Məhkəmə qərarları › İş №2-1(112)-4559/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4559/2020

13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4559/2020 13.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin nümayəndəsi-“Əkrəm Həsənov və Partnyorları” vəkil bürosunun vəkili X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsi) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinin üzərinə ona 57 yaşdan, yəni 30.09.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, əmək fəaliyyətinə 01.08.1979-cu ildən keçmiş Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatında maşınla yığım sahəsində 2-ci dərəcəli maşınla yığıcı vəzifəsində başlamışdır. Daha sonra 11.05.1980-ci ildən 25.06.1982-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra yenə də “Kommunist” nəşriyyatında (1991-ci ildə adı dəyişdirilərək “Azərbaycan” nəşriyyatı adlandırılmışdır) əmək fəaliyyətini davam etdirərək, maşınla yığım sahəsində 2-ci dərəcəli maşınla yığıcı, 02.08.1982-ci il tarixdən 08.08.1983cü il tarixədək yığım sahəsində 3-cü dərəcəli maşınla yığıcı, 17.12.1985-ci il tarixdən 06.02.1989-cu il tarixədək yığım sahəsində 4-cü dərəcəli linotipist (maşınla yığıcı), 19.06.1989-cu il tarixdən 16.06.1997-ci il tarixinədək yığım sahəsində yığma-sətirtökən maşınında 4-cü dərəcəli yığıcı vəzifəsində işləmişdir. Cari ilin fevral ayında DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinə müraciət edərək, güzəştli şərtlərlə iş stajının nəzərə alınaraq, ona pensiya təyin edilməsini xahiş etmiş, həmin idarə tərəfindən ona ünvanlanan və aprel ayında poçt vasitəsilə qəbul etdiyi cavab məktubunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmiş, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajının guya 12 il 6 aydan az təşkil etdiyi qeyd olunmuşdur. Uzun müddət (12 il 6 aydan da artıq) nəşriyyatda işlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda qeyd olunan (2270000a-14807) yığmasətirtökən maşınların yığıcıları peşə (vəzifəsinə) uyğundur. Tutduğu vəzifə ona güzəştli şərtlərlə əmək pensiyası hüququ versə də, bu hüququnu həyata keçirməmişdir. Cavabdeh orqana təqdim etdiyi sənədlərdən (əmək kitabçasında, arxiv arayışlarından və s.) də göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan artıq olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərbaycan nəşriyyatı” tərəfindən verilmiş 12.07.2019-cu il tarixli arayışa, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin 03.07.2019-cu il tarixli arxiv arayışına, Ucar rayonu “Yeni söz” qəzetinin redaksiyası tərəfindən verilmiş 16.07.2019-cu il tarixli arayışa, X3 filialının 15.07.2019-cu il tarixli arxiv arayışına əsasən o, 01.08.1979-cu il tarixdən 29.04.1980-ci il tarixədək Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatında, indiki “Azərbaycan” nəşriyyatında maşınla yığım sahəsində 2-ci dərəcəli maşınla yığıcı, 02.08.1982-ci il tarixdən 08.08.1983-cü il tarixədək yığım sahəsində 3-cü dərəcəli maşınla yığıcı, 17.12.1985-ci il tarixdən 06.02.1989-cu il tarixədək yığım sahəsində 4-cü dərəcəli linotipist (maşınla yığıcı), 19.06.1989-cu il tarixdən 16.06.1997-ci il tarixinədək yığım sahəsində yığma-sətirtökən maşınında 4-cü dərəcəli yığıcı vəzifəsində işləmişdir. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin imtina məktubunda irəli sürülən məsələ də həqiqətə uyğun deyil. Onun əmək fəaliyyətində uzun müddətli fasilə heç vaxt olmamış, hətta hazırki vaxtadək əmək fəaliyyətini davam etdirir. İşlədiyi müddətdə mütamadi olaraq, ona əmək haqqı hesablanmış, ondan isə müvafiq sosial ayırmalar həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 19.05.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddianı aşağıdakılara görə əsassız hesab edirlər: Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə görə, Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, iddiaçının 57 yaşı 30.09.2018-ci il tarixində, yəni 01.07.2017-ci il tarixindən sonra tamam olduğundan, ona 9.8-ci maddəyə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün 01.01.2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamış olması tələb olunurdu. İddiaçı isə həmin tarixədək ondan tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyil. Bundan əlavə, güzəştli şərtlərlə pensiya təyin olunması üçün qeyd edilən maddə kişilərlə əlaqədar üç tələb müəyyənləşdirir: 60 yaşına çatma (yaş); azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olma (staj); fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (pensiya kapitalı). Qanunun 9.8-ci maddəsinə görə, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni qeyd olunan maddə, imkan yaradır ki, yuxarıda sadalanmış üç tələbdən birinci və ikinci tələblə bağlı əvvəllər qüvvədə olmuş qanunvericilik tətbiq edilsin. Qeyd olunan maddə 3-cü tələbə münasibətdə, 01.01.2006-cı ilə qədərki qanunvericiliyin tətbiqinə imkan yaratmır. Yəni qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta hadisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunmasını istisna etmir. İddiaçıya münasibətdə yaş və staj tələbləri 01.01.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər (pensiyaların hesablanma qaydasına (2010-cu ildəki dəyişikliklərin nəzərə alınıbalınmaması baxımından) münasibətdə Ali Məhkəməsinin də mövqeyi eynən belə olmuşdur) isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsi tərəfindən verilmiş 26.07.2019-cu il tarixli 294 №li arayışdan müəyyən olunur ki, 1961-ci il təvəllüdlü İddiaçı 11.05.1980-ci il tarixdən 25.06.1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı ******* nömrəli 30.04.1980ci il tarixli əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 01.08.1979-cu ildə “Kommunist” Nəşriyyatına maşında çap sahəsinə 2-ci dərəcəli maşın mürəttibi (maşınla yığıcı) vəzifəsinə qəbul olunmuş, 29.04.1980-ci ildə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq işdən azad edilmişdir. 05.05.1980-ci ildən 25.06.1982-ci ilədək tarixədək Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 02.08.1982-ci ildə “Kommunist” Nəşriyyatına çap sexinə çap maşınlarında 3-cü dərəcəli mürəttib (maşınla yığıcı) vəzifəsinə qəbul olunmuş, 08.08.1983-cü ildə işdən azad olunmuşdur. 01.09.1983-cü ildə Ucar rayon 122 saylı Texniki Məktəbinə “traktor, avtomobil və digər kənd təsərrüfatı maşınlarının çilingəri” qrupuna qəbul edilmiş, 24.04.1984-cü ildə Dövlət imtahanlarının verilməsi ilə əlaqədar olaraq qrupdan azad edilmişdir. 11.06.1984-cü ildə Ucar metal məmulatları və bostan alətləri zavodunda 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, 04.12.1984-cü ildə işdən azad edilmişdir. 05.12.1984-cü ildə Ucar “Yeni söz” qəzeti mətbəəsinə 3-cü dərəcəli linotipçi (maşınla yığıcı) təyin olunmuş, 01.07.1985-ci ildən 4-cü dərəcəli linotipçiyə keçirilmiş, 01.08.1985-ci ildən Ucar “Yeni söz” qəzeti redaksiyasının tabeçiliyindən azad edilərək, Göyçay mətbəəsinə keçirilmiş, 01.08.1985-ci ildə Göyçay mətbəəsinin Ucar şöbəsinin 4-cü dərəcəli sətryığan vəzifəsinə qəbul edilmiş, 16.12.1985-ci ildə işdən azad edilmişdir. 17.12.1985-ci ildə “Kommunist” nəşriyyatına çap sexinə 4-cü dərəcəli linotipçi vəzifəsinə qəbul edilmiş, 06.02.1989-cu ildə fotoyığım üzrə FMP-1000 operatorunun ixtisaslı işçisi vəzifəsinə qəbul olunmuş, 08.05.1989-cu ildə FMP- 1000 4-cü dərəcəli operator-proqramçı vəzifəsinə keçirilmişdir. 19.06.1989-cu ildə çap sexinə 4-cü dərəcəli sətrtökən maşın mürəttibi vəzifəsinə keçirilmişdir. 27.08.1991-ci ildə “Kommunist” nəşriyyatı “Azərbaycan” nəşriyyatı adlandırılmışdır. 16.06.1997-ci ildə ofset çap sexinə çapçı köməkçisi keçirilir. 01.07.1999-cu ildə ofset çap sexi ilə yüksək çap sexi birləşdirilərək, çap mərkəzi yaradılmışdır. 20.08.2001-ci ildə işdən azad edilmişdir. 06.09.2001-ci ildə “Kraton-M” firmasına “poliqrafiya şöbəsinə” çapçı vəzifəsinə işə qəbul edilmiş, 01.11.2012-ci ildə işdən azad edilmişdir. 01.02.2013-cü ildə “xxxx” MMC-yə çapçı vəzifəsinə qəbul edilmiş, 31.03.2016-cı ildə işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi siyasi sənədlər arxivi tərəfindən verilmiş 155 №li 03 iyul 2019-cu il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatının 10 avqust 1979-cu il tarixli 279 saylı əmrinə əsasən linotipçi vəzifəsinə qəbul edilmişdir və 30 aprel 1980-ci il tarixli 181 saylı əmrinə əsasən həqiqi hərbi xidmətə çağırıldığı üçün tutduğu vəzifədən (maşınla yığma sahəsinin yığıcısı vəzifəsindən) azad edilmişdir; 3 avqust 1982-ci il tarixli 477 saylı əmrinə əsasən yığma sexinə 3-cü dərəcəli maşınla yığıcı vəzifəsinə qəbul edilmişdir-iş şəraiti zərərli və 12 avqust 1983-cü il tarixli 465 saylı əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir; 17 dekabr 1985-ci il tarixli 381 saylı əmrinə əsasən 4-cü dərəcəli linotipçi vəzifəsinə qəbul edilmişdir-iş şəraiti zərərli. “Azərbaycan” Nəşriyyatı tərəfindən verilmiş 3/06 №li 12.07.2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 01.08.1979-cu il tarixdən (10.08.1979-cu il tarixli əmr № 279) 29.04.1980-ci il tarixədək (30.04.1980-ci il tarixli əmr № 181) Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatında maşınla yığım sahəsində 2-ci dərəcəli maşınla yığıcı; 02.08.1982-ci il tarixdən (03.08.1982-ci il tarixli əmr № 477) 08.08.1983-cü il tarixədək (12.08.1983-cü il tarixli əmr №465) yığım sahəsində 3-cü dərəcəli maşınla yığıcı; 17.12.1985-ci il tarixdən (19.12.1985-ci il tarixli əmr № 381) 06.02.1989-cu il tarixədək (03.02.1989-cu il tarixli əmr № 45) yığım sexində 4-cü dərəcəli linotipist (maşınla yığıcı); 19.06.1989-cu il tarixdən (19.06.1989-cu il tarixli əmr № 171) 19.06.1997-ci il tarixədək (18.06.1997-ci il tarixli əmr № 34) yığım sexində yığma-sətirtökən maşınında 4-cü dərəcəli yığıcı vəzifəsində işləmişdir. “Kommunist” nəşriyyatı hal-hazırda “Azərbaycan” nəşriyyatı adlanır (27.08.1991-ci il tarixli 01 №li əmr). “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2 №li siyahısında qeyd olunan (2270000a-14807) yığma-sətirtökən maşınların yığıcıları peşəsi İddiaçı işlədiyi peşəyə uyğundur. “Yeni söz” qəzeti redaksiyası tərəfindən verilmiş 5 №li 16.07.2019-cu il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı 05 dekabr 1984-cü il tarixdə 91 nömrəli əmrlə “Yeni söz” qəzeti mətbəəsinə linotipçi (sətirtökən-iş şəraiti zərərli) təyin edilmiş, 01 avqust 1985ci il tarixdə 19 §2 nömrəli əmrlə işdən azad edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X3 filialı tərəfindən verilmiş Göyçay mətbəəsinin əmr kitablarından çıxarışa dair 15 iyul 2019-cu il tarixli 227 №li arxiv arayışında göstərilmişdir ki; 1. Əmr № 27 01 avqust 1985 Azərnəşirkomun 119 №li 08 iyul tarixli əmrinə əsasən aşağıdakı yoldaşlar Göyçay mətbəəsinə işə qəbul edilsinlər: o cümlədən siyahıda İddiaçı 4-cü dərəcəli linotipçi işinə qəbul edilməsi qeydi göstərilmişdir.

2. Əmr № 59 a 16 dekabr 1985 16.12.1985-ci il tarixdən etibarən Göyçay mətbəəsinin Ucar şöbəsinin sətiryığanı İddiaçı öz ərizəsinə əsasən işdən azad edilsin. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətlərə cavab olaraq, DSMF Xüsusi Şərtərlə Təyinat İdarəsi tərəfindən verilmiş eyni məzmunlu 23.03.2020-ci il tarixli **********4 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi müraciətçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi, hazırki iddia ilə bağlı iddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındadır. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq, yəni 26 (iyirmi altı) il, 13 (on üç) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: XXV fəsil Poliqrafiya, kinosurətlər istehsalı- 2270000a a) fəhlələr-2270000a-14807 yığma-sətrtökən maşınların yığıcıları; 2270000a— 14792 əl ilə yığıcılar. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, yəni 13 (on üç) il, 11 (on bir) ay, 1 (bir) gün güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 57 yaşının tamam olduğu 30.09.2018-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik və 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 30.09.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu, yəni 30.09.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar