Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4574/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “dayandırılmış pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərinin (imtinasının) qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda öz ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1987ci il tarixədək Ermənistan SSR Qaçaran şəhərində X1 kombinatında yeraltı dağ-mədən fəhləsi kimi işləmişdir. Bunu Səbail Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli qətnaməsi təsdiq edir. Daha sonra xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bibiheybətneft NQÇİ-də sürücü, çilingər və s. işlərdə işləmişdir, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci illərdə 5 nömrəli X3 sürücü vəzifəsində işləmişdir. xx.xx.1996-cı tarixdən xx.xx.2018-ci ilin avqustuna kimi isə “BP Ezploration” şirkətində sürücü, texnik, mühəndis və s. vəzifələrində işləmişdir. Bakı İnzibati-İqtisad Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2-1(81)-3924/2017 saylı qərarı ilə ona 50 yaşından, yəni 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə çıxarılmış qərarlar dəyişdirilmədən saxlamışdır. Bakı İnzibati-İqtisad Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2-1(81)-3924/2017 saylı qərarı icra edilmiş və o, 2020-ci ilin iyul ayının 1-dək pensiya almışdır. 2020-ci ilin iyul ayından naməlum səbəbdən cavabdeh orqan qanunsuz olaraq pensiyanın köçürülməsini dayandırmışdır. Dəfələrlə ödənişin bərpasını tələb etsə də hər dəfə şifahi və yazılı qaydada ona bildirilmişdir ki, Vüsal adlı şəxs vasitəsilə yüksək məbləğdə pensiya təyin edilmişdir ki, onun barəsində cinayət işi açılmışdır. Cinayət işi ilə bağlı bütün materiallar Baş Prokurorluğa göndərilmişdir. Həmin iş yekunlaşandan sonra onun işinə yenidən baxılacağı bildirilmişdir. Cavabdehin heç bir əsası olmadan pensiya ödənişini dayandırması tam əsassızdır və bərpa edilməlidir, çünki onun pensiya işinin cinayət işi ilə hər hansı əlaqəsi ola bilməz və ona məhkəmə qərarı ilə pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Araşdırmanın nəticəsi olaraq iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 22 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-55mat-21/1050 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olunduğu bildirilmişdir. Qeyd olunanlara əsasən, cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı Nazirliyə daxil olduqdan sonra iddiaçıya əmək pensiyasının ödənişinin bərpa edilməsi və dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin müvafiq kart hesabına köçürülməsi məsələsinə baxılacaqdır. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1835/2017 saylı, 17 aprel 2017-ci il tarixli qərarına əsasən İddiaçı ərizəsi təmin edilərək xx.xx.1974-cü il tarixdən – xx.xx.1977-ci il tarixədək dövrdə, həmçinin xx.xx.1979-cu il tarixdən xx.xx.1987-ci il tarixədək dövrdə Ermənistan SSR-nin Qaçaran şəhərində X1 Kombinatında yeraltı dağ-mədən fəhləsi işləməsi faktı müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3924/2017 saylı, 20 iyun 2017-ci il tarixli qərarı ilə İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı “ona 01 aprel 2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2221/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 20 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 288/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin kasasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2221/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbini müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. X2 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X2 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40). Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarı icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X2 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. 119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. 119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Odur ki, məhkəmə hesab edir ki, tələbkar (iddiaçı) qüvvədə olan yekun məhkəmə aktının lazımi qaydada icra olunmamasına dair ərizə ilə (həmin işlə bağlı) Bakı İnzibati məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-4574/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4574/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver