Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4563/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük kodunun əvvəlki qaydada rəsmiləşdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ölkəyə idxal etdiyi “alüminium profillər” (göstəriciləri 12 mm CİFT CAM Citası- 418836 metr) xammalının gömrük kodunun əvvəlki qaydada 760410 kodu ilə rəsmiləşdirilməsinə göstəriş verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasında yerləşən “ABG Group İnş.San İç ve Dış Tic LTD ŞTİ” şirkəti ilə İddiaçı MMC arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə uyğun olaraq ölkəyə “aluminium profillər” (göstəriciləri 12 mm CİFT CAM Çitası -418836 metr) Bakı Baş Gömrük İdarəsinə bəyan edilməklə idxal edilmişdir. İddiaçı tərəfindən 5 ildən çoxdur ki, ölkə ərazisinə gətirilən “alüminium profillər” xammalı (göstəriciləri 12 mm CİFT CAM Çitası -418836 metr) məhsulunu gömrük bəyannaməsinin müvafiq qrafalarında mal kodu 76410 olaraq bəyan edilir. Həmçinin X2nda keçirilmiş əvvəlki baxışlarda da daxil edilmiş 76410 kodu düzgün tətbiq edilmişdir, lakin buna baxmayaraq, Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri tərəfindən məhsulun gömrük kodunun müəyyən edilməsi məqsədi ilə X2 İdarəsinə müraciət edilmişdir. X2 İdarəsinin müvafiq vəzifəli şəxsi(ləri) işi hərtərəfli və obyektiv araşdırmadığından təqdim etdikləri rəydə şirkət tərəfindən ölkə ərazisinə gətirilmiş “alüminium profillər” (göstəriciləri 12 mm CİFT CAM Çitası -418836 metr) xammalının gömrük kodunun düzgün tətbiq edilmədiyini və bəyannamədə malın gömrük kodunun 761090 qeyd olunmasını qeyd etmişlər. X2 İdarəsinin müvafiq vəzifəli şəxsləri malın gömrük kodunun müəyyən edilməsi zamanı düzgün qənaətə gəlməmişdir. Belə ki, qeyd olunan məhsulun Dövlət Gömrük Komitəsinin rəsmi saytında (https://c2b.customs.qov.az/tnved public.aspx) düzgün kodunu müəyyən etmək olur. X2 İdarəsinin əməkdaşı tərəfindən mövcud mala uyğun olmayan kodun seçilməsi anlaşılan deyil. Belə ki, ekspert tərəfindən xammalın pəncərə üçün şüşə emalında istifadə olunan alüminium profili xammal kodunu Alüminium metal konstruksiyalar (9406 mal mövqeyində təsnif edilən yığma inşaat metal konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, qüllələr, şəbəkəli dirəklər, dam örtükləri, inşaat fermaları, qapılar, pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, sürahibəndlər, dayaqlar və sütunlar); metal konstruksiyalarında istifadə üçün nəzərdə tutulmuş təbəqələr, çubuqlar, profillər, borular və analoji alüminium məmulatları: qapılar, pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, ********** digərləri hissəsinə aid etmişdir. Halbuki həmin xammal 5 ildən çoxdur ki, malın mövcud göstəricilərinə uyğun olaraq gömrük kodu 760410 təyin edilmişdir. Dövlət Gömrük Komitəsinin rəsmi saytında da (https://c2b.customs.qov.az/tnved public.aspx) 76410 kodu alüminium və ondan hazırlanan məmulatlara aid edilib və hissə seçildikdən sonra müvafiq olaraq profillər hissəsi düzgün kod kimi seçilmişdir. Hazırda həmin məhsul xammal istehsal üçün zəruri olduğundan və həmin malın istehsala təqdim edilməməsi istehsalın dayanmasına səbəb olacağından iddiaçı tərəf müvəqqəti olaraq Gömrük İdarəsinin tələblərini ödəməyə çalışmışdır. “Gömrük ekspertizasının aparılması Qaydaları”’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanunu mövcuddur. Həmin qanunda Gömrük ekspertizasının aparılması qaydaları açıq şəkildə müəyyən edilmişdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, Gömrük Məcəlləsinin 322.1 -ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər. Həmçinin Gömrük ekspertizasının aparılması zamanı bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri Gömrük Məcəlləsinin 324.1-ci maddəsinə uyğun olaraq ekspertə əsaslandırılmış etiraz etmək hüququna malikdirlər. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert tərəfindən yazılı formada rəy hazırlanır, imzalanır və təsdiqlənməsi üçün gömrük laboratoriyasının rəhbərinə təqdim edilir. Gömrük laboratoriyasının rəhbəri ekspert rəyini nəzərdən keçirərkən, onun düzgün rəsmiləşdirilmədiyini və ya yanlış nəticə çıxarılmasına səbəb ola biləcək natamam tədqiqat aparıldığını, ekspertizanın aparılması metodikasının pozulduğunu aşkar edərsə, rəy zəruri dəyişikliklər və dəqiqləşdirmələr edilməsi üçün ekspertə qaytarılır. İddiaçı tərəf bu məqsədlə, ölkəyə idxal edilmiş “alüminium profillər” xammalının 760429 kodda olubolmaması barədə əlavə və ya təkrar ekspertizanın keçirilməsinə, yaxud yanlış nəticə çıxarılmasına səbəb ola biləcək natamam tədqiqat aparılması səbəbindən təqdim edilmiş rəyin zəruri dəyişikliklər və dəqiqləşdirmələr edilməsi üçün ekspertə qaytarılmasına köməklik göstərməsi üçün X2 İdarəsinə yazılı müraciət etsə də, bir nəticə əldə edilməmişdir. Hazırda sahibkar olaraq iddiaçının maraqları kobud şəkildə pozulur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə yazılı vəsatət təqdim edilmişdir. Vəsatətdə bildirilmişdir ki, iddiaçı iddia ərizəsində X3 İdarəsinin malın təsnifat kodu barədə verdiyi rəyi mübahisələndirsə də, Bakı Baş Gömrük İdarəsini cavabdeh kimi göstərməklə iddiaya cavab verməli olmayan inzibati orqana qarşı tələb irəli sürmüşdür. İş üzrə keçirilmiş hazırlıq iclasında məhkəmə tərəfindən iddiaçının cavabdehə iddia predmeti ilə əlaqədar müraciətinin olubolmaması barədə şifahi sorğu verilmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, iddiaçı 06 noyabr 2023-cü il tarixdə cavabdehə iddia tələbi ilə əlaqəsi olmayan təkrar ekspertizanın keçirilməsi ilə əlaqədar müraciət etmiş, həmin müraciət cavadeh tərəfindən 14 noyabr 2023-cü il tarixdə cavablandırılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hesab edilir ki, iddia tələbinin mümkünlüyü yoxlanılmalı, mümkün sayıldığı təqdirdə məhkəmə iddiaçının razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz etməli, əks təqdirdə hazırkı iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının tələblərini rəhbər tutaraq, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddia tələbinin mümkünlüyünün yoxlanılması, mümkün sayıldığı təqdirdə cavabdeh Bakı Baş Gömrük İdarəsinin əsl cavabdeh X2 İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsi, yaxud da iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətə uyğun məzmunda izahat verdi və sonda iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.2-ci bəndlər). İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının tələbi ölkəyə idxal etdiyi “alüminium profillər” (göstəriciləri 12 mm CİFT CAM Citası- 418836 metr) xammalının gömrük kodunun əvvəlki qaydada 760410 kodu ilə rəsmiləşdirilməsidir. Lakin iş materialları ilə iddiaçı tərəfindən eyni tələb üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə müraciət edilməsi müəyyən edilmir. Belə ki, iş materiallarında olan xx.xx.2023cü il tarixli ərizədən görünür ki, İddiaçı MMC-nin Bakı Baş Gömrük İdarəsinə müraciəti **********2029 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında qeyd olunan gömrük malının 760429 kodda olub-olmaması barədə əlavə və ya təkrar eksertizanın keçirilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, cavabdehə ilkin müraciət idxal edilmiş malların gömrük kodunun müəyyən edilməsi ilə əlaqədar müvafiq ekspertizanın keçirilməsi ilə bağlı olduğu halda, iddia tələbi idxal edilmiş malların gömrük kodunun konkret gömrük kodu ilə (760410) rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə yönəlmişdir. Belə olan halda, iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığına görə hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. İddiaçı tərəf məhkəməyə gəlinən qənaətin əksini sübut edən hər hansı dəlil təqdim etməmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İstinad olunan Plenum Qərarında həmçinin göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Göstərilənləri nəzərə alaraq iddiaçının iddia ərizəsində göstərilən ünvanına hüquqi yardım məktubu göndərilmiş və hazırkı tələbi ilə bağlı cavabdehə müraciətinin təqdim edilməsi təklif edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4563/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4563/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver