Məhkəmə qərarları › İş №2-1(112)-457/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-457/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-457/2023 25.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən, torpağı da özəlləşdirilmiş qeyri-yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 (bir yüz iyirmi üç min) manat kompensasiyanın İddiaçınə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X4 təsisçisi və rəhbəri olduğu İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Rza və Füzuli küşələrinin kəsişməsində, ümumi sahəsi 79.3 kv.m. olan mağazası olmuşdur. Həmin qeyri-yaşayış sahəsi və altındakı torpaq mülkiyyət hüququ kimi həmin kiçik müəssisənin adına qeydiyyat keçmiş və qeydiyyat vəsiqəsi verilmişdir. Mağaza mərhum atasının və ailəsinin dolanışıq yeri olmuşdur. Sonradan Bakı şəhər İcra Hakimiyyətinin 273 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə "xxxx" MTK-ya yaşayış binalarının tikintisi üçün ayrılmışdır. Daha sonra isə şəhər icra hakimiyyətinin strukturuna daxil olan orqan tərəfindən verilən ayrıc aktına əsasən həmin mağaza və yerləşdiyi torpaq sahəsi MTK-ya ayrılmış ərazinin hüdudlarından kənarda qalmışdır və həmin illərdə cavabdeh tərəfindən sökülmüşdür. Hazırda həmin mağazanın olduğu yerdə Füzuli küçəsi və səki genişləndirilmiş şəkildədir. Yuxarıda göstərilənlərlə əlaqədar məhkəmə mübahisələri də mövcuddur və həmin məhkəmələr vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı mağazası müəyyən dövr üçün "xxxx" MTK tərəfindən hasara alınmış ərazidə olsa da, sonradan dəqiqləşdirilmiş ayrıc aktı ilə həmin MTK-ya verilməmişdir. Qeyri-yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin ərazidə aparılan yenidənqurma və Füzuli küçəsinin genişləndirilməsi ilə əlqədar olaraq sökülmüşdür. Lakin, nə mərhum atasına, nə də onun hüquqi varislərinə indiyə kimi heç bir mavinət ödənilməmişdir. 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 2iqt(81 )- 2424/2013 saylı, 29 noyabr 2013-cü il tarixli qətnaməsindən görünür ki, həmin mağazanın sökülməsi üçün 123.000 (bir yüz iyirmi üç min) manat vəsaitin İddiaçı xeyrinə "xxxx" MTKdan tutulması qət edilmişdir. Lakin, sonradan həmin qətnamə Bakı Apellyasiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Daha sonra Bakı Apellyasiya məhkəməsinin həmin qətnaməsindən iş üzrə 3-cü şəxs olan Bakı şəhər İcra Hakimiyyəti kassasiya şikayəti vermişdir və onun kassasiya şikayəti təmin edilməmişdir. Belə ki, həmin kassasiya şikayətinin verilməsində məqsəd, Bakı şəhər İcra hakimiyyəti tərəfindən gələcəkdə iddia tələbinin özlərinə qarşı yönəldilməsinin qarşısının alınması olmuşdur. Lakin, Ali Məhkəmə həmin şikayəti təmin etməmişdir. Göstərilənlərə əsasən mağazanın sökülməsi nəticəsində vurulan zərərin kompensasiyası kimi 123.000 manat vəsaitin ödənilməsinə dair cavabdehə müraciət ünvanlanmışdır. Lakin, müsbət bir nəticə əldə edilməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinın alınması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MTK, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi öz izahatında İddiaçınə məxsus olan torpaq sahəsinin üzərində olan tikilinin (mağaza) cavabdeh tərəfindən söküldüyünü, hazırda onlara məxsus olmuş torpaq sahəsində Füzuli küçəsinin və səkinin genişləndirilmiş şəkildə olmasını, lakin onların mülkiyyətində olmuş torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına görə həmin binanın sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surəti; - İddiaçı X1 surəti; - iddiaçının hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciətinin surəti; - məhkəmə qərarlarının surətləri; - Torpaq sahəsinin planı və ölçüsünün surəti; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər; - Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub; - Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub; - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub; - İddiaçınə məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1ünvanında yerləşən qeyriyaşayış sahəsinin (torpaq sahəsi ilə birlikdə) qiymətləndirilməsi haqqında 2013 A/7-31 nömrəli Heabatının surəti; - “Əmlak Bazarı İştirakçıları” İB-nin ƏBİ/M 12-254 nömrəli xx.xx.2013-cü il tarixli Mütəxəssis Rəyinin surəti; - 01/23-143-1 nömrəli xx.xx.2023-cü il tarixli Mütəxəssis rəyi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin xx.xx.1997-ci il tarixdə tərtib edilmiş qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin Texniki Pasportuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlak 1920-ci ildə tikilmiş, ümumi və əsas sahəsi 7.93 kv.m təşkil edir. “Mülkiyyətçi və ya icarəçi” qrafasında İddiaçı göstərilmişdir. İş materiallarından görünür ki, Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 007530 nömrəli Şəhadətnaməyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanda yerləşən 7.93 kv.m qeyri-yaşayış sahəsi İddiaçınə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən 000039 nömrəli xx.xx.1998-ci il tarixli Şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanda qeyri-yaşayış sahəsinin yerləşdiyi 12.392 kv.m olan torpaq sahəsi İddiaçı tərəfindən satın alınmışdır. İş materiallarından görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanda yerləşən ümumi ölçüsü 7.93 kv.m olan qeyri-yaşayış binası və həmin əmlakın yerləşdiyi 0.001292 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq İddiaçınə məxsus olmuşdur. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi cavabdeh inzibati orqan tərəfindən sökülmüşdür. Həmçinin, tikilinin sökülməsinə dair müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarının olmasına dair müvafiq sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı hazırda mülkiyyətində olmuş torpaq sahəsində yerləşən həmin tikilinin sökülməsindən irəli gələn ona dəymiş ziyana görə ümumilikdə 123.000 manat kompensasiyanın ona ödənilməsini tələb edir. Həmçinin, iddiaçıya məxsus əmlakın sökülməsi və ona hər hansı kompensasiyanın ödənilməməsi iş materiallarına əlavə edilmiş məhkəmə qərarları ilə və məhkəmənin sorğularına cavab olaraq təqdim edilmiş məktublarla öz təsdiqini tapmışdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nəsimi rayonu, ünvan 3 ünvanında hər hansı obyektin köçürülməsi işləri və bununla bağlı kompensasiya ödənilməsi həyata keçirilməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən sorğuda göstərilən ünvan üzrə torpaq sahəsinin alınması, obyektin köçürülməsi nəzərdə tutulan əmlakların siyahısında qeyd olunub-olunmaması, köçürülmə ilə əlaqədar ödənilməsi nəzərdə tutulmuş məbləğlə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat daxil olmamışdır. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubuna əsasən “Qış park”ının tikintisi ilə əlaqədar Nəsimi rayonu ünvan 3 ünvanında və onun ətrafında olan yaşayış və qeyri-yaşayış obyektlərin söküntü və köçürülmə işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparıldığı üçün ünvan 3 ünvanında yerləşən 7,93 kv.m. olan qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq haqqında Nəsimi Rayon İcra Hakimiyyətinin cari arxivində məlumat yoxdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-2424/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək cavabdeh "xxxx" MTK-dan iddiaçının xeyrinə 123.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt (81)-2424/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi və cavabdeh "xxxx" MTKdan iddiaçının xeyrinə 123.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-375/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsində göstərilmişdir: “Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını, habelə ekspert rəylərini müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, Bakı şəhər icra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 397 saylı sərəncamı ilə Nəsimi rayonu Füzuli və Mərdanov qardaşları küçələrinin kəsişdiyi ərazidə “SKS Tradinq İndustrial” müəssiəsinə yaşayış binasının tikintisinə icazə verilmiş, ərazidə yerləşən qeyriyaşayış sahələrinin sökülməsinin "SKS Tradinq İndustrial" müəssiəsinin vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Daha sonra, Bakı Şəhərinin Baş Planına uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 273 saylı sərəncamı ilə Nəsimi rayonu Füzuli küçəsi 307-ci məhəllədə "SKS Tradinq İndustrial" müəssiəsinə ayrılmış torpaq sahəsinə əlavə olaraq 0,43 ha ərazi yaşayış binalarının tikintisi üçün cavabdehin istifadəsinə verilmiş və həmin sərəncamın 1.1-ci bəndi ilə ərazidə yerləşən fərdi yaşayış və qeyri yaşayış tikililərinin sökülməsi cavabdehə həvalə edilmişdir. Bu məqsədlə cavabdehə Bakı şəhəri İcra Hakimiyyətinin struktur vahidi olan Bakı şəhər Baş Memarlıq və Şəhərsalma İdarəsindən 27 fevral 2007-ci il tarixli, sonradan isə də 29 iyun 2010-cu il tarixli dəqiqləşdirilmiş ayrıc aktları təqdim olunmuşdur. Cavabdeh sərəncamdan irəli gələn vəzifələrini yerinə yetirmək üçün ilk ayrıc aktı üzrə hasarlama işləri aparmış və vəsaitə hesabına həmin əraziyə düşən qeyri-yaşayış sahələrinin köçürülməsi üçün danışıqlara başlamışdır. Bu zaman iddiaçının hazırda mübahisləndirdiyi qeyri-yaşayış sahəsi həmin ayrıc aktının hüdudları daxilində olmuşdur. İddiaçının hazırda mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin cavabdehə təqdim olunmuş 29 iyun 2010-cu il tarixli dəqiqləşdirilmiş ayrıc aktı ilə ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda qalması iş materialları ilə sübut olunduğundan iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli araşdırılmamış və nəticədə cavabdehin hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edilmişdir.” (Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi 9-cu səhifənin ikinci abzası) Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)- 375/2014 saylı xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir: “Hazırkı halda, Bakı şəhər İcra Hakimiyyəti sərəncam verərkən iş üzrə iddiaçının mülkiyyət hüquqlarına müdaxilə etmişdir. Buradan, cavabdeh "xxxx" MTK-ya qarşı irəli sürülmüş tələbin təmin olunmaması ayrıca icraatda hazırkı iş üzrə 3-cü şəxsə qarşı tələb irəli sürülməsinə səbəb ola bilər.” (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-375/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı 3-cü səhifənin aşağıdan birinci abzasının son iki cümləsi) İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona hər hansı cavab verilməmişdir. “Əmlak Bazarı İştirakçıları” İB-nin ƏBİ/M 12-254 nömrəli xx.xx.2013-cü il tarixli Mütəxəssis Rəyinə əsasən İddiaçı X3 məxsus, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının bazar qiymətlərinə uyğun dəyəri xx.xx.2013cü il tarixi üçün: 127 000 (bir yüz iyirmi yeddi min) manat təşkil etmişdir. “İddiaçınə məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1ünvanında yerləşən qeyriyaşayış sahəsinin (torpaq sahəsi ilə birlikdə) qiymətləndirilməsi haqqında 2013 A/7-31 nömrəli Heabatı”na əsasən qiymətləndirilən qeyri-yaşayış sahəsinin (torpaq sahəsi ilə birlikdə) 2013-cü il iyul ayına real bazar dəyəri 123.000 (bir yüz iyirmi dörd min) manat müəyyən edildi. İş materiallarından görünür ki, 01/23-143-1 nömrəli xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı X3 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2023-cü il tarixə olan: Bazar dəyəri: 124 000 (bir yüz iyirmi dörd min) manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh inzibati orqan tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmaqla sökülməsi və İddiaçınə hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri,şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Nəzərə almaq lazımdır ki, şəxs ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək üçün ən azından belə tələb hüququna malik olmalıdır. Şəxsin qeyd olunan tələb hüququ qanuna və yaxud başqa normativ hüquqi və ya inzibati akta və ya müqaviləyə əsaslanmalı, onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində həmin hüququn pozulmasına görə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, yuxarıda istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir...Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə bağlı öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyrimütənasib yük qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55-ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd; MorenoDiasPenya və başqaları Portuqaliyaya qarşı, 76- cı bənd). “Axverdiyev Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. Göründüyü kimi, iddiaçı qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyanı tələb edir. Məhkəmə qeyd edir ki, həm də qeyri-yaşayış binasının sökülməsi ilə tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının əlindən çıxmışdır. Yəni həmin torpaq sahəsinə dair hər hansı hüquqların həyata keçirilməsi imkanından da məhrum olmuşdur. Beləliklə də, iddiaçı qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində (həm torpaq, həm də bina üçün) vurulmuş ziyana görə 123.000 kompensasiya tələb etməkdə haqlı olmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 514 N-li, 2010-cu il tarixli Sərəncamına əsasən Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, D.Əliyeva, S.Vurğun, R.Rza, Topçubaşov və M.İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələri köçürülərək yeni park kompleksi (Qış parkı) salınmışdır. Sərəncama əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin köçürülmə işlərinin aparılması Bakı şəhər İcra Hakimiyyətinə tapşırılmışdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən torpağa dair hüquqları qeydə alınmış qeyri-yaşayış binasının iddiaçının xüsusi mülkiyyətində olması, Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verərkən iş üzrə iddiaçının mülkiyyət hüquqlarına müdaxilə etməsi, iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi, beləliklə də torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin əldən çıxması nəticəsində iddiaçıya hər hansı kompensasiya ödənilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçıya məxsus torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi cavabdeh inzibati orqan tərəfindən söküldüyündən, iddiaçının hazırda mülkiyyətində olmuş torpaq sahəsində yerləşən tikilinin sökülməsi nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etdiyindən və həmin ziyan ödənilmədiyindən ona 01/23-143-1 nömrəli xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla iddia tələbindən kənara çıxmamaqla 123.000 (bir yüz iyirmi üç min) manat məbləğində kompensasiya ödənilməsi təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 (bir yüz iyirmi üç min) manat kompensasiyanın İddiaçınə ödənilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində vurulmuş ziyana görə 123.000 (bir yüz iyirmi üç min) manat kompensasiyanın İddiaçınə ödənilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar