Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4571/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X17 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 009771 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 saylı evə dair Şahverdiyeva (Hüseynova) Xanımbacı Gülməmməd qızının (bundan sonra – İddiaçı) xüsusi mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, həmin mənzildə xx.xx.1980-ci il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X21, xx.xx.1975-ci il təvəllüdlü X18, xx.xx.2013-cü il təvəllüdlü X24, xx.xx.2014-cü il təvəllüdlü X25, xx.xx.2005-ci il təvəllüdlü X28 və xx.xx.1986-cı il təvəllüdlü X26 qeydiyyatdadırlar.
3. İddiaçı ərizə ilə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək X17, X21, X18, X24, X25, X28 və X14 mülkiyyətindəki evdən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, 059-48257H-3222 saylı məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən həmin şəxslərin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Onun məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu qeyd olunmuşdur.
5. Bundan sonra İddiaçı 05 dekabr 2022-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən üçüncü şəxslər xx.xx.1980-ci il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X21, xx.xx.1975-ci il təvəllüdlü X18, xx.xx.2013cü il təvəllüdlü X24, xx.xx.2014-cü il təvəllüdlü X25, xx.xx.2005-ci il təvəllüdlü X28 və xx.xx.1986-cı il təvəllüdlü X14 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin 13 dekabr 2022-ci il tarixli, 2-1(112)-15109/2022 saylı qərardadı ilə X17, X21, X18, X24, X25, X28 və X26 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. II. Tərəflərin əsaslandırması:
7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mübahisə olunan ünvan 1 ünvanında yerləşən mənzil tam payla 2000-ci ildən onun adına qeydiyyata alınmış və tək payçı olaraq xüsusi mülkiyyətinə verilməsi barədə xx.xx.2000-ci il tarixli, Seriya FM № 009771 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda həmin mənzil onun mülkiyyətindədir və həmin evdə ailəsi ilə birlikdə yaşayır. Mübahisəli mənzildə daim ailəsi ilə birlikdə yaşamış və üçüncü şəxslər xx.xx.1980-cı il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X21, xx.xx.1975-ci il təvəllüdlü X18, xx.xx.2013-cü il təvəllüdlü X24, xx.xx.2014-cü il təvəllüdlü X25, xx.xx.2002ci il təvəllüdlü X28 və xx.xx.1986-cı il təvəllüdlü X26 olmaqla mülkiyyətində olan mənzildə yaşamırlar və qeydiyyatda olmaları barədə yalnız "ASAN xidmət" mərkəzindən arayış alan zaman məlumatı olmuşdur. Onların qeydiyyata necə düşməsi barədə məlumatı yoxdur və bu, formal xarakter daşıyır. Üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur və mülkiyyətində olan mənzillə bağlı sərbəst sərəncam vermək səlahiyyətinə maneə yaradır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Üçüncü şəxs S.Rzayeva iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
10. Cavabdeh məhkəməyə göndərdiyi məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. 11.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi
12. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iddia mümkün iddiadır, çünki hazırkı mübahisə iddiaçı ilə inzibati orqan arasında yaranmaqla inzibati hüquq münasibətlərindən yaranmışdır, mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
14. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan 31 oktyabr 2000ci il tarixli, 106985 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən 6 nömrəli evi iddiaçı X1.
15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-5757/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü X17 xx.xx.2015-ci il, xx.xx.2013-cü il təvəllüdlü X24 xx.xx.2018-ci il, xx.xx.2005-ci il təvəllüdlü X28 xx.xx.2022-ci il, xx.xx.2011-ci il təvəllüdlü X21 xx.xx.2017-ci il, xx.xx.2014-cü il təvəllüdlü X25 xx.xx.2018-ci il, xx.xx.1986-cı il təvəllüdlü X26 xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, ev 6 üvanında qeydiyyatdadırlar.
16. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X17, X21, X18, X24, X25, X28 və X14 ünvan 1 ünvanına dair mülkiyyət, istifadə və ya digər əşya hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.
17. İşdə olan xx.xx.2002-ci il tarixli razılıq ərizəsindən görünür ki, 11 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X9 qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 nömrəli evin qardaşı X12 tərəfindən satılmasına icazə vermişdir.
18. X6 Binəqədi RPİ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə xx.xx.2004-cü il tarixli müraciət ərizəsindən görünür ki, o qohumu X7 Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 nömrəli evə qeydiyyata alınmasını xahiş etmişdir.
19. İşdə olan X4 Binəqədi RPİ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə xx.xx.2004-cü il tarixli müraciət ərizəsindən görünür ki, o qohumu X7 Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 nömrəli evə qeydiyyata alınmasını xahiş etmişdir.
20. İşdə olan ünvan 2 ünvanda yaşayan vətəndaşın qeydiyyatı üçün Ev kitabında X17, X18, X14 adları qeyd olunmuşdur.
21. İşdə olan fərdi uçot kartoçkası məlumatlarından görünür ki, X17 və X10 Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 nömrəli evə qeydiyyata alınmalarına əsas olaraq Binəqədi qəsəbə üzrə nümayəndəliyinin 148 nömrəli, xx.xx.2011-ci il tarixli arayışı göstərilmiş, X26 isə X7 razılıq ərizəsi və Binəqədi rayon İcra Hakimiyyətinin 145 nömrəli, xx.xx.2011-ci il tarixli arayışına əsasən qeydiyyata alınmışdır.
22. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsinin 1777 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən X17, X21, X18, X28 Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, ev 6 ünvanda qeydiyyatdadırlar və ünvan 3 evində yaşayırlar.
23. Beləlklə, işin istinad olunan hallarından görünür ki, Ramazanov küçəsi, ev 6 ünvanda yerləşən yaşayış sahəsi iddiaçının mülkiyətindədir və iddiaçı ona məxsus evin ünvan rekviziti olan ünvan 4iyyatdan çıxarılmasını xahiş edir.
24. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
25. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
26. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.
27. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində göstərilən əsasların olmaması ilə bağlı mülkiyyətçinin əmlaka heç bir hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı yaşadığı problemlərin həlli məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərar qəbul etmiş və qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
28. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
29. Hazırkı məhkəmə qərarının 14-22-ci bəndlərində sadalananlardan görünür ki, mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi Xanım Əmirhüseynova həmin yaşayış sahəsini iddiaçıya satsa da, üçüncü şəxslər X.Əmirhüseynovanın qohumu R.Əmirhüseynovun ərizəsi əsasında 6 saylı yaşayış sahəsinə qeydiyyata alınmışlar.
30. Məhkəmə iclasında üçüncü şəxs S.Rzayeva 6 saylı fərdi yaşayış evinin bir neçə tikilidən ibarət olduğunu, həmin tikililərdən birini aldıqdan sonra hüquqmüəyyənedici sənəd olmadığından mülkiyyətçi tərəfindən 6 saylı ünvana qeydiyyata alınma barədə razılıq ərizəsi verildiyini və həmin ərizə əsasında mübahisəli ünvana qeydiyyata alındıqlarını bildirdi.
31. Məhkəmə qeyd edir ki, iş materialları ilə üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evindən fərqli olduğu aşkar edilsə də, üçüncü şəxslərin yaşadığı evin ünvanı və hüquqmüəyyənedici sənədi olmadığından iddiaçının adına qeydə alınmış Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 nömrəli evə qeydiyyata alındıqları müəyyən olunur.
32. Məhkəmə üçüncü şəxslərin həmin ünvanda yaşamadığını və iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə hər hansı bir hüququnun olmadığını müəyyən etdiyindən belə qənaətə gəlir ki, iddia təmin edilməlidir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
34. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ilə müəyyən edilən halların hazırkı iş üzrə mövcud olmasını (üçüncü şəxslərin mənzilə heç bir hüquqlarının olmamalarını və hazırda həmin mənzildə yaşamamalarını) nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsaslıdır və təmin edilməlidir.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1980-cı il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.1975-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X15, xx.xx.2014-cü il təvəllüdlü X16, xx.xx.2005-ci il təvəllüdlü X19 və xx.xx.1986-cı il təvəllüdlü X14 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, 6 saylı ev üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova