Məhkəmə qərarları › İş №2-1(112)-4562/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4562/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4562/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət özəlləşdirmə payları ilə bağlı mülkiyyət hüququnun bərpası və 40 000 (qırx min) manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Dövlət Əmlakının Özəlləşdirilməsinə dair X3 əsasən, dövlət əmlakının özəlləşdiriləcək hissəsi 70-80 faiz təşkil etməli idi. 1994-cü ilin iyulun 1-nə Azərbaycanın bütün əsas fondları 4,5 trilyon manat, yaxud 1 milyard dollar həcmində qiyməndirilsə də, 1996-cı ilin iyun ayında Nazirlər Kabineti əsas fondların yenidən qiymətləndirilməsində əmsalı müəyyən etmək üçün xüsusi hökumət komissiyasının yaradılması barədə qərar verdi. Dövlət Əmlak Komitəsinin mütəxəssislərinin ilkin hesablamalarına görə 1996-cı ilin ortalarında əsas fondların dəyəri təqribən 25 milyard dollar təşkil edib. Rəsmi yenidən qiymətləndirmədən sonra dövlət orqanları dövlət əmlakının dəyərinin 76,8 trilyon manat, yaxud müvafiq dövrün məzənnəsi ilə 18,7 milyard dollar təşkil etdiyini açıqladılar. Lakin bütün bunlardan məlum olduğu kimi, inflyasiyadan qorunmaq məqsədi ilə dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri birbaşa qanunvericiliklə tənzimlənməyib, amma hesablana biləcək bir üsulla müəyyən edilməsinin mümkün olduğunu ifadə edib. Dövlət əmlakının özəlləşdirilməsinə dair İ Dövlət Proqramında qeyd olunur ki, özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32 000 000 hissəsidir. Mütəxəssislərə görə, bu, o deməkdir ki, hər bir dövlət özəlləşdirmə payına düşən əmlak dəyəri inflaysiyanın da təsirindən qorunan maddi ekvivalentə malikdir. Məhz Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 222 saylı əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalarına əsasən, bu nominal dəyəri hesablamaq mümkündür. Belə ki, həmin Qaydaların 2-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faiz miqdarında, lakin 2000 (iki min) manatdan az olmamaq şərti ilə müəyyən edilir”. Həmin dövrdə 1 dollar 4000 manat və 1 opsionun qiyməti ən azı 50 sent olub. Deməli, 1997-ci ildə 1 ədəd dövlət özəlləşdirmə çekinin nominal dəyərinin ən azı 500 X2 dolları olduğu müəyyən edilir. Təbii ki, bir dövlət özəlləşdirmə payında 4 çek olduğunu nəzərə alsaq, bir paya düşən mülkiyyət əmlak ekvivalentinin ən azı 2000 X2 dolları olduğunu deyə bilərik. Başqa bir ifadə ilə, 1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) veriləndən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən 1997-ci il tarixli DƏK-in əmrindən belə məlum oldu ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 X2 dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 X2 dolları olub. İqtisadçı-alim Elşad Məmmədova görə, həmin vaxtdan ötən 25 il ərzində baş verən inflyasiyanı nəzərə aldıqda, hər bir özəlləşdirmə payının hazırkı əmlak ekvivalentinin dəyəri 10 dəfə artaraq 20 000 ABŞ dolları hesablana bilər. Bu il sentyabrın 12-də X6 tərəfindən özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə 1483 saylı qeydiyyatla məktub daxil olub. Avqustun 18-də isə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin adından Konstitusiya Məhkəməsinə 1518 saylı qeydiyyatla və eyni məzmunlu məktub daxil olub. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Dövlət Özəlləşdirmə çeklərinə (DÖÇ) 40 000 (qırx min) manat ekbalentində özəlləşdirmə əmlak payı verilməsi barədə Bakı İnzibati Məhkəməsində icraatda olan 686 vətəndaşın iddiasına uyğun olaraq Dövlət özəlləşdirmə payları ilə bağlı mülkiyyət hüququnun bərpası və 40 000 (qırx min) manat məbləğində kompensasiyanın ödənilməsini xahiş edir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdeh orqana iddiaçı tərəfindən sözügedən tələblə müraciət edilməməsini bildirərək iddianın mümkün sayılmamasını xahiş etdi.

II. İddianın mümkünlüyü

5. İddia tələbinin mahiyyəti iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpa edilməsi ilə bağlı tədbir görülməməsindən ibarətdir.

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X4rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X5rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

11. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə cavabdehə müraciət edilməmişdir.

12. İşin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı müvafiq sübutu məhkəməyə təqdim edə bilməmişdir.

13. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.

14. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehə müraciət edilməsi halı mövcud olsaydı belə, iddia tələbində qeyd edilən məsələ inzibati icraatın predmeti olmadığından həmin məsələ ilə bağlı qaldırılmış iddianın inzibati məhkəmə müdafiəsi hüququ yoxdur.

15. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

16. Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanına əsasən dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci ilin yanvar ayının 1-də başa çatmışdır.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

18. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilən tələb inzibati icraatın predmeti olmadığından qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil.

19. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı qeyd edilən müddətdə ona məxsus olduğunu iddia etdiyi səhmləri üzrə dividend ödənilməsinin və ya həmin çeklərdən qeyd edilən dövrdə tədiyyə vasitəsi kimi istifadə etmə imkanlarının mümkünsüzlüyünü istisna edən halları əsaslandırmamışdır.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar