Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4572/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçının yetkinlik yaşına çatmayan övladının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi» barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı 18 noyabr 2011-ci il tarixdə doğulmuş övladı Əliyev İbrahim Farid oğlunun 1 iyul 2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə aktın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X2 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X7, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tutaraq, iddia ərizəsində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” sözünün göstərilməsini formal xəta kimi qiymətləndirmiş və cavabdeh kimi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”ni qəbul etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, iddiaçının övladı X6 18 noyabr 2011-ci il tarixdə doğulmuşdur. Hazırda orta məktəbin üçüncü sinfində oxuyur. Uşaq anadangəlmə xəstəliyi ilə əlaqədar olaraq, 2012-ci ildə H.Əliyev Fondu hesabına açıq ürək əməliyyatı keçirmişdir. 18 aprel 2013-cü il tarixdə “Anadangəlmə ürək qüsüru - Fallo tetreadası“ diaqnozu ilə iki il müddətinə sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. Təkrar müayinədən keçmək şərti ilə 18 yaşadək müavinətə təyin edilmişdir. Sonradan 5 mart 2015-ci il, 5 mart 2017-ci il tarixlərdə AR Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnaməsinə əsasən 05 mart 2020-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müddəti müəyyən edilmişdir. AR Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 128 nömrəli qərarına əsasən 2020-ci il martın 1-dən əlilik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sağlamlıq imkanları məhdudluq müddəti Azərbaycan Respublikası ərazisində xüsusi pandemiya ilə əlaqədar olaraq 01 iyul 2020-ci il tarixədək uzadılmışdır. İddiaçının övladı X6 5 mart 2013cü il tarixdən 1 iyul 2020-ci il tarixədək Binə qəsəbəsində yerləşən 29 saylı Poliklinikada həkim müayinəsindən keçirilmiş, cavabdeh orqan tərəfındən sağlamlıq imkanlarının məhdudluğu haqqında qərarla təsdiq edilmiş və Naxçıvan MR-ə göndərilmişdir. Heç bir problem olmadan ona müvafiq müavinət təyin olunaraq ödənilmişdir. Ötən ilin mart – aprel aylarında 2 dəfə övladı İbrahim Əliyev həkim müayinəsindən keçirillərək forma 88 cavabdehə göndərilmiş və birinci “imtina” səbəbi: sənəd natamam doldurulmuş, ikinci “imtina” səbəbi: Qeydiyyatda olduğu tibb müəsisə müraciət edilməsi tövsiyyə edilir. İmtinalara görə Naxçıvana MR-na getmək istəyi yaransa da, məlum “Pandemiya”, sərt qarantin rejimləri, təyyarələrin uçuşlarının dayandırılması səbəbindən uşaq yaşadığı ünvan 1 ünvanına qeydiyyata alındı. Pirallahı poliklinikasında uşaq üçün verilən forma 88-ə yenidən 3-cü “İmtina” səbəbi : Qeydiyyatda olduğu tibb müəsissəsinə müraciət edin” olmuşdur. Sərt karantin rejimi ərzində 5 dəfə həkim müayinəsi cavabdeh tərəfindən yenidən imtinalar verildi. İddiaçı, arvadı (uşağın anası) və uşaq pandemiya dövründə haqsız münasibətlə üzləşmişlər, İddiaçı işsiz, 3 körpə uşaq, maddi çətinliklər içərisində yaşayırlar. Xəstə uşağa dərmanlar alınmalı, ayda bir dəfə müayinə olunmalıdır. Ancaq cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində qanunla ona çatası müavinəti almaq mümkün deyil. Məsul şəxslərə bildiriləndə ki, uşaq üçün forma 88-in doldurulmasına onlar məsuliyyət daşayırlar, yenidən heç bir faydası olmadı. 1 iyul 2020-ci il tarixədək uşağın sağlamlıq imkanının məhdudluğu təsdiq edilmişdir. Bundan sonra, ardıcıl olaraq 7 dəfə forma-88 ilə cavabdehə müayinə göndərilmiş verilən cavablarda isə əsassız olaraq imtina olmuşdur. Hesab edilir ki, Tibbi-Sosial Ekspert Komissiyasının imtinaları əsassız və qanunsuz olmuşdur. Belə ki, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin (əlilliyin müəyyən edilməsi (əlillik dərəcəsinin, əlillik müddətinin, əlillik səbəbinin, əmək zədəsi və peşə xəstəliyi ilə bağlı peşə əmək qabiliyyətinin itirilməsi faizinin və əlavə xərclərə ehtiyacının, əmək zəmanətinin) və 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi ilə bağlı münasibətləri əhatə edir. Xidmətin hüquqi əsası "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı, «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı, «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə 5 fevral 2016-cı il tarixli 36 nömrəli AR Nazirlər Kabinetinin Qərarı və AR Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə AR Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli Qərarı ilə tənzimlənir. AR Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə Naziflər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»yə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı əlillik səbəbi barədə məlumat Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş göndərişlər əsasında müəyyən olunur. Göndəriş barədə məlumatlar elektron sənəd formasında əldə edildiyi üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifəsidir. Göstərilənlərə və İPM-in 2.2.2, 33.1-ci maddələrinə əsaslanaraq, İPMin 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən iddiaçının 18 noyabr 2011-ci il tarixdə doğulmuş övladı X4 1 iyul 2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə aktın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı tərəfindən irəli sürülən “imtinanın etibarsız hesab edilməsi, Əliyev İbrahim Farid oğlunun 1 iyul 2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbləri qanunsuz və əsassızdır. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsisteminin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Əliyev İbrahim Farid oğlunun barəsində olan məlumatlara Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0053003AADWF nömrəli göndərişi əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmış, xəstənin diaqnostik instrumental müayinələri, funksional pozğunluğun dəqiqləşdirilməsinə zərurət olduğundan əlillik vəziyyətini qiymətləndirmək mümkün olmamışdır. Ona görə də, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərilmişdir. İPM-in 35.1-ci maddəsində qeyd olunur ki, Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən həçəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 2.3-cü bəndlərində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsində inzibati aktın anlayışı verilmişdir. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddianın mümükünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Təqdim edilən sənədlərdəki məlumatların qiymətləndirmə üçün yetərli olmaması səbəbindən İbrahim Əliyevin vəziyyəti ilə bağlı sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair yekun qərar qəbul edilmədiyindən hazırki iddia ərizəsi mümkünsüz hesab edilməlidir. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və bildirdi ki, iddia təmin oluna bilməz. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçının 2011-ci il təvəllüdlü övladı X13 sağlamlıq imkanlarının məhdudluğu əvvəlki dövrdə müəyyən edilmiş və bu məbdudluğun müddəti 1 iyul 2020-ci ilədək olmuşdur. İddiaçının övladına aid müvafiq sənədlər tibb müəssisəsi tərəfindən bir neçə dəfə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Agentlik) göndərilmiş, lakin qurum uşağın sağlamlığının məhdudluğunun müəyyən olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi “sənədlər tam doldurilmamışdır”, “tibb müəssisısinə müraciət olunması tövsiyə edilir” göstərilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan isə, məhkəmə icraatında hazırkı iddianı mümkünsüz sayır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”ndə aşağıdakılar nəzərdə tutulmuşdur: - (1.1-ci bənd) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; - (2.1-ci bənd) Strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; - (3-cü bənd) müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının tibb müəssisəsi vasitəsilə də olsa müvafiq müraciətləri üzrə inzibati icraat çərçivəsində qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək cavabdeh tərəfin “iddianın mümkün sayılmaması” mövqeyi ilə razılaşmır və belə nəticəyə gəlir ki, iddia mümkün iddiadır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 3.1-ci bəndinə görə uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir: - (3.1.32) ürəyin inkurabel xəstəlikləri, durğunluq tipli İİ-İİİ dərəcəli ürək çatışmazlığı ilə (İ00-İ09.9,İ20-İ52.8). İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında AR Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəfindən əlavə məlumat və sübutlar tələb edilə bilər. İPM-in 14.3-cü maddıəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 64-cü maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 31 iyun 2021-ci il tarixli “Əyani müayinə aktı”nda aşağıdakılar bildirilir: - Akt tərtib olunur ona görə ki, əsasən əlilliyin qiymətləndirilmə nəticəsindən narazı olan Əliyev İbrahim Farid oğlu 2 saylı TSEK-in həkim ekspertləri tərəfindən evdə əyani müayinə olundu. Müəyyən olundu ki, Əliyev İbrahim Farid oğlunun sağlamlıq imkanlarının məhdudluğu səhoyyə müəssisəsinin 0053003AADWF saylı göndərişi əsasında 27 aprel 2020-ci il tarixdə qiymətləndirilmiş və imtina qərarı verilmişdir. Səhiyyə müəssisəsinin göndərişində əsas diaqnoz: Fallo-tetradası. Fallao-tetradasının korreksiyası, əməliyyatdan sonrakı vəziyyəti İ – İİ dərəcə TÇ, İİ dərəcə PÇ. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: Dəri və dərialtı toxumalar: dərisi təmizdir, solğundur. Ağız-burun üçbucağında, ətraflarda akrosioz var, döş sümüyü üzərinə torakomiya səbəbli dəri qalınlaşması – çapıq var. Limfa vəzləri: pereferik limfa vəzləri əllənmir. Sümük əzələ sistemi: inkişafı yaşa uyğundur. Tənəffüz sistemi: sağ ağciyər üzərində sərt tənəffüs formasında tək-tək krepitasiyalar, solda ürək tonlarının səsindən başqa heç bir şey eşidilmir. Ürək-damar sistemi: ürəyin sərhədləri iki tərəfdə genişlənmişdir. Auskultasiya zamanı bütün nöqtələr üzərində kobud sistola – diaostolik küy eşidilir: PS - 81/1 dəqiqə, ritmik, A/T 110/65 mm c.s. Həzm sistemi: Dili nəmdir. Qarnı yumşaq, ağrısızdır. Defekasiya aktı sərbəstdir. Sidik və cinsiyyət sistemi: bel nahiyəsi pekusiya zamanı az ağrılıdır. Diurezdə ləngimə var, amma sərbəstdir. Status localis: uşaq anadangəlmə xəstədir. 14 noyabr 2012-ci il tarixdə ETCM-də açıq ürək əməliyyatı olunub. Hal-hazırda uşağın vəziyyəti ağırdır. Təngnəfəslikdən, ümumi halsızlıqdan, tezyorulmadan, aşağı ətraflarda şişkinlikdən əziyyət çəkir. 7 iyil 2021-ci il tarixdə ürək köçürməsi əməliyyatı planlaşdırılır. Müayinələrin nəticəsində səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnoz təsdiqini tapır, xəstənin hazırkı vəziyyəti AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 3.1.32-ci bəndinə müvafiq olaraq 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu təyinatına əsas verir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3-cü bəndində nəzərdə tutulmuşdur ki, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Məhkəmə işdə sübutlara və tərəflərin dılillərinə məcmu şəkildə qiymət verərək belə hesab edir gəlir ki, cavabdeh inzibati orqan inzibati icraatı tam və hərtərəfli aparmamış və iddiaçının xeyrinə olan halların qiymətləndirilməsi ilə bağlı təşəbbüskarlıq belə göstərməmişdir. Bu qənaət ondan irəli gəlir ki, cavabdeh orqanın mütəxəssislərinin verdiyi rəydə (əyani müayinə aktında) iddiaçının 2011-ci il təvəllüdlü övladı İbrahim Əliyevin xəstə qismində hazırkı vəziyyətinin sağlamlıq imkanlarının məhdudluğu təniyatına əsas verməsinin müəyyən olunduğu bildirilir. Nəzərə alınmalıdır ki, həmin aktda müayinələrin nəticələri üzrə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozun təsdiqini tapdığı və xəstənin hazırkı vəziyyətinin AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 3.1.32-ci bəndində göstərilən hala uyğunluğu vurğulanmışdır. Bu isə belə nəticə yaradır ki, cavabdeh inzibati orqanın imtinasında göstərilən “sənədlər tam doldurilmamışdır” və “tibb müəssisısinə müraciət olunması tövsiyə edilir” ifadələri hər hansı əsasa söykənmir və formal xarakterlidir. Bundan başqa, cavabdehin imtinası həm də icraatda qoyulan məsələnin məqsədləri baxımından həm də “mütənasiblik” prinsipinə ziddir. Bununla da, cavabdeh inzibati orqan apardığı inzibati icraatda «İnzibati icraat haqqında» AR Qanununun 15, 17, 24-cü maddələrinin tələbləri birbaşa pozulmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının 2011-ci il təvəllüdlü övladı Əliyev İbrahim Farid oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Xidmətinin) imtinası qanunvericiliyin tələblərinə zidd və iddiaçının yetkinlik yaşına çatmayan övladının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının övladı Əliyev İbrahim Farid oğlunun sağlamlıq imkanlarının məhdudluğu bu barədə ilkin müraciət 1 iyul 2020-ci il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən və əvvəllər müəyyən edilmiş məhdudluğun son müddəti də həmin vaxta bitdiyindən, qeyd olunan tarixdən müəyyən olmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 18 noyabr 2011-ci il tarixdə doğulmuş övladı X4 1 iyul 2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 18 noyabr 2011-ci il tarixdə doğulmuş övladı X4 1 iyul 2020-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4572/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4572/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver