Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4560/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi və birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) 22.12.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) müraciət edərək, mərhum həyat yoldaşı şəhid X1 (03.07.2016-cı il tarixdə qüvvədə olan AR ƏPH Qanununa əsasən) dövlət qulluqçusu kimi əmək stajı və orta aylıq əmək haqqı nəzərə alınmaqla, 03.07.2016-cı il tarixdən başlayaraq aradakı yaranmış fərq ödənilməklə ona ailə başçısını itirməsi ilə əlaqədar ömürlük pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh orqan hərəkətsizlik edərək iddiaçının müraciətini cavablandırmamışdır. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 23.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdehin hərəkətsizliyi qanunsuz hesab edilməklə, iddiaçının mərhum həyat yoldaşı şəhid X1 (03.07.2016-cı il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən) dövlət qulluqçusu kimi əmək stajı və hazırkı orta aylıq əmək haqqı nəzərə alınmaqla, 03.07.2016-cı il tarixdən başlayaraq aradakı yaranmış fərq birdəfəlik ödənilməklə ona ailə başçısını itirməyə görə ömürlük pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X5 ilə 21 avqust 1978-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həyat yoldaşı uzun müddət dövlət qulluqçusu və hakim kimi məhkəmə orqanlarında çalışmışdır. Belə ki, o, 15.04.1973-29.11.1974-cü il tarixlərdə Zəngilan Rayon Xalq Məhkəməsinin dəftərxana katibi, 30.12.1976-12.03.1981-ci il tarixlərdə həmin məhkəmənin məhkəmə icraçısı, 03.06.1981-13.01.1982-ci il tarixlərdə Ali Məhkəmənin məhkəmə nizamlayıcısı, 13.01.1982-18.04.1983-cü il tarixlərdə həmin məhkəmənin məhkəmə iclas katibi, 18.04.1983-12.07.1983-cü il tarixlərdə Ali Məhkəmənin Reyasət Heyəti və Plenumunun Katibliyinin məsləhətçisi, 12.07.1983-29.08.1990-cı il tarixlərdə həmin katibliyin baş məsləhətçisi, 29.08.1990-31.08.1993-cü il tarixlərdə isə Qubadlı Rayon Xalq Məhkəməsinin hakimi olmuşdur. X5 24.11.1993-cü il tarixdə birinci Qarabağ döyüşlərində şəhid olmuş və Şəhidlər Xiyabanında dəfn edilmişdir. xx.xx.1956-cı il tarixdə doğulduğu üçün onun ailə başçısını itirməyə görə pensiya hüququ yaranmışdır. Özü isə 03.07.2016-cı il tarixdən yaşa görə əmək pensiyasına çıxmışdır. Eyni zamanda həmin tarixdən ailə başçısını itirməyə görə pensiya hüququ da yaranmışdır. Cavabdeh iddia ərizəsinə etirazını məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, iddiaçının mərhum əri Sərdar Hüseynovun vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 24 noyabr 1993-cü il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Buna görə də İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin oluna bilməz. İddiaçının mərhum ərinin dövlət qulluqçusu statusuna malik olduğu fərz edilsə belə, onun “Dövlət qulluğu haqqında” qanunun qəbulundan əvvəl vəfat etdiyi, bu səbəbdən də, həmin qanunda nəzərdə tutulmuş təminatları almadığı aşkardır. Bu səbəbdən İddiaçı hazırkı orta aylıq əmək haqqı əsasında pensiya təyin edilməsini tələb edə bilməz. Həmçinin iddiaçı hüququnun yarandığını iddia etdiyi 2016-cı il tarixdən ona pensiya təyin edilməsini də tələb edə bilməz. Belə ki, müvafiq Qaydaların tələblərinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1dən ödənilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 21.06.2021-ci il tarixli, 2-1(112)-4560/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan İ-ЖГ seriyalı 424349 nömrəli nikahın bağlanması haqqında şəhadətamədən görünür ki, X5 01.07.1956-cı il tarixdə İddiaçı ilə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21.08.1978-ci il tarixdə 56 nömrə ilə qeyd aparılmışdır. İşdə olan İİ-ЖГ seriyalı 428659 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 31.08.1993-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.11.1993-cü il tarixdə 1043 nömrə ilə qeyd aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12.12.2016-cı il tarixli, 6/19- 1031 saylı arayışından məlum olur ki, İddiaçı mərhum əri X5 15.04.1973-29.11.1974-cü il tarixlərdə Zəngilan rayon xalq məhkəməsinin dəftərxana katibi, 30.12.1976-12.03.1981-ci il tarixlərdə həmin məhkəmənin məhkəmə icraçısı, 03.06.1981-13.01.1982-ci il tarixlərdə Ali Məhkəmənin məhkəmə nizamlayıcısı, 13.01.1982-18.04.1983-cü il tarixlərdə həmin məhkəmənin məhkəmə iclas katibi, 18.04.1983-12.07.1983-cü il tarixlərdə Ali Məhkəmənin Rəyasət Heyəti və Plenumunun Katibliyinin məsləhətçisi, 12.07.1983- 29.08.1990-cı il tarixlərdə həmin Katibliyin baş məslətçisi, 29.08.1990-31.08.1993-cü il tarixlərdə isə Qubadlı rayon xalq məhkəməsinin hakimi olmuşdur. İş materiallarında olan 07.07.2021-ci il tarixli, 76/21 saylı məktuba əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin baş məsləhətçisinin vəzifə maaşı 01.12.2013cü il tarixdən 12.01.2017-ci il tarixədək 815 manat, 12.01.2017-ci il tarixdən 01.03.2018-ci il tarixədək 930 manat, 01.03.2018-ci il tarixdən 01.09.2019-cu il tarixədək 1025 manat, 01.09.2019-cu il tarixdən bu günə kimi 1540 manat təşkil edir. 1981-1990-cı illər ərzində əmək haqqı cədvəlləri üzrə ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətinin icrasına görə ödəniş barədə heç bir məlumat tapılmamışdır. İş materiallarında olan cavabdehin 22 aprel 2021-ci il tarixli, **********9 nömrəli məktubu ilə iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Həmin materiallardan görünür ki, iddiaçının 25.12.2020-ci il tarixli ərizəsini cavabdeh 08.01.2021-ci il tarixli, **********9 nömrəli məktubla cavablandırmış və iddiaçının tələbini təmin etməkdən imtina edən cavabdeh cavab məktubunda göstərmişdir ki, təqdim edilən sənədlərdə qeyd olunan mərhum həyat yoldaşı X2 vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 24 noyabr 1993-cü il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Məhkəmə cavabdehin bu imtinasını qanunsuz hesab edir və qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – ƏPQ) 7ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır (1 iyul 2020 – 30 iyun 2021 tarixə qadınlar üzrə pensiya yaşı 62 yaşdır). ƏPQ-nin 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. ƏPQ-nin 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. ƏPQ-nin 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İşdə olan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o xx.xx.1956-cı ildə Zəngilan rayonunda anadan olmuşdur və onun 60 yaşı 03.07.2016-cı ildə, 62 yaşı 03.07.2018-ci il tarixdə tamam olmuşdur. İşdən görünür ki, iddiaçının mərhum əri X5 01.07.1956-cı il tarixdə doğulmuş, 24.11.1993-cü il tarixdə vəfat etmişdir. İddiaçının mərhum ərinin vəfat etdiyi tarixə 37 yaşı olmuşdur. Deməli, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyini üçün tələb olunan minimum sığorta stajı 7 il 4 aydır ((37-15)×4÷12= 22×4÷12= 7 il 4 ay). İş materiallarındakı yuxarıda istinad olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12.12.2016-cı il tarixli, 6/19-1031 saylı arayışına əsasən X1 vəfat etdiyi tarixə ümumilikdə 18 il 27 gün sığorta stajı olmuşdur. ƏPQ-nin 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); ƏPQ-nin 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Yuxarıda istinad olunanlardan görünür ki, S.Hüseynovun vəfat etdiyi 24.11.1993-cü il tarixədək dövlət orqanlarında qulluq stajı, hakim kimi fəaliyyət göstərdiyi dövr çıxılmaqlada, 15 ildən (15 il 26 gün) artıq olmuşdur. Belə olan halda müəyyən olunur ki, həm iddiaçının yaşı, həm də onun vəfat etmiş ərinin malik olduğu sığorta stajı qanunvericiliklə tələb olunan şərtlərə uyğun olduğundan iddiaçının cavabdehə müraciət etdiyi tarixə dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə pensiya almaq hüququ olmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda 60 yaşının tamam olduğu 03.07.2016-cı il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək ona həmin tarixdən dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının 60 yaşı 03.07.2016cı il tarixdə tamam olmuş, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə pensiya hüququ yaranmışdır (çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən dövlət qulluqçusuna dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 il olmuşdur). Lakin işdə olan 051012 nömrəli pensiyaçının uçot vərəqinin surətinə əsasən İddiaçı qəyyum kimi (övladlarına) Fondun Binəqədi rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən əmək pensiyası onun mərhum əri X1 31.08.1993-cü ildə şəhid olması ilə əlaqədar olaraq övladlarına təyin edilmiş və qızı X7 23 yaşınadək (01.07.2006-ci il tarixədək) ödənilmişdir. İşdə olan 082995 nömrəli pensiyaçının uçot vərəqinin surətinə əsasən İddiaçı Fondun Binəqədi rayon şöbəsi tərəfindən 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə 06.11.2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir (iddiaçının 08.01.2018-ci il tarixli ərizəsinə əsasən onun əmək pensiyası 01.02.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmışdır). ƏPQ-nin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. ƏPQ-nin 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. ƏPQ-nin 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Göründüyü kimi, iddiaçıya 06.11.2007-ci il tarixdən çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası təyin edilmiş, onun 03.07.2016-cı il tarixdə ailə başçısını itirməyə görə pensiya hüququ yaransa da (həmin dövrdə iddiaçının 60 yaşı tamam olmuş, mərhum ərinin tələb olunan dövlət qulluğu stajı 5 ildən çox olmuşdur), o, əmək pensiyasının bir növündən başqa növünə keçmə barədə cavabdehə müraciət etməmişdir. Düzdür, işdən görünür ki, iddiaçı 21.02.2017-ci il tarixdə DSMF-nin Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət edərək mərhum əri X1 hakim işləməsinə istinad edərək onun əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin iddiaçı bu ərizə ilə ona təyin edilmiş əmək pensiyasının növünün dəyişdirilməsini xahiş etməmiş, digər tərəfdən ərizədə mərhum ərinin dövlət qulluqçusu kimi deyil, hakim kimi işləməsinin nəzərə alınmasını xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə pensiya onun hüququnun yarandığı 03.06.2016-cı il tarixdən deyil, əmək pensiyasının bir növündən digər növünə keçirilmə barədə cavabdehə müvafiq ərizə ilə müraciət etdiyi 25.12.2020-ci il tarixdən (müraciət həmin tarixdə daxil olmuşdur) təyin edilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı ona ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsini xahiş edir. Lakin İddiaçının cavabdehə ərizə ilə müraciət etdiyi tarixdə qüvvədə olan ƏPQ-nin 32.1-1-ci maddəsi həmin Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsini nəzərdə tutmuşdur. Buna görə də iddiaçının tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdiyi 25.12.2020-ci il tarixdən dövlət qulluqçusu olan ailə başçısı X3 itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4560/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4560/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver