Məhkəmə qərarları › İş №2-1(112)-4564/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4564/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4564/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin direktoru kimi onu işçi X5 əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə 1.400 (bir min dörd yüz) manat cəridə edilməsi barədə xx.xx.2021-ci il tarixli İnzibati təhbeh etmə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli İnzibati tənbeh etmə haqqında qərarı ilə (M1065038 saylı) "xxxx" MMC-nin direktoru kimi onu işçi X5 əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzaibati xətaya görə 1.400 (bir min dörd yüz) manat cərimə etmişdir. "xxxx" MMC-nin Azərbaycan Respublikasında 2020-ci ilin mart ayından sonra tətbiq edilən sərt karantin və fövqəladə vəziyyət rejimlərin qüvvədə olduğu dövrlərdə işləmədiyi üçün, işlədiyi az müddətlərdə isə səmərəli fəaliyyət göstərmək mümkün olmadığına görə Ş.C.Həsənovanın əmək haqqını qeyd edilən obyektiv səbəblərdən vaxtında ödəmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi isə cəmiyyətin belə bir vəziyyətdə normal fəaliyyət göstərə bilmədiyi üçün Ş.C.Həsənovanın əmək haqqını obyektiv səbəblərdən vaxtında ödəyə bilmədiyini nəzərə almamışdır. MMC onun əmək haqqını verməkdən imtina etməmişdir. Cəmiyyətin hesabında kifayət qədər pul vəsaiti olmadığı üçün onun əmək haqqını vaxtında ödəyə bilməmişdir. MMC normal fəaliyyət göstərən kimi onun əmək haqqı tam ödəniləcəkdir. İddiaçı hesab edir ki, Əmək Müfəttişliyi göstərilənləri nəzərə almayıb onu 1400 manat cərimə etməsi əsassız və qanunsuzdur, qanunu formal surətdə tətbiq etməkdir. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin Cəmiyyətin direktoru kimi onu işçi X5 əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə 1.400 (bir min dörd yüz) manat cərimə etməsi barədə xx.xx.2021-ci il tarixli İnzibati tənbeh etmə haqqında qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti məhkəməyə təqdim etdiyi xx xxxx 2021-ci il tarixli **********7 nömrəli etirazda iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən barəsində qəbul olunmuş xx.xx.2021-ci il taixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı iddiaçı qismində inzibati məhkəməyə müraciət etmiş, bununla da, məhkəmə aidiyyəti normalarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 2012-ci il 04 oktyabr tarixli Qərarından görünür ki, İXM-də inzibati xətalara dair məhkəmə aidiyyəti 360.1-ci maddədə dəqiq göstərilsə də, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən İXM-in Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərdən verilən şikayətlərin aidiyyəti məsələsi, müraciət edənin fikrincə məhkəmə təcrübəsində fərqli təfsir olunur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest İXM-in 430-cu maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından kollegial orqanın olduğu yerin məhkəməsinə və səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Öz növbəsində İXM-in 431-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi qaydasını müəyyən edir. Həmin maddədə inzibati xəta haqqında iş üzrə hakimin qərarından şikayətin apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından şikayətin isə kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi nəzərdə tutulmuşdur. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir (İXM-in 431.1.3-cü maddəsi). İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Sadalanan normalara uyğun olaraq Xidmətin Bakı şəhər İdarəsi tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 həmin qərarla razı olmadığı halda ya yuxarı səlahiyyətli orqana, ya da rayon məhkəməsinə şikayətçi qismində ərizə ilə müraciət etməli idi. Belə olan halda Azər Şirvanzadənin iddiaçı qismində sözügedən qərarı inzibati məhkəmədə mübahisələndirməsi qanunvericilik cəhətdən yolverilməzdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respbulikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Həmin Qanunun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bununla da müəyyən edilir ki, iddiaçı X2 qərardan verdiyi şikayət iddia qaydasında inzibati məhkəmələrə deyil, inzibati xətalara dair işlər üzrə icraatın aparılmasına əsasən rayon (şəhər) məhkəmələrinə verilməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan; İnzibati tənbeh vermə haqqında MN № ******* nömrəli qərarla “xxxx” MMC-nin direktoru X3, vətəndaş X5 əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verdiyindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1.400 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə iddiaçının tələbi inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlıdır. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. xx.xx.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddəsinə əsasən məhkəmə, Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar