-ci il tarixli qərardadı ilə "xxxx"(Azərbaycan) ASC ilə bağlanmış 139409-1-13234 nömrəli kredit xətti müqaviləsi üzrə (498,68 ABŞ dolları) 423,87 manat, 139409-CNS-14107 nömrəli nağd pul kredit müqaviləsi üzrə (6713,58 ABŞ dolları) 5706,54 manat kompensasiya olaraq hesablanmaqla kompensasiya ödənilməli olan şəxslərin siyahısına daxil edilməsi kimi dəyişdirilmişdir.
II. İddianın növü və mümkünlüyü
8. İddia tələbi siyahıya salınma vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
12. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
13. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
14. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən (bundan sonra - Fərman):
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.
4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.
16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
18. Beləliklə, məhkəmə müəyyən edir ki, 21.12.2015-ci il tarixinə iki kredit müqaviləsi üzrə əsas borc üzrə 498,68 ABŞ dolları kredit borcu və 6713 ABŞ borcu var. Həmin xarici valyutada əsas kredit borcları 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuşdular. Odur ki, qeyd edilən Fərmanın 1.3-cü bəndinə uyğun olaraq iddiaçının Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi 423,87 manat (498,68 ABŞ dolları x (0,25 manat+0,60 manat)) və 5706,54 manat (6713,58 ABŞ dolları x (0,25 manat+0,60 manat)) olmaqla, cəmi 6130,41 manat məbləğində kompensasiya hesablanması hüququ var.
19. Odur ki, məhkəmə iddiaçının “mövcud mülkiyyəti” və “qanuni gözləntisi” olduğu qənaətinə gəlir.
20. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən İddiaçı Bank VTB (Azərbaycan) ASC-də 08.12.2014-cü il tarixli "Nağd pul krediti müqaviləsi" üzrə 21.02.2015 və 21.12.2015-ci il tarixlərinə olan 6713,58 ABŞ dolları əsas borca görə 5706,54 manat; Bank VTB (Azərbaycan) ASC-də 09.12.2014-cü il tarixli "Kredit kartı müqaviləsi" üzrə 21.02.2015 və 21.12.2015-ci il tarixlərinə olan 498,68 ABŞ dolları əsas borca görə 423,87 manat kompensasiya məbləği hesablanaraq adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva