Məhkəmə qərarları › İş №2-1(112)-4574/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4574/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4574/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayənədəsi, vəkili Məmmədov Fikrət Məhəmmədəli oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil) iştirakı ilə, iddiaçı İddiaçı Əli qızının cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinə qarşı «qərarın tanınması, torpaq sahəsinin yerinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əli qızı Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 556/07 nömrəli qərarının Balaxanı bələdiyyəsinin üzvləri və sədri tərəfindən tanınması, eləcə də qərarla ayrılmış torpaq sahəsinin yerinin müəyyən olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dairqərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 556/07 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün iddiaçıya 300 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı ayrılmış torpaq sahəsinə gəldikdə həmin ərazidə xeyli sayda tikililər görmüşdür. Bununla bağlı bir neçə dəfə bələdiyyə ilə əlaqə saxlamış və oradan ona bildirilmişdir ki, ona torpaq sahəsi ayrılacaqdır. Lakin xeyli müddət keçdiyinə baxmayaraq, torpaq sahəsi indiyə kimi ayrılmamışdır. İddiaçının həyat yoldaşı hərbçidir, iki azyaşlı uşağı vardır, hazırda kirayədə yaşayırlar. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Balaxanı Bələdiyyəsinin arxivində iddiaçının adına fərdi yaşayış evinin tikilməsi üçün təqdim edilən 26 sentyabr 2007-ci il tarixli, 556/07 №li qərar yoxdur. Təqdim edilmiş torpaq sahəsinin eskiz planında isə küçə adı qeyd olunmadığından torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün olmamışdır.Aparılan araşdırma zamanı iddiaçı tərəfindən birdəfəlik torpaq rüsumunu ödəmədiyi də müəyyən olunmuşdur.İddiaçının təqdim etdiyi xx.xx.2007-ci il tarixli, 556/7 №li qərarda qeyd edilən 30 saylı 2007-ci il tarixli protokolda Qarayeva (Məmmədova) Sevinc Əli qızına torpaq sahəsinin ayrılması öz əksini tapmamışdır.Həmçinin iddiaçı tərəfindən torpaq vergisi və topraq rüsumu ödənilməmişdir.556/07 №li qərar Balaxanı bələdiyyəsinin arxivində başqa bir vətəndaşın adına rəsmiləşdirilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir.İddiaçının məhkəməyə elektron qaydada təqdim edilmiş ərizəsinə əsasən iddiaçı məhkəmə iclaslarında iştirak etməyə imkanının olmamasını bildirmiş və təyin edilmiş məhkəmə iclasında işə baxılaraq mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir.Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili F.Məmmədov iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iclasda iştirak edən cavabdehin nümayəndəsini və vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı Əli qızı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 556/07 №li, xx.xx.2007-ci il tarixli qərarına əsasən Balaxanı bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün 4300 kv metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə X2 ayrılmışdır, X2 tapşırılmışdır ki, torpağın 1 kv metri üçün 2 manat 40 qəpik olmaqla haqqı Balaxanı Bələdiyyəsinin ABB Sabunçu filialının hesablaşma hesabına ödəsin və ödəmə barədə qəbzi Balaxanı Bələdiyyəsinə təqdim etsin. “Torpaq sahəsinin eskiz planı”na əsasən həmin eskiz sxemi xx.xx.2007-ci il tarixli sərəncamın ayrılmaz hissəsidir, torpaq sahəsinin ünvanı sxemdə göstərilməmişdir, həmin sxemdə iddiaçının adı qeyd edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna və məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən Balaxanı Bələdiyyəsinin arxivində (Qarayeva) İddiaçı Əli qızının adına fərdi yaşayış evinin tikilməsi üçün verilmiş xx.xx.2007-ci il tarixli, 556/07 №li sərəncam yoxdur.Təqdim olunmuş torpaq sahəsinin eskiz planında küçə adı qeyd olunmadığı üçün torpaq sahəsinin yerinin müəyyən olunması da mümkün deyildir. Balaxanı bəldiyyəsinin üzvlərinin yığıncağının 30 saylı, xx.xx.2007-ci il tarixli protokoluna əsasən Nəbiyeva İradə Gülməmmədovnanın, X3, Nəsibova Mərziyyə Şahvələd qızının, Hüseynov Sərdar Sədi oğlunun, Cəfərova Zəkiyyə Nəcəfqulu qızının, Cəfərov Roman Zahir oğlunun, Xudaverdiyev Asif Nəriman oğlunun. Abbasov Əliyusif Əli oğlunun,Qabilova Elnarə Fəörhad qızının, Cəfərov Nəsir Zahid oğlunun adına torpaq sahələrinin sənədləşdirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/3-141 №li, xx.xx.2020-ci il tarixli məktubuna əsasən Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 556/07 saylı qərarı X1 daxil olmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş 556/07 saylı, xx.xx.2007-ci il tarixli qərara əsasən 600 kv metr torpaq sahəsi alqı-satqı yolu ilə Hacıyeva Tamara Abdin qızına ayrılmışdır, həmin qərara əlavə edilmiş qəbzə əsasən T.Hacıyeva tərəfindən 1440 manat məbləği torpağa görə cavabdehin hesabına ödənilmişdir,cizgi planına əsasən isə qeyd edilən qərarla T.Hacıyevaya ayrılmış torpaq sahəsinin ünvanı (Həsən Əliyev küçəsi) göstərilmişdir. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi üzvlərinin yığıncağının 2007-ci ilin sentyabr ayında keçirilmiş iclasların 22,23,25 nömrəli, noyabr ayında keçirilmiş iclasın 30 nömrəli protokollarına əsasən iddiaçıya torpaq sahəsi ayrılması barədə cavabdeh tərəfindən qərar qəbul edilməmişdir. Beləliklə məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Bakı şəhər Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 556/07 nömrəli qərarını məhkəməyə təqdim edərək həmin qərarla ona torpaq sahəsinin ayrılmasını, lakin cavabdeh tərəfindən torpağın yerinin ona göstərilməməsini, həmin qərarın cavabdeh tərəfindən qəbul edilməməsini, ona həmin qərarla ayırlmış hesab etdiyi torpaq sahəsinə baxış keçirdikdə həmin torpaq sahəsində tikililərin olduğunu gördüyünü, cavabdehin iddiaçıya cavabde tərəfindən torpaq ayrılmaması barədə cavab verdiyini göstərərək hazırda iddiaçı ilə cavabdeh arasında inzibatı münasibətlərin olmasını əks etdirən Balaxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 556/07 nömrəli qərarının cavabdehin sədri və üzvləri tərəfindən tanınmasını, həmin qərarda göstərilən torpaq sahəsinin yerinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Həmin Əsasnamənin 23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. İddiaçının təqdim etdiyi Bakı şəhər Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 556/07 nömrəli qərarında Balaxanı bələdiyyəsi tərəfindən iddiaçıya torpaq ayrılması göstərilsə də cavabdeh həmin tarixdə 556/07 nömrəli qərar qəbul edilməməsini, belə bir qərarın cavabdehin arxivində mövcud olmamasını göstərmişdir ki, işin faktiki halları ilə də bu öz təsdiqini tapmışdır. Belə ki, cavabdehin təqdim etdiyi 556/07 nömrəli qərar xx.xx.2007-ci ildə qəbul edilmiş olmaqla həmin qərarla iddiaçıya deyil, başqa bir şəxsə (T.Hacıyevaya) torpaq ayrılmışdır. Eyni zamanda iddiaçıya aid olmayan 556/07 nömrəli, xx.xx.2007-ci il tarixli qərarla torpaq sahəsi alqı-satqı yolu ilə Hacıyeva Tamara Abdin qızına ayrılmışdır, T.Hacıyeva tərəfindən 1440 manat torpağa görə cavabdehin hesabına pul ödənilmişdir, həmin torpaq sahəsinin ünvanı göstərilmiş torpağın cizgi planı hazırlanmşdır. İddiaçı tərəfindən isə onda olan qərar əsasında torpaq üçün torpağın haqqının cavabdehə ödənilməsi barədə qəbz,torpağın həqiqətən də cavabdeh tərəfindən ona satılmasını təsdiq edəbiləcək alqı-satqı müqaviləsi və ya protokol təqdim edilməmişdir, eyni zamanda onun təqdim etdiyi cizgidə torpaq sahəsinin ünvanı göstərilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/3-141 №li, xx.xx.2020-ci il tarixli məktubuna əsasən Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 556/07 saylı qərarı X1 daxil olmamışdır. Bundan başqa iddiaçının təqdim etdiyi qərarda qeyd edilmiş 30 nömrəli protokolda da torpaq sahəsi ayrılmış şəxslərin sırasında iddiaçının adı yoxdur, həmçinin 30 nömrəli protokolun tarixi xx.xx.2007-ci göstərilsə də həmin nömrəli protokolun tarixi xx.xx.2007-ci il olmuşdur. Bütün bu qeyd edilən hallar iddiaçı tərəfindən təqdim edilən xx.xx.2007-ci il tarixli, 556/07 saylı qərarın və cizginin mötəbərliyini şübhə altına alır ki, həmin şübhələrin əsaslılığı iddianın təmin edilməsini qeyri-mümkün edir. Azərbaycan Respuyblikaslnn İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Əli qızının Bakı şəhər Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 556/07 nömrəli qərarının Balaxanı bələdiyyəsinin üzvləri və sədri tərəfindən tanınması, eləcə də qərarla ayrılmış torpaq sahəsinin yerinin müəyyən olunması vəzifəsinin cavabdehin Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin üzərinə qoyulmasına dair iddiası əsassız olduğu üçün rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 36, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Əli qızının Bakı şəhər Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 556/07 nömrəli qərarının Balaxanı bələdiyyəsinin üzvləri və sədri tərəfindən tanınması, eləcə də qərarla ayrılmış torpaq sahəsinin yerinin müəyyən olunması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin üzərinə qoyulmasına dair iddiası rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar