Məhkəmə qərarları › İş №2-1(112)-4570/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4570/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4570/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.N-ci il tarixdən 12 may 1994-cü il tarixinədə elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları apran 865, N saylı hərbi hissələrdə bütün xidmətlərinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsində qərar qəbul edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.N-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 865, N saylı hərbi hissələrdə Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barədə qərardan irəli gələn ehtiyata buraxılması barədə arxiv arayışının verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından və iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədilə məhkəmənin hazırlıq icraatına başlanılmışdır. İş üzrə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivi tərəfindən Azərbaycan Respublikası “Şəhid Ailələri, Əlillər və X1” İctimati Birliyinin Baş İdarəsinin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 4/2-6103 nömrəli məktuba əsasən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə ünvanlanmış 05.09. 2022-ci il tarixi 15406 №-li məktuba cavab olaraq bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 150 №li əmrində (əsas: §-1, sıra-10) Ağkənd döyüş zonasını özbaşına tərk etdiklərinə, döyüş vaxtında yerində olmadıqlarına və komandirin əmri olmadan döyüş mövqeyini tərk etdiklərinə görə, siyahıya alınmış və həbs edilməsi hərbi komendaturadan xahiş olunan şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 159 №-li əmrilə (əsas §-2 sıra-4, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Ağkənd döyüş zonasına göndərilməsi barədə məlumat vardır. N № hərbi hissə komandirinin 01.12 1992-ci il tarixli 2 №-li əmrində (əsas: səh-10 §-14, sıra-310) Mühəndis-istehkam tağımının 1-ci bölməsində, baş mexanik vəzifəsində sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N .-cü il tarixli 86 №-li əmrilə (əsas: səh-96 §-3, sıra-8) sıravi İddiaçı növbəti "çavuş” hərbi rütbəsi verilmişdir. Qeyd edirlər ki, N nömrəli hərbi hissə komandirinin dekabr N -ci il, aprel-dekabı 1993-cü il, N №-li hərbi hissə komandirinin yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı barəsində xx.xx.2019-cu il tarixli 9/2-11731 №-li məktubla Şəhid Aillələri, Əlillər və X1 ictimai Birliyinin Sumqayıt şəhər şöbəsinə və 14.11 2019-cu ıl tarixli 9/2-17792 №-li məktubla Müdafiə Nazirliyinin nəzdındə veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasına cavab göndərilmişdir İddia tələbindən və iş materiallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən onun xidməti barədə məlumat verilməsinə dair sorğusuna verilmiş arxiv arayışını mübahisələndirərək, ona N və N saylı hərbi hissələrdən bütün xidməti barədə tələb olunan əmrlər əsasında arxiv arayışı verilməsini xahiş edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddia ərizəsinin məzmununun və işin hallarının araşdırılması nəticəsində müəyyən edilir ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı onun N və N saylı hərbi hissələrdə xidmət etməsini təsdiq edən əmrlərin əks edildiyi arxiv arayışını əldə etməklə, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə nail olmaqdır. Bununla bağlı iddiaçıya məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilməsinə baxmayaraq, o, məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmiş, iddiasına olduğu kimi baxılmasını xahiş etmişdir. İşin faktiki hallarının və iddiaçının hüquqi marağının qanunvericiliyin yuxarıda sadalanan normaları ilə birgə tətqiqi nəticəsində məhkəmə belə bir qənaətə gəlir ki, iddiaçı hazırki iddia tələbi ilə arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etməmişdir. Belə ki, o, cavabdehə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi qaldırmalı, həmin iddiaya baxılması zamanı iddiaçının xidməti barədə arxiv arayışları və əmrlər araşdırılaraq işə tam həcmdə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iddia mümkünlük şərtlərinə cavab vermədiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar