Məhkəmə qərarları › İş №2-1(112)-4564/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4564/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4564/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli, **********69 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru X8 ilə İddiaçı arasında bağlanmış 1985-ci il tarixli məhsulun istehsalına dair podrat müqaviləsi və Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru T.Şəfiyev Cavad oğlu ilə İddiaçı arasında bağlanmış 1986-cı il tarixli məhsul istehsalına dair podrat müqaviləsi ilə İddiaçı istifadəsinə verilmiş cəmi 4.6 ha torpaq sahəsinin hazırda faktiki olaraq onun sahiblik və istifadəsində olan 0.71 ha hissəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Hacıyev X6 tərəvəzçilik-südçülük sovxozunun xx.xx.1963-cü il tarixli, 89 saylı əmrinə əsasən həmin sovxozun tərəvəzçilik şöbəsinə mövsüm üzrə fəhlə qəbul edilmiş və xx.xx.1992-ci il tarixli, 65/o saylı əmrinə əsasən müqavilə müddəti bitdiyinə görə işdən azad edilmişdir. xx.xx.1995-ci il tarixli, 42/k saylı əmrinə əsasən xx.xx.1995-ci il tarixdən mövsümlə əlaqədar olaraq tərəvəzçilik briqadasına müvəqqəti fəhlə qəbul edilmiş və xx.xx.1996-cı il tarixli, 32/k saylı əmrinə əsasən işdən azad edilmişdir. Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru X8 ilə İddiaçı arasında bağlanmış 1985-ci il tarixli məhsulun istehsalına dair podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sovxoz ərazisindən 2.1 hektar torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş (müvəqqəti təhkim olunmuş) və İddiaçı həmin torpaq sahəsindən keyfiyyətli məhsul əldə edib sovxoza təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bundan başqa, Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru T.Şəfiyev Cavad oğlu ilə İddiaçı arasında bağlanmış 1986-cı il tarixli məhsul istehsalına dair podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sovxoz ərazisindən 2.5 hektar torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş (müvəqqəti təhkim olunmuş) və İddiaçı həmin torpaq sahəsindən keyfiyyətli məhsul əldə edib sovxoza təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin torpaq sahələri müqavilə bağlandığı tarixlərdən İddiaçı sahiblik və istifadəsində olmuş, sonradan torpaq sahələrinin çox hissəsi digər şəxslər tərəfindən zəbt olunaraq İddiaçı sahiblik və istifadəsindən çıxmış, hazırda İddiaçı faktiki sahiblik və istifadəsində olan torpaq sahəsinin ümumi ölçüsü 0.71 ha təşkil edir. Mübahisə predmeti olan torpaq sahələrinin hazırda İddiaçı faktiki istifadəsində olan 0.71 ha hissəsi torpaq sahələrinə dair müqavilə bağlandığı vaxtdan hazırki vaxtadək iddiaçının faktiki sahiblik və istifadəsində olmaqla, iddiaçı həmin torpaq sahələrinin onun adına qeydiyyata alınması üçün Buzovna tərəvəzçilik-südçülük sovxozunun torpaqlarına dair qaytanlanmış kitablardan çıxarışın surətlərinin, həmçinin 1985 və 1986-cı ildə İddiaçı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozu arasında bağlanmış müqavilələrə dair şəhadətnamənin surətinin əldə edilməsi üçün müxtəlif idarə və təşkilatlara sorğular verilsə də, həmin sənədlərin mövcud olmaması ilə bağlı hər hansı bir məlumat verilməmiş, cavab vermiş idarə və təşkilatlar həmin sənədlərin onlarda olmadığını və ya başqa idarə və təşkilatlara təhvil verildiyini bildirmişlər. Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli, F-1166 nömrəli məktubunda Buzovna tərəvəzçilik-südçülük sovxozunun sənədlərinin saxlanılması üçün Abşeron Rayon Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2020-ci il tarixli, H-448-112 nömrəli məktubunda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən sənədlərin Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığı göstərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 3-52/2-H-126/2-112/2023 nömrəli məktubunda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən qərarların və X7 sənədlərinin Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA-04201-2022 nömrəli məktubunda Abşeron rayon Buzovna Südçülük-Tərəvəzçilik Sovxozunun arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi göstərilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli. 5-29/1-1406/2024 nömrəli məktubunda Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun torpaqlarına dair qaytaqlanmış kitablardan çıxarışların Abşeron Rayon Dövlət Arxivinə təhvil verildiyi göstərilmişdir. Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 324/2024 nömrəli məktubunda Abşeron rayon Buzovna tərəvəzçilik-südçülük sovxozuna dair qaytanlanmış kitabların saxlanılması və mühafizəsi üçün Abşeron Rayon Dövlət Arxivinin arxiv fonduna təhvil verilmədiyi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-10466/24 nömrəli məktubunda “təsərrüfatbaşına kitablardan çıxarış”, “Kolxoz və Sovxozun Qaytağlanmış kitablarından çıxarış” və “müqavilələrin şəhadətnamələrinin ərazi idarəsinin arxivində saxlanılmadığından İddiaçı məxsus tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin arxiv sənədlərinin surətlərinin təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi mübahisə predmeti olan və Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru X8 ilə İddiaçı arasında bağlanmış 1985-ci il tarixli məhsulun istehsalına dair podrat müqaviləsi və Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru T.Şəfiyev Cavad oğlu ilə İddiaçı arasında bağlanmış 1986-cı il tarixli məhsul istehsalına dair podrat müqaviləsi ilə İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin hazırda faktiki olaraq onun sahiblik və istifadəsində olan 0.71 ha hissəsi digər şəxslər, dövlət və özəl idarə və təşkilatlar tərəfindən mübahisələndirilməməsinə, qeyd olunan müqavilələrin İddiaçılə bağlanması faktı mövcud olmasına, həmçinin torpaq sahəsinə dair digər arxiv sənədlərinin İddiaçı tərəfindən əldə edilməsi üçün cəhdlər edilməsinə baxmayaraq ondan asılı olmayan səbəblərdən əldə edilməməsinə və İddiaçı faktiki olaraq sahiblik və istifadəsində olan torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müraciət etməsinə baxmayaraq həmin müraciətin təmin edilməsindən imtina edilmişdir. Hazırda Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru X8 ilə İddiaçı arasında bağlanmış 1985-ci il tarixli məhsulun istehsalına dair podrat müqaviləsi və Buzovna tərəvəzçilik-südçülük sovxozunun direktoru T.Şəfiyev Cavad oğlu ilə İddiaçı arasında bağlanmış 1986-cı il tarixli məhsul istehsalına dair podrat müqaviləsi ilə İddiaçı istifadəsinə verilmiş cəmi 4.6 ha torpaq sahəsinin hazırda faktiki olaraq onun sahiblik və istifadəsində olan 0.71 ha hissəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi zəruridir. Buna baxmayaraq həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə birlikdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə digər sənədlər də təqdim edilsə də, cavabdeh həmin sənədləri görməzdən gəlmiş və nəzərə almamışdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə sahənin bir hissəsinə digər şəxs (X9) tərəfindən müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı ərizə təqdim etmiş, lakin üzrlü səbəblə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Buzovna bələdiyyəsinin 02/365 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, X3 sovxozu ərazisi (Malik Musayev küçəsi) Buzovna Bələdiyyəsinin balansında deyil. İddiaçı istifadəsində olan Buzovna qəsəbəsi, Buzovna tərəvəzçilik sovxozu ərazisində (Malik Musayev küçəsi) yerləşən torpaq sahəsi uzun illər İddiaçı ulu babasının istifadəsində olmuş, daha sonra isə İddiaçı həmin torpaq sahəsindən istifadə etmişdir. Göstərilənlər Azərbaycan Respublikasının X13 məktubu və qəsəbə sakinlərinin notariat qaydasında təsdiq olunmuş ərizələri ilə də tam təsdiq olunmuşdur. X1 Bələdiyyəsi yarandığı tarixdən 2012-ci ilə qədər istifadəsində olan torpaq sahəsinə dair torpaq vergisi vermiş, daha sonra isə həmin vergilər X3 sovxozuna ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publlk hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-20134/23 nömrəli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə ayrılmış əraziləridir. Sahə 3 (üç) hissədən ibarət olmaqla ümumilikdə 7194,0 kv.m təşkil edir. İddiaçı hazırda istifadəsində olan həmin torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmaqla çıxarışın verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, iddaçı bu sənədlərdən heç birini təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, iddiaçı həmin Siyahıda göstərilən sənədlərdən hər hansı birini də təqdim etməmişdir. İddiaçı iddia ərizəsində torpaq sahəsindən uzun müddət istifadə etməsinə, hazırda sahibliyində olmasına və 1985 və 1986-cı ildə onunla Buzovna tərəvəzçilik-südçülük sovxozu arasında bağlanmış podrat müqavilələrinə istinad etmişdir. Lakin həmin hallar Qanuna əsasən təqdim edilməsi tələb olunan sənədləri əvəz edə bilməz. Belə ki, işdən görünür ki, həmin müqavilələr kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı podrat müqaviləsidir, həmçinin müqavilələrin milli arxiv fondunda əsası mövcud deyil. Qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda sadalananlardan məlum olduğu kimi, iddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar