Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4570/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: mühəndis, işləmir), cavabdehin nümayəndəsi X1 (Laçın rayonunda qeydiyyatdadır, ixtisası: hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə müharibə veteranı kimi verilən sosial müavinətin 27 aprel 2016-cı ildən əvvəlki üç ilə görə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə müharibə veteranı kimi verilən sosial müavinətin 27 aprel 2016-cı ildən əvvəlki üç ilə görə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə Qarabağ döyüşlərində iştirak etmişdir, Ağdamda vuruşmuşdur. 27 aprel 2016-cı il tarixdə veteran adı və vəsiqəsi almışdır. İddiaçı 27 aprel 2016-cı il tarixdə müharibə veteranı statusu alsa da, bu hüququ artıq 1992-ci ildə yaranmışdır. Əvvəlki illərə görə iddiaçıya verilməli olan sosial müavinətin ödənilməsinə dair cavabdehə müraciət etsə də, müraciəti təmin olunmamışdır. Lakin qeyd edilən cavab iddiaçını qane etmir. Belə ki, Prezident təqaüdünün təsis edilməsi, müharibə veteranlarına verilən sosial müavinətin ləğv edilməsi iddiaçını veteranlığa görə əvvəlki illərə görə verilən müavinətdən məhrum edə bilməz. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiya dair etirazında bildirmişdir ki, vətəndaşa müvafiq müavinətə hüququ yaranmazdan, yəni müharibə veteranı statusu əldə etməmişdən əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 27.04.2016-cı il tarixdə 057824 nömrəli veteran vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nərimanov rayon şöbəsi vətəndaşa 30 yanvar 2017-ci il tarixindən, yəni veteran statusunu aldığı vaxtdan müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlrə görə müavinət təyin etmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına uyğun olaraq iddiaçıya təyin edilmiş müavinət 2019-cu il aprelin 1-dən 80 manat məbləğində Prezident təqaüdü ilə əvəz edilmişdir. Bundan sonra İddiaçı yenidən DSMF-nin Bakı şəhəri Nərimanov xidmət nümayəndəliyinə müraciət edərək, müharibə veteranı kimi ona ödənilməyən son üç il üçün müavinət ödənilməsini xahiş etmişdir. İddiaçı müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu piblik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müvafiq olaraq baxılaraq 15.09.2020-ci ildə olan imtina cavabı verilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtlənmişdir. Ona görə də bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə, veteranlara verilən müavinətin növü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir. Göründüyü kimi, müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin şəxsə sosial müavinət təyin edilməsi üçün hər hansı birbaşa qüvvəsi yoxdur və məhkəmənin iddiaçıya veteran vəsiqəsini almamışdan əvvəlki dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq etməsi əsassızdır. Belə ki, sosial müavinətlər haqqında qanunvericilik “müharibə veteranlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi” şərtini gətirir. Müvafiq icra hakimiyyti orqanı isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” olaraq müəyyən edir. Qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlərə, aylıq müavinətləri, taqaüdlərə hüququ yalnız şəxs tərəfindən müharibə veteranı statusu əldə edildikdən, müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra həyata keçirilir. Buna görə də veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Belə ki, qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. 01 aprel 2019-cu il tarixindən etibarən müharibə veteranlarına ödənilən müavinət Prezident təqaüdü ilə əvəz olunmuşdur ki, təqaüd təyinatına görə müavinətdən tamamilə fərqlənən digər bir sosial ödəniş formasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.4-cü maddəsinə əsasən təqaüd təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Göründüyü kimi, qanunvericilikdə təqaüdlərin əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulmamışdır. Deməli, hazırki halda iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün sosial müavinət almaq hüququ istisna edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyanına görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izаhаtlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır. İddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edən sübut qismində şəxsiyyət vəsiqəsinin, 27.04.2016-cı il tarixli, 057824 saylı müharibə veteranı vəsiqəsinin, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətləri və cavabdeh orqanın 15 sentyabr 2020-ci il tarixli məktubu təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının müavinət işində olan sənədlərin surətləri, DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının 06 may 2021-ci il tarixli və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25.05.2021-ci il tarixli məktubları təqdim edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ona 27.04.2016-cı il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi tabeliyində DSMF publik hüquqi şəxsinin Bakı şəhəri Nərimanov rayon Xidmət Nümayəndəliyinə veteran müavinətin təyin edilməsi ilə bağlı 02.09.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. İddiaçıya 01.04.2019-cu il tarixdən prezident təqaüdü təyin edilmişdir. Hal-hazırda iddiaçı ona 27 aprel 2016-cı ildən əvvəlki 3 illin müddət üçün sosial müavinət cavabdehdən tələb etmiş, cavabdeh isə iddiaçının tələbini əsassız hesab etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İşin təkzib olunmaz halıdır ki, iddiaçı müharibə veteranıdır, ona müharibə vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 27.04.2016-cı il tarixdə verilmişdir. Belə ki, 28 iyun 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir: “Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” Həmin Qanunun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyasına əsasən, İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi, müharibə veteranı vəsiqəsi 27 aprel 2016-cı il tarixində verilməsinə baxmayaraq, iddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müvafiq güzəştlərin ona münasibətdə həyata keçirilməsi üçün yalnız 2020-ci ilin sentyabr ayında müraciət etmişdir. Həmin vaxt Azərbaycan Respublikasında kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan veteranlarına həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis olunmuş aylıq 80 manat məbləğində təqaüd iddiaçıya cavabdeh inzibati orqanının qərarı ilə təyin edilmiş və Fərmanının qüvvəyə mindiyi 2019-cu ilin 01 aprel tarixdən başlayaraq ödənilmışdır. Məhkəmə hesab edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında “Azərbaycan Respublikasının Prezidentinin 641 saylı 15 aprel 2019-cu il tarixli Fərmanının qüvvəyə mindiyi tarixdən sonra irəli sürülmüş olduğu iddiaçının “sosial müavinət ödənilməsi barədə” tələbinin artıq hüquqi əsası mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə müharibə veteranı kimi verilən sosial müavinətin 27 aprel 2016-cı ildən əvvəlki üç ilə görə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə müharibə veteranı kimi verilən sosial müavinətin 27 aprel 2016-cı ildən əvvəlki üç ilə görə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4570/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4570/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver