Məhkəmə qərarları › İş №2-1(112)-4566/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4566/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4566/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair qeydin bir hissədə ləğv edilməsi və fərdi yaşayış evinə vahid daşınmaz əmlak kimi hüququn qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) Karaev Vidadinin, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair qeydin bir hissədə ləğv edilməsi və fərdi yaşayış evinə vahid daşınmaz əmlak kimi hüququn qeydə alınması” öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 aprel 2024cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Zabrat küçəsi, 25 saylı fərdi yaşayış evi: İlkin olaraq xx.xx.1967-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 4 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1972-ci il tarixli 4-1-13478 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi X4 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1979-cu il tarixli 1KN-63 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi xx.xx.1979cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir; Hərrac Təşkilatının xx.xx.2016-cı il tarixli 03/01 nömrəli hərracın yekunları barədə protokola, xx.xx.2016-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə- 877 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı həmin fərdi yaşayış evinə dair çıxarışdan XXXX adının silinməsi və yaşayış evinin digər ½ hissəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciətlər etmişdir. Cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…qeyd olunan fərdi yaşayış evinin digər 1/2 hissəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Zabrat küçəsi, 25 saylı fərdi yaşayış evinin digər ½ hissəsinin üzərində mülkiyyət payı ilə bağlı açıq saxlanılan (qeydiyyat nömrəsi ilə qeyd olunmuş hüquq sahibinin adı XXXX qeyd olunmuş) qeydin ləğv edilməsi, həmin fərdi yaşayış evinin üzərində (vahid əmlak şəklində) tam mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrdindən çıxarış və plan-çizgi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, 30 iyul 2021-ci ildə "xxxx" ASC ilə notarial qaydada bağlanmış alqısatqı müqaviləsinə əsasən fərdi yaşayış evini almışdır. Mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə “**********” nömrə ilə qeydə alınmış və reyestrdən müvafiq çıxarış verilmişdir. Çıxarış aldıqdan sonra məlum olmuşdur ki, "xxxx" ASC onun fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququnu ona keçirməyi razılaşsa da, reyestrdə evin üzərində 1/2 hissədə paylı mülkiyyət hüququnu qeydə almış, digər 1/2 hissə isə açıq saxlanılmışdır. Ona verilən mülkiyyət hüququna dair çıxarışda fərdi yaşayış evinin üzərində olan digər 1/2 hissədə mülkiyyət payı açıq saxlanılmaqla qeydiyyat nömrəsi və hüquq sahibinin adı qeyd olunmamışdır (“xxxx" kimi qeyd olunmuşdur). Bütün bunlar əsas verir ki, həmin fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ qeydə alınsın. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçı iki fərqli ərizə ilə cavabdehə müraciət etmiş, ilkin müraciətində açıq saxlanılan ½ hissədə qeydin silinməsi, sonrakı müraciətində isə, evion tam vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydı alınmasını xahiş etmiş, cavabdeh iddiaçının hər iki müraciətinə imtina vermişdir. Ona görə də, iddia tələbi iddiaçının cavabdeh orqana müraciətlərinə uyğundur. Digər tərəfdən iddiaçının mübahisələndirdiyi qeydin aparılmasına əsas alqı-satqı müqaviləsi olsa da, iddiaçı alqı-satqı müqaviləsinin etibarlılığı və ya ləğvinə dair iddia irəli sürmür və bu halı mübahisələndirmir. İddiaçı hesab edir ki, evin digər ½ hissəsi açıq saxlanıldığından həmin hissədə qeyd ləğv edilməli və ev üzərində vahid daşınmaz əmlak kimi tam mülkiyyət hüququ qeydə alınmalıdır. İddia tələbinin faktiki əsasını məhz bu əsas təşkil etdiyindən (qeydin aparılmasına əsas olmuş əqdin mübahisələndirimləsinə deyil, cavabdeh inzibati orqanın faktiki xarakterli hərəkətinə yönəldiyindən), eyni zamanda tələbin ikinci hissəsi də inzibati mübahisə olduğundan məhkəmə hesab edir ki, hər iki tələbi bir icraatda və inzibati məhkəmədə baxılması mümkündür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, mübahisəli fərdi yaşayış evini Hərrac Təşkilatının xx.xx.2016-cı il tarixli 03/01 nömrəli hərracın yekunları barədə protokola, xx.xx.2016-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin adına qeydiyyatdan keçmiş, Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. İddiaçının hazırkı tələbi irəli süməkdə hüquqi marağı evin açıq saxlanılan ½ hissəsinə dair qeydin ləğv edilməsi və əmlak üzərində tam şəkildə mülkiyyət hüququnu qeydə aldırmaqdan ibarətdir. Cavabdeh isə iddiaçının digər ½ hissəyə dair hüquqmüəyyənedici sənəd təqdim etməməsi əsaslı ilə iddia tələbinə etiraz edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır, iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, iddiaçının həmin mənzillə bağlı hüququ "xxxx" ASC bağladığı alqı-satqı müqaviləsinə əsasən yaranmışdır. Bank da öz növbəsində həmin mənzili xx.xx.2016-cı il tarixli 03/01 nömrəli hərracın yekunları barədə protokola, xx.xx.2016-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləyə əsasən əldə etmişdir. Evin hərracdan satılmasına isə, evin ½ hissəsinin əvvəlki mülkiyyətçisi olan Lyudmila Heydərovanın banka olan borcuna görə tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı olmuşdur. L.Heydərova da evin ½ hisssəsinin mülkiyyəçisi olmuş və həmin hissəni bankda ipoteka ilə yüklü etmişdir. Belə ki, evin ilkin sahibi X3 evin ½ hissəsini, xx.xx.1972-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Əziz Cəbiyevə, sonuncu da xx.xx.1979-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Lyudmila Heydərovaya satmışdır. Göründüyü kimi, bütün alqı-satqı müqavilələrinin predmetini fərdi yaşayış evinin ½ hissəsi təşkil etmişdir. Digər ½ hissə isə, evin ilkin mülkiyyətçisinin mülkiyyətində qalmış və çıxarışda adı göstərilməməklə həmin hissənin açıq saxlanılması qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı evin mübahisələndirdiyi digər ½ hissəsinə dair hüquqmüəyyənedici sənədlərə malik deyildir. Ona görə də, cavabdehin imtinası əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: ... 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; ... 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar