Məhkəmə qərarları › İş №2-1(112)-456/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-456/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-456/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışda qarajın ölçülərinin dəyişdirilərək texniki pasport verilməsi barədə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********51-05301-083035 nömrəsi ilə qeydə alınan mülkiyyət hüuqunun rəsmiləşdirilməsi zamanı texniki səhvin aradan qaldırılması, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışda 19.30 kv.m əvəzinə 31.6 kv. yazılması və ünvan 1 ünvanında yerləşən binanın zirzəmisinin birinci səviyyəsindəki 83 saylı avtomobil dayanacağı üçün texniki pasport verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-456/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2019-cu il tarixində X6 ilə daşınmaz əmlakın alğı-satqısı müqaviləsini bağlamaqla ünvan 2 ünvanında yerləşən binanın zirzəmisinin birinci səviyyəsindəki 83 saylı avtomobil dayanacağı üçün nəzərdə tutulan sahəni almışdır. O, eyni binanın 7-ci mərtəbəsində yaşayır və eyni zamanda zirzəminin birinci səviyyəsində yerləşən 89 saylı avtomobil dayanacağı da onun mülkiyyətindədir. O, 89 saylı dayanacaq (19.25 kv.m) balaca olduğu üçün və onun divarlarını tikdirmək mümkün olmadığı üçün daha geniş (ümumi sahəsi 31 kv. m olan) və divarın qırağında yerləşən 83 saylı dayanacağı almaq fikrinə gəlmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 259 saylı sərəncamı ilə təsdiq edilmiş Tkintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktından da görünür ki, 83 saylı avtomobil dayanacağı onun mülkiyyətində olan 89 saylı dayanacaqdan daha böyükdür. Alğı-satqı başa çatdıqdan sonra o, cavabdehə müraciət etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ rəsmiləşdirilsin. Nəticədə mülkiyyət hüququ **********51-05301-083035 nömrəsi ilə qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Lakin, çıxarışda qeyri-yaşayış sahəsinin ümumi sahəsi 19.3 kv.m kimi qeyd edilmişdir. Çıxarışı aldıqdan sonra xx.xx.2019-cu il tarixdə o, cavabdehə müraciət etmiş və xx.xx.2019-cu il tarixdə onlardan cavab almışdır. Cavabda qeyd edilmişdir ki, "xxxx" MTK tərəfindən verilən ilkin sənədlərdə ümumi sahə 21.7 kv.m qeyd edilmişdir. Lakin, sözügedən qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda faktiki sahə 19.3 kv. m. qeyd edilmişdir. Bundan sonra o, cavabdehə yenidən müraciət edərək sahədə ölçmə işlərin aparılmasını xahiş etmişdir. Cavabdehin səlahiyyətli şəxsi yəni, mühəndii qeyri-yaşayış sahəsinə gəlmiş və ölçüləri götürmüş və faktiki ölçüsü 31.6 kv. m. təşkil etmişdir. Bundan sonra o, cavabdehə yenidən müraciət edərək müvafiq texniki pasportun verilməsini xahiş etmişdir.xx xxxxxx 2019-cu il tarixli məktubu ilə cavabdeh təsdiq etmişdir ki, əmlakın ümumi sahəsi 31.6 kv. təşkil edir, lakin sənəd üzrə, yəni çıxarışda ümumi sahə 19.30 qeyd edildiyi üçün texniki pasportun verilməsi mümkün olmamışdır.Bunun üçün o, cavabdehə sonuncu dəfə müraciət etmiş və çıxarışda texniki səhvin aradan qaldırılmasını xahiş etmişdir. O, xx xxxxxxxx 2019-cu il tarixdə cavab məktubunu almış və uyğunsuzluq yenə də aradan qaldırılmamışdır. Cavabdeh texniki səhvin olmasına baxmayaraq ondan əlavə sənədlərin təqdim edilməsini tələb edərək mülkiyyət hüququnun qanuni şəkildə rəsmiləşdirilməsindən imtina etmişdir. Qeyd edir ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Qanuni şəkildə aldığı avtomobil dayanacağına üçüncü şəxslərin marağı yoxdur və texniki səhv nəticəsində yaranan fərqin cavabdeh tərəfindən reyesterdə düzəldilməsi nəticəsində heç kimin hüquqları pozulmayacaq. Əlavə olaraq qeyd edir ki, o, xx xxxx 2019-cu il tarixli müqavilə ilə 19.3 kv.metrlik qeyri-yaşayış sahəsi deyil, 83 saylı avtomobil dayanacağı almışdır. 83 saylı avtomobil dayanacağının texniki cizgilərindən aydın şəkildə görünür ki, sözügedən sahənin ölçüsü 19.30 kv.m. deyil. Bu fakti cavabdeh öz rəsmi məktubunda da, təsdiq edir. Əlavə olaraq qeyd edilməlidir ki, satıcı X4 vaxtı ilə verilmiş çıxarışda da qeyri-yaşayış sahəsi hissəsində 83 sayı avtomobil dayanacağı qeyd olunur. Hesab edir ki, onun ünvan 3 ünvanında yerləşən binanın zirzəminin birinci səviyyəsindəki 83 saylı avtomobil dayanacağı üzərində mülkiyyət hüququ rəsmiləşdirərkən həmin qarajın faktiki sahəsi nəzərə alınmaqla tam sahə üzrə hüququ qeydə alınmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “xxxx” MTK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli protokoldan çıxarış və maliyyə arayışı Bakı şəhəri, Yasamal rayonu, 476-cı məhəllə, B.Səfəroğlu, 7 saylı ünvanda yerləşən, ümumi sahəsi 19.3 kv.m olan qeyri-yaşayış sahəsi (83 saylı avtomobil dayanacağı) üzərində X3 hüquqları qeydiyyata alınmış və ********** nömrəli, xx.xx.2012-ci il tarilxi çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında isə İddiaçı hüquqları qeydiyyata alınmış və ********** nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Beləliklə, sözügedən əmlakın sənəd üzrə ümumi sahəsi 19.30 kv.m, faktiki isə (iddiaçı tərəfindən göstərilənlərə əsasən) 31.6 kv.m təşkil edir və bununla bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Qeyd olunan səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********783 saylı, xx.xx.2019-cu il tarixxli məktub ünvanlanmışdır. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MTK təsisçilərinin Ümumi Yığıncağının 25 saylı, xx.xx.2012-ci il tarixli Protokolundan çıxarışa əsasən X1 üzvü qəbul olunmaqla MTK-nın ünvan 5 ünvanında, kooperativ binanın – 1 zirzəmi mərtəbəsində yerləşən, ümumi sahəsi 21.7 kv.m olan, 83 saylı avtomobil dayanacağı sahəsinin payçısı olması təsdiq edilmişdir. K.Bağırovla “xxxx” MTK arasında Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 476-cı məhəllə ünvanında “xxxx”MTK tərəfindən tikilən və MTK-ya məxsus 2 saylı yaşayış binasının -1 zirzəmi mərtəbəsində yerləşən 83 saylı, ümumi sahəsi 21.7 kv.m olan 83 saylı avtomobil dayanacağının K.Bağırova satılması barədə 2/53-1 nömrəli müqavilə bağlanılmışdır. Həmin qeyri-yaşayış sahəsinə (83 saylı avtomobil dayanacağına) dair X3 mülkiyyət hüquqlarını təsdiq edən RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixdə çıxarış verilmişdir. Çıxarışda 83 saylı avtomobil dayanacağının sahəsi 19.3 kv.m göstərilmişdir. Sözügedən dayancağı X6 xx.xx.2019-cu il tarixli, AN-İ nömrəli, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Alğı- satqı müqavilədə satılan dayancağın sahəsi 19.3 kv.m göstərilmişdir. Bundan sonra, həmin alğı-satqı müqaviləsinə əsasən avtomobil dayanacağı üzərində İddiaçı mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı sözügedən avtomobil dayanacağına (qeyri-yaşayış sahəsinə) dair texniki pasportun tərtib edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətlərinə - xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 7 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair “xxxx” MTk tərəfindən verilən ilkin sənədlərdə ümumi sahə 21.7 kv.m kimi qeyd edilmişdir. Lakin, sözügedən qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda faktiki sahə ümumi sahə 19.3 kv.m qeyd edilmişdir; xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, təqdim edilmiş sənəddə sözügedən əmlakın sənəd üzrə ümumi sahəsi 19.30 kv.m, faktiki isə 31.6 kv.m təşkil edir və bununla bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Qeyd olunan səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır; xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (qarajın) ölçüsü 19.3 kv.m kimi qeydiyyatdan keçməsinə baxmayaraq, faktiki olaraq 31.6 kv.m təşkil edir. Əlavə sahə ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edildiyi təqdirdə ərizəsinə yenidən baxıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən hallara əsaslanmaqla irəli sürdüyü mövcud iddia tələbi əsassızdır. Belə ki, ünvan 8 ünvanında yerləşən binanın zirzəmisinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsi (83 saylı avtomobil dayanacağı) mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı ona məxsus olan həmin qeyri-yaşayış sahəsinin faktiki ölçüsünün 31.6 kv.m olduğunu bildirərək, qeyri-yaşayış sahəsinin həmin ölçüdə olmasına dair çıxarış və texniki pasport verilməsini tələb etsə də, həmin qeyri-yaşayış sahəsi MTK tərəfindən əvvəlki mülkiyyətçi X2 zaman protokoldan çıxarışda, maliyyə arayışında və MTK ilə X6 arasında bağlanmış alğı-satqı müqaviləsində dayancağın sahəsi 21.7 kv.m göstərilmiş, sonradan X3 həmin dayanacaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirilən zaman çıxarışda və texniki pasportda dayanacağın sahəsi 19.3 kv.m göstərilmişdir. İddiaçı isə X6 ilə alğı-satqı müqaviləsi bağlayan zaman, həmin müqavilənin predmetini sahəsi 19.3 kv.m qeyri-yaşayış sahəsi (83 saylı avtomobil dayanacaq) təşkil etmişdir. İddiaçının adına cavabdeh tərəfindən həmin alğısatqı müqaviləsinin predmeti olan 19.3 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə (83 saylı avtomobil dayanacağına) dair çıxarış verilmişdir. İddiaçı iddia ərizəsində yaranmış kv.m fərqinin texniki səhv nəticəsində yarandığını bildirsə də, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına aparılmış qeydiyyat X6 ilə onun arasında bağlanmış alğı-satqı müqaviləsində göstərilən ölçüyə uyğun olaraq aparılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının göstərdiyi artıq olan ölçü ilə bağlı onda heç bir hüquqmüəyyənedici sənəd olmadığından hazırki tələb əsassızdır və təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o, cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompelksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Rspublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyekitləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İPM–in 68, 69, 75, 81, 85cimaddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar