Məhkəmə qərarları › İş №2-1(112)-4572/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4572/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4572/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “qeydlərdə düzəlişin edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək doğum haqqında şəhadətnaməyə uyğun olaraq X1 qeydiyyatında düzəliş edilərək, soyadının “Saliyev” qeyd edilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Qaradağ rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı şəxsiyyəti təsdiq edən sənəddəki soyadında düzəliş edilməsi ilə bağlı Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsində soyadı yanlışlıqla “Salıyev” olaraq qeyd edilmişdir, halbuki, soyadı əslində “Saliyev”dir. Bu, öz əksini doğum haqqında şəhadətnamədə də tapmışdır. İddiaçının valideynlərinin soyadı da Saliyevdir və bu onun doğum haqqında şəhadətnaməsində öz əksini tapmışdır. Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi isə bu müraciətinə cavab olaraq 17.11.2021-ci il tarixli imtina məktubu göndərmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəxsiyyət vəsiqəsində soyadında cavabdeh tərəfindən düzəlişin edilməməsi onun üçün çətinlik yaradır, məsələn, bu səbəbdən yeni şəxsiyyət vəsiqəsi ala bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh 06.01.2022-ci il tarixli məktubunda iddiaya yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 02.11.2021-ci il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsinə doğum haqqında akt qeydinin bərpası ilə müraciət etmişdir. Lakin təqdim etdiyi sənədlərdə və doğum haqqında akt qeydində ziddiyyət aşkar edildiyindən, doğum akt qeydinin bərpa olunması şöbədə mümkün olmamışdır. Vətəndaşa doğum akt qeydinin bərpası ilə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Lakin 18.12.2021-ci il tarixli 2-1(112)-13180/2021 saylı məktuba əsasən İddiaçı “qeydlərdə düzəliş edilməsi” tələbi ilə Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, iddiaçı tərəfindən iddia tələbi düzgün qoyulmadığından iddia tələbi üzrə qərarın icrasını təmin etmək mümkün olmayacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Ermənistan, Qafan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Qafan rayonu VVAQ tərəfindən 17.10.1975-ci il tarixdə verilmiş 086754 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.1974-cü ildə Ermənistan SSR Qafan rayonunda anadan olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestri Xidmətinin 11.01.2022-ci il tarixli, 05/2-05/13 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı doğumu haqqında məlumatın istənilməsinə dair müraciətinizə baxılmışdır. Müraciətə əlavə edilmiş İddiaçı şəxsiyyət vəsiqəsinin surəti nəzərdən keçirilərkən onun doğum yerinin Ermənistan Respublikası olduğu müəyyən edilmişdir. Bildirilir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda qeyd edilir ki, Ermənistan Respublikasında tərtib edilmiş X1 qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində, eləcə də X1 Reyestri Xidmətinin arxivində saxlanılmadığından İddiaçı doğumuna dair məlumat verilməsi mümkün deyildir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 17.11.2021-ci il tarixli, 05/Q1593/15 nömrəli məktubda bildirilmişdir ki, sizin doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizənizə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara müvafiq olaraq VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Araşdırma nəticəsində məlum oldu ki, təqdim etdiyiniz doğum haqqında şəhadətnamədə və sizə aid olan digər sənədlərdə ziddiyyət olduğundan doğum haqqında akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpa edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı doğum haqqında akt qeydinin bərpası ilə bağlı cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdə və doğum haqqında akt qeydində ziddiyyət aşkar edildiyindən, doğum akt qeydinin bərpa olunmasının mümkün olmadığı bildirilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab etməklə hazırkı iddiasında doğum aktı qeydində soyadının “Salıyev” kimi deyil, “Saliyev” kimi düzəliş edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. İ. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -159.1-ci maddəsinə görə X1 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -160.1-ci maddəsinə əsasən X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X1 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -160.2-ci maddəsinə əsasən X1 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. -162.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. -162.2-ci maddəsinə görə itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. -162.3-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İİ. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: -1-ci bəndinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci hissəsi isə X1 itmiş qeydlərinin bərpa qaydasını tənzimləyir. Həmin hissənin 13-cü bəndinə görə X1 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir (bənd 14). X1 qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya X1 Respublika Arxivi tərəfindən təsdiq edilir (bənd 15). Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (bənd 16). Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, qanunvericilik akt qeydində düzəliş edilməsini (dəyişiklik edilməsini) o halda mümkün sayır ki, vətəndaşlıq vəziyyəti akt qeydi inzibati orqanda mövcuddur. İnzibati orqan akt qeydində dəyişiklik etməkdən imtina etdikdə həmin imtinadan müvafiq qaydada - inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Akt qeydində düzəliş edilməsindən fərqli olaraq akt qeydinin bərpası o zaman aparılır ki, akt qeydi itmiş, məhv olmuş və ya bu və ya digər səbəbdən aşkar olunmamış olsun. Akt qeydinin bərpasının iki qaydada aparılır:

1. qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olduqda, ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpa edilməsi;

2. itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi. İşin hazırkı hallarından görünür ki, iddiaçı Ermənistan Respublikası, Qafan rayonunda doğulmuşdur, ona doğum haqqında şəhadətnamə Ermənistan SSR Qafan VVAQ idarəsi tərəfindən verilmişdir. Ermənistan Respublikasında tərtib edilmiş X1 qeydləri isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində, X1 reyestr xidmətinin arxivində saxlanılmır. Beləliklə, inzibati orqanda mövcud olmayan akt qeydinə düzəliş edilməsi deyil, akt qeydinin bərpa edilməsi mümkün ola bilər. Cavabdeh orqan da iddiaçının doğumunun qeydə alınmasına dair akt qeydinin aşkar olunmadığını, onun təqdim etdiyi sənədlərdə isə ziddiyət olduğundan qeydiyyat şöbəsində akt qeydinin bərpasının mümkün olmadığını, akt qeydinin bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməsini bildirmişdir. Beləliklə, akt qeydinin bərpası üçün məhkəmə qaydasında doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Belə bir faktın müəyyən edilməsi isə inzibati məhkəmə icraatında deyil, mülki mühakimə icraatı qaydasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X1 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericilik akt qeydinin məhkəmə qaydasında bərpasını yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilmə faktının müəyyən edilməsi yolu ilə nəzərdə tutduğundan, belə bir ərizəyə isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmadığından hazırkı iddia mümkün sayılmamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı Qərarının 15.1-ci bəndində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının hazırkı tələblə mülki məhkəmə icraatında xüsusi icraat qaydasında aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “qeydlərdə düzəlişin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar