Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4560/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qaradağ Rayon Şabandağ bağ massivində yerləşən “77 a” saylı, 006 ha torpaq (bağ) sahəsinə mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 26 Bakı Komissarı adına Neft-qaz çıxartma idarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05 mart 1990-ci il ildə keçirilmiş ümumi iclasın 10 saylı Protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq cəmiyyəti bağından Azərbaycan Respublikası Bakı şəhər X4 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən Qaradağ rayonu Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsaəs 600 Kv olmaqla “77 a” nömrəli bağ sahəsi ona ayrılmışdır. Qaradağ Rayon Şabandağ bağ massivində yerləşən “77 a” saylı torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Lakin cavabdeh olan inzibati orqan xx.xx.2024-ci il tarixli imtina məktubu ilə ərizəni təmin etməkdən imtina etmişdir. İmtina məktubunda göstərilir ki, İdarənin arxivində olan “Şabandağ” bağçılıq-bostançılıq kollektiv üzvlərinin siyahısında adım aşkar edlməmiş və guya idarənin mütəxəsisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin yerini tanımamağı məlum olmuşdur. Halbuki, torpq sahəsinə baxış keçirilən zaman o torpağın yerini tam şəkildə nümyəndələrə göstərmişdir. O, 1991 -ci il tarixdə bağçılıq cəmiyətinə üzv qəbul olunmuşdur. Bu əsasları rəhbər tutaraq “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.07 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına ammasmdan imtina edilmişdir.1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənə verilmiş imtina qanunsuz və əsassızdır və həqiqətləri əks etdirmir. “77a” saylı torpaq (bağın) istifadəyə verilməsinə dair üzvlük kitabçası və protokoldan çıxarış var və həmin sənədlər- üzvlük ktabçası, protokoldan çıxarış cavabdeh tərəfindən mübahisələndirilməyərək ləğv edilməmiş və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Bundan başqa, imtina məktubundan göstərilən digər hallar da Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikasının Qanun 8.0.7-ci maddəsində göstərilən imtinanın əsasları kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, idarənin arxivində olan “Şabandağ” bağçılıq-bostançılıq kollektiv üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman iddiaçı tərəfindən torpaq sahəsinin yerini tanımadığı məlum olmuşdur.(torpaq sahəsi istifadəsində deyil). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, bağçının üzvlük kitabçasına əsasən İddiaçı Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1990-cı il tarixli 10 saylı protokoluna əsasən xx.xx.1991-ci ildən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Bakı Lökbatan Hacı Həsən yolunun qərb hissəsində Şabandağ bağçılıq cəmiyyəti bağının sahəsindən 07 avqust 1991-ci il tarixli qərarla sahəsi 600 kv. metr olan 77a nömrəli bağ sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş “Şabandağ bağçılıq-bostançılıq kollektivi” tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, xx.xx.1991-ci il tarixli Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli qərarına əsasən 6 sotdan ibarət 77 a nömrəli bağ sahəsi X3 məxsusdur. İş materiallarına əlavə edilmiş “Şabandağ” Bağçılıq-bostançılıq kollektivinin xx.xx.1990-cı il tarixli ümumi iclasın 10 saylı protokol çıxarışından görünür ki, X5 “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvüdür və “26 BAKİ KOMİSSARİ” adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona Şabandağ sahəsində “Şabandağ" bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 600 kv.m olmaqla 77A saylı sahəsi ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-2138/2025 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhər, Qaradağ rayonu, Şabandağ bağ massivində yerləşən 77A saylı bağ-torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayiə aktında göstərilmişdir ki, əraziyə ərizəçi ilə baxış keçirildi, baxış keçirilən zaman məlum oldu ki, ərizəçi bağ sahəsinin yerini bilmir. Bu səbəbdən döngə nöqtələrinin koordinatlarını müəyyənləşdirmək mümkün olmadı. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********12 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, idarənin arxivində olan “Şabandağ” bağçılıq-bostançılıq kollektiv üzvlərinin siyahısında adınız aşkar olunmamışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin yerini tanımadığınız məlum olmuşdur (torpaq sahəsi istifadənizdə deyil). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatınınidarəçiliyndəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfat idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İşdən görünür ki, iddiaçı Qaradağ Rayon Şabandağ bağ massivində yerləşən “77 a” saylı, 006 ha torpaq (bağ) sahəsi ilə bağlı yalnız bağçılıq üzvlük kitabçasının surətini təqdim etmişdir. İş üzrə müəyyən olunur ki, iddiaçının adı arxivdə saxlanılan Şabandağ baçılıq yoldaşlığının adlı siyahısında iddiaçının adı qeyd olunmamışdır. Halbuki, yuxarıda qeyd olunan qanun normasından da müəyyən olunur ki, üzvlük kitabçası yalnız bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda hüquqmüəyyənedici sənəd qüvvəsinə malik hesab olunur. Bundan əlavə işdə olan iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı cavabdehə olan müraciəti əsasında tərtib edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, mütəxəssislər tərəfindən yerində baxış zamanı iddiaçının bağ sahəsinin yerini bilmədiyi bu əsasdan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatda da torpaq sahəsinin faktiki sahiblik və istifadəsində olmadığı, hasarlamadığı, yerini təxmini olaraq göstərdiyini bildirmişdir. Beləliklə, işdən müəyyən olunur ki, iddiaçıya bağ sahəsi ayrılsa da, torpaqayırma baş verməmiş, iddiaçı hazırkı tarixədək həmin bağdan istifadə etməmiş, ilk əvvəl ümumiyyətlə bağın harada yerləşdiyi barədə məlumatı olmasa da, sonradan sahənin təxminən göstərdiyi torpaq sahəsi olduğunu bildirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir. Lakin iddiaçı hazırda hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim edə bilmədiyindən həmin sahənin mərzçəkmə və inventarlaşdırma işlərinin həyata keçirilməsi, o cümlədən plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçı qanunvericiliklə tələb olunan bütün sənədləri cavabdehə təqdim etmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın vəzifəsi torpağın naturada yerini taparaq şəxsə təhvil vermək deyil, torpaqayırma barədə hüquqmüəyyənedici sənədlər əsasında torpaqayıran qurum tərəfindən naturada təhvil verilmiş, qanuni istifadədə olan torpaq sahəsinə hüquqların qeydiyyatını aparmaqdır. Hazırkı iş üzrə iddiaçı nə qədər ki, ona ayrıldığını iddia etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim etməmiş, onun mərzləşdirilməsi və inventarlaşdırılmasını aparmamışdır, belə bir halda cavabdehin imtinası iddiaçının hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4560/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4560/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver