Məhkəmə qərarları › İş №2-1(112)-4557/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4557/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4557/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi “qərarın ləğv edilməsi və ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) “qərarın ləğv edilməsi və ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 fevral 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası” (bundan sonra – Qayda) təsdiq edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2023-cü il tarixli Payçı müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativindən (bundan sonra - üçüncü şəxs və ya MTK) 133989 manat dəyərində ünvan 1 ünvanında “AVANT Park” Yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 12-ci mərtəbə, 4 №-li, 2 otaqlı olan mənzil almışdır. MTK-nın 5 yanvar 2023-cü il tarixli Maliyyə arayışına əsasən mənzilin pay dəyərinin bir hissəsi, 46009 (qırx altı min doqquz) manat məbləğində ilkin ödəniş şəklində iddiaçı tərəfindən ödənilmişdir. Kassa məxaric orderlərinə əsasən mənzilin dəyərinin qalan hissəsi xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İddiaçı həmin qaydalara əsasən əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli qərarla əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Qərarda qeyd edilmişdir ki, “...Qaydaların 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən “Avant Park” 11-ci binasında, 11-ci blok, 12 mərtəbə, 4 №-li, iki otaqlı olan mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 29 noyabr 2023cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, mənzilin ödənilmiş ümumi dəyəri üzrə ƏDV məbləği 20439 manat, onun qaytarılan hissəsi, yəni 30%-i isə 6.131,7 manat təşkil etmişdir. Birincisi, mənzil alınan zaman Avant Group işçilərinə ƏDV-nin geri qaytarılması məsələsi ilə bağlı sual verdikdə onlar ƏDV-nin geri qaytarılmalı olan hissəsinin xeyli müddət sonra - 2024-cü ildə bina təhvil verilən zaman (məzilin çıxarışı ilə birlikdə) qaytarılacağını bildirərək onu səhv məlumatlandıraraq yanlış yönləndirmiş, ƏDV məbləğinin depozit hesaba ödənilməli olduğunu bildirməmiş, bu kimi halları alıcı üçün aydınlaşdırmaq üçün zəruri olan sənədləri ona təqdim etməmiş, əksinə ona yalnız bir rekvizit təqdim etməklə bütün məbləği həmin hesaba ödəməli olduğunu bildirmiş və nəticədə Qaydanın 4.1 bəndinin tələbini kobud şəkildə pozmuşlar. Halbuki Qaydanın həmin müddəasına əsasən, satıcı mənzilin tam dəyəri (ƏDV daxil olmaqla) ilə bağlı elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. Buna baxmayaraq, MTK tərəfindən həmin vaxt qaiməfaktura ona çap edilərək təqdim edilməmişdir. Qaimə-faktura yalnız xeyli müddət sonra - 31 mart 2023-cü il tarixində (satışdan üç ay keçdikdən sonra) tərtib edilərək portala yerləşdirilmiş və qaimənin yerləşdirilməsi barədə ona heç bir bildiriş verilməmişdir. Bununla da MTK tərəfindən Qaydanın 4.1 bəndi növbəti dəfə pozulmuşdur. MTK-nın işçiləri bu təkrar və kobud hüquq pozuntusunu portalın normal işləməməsi ilə əsaslandırmış, o cümlədən qaimənin portala yükləməsi ilə bağlı alıcıların mobil nömrəsinə sms-bildiriş göndərilməsi barədə ona yalan məlumat vermişlər. Elektron qaimə-fakturanın alıcıya təqdim edilməsinin xüsusi praktik əhəmiyyəti var və Qaydada onun çap edilərək alıcıya imperativ qaydada verilməli olduğu məhz bu səbəbdən nəzərdə tutulmuşdur. Təsadüfi deyil ki, Qaydanın 4.2-ci bəndində elektron qaimə-fakturada göstərilməli olan məlumatların arasında qaytarılacaq ƏDV-nin məbləğinin də göstərilməli olduğu qeyd edilmişdir. Burada satıcıya ödəniləcək məbləğ, həmçinin ƏDV məbləği ayrılıqda göstərilməklə alıcının səhv yönləndirilməsinin qarşısı alınmış olur. Buna baxmayaraq, MTK-nın əməkdaşları Qaydanın tələblərini pozmaqla onda yanlış təəssürat yaratmış və onu tamamilə səhv yönləndirərək tərəfindən məbləğin ƏDV ilə birlikdə birbaşa satıcının hesabına ödənilməsinə səbəb olmuşlar. Üstəlik, qeyd edilməlidir ki, ödənişin sonrakı qalıq hissəsi "xxxx" ASC tərəfindən ona verilmiş kredit hesabına birbaşa bankın özü tərəfindən satıcıya köçürülmüşdür. Bu halda o, bankı vətəndaş olaraq məcbur edə və ya onun ödəniş proseslərinə müdaxilə edə bilməz ki, ƏDV ilə bağlı hissəni məhz satıcının ƏDV depozit hesabına ödəsin. Bank tərəfindən ödənişin düzgün ödənilmədiyini isə o, təbii ki, bilə bilməzdi və bunu yalnız prosesin gedişində sonradan öyrənmişdir. Vergi Məcəlləsinin 53.3cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Bu baxımdan, onun ƏDV-ni geri almaqdan imtina etməyi və ya bilərəkdən həmin məbləği ƏDV depozit hesabına ödəməməyi barədə hər hansı sübutun olmaması və bütün bu halların vergi ödəyicisi olaraq qanuni mənafelərim pozulmaqla yanlış yönləndirilməyindən irəli gəldiyinə görə, vergi orqanının 5.1.2 bəndinə istinad edərək onu günahkar sayması və bu əsasla tələbini təmin etməməsi qanuni və əsaslı deyil. Nəzərə alınmalıdır ki, ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi ona hər hansı əlverişli şərait yaratmır, ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanının mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ödənişin müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürülməsi formal xəta olaraq qəbul edilməli və onun hüquqlarının həyata keçirilməsinə mane olan hal kimi dəyəndirilməməlidir. Cavabdehin etirazları: Cavabdeh vəsatət verərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia tələbi düzgün verilməyərək qaydaların tələbərinə uyğun deyildir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə müraciəti MTK-nın qaimə verməməsi səbəbindən vaxtında təsdiqlədə bilməmişdir. Vergi İdarəsinə müraciəti zamanı sənədlərin tam olmaması göstərilmiş, MTK isə ona vaxtında məlumat verməmişdir. Bu səbəbdən də vaxtında müraciət edə bilməmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı mənzilin alqı-satqısı ilə bağlı ödədiyi pul məbləği üzrə ƏDV-nin geri qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddiadır (İPM, maddə 2.2.2). Cavabdeh ƏDV-in geri qaytarılması ilə bağlı iddiaçının müraciətinin təmin olunmasından imtina edir ki, bu imtina iddiaçıya ƏDV məbləğinin alınmasını məhdudlaşdırır ki, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı xx.xx.2023-cü il tarixli Payçı müqaviləsinə əsasən dəyəri 133989 manat olan mənzilin dəyərini nağd qaydada pul ödəyərək almışdır. İddiaçı hazırda həmin mənzillə bağlı ödədiyi pulun 30% həcmində ƏDV-nin alınmasından imtina barədə cavabdehin hərəkətini mübahisələndirir. Məhkəmə qeyd edir ki, ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin əsaslılığı həmin qanuni əsasın dispozisiya şərtləri əsasında yoxlanılmalıdır. Tələbin qanuni əsasını Vergi Məcəlləsinin 165.6-cı maddəsi və həmin maddə ilə bağlı qəbul edilən Qaydalar təşkil edir. Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. İddiaçı həmin normanın və Qaydaların tələblərinə əsaslanaraq xx.xx.2023-cü il tarixdə portal vasitəsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, alıcının hesabına ödənilməsini göstərmişdir. Qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydaların 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir”. Qaydaların 6.1-ci bəndinə görə (keçid müddəları), Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin hallarından və sadalanan normalardan göründüyü kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci ildən qüvvəyə minmiş, bu barədə Qayda Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, iddiaçı mənzilin ödənişini xx.xx.2023-cü il tarixdə ödəmiş, lakin ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 90 günlük müddəti ötürmüşdür. Qaydaların Keçid müddəlarında 165.6-cı maddənin qüvvəyə mindiyi 1.01.2020-ci ildən, Qaydanın qüvvəyə minməsinədək ödənilmiş ödənişlərə görə ƏDV-nin qaytarılması halı nəzərdə tutulsa da, 90 günlük müddətin keçməsinə görə ƏDV-nin geri qaytarılması və ya müddətin ötürülməsinin üzrlü hesab edilməsi hallarında bərpası halları nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, göstərilən müddət iddia müddəti deyil, hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş xüsusi müddətdir ki, həmin müddətin üzrlü hesab edilməsi və ya bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar