Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4575/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh 106 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Nərimanov icra şöbəsindən icraata başlamaq haqqında 01.11,2022-ci il tarixli qərar təqdim edilmişdir. Qərar barədə məlumatı olmadığından Bələdiyyəyə qərarın ona təqdim olunması üçün müraciət etmişdir. Qərardan məlum olmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsinə dair 2019-2022-ci illərə aid dövr üçün Bakı şəhər Nərimanov Rayon Bələdiyyə tərəfindən birtərəfli 106 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi təqdim edilmişdir. İcra sənədinin verilməsinə əsas olan Bələdiyyə qərarı sorğu yazılsa da bu günədək təqdim edilməmişdir. Bələdiyyənin vergi öhdəliyi barədə qərar qəbul etməsi və icra sənədi verməsi barədə icra şöbəsindən icraata başlamaq barədə qərar qəbul edildikdən sonra məlumatı olmuşdur. İcra sənədinin verilməsinə əsas olan qərar üzrə tələb edilən dövrdə İddiaçı ümumiyyətlə mülkiyyətçi olmamışdır. Bələdiyyə tərəfindən qərar qəbul edilərkən İddiaçı iştirakı təmin edilməmişdir. Bələdiyyənin 3 ildən artıq ümumiyyətlə vergi hesablamaq səlahiyyəti yoxdur. Hesablanmış vergi məbləği bələdiyyənin haradan əldə etməsi məlum deyil. Bələdiyyə tərəfindən İddiaçı mülkiyyətində olan əmlaka görə vergi hesabatı apara bilərdi. Əmlakın yerləşdiyi topraq sahəsinin ümumyyətlə bələdiyyə topağı deyil, bələdiyyəyə aidiyyəti yoxdur. Bələdiyyə mülkiyyətində olamayan,dövlət mülkiyyətində olan topağa görə vergi hesablanaması da qanusuzdur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, mübahisə predmeti olan qərar inzibati icraat materialları əsasında qəbul edilmiş, buna qədər yerli vergilərin ödənilməsi barədə İddiaçı Asbuzər oğluna rəsmi şəkildə xəbərdarlıq verilmiş, barəsində inzibat icraat aparılması onun diqqətinə çatdırılmışdır. Bu barədə sənədlər məhkəməyə təqdim edilmişdir. Bundan sonra İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli 50F ünvanında yerləşən qeyri-yaşayayış sahəsinin icarədarı (etibarnamə əsasında idarə edən şəxsiyyət vəsiqəsi AZE ********) X2 xəbərdarlıq təqdim edilmiş və inzibati icraatla bağlı keçiriləcək iclasa dəvət edilmişdir. Eyni zamanda inzibati icraatla bağlı hər hansı hüquq pozuntusu hallarına yol verilməmiş və əsaslı şəkildə yerli Bələdiyyə vergilərinə dair hesablanmış borcun alınması barədə qərar qəbul edilərək icraya yönləndirilmişdir. Ona görə də mübahisə predmeti olan qərar əsaslıdır və tam araşdırılmaqla tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməli və hüquqi qiymət veilməlidir. Qeyd olunanları və qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Rx seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 2203,9 kv.m ölçüdə qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə, 0,0391 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ üzrə İddiaçı adına xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki: --Cavabdeh xx.xx.2022-ci il tarixli 03/354 nömrəli Tələbnaməsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının "Vergi Məcəlləsi"nin 198.1.1, 200.1, 200.6 və 206.3 maddələrinə və Azərbaycan Respublikası "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunun 8-ci maddəsinin 8.0.1 və 8.0.2-ci bəndlərinə əsasən fiziki şəxslər xüsusi mülkiyyətində olan mülkə görə ildə bir dəfə əmlak vergisini onların yerləşdiyi yerli Bələdiyyə büdcəsinə ödəməlidir. Sizin Nərimanov rayonu Ə.Rəcəbli küç.,50F ünvanda yerləşən mülkünüzə görə 2019-2020-2021-ci illər üçün (faiz məbləği ilə birliktə) 3476 (üç min dörd yüz yetmiş altı) manat əmlak və torpaq vergi borcunuz yaranmışdır. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq əmlak və torpaq vergi borcunuzu vaxtında Nərimanov Bələdiyyəsinin büdcəsinə köçürməmisiniz. “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.1.4 və 11-ci maddənin 11.2, 11.3-cü bəndinin tələbləri pozulmuşdur. 21 oktyabr 2005-ci il tarixli, 1036- İİQ saylı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.2 və 87-ci maddələrini rəhbər tutaraq Nərimanov Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 15 saylı protokoluna əsasən icrası məcbur olan akt qəbul olunmuşdur. 10 gün müddətində əmlak və torpaq vergi borcunuzu Nərimanov Bələdiyyəsinin büdcəsinə köçürməlisiz. Əks halda borcunuzun məcburi qaydada alınması üçün İcra şöbəsinə həvalə olunacaq. Əmlak vergisi borcunuzu qısa müddətdə, tam həcimdə, könüllü ödədiyiniz təqdirdə, "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamənin 5.7-ci maddəsinə əsasən bələdiyyə tərəfindən İcra şöbəsinə müraciət olunmayacaq. -Cavabdeh xx.xx.2022-ci il tarixli 03/413 nömrəli Tələbnaməsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının "Vergi Məcəlləsi"nin 198.1.1, 200.1, 200.6 və 206.3 maddələrinə və Azərbaycan Respublikası "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunun 8-ci maddəsinin 8.0.1 və 8.0.2-ci bəndlərinə əsasən fiziki şəxslər xüsusi mülkiyyətində olan mülkə görə ildə bir dəfə əmlak vergisini onların yerləşdiyi yerli Bələdiyyə büdcəsinə ödəməlidir. Sizin Nərimanov rayonu Ə.Rəcəbli küç.,50F ünvanda yerləşən mülkünüzə görə 2019-2020-2021-ci illər və xx.xx.2022-ci il tarixinə kimi (faiz məbləği ilə birliktə) 4039 (dörd min otuz doqquz) manat əmlak və torpaq vergi borcunuz yaranmışdır. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq əmlak və torpaq vergi borcunuzu vaxtında Nərimanov Bələdiyyəsinin büdcəsinə köçürməmisiniz. “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.1.4 və 11-ci maddənin 11.2, 11.3-cü bəndinin tələbləri pozulmuşdur. 21 oktyabr 2005-ci il tarixli,1036-İİQ saylı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.2 və 87-ci maddələrini rəhbər tutaraq Nərimanov Bələdiyyəsinin xx.xx.2022ci il tarixli 15 saylı protokoluna əsasən icrası məcbur olan akt qəbul olunmuşdur. 10 gün müddətində əmlak və torpaq vergi borcunuzu Nərimanov Bələdiyyəsinin büdcəsinə köçürməlisiz. Əks halda borcunuzun məcburi qaydada alınması üçün İcra şöbəsinə həvalə olunacaq. Əmlak vergisi borcunuzu qısa müddətdə, tam həcimdə, könüllü ödədiyiniz təqdirdə, "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamənin 5.7-ci maddəsinə əsasən bələdiyyə tərəfindən İcra şöbəsinə müraciət olunmayacaq. -Cavabdeh **********1398 nömrəli xx.xx.2022-ci il tarixli tədiyyə bildirişinə əsasən İddiaçı 2022-ci il üçün Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əmlak vergisi üzrə 881.56 manat, 206.3-cü maddəsinə əsasən torpaq vergisi üzrə 39.1 manat hesablanmışdır. Verginin ödənilmə müddəti xx.xx.2022-ci ilədək 460.33 manat, xx.xx.2022-ci ilədək 460.33 manat müəyyən edilmişdir. Ötən dövrlər üzrə vergi borcu 3095,74 manat, faiz məbləği 939,78 manat, ödəniləcək məbləğ 4495,84 manat müəyyən edilmişdir. -Nərimanov Rayonu Nərimanov Bələdiyyə iclasının xx.xx.2022-ci il tarixli, 17 saylı Protokolundan çıxarışda qeyd olunmuşdur ki, Nərimanov Bələdiyyəsinin iclası Qərara aldı: Nərimanov rayonu Ə.Rəcəbli 50F ünvanında yerləşən mülkə görə mülk İddiaçı oğlunun 2019-2020-2021-ci illər və xx.xx.2022-ci il tarixinə kimi vergi məcəlləsinin 59.1 maddəsinə əsasən (faiz borcu ilə birliktə) 4039 (dörd min otuz doqquz) manat əmlak və torpaq vergi borcunu təşkil edir. Azərbaycan Respublikası MPM-nin 157, 158, 159, 160 maddələrinə əsasən yaranmış borcun qısa müddətdə, tam şəkildə Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etmək məqsədilə qərar qəbul edilsin. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 106 nömrəli Qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 50F ünvanında yerləşən mülkə görə mülk İddiaçı 2019-2020-2021-ci illər və xx.xx.2022-ci il tarixinə kimi Vergi Nəcəlləsinin 59.1 maddəsinə əsasən (faiz borcu ilə birliktə) 4039 (dörd min otuz doqquz) manat əmlak və torpaq vergi borcu tutularaq Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilməsi, əmlak vergisinin 10 gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov Bələdiyyəsinin hesablaşma hesabına ödənilməsi qərara alınmışdır. -Cavabdeh xx.xx.2023-cü il tarixli, 3 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 200-ci maddəsinin 200.5-ci bəndinə uyğun olaraq fiziki şəxslərin əmlak vergisini cari il üçün verginin məbləği bərabər hissələrlə -həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 57.3 Bu Məcəllənin 23.1.2-ci və 23.1.2- 1-ci maddələrində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə bu Məcəllənin 16.1.4-2-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə, bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulan halda vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə, o cümlədən vergi orqanlarının bu Məcəllənin 42.4-cü maddəsinə əsasən edilmiş müraciətinin həmin maddədə göstərilən müddətdə icra edilməməsinə, habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4cü maddəsi ilə müəyyən edilmiş 5 ildən az olmayan müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin obyekti Etibarnamə ilə idarə edən X3 (AZE № 15483762; +**********30) bələdiyyə tərəfindən qərar qəbul edilərkən iclasa gəlməyi imtina etmişdir və İddiaçı göstərişi olduğunu izah etmişdir. -Nərimanov Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli Aktında qeyd olunmuşdur ki, Biz aşağıda imza edənlər bu akt ilə təsdiq edirik ki, xx.xx.2022-ci il tarixində Ə.Rəcəbli 50F ünvanda yerləşən mülkün sahibi İddiaçı nümayəndəsinə 03/413 saylı xx.xx.2022-ci il tarixli tələbnamə təqdim olunmuşdur. Tələbnamə ilə tanış olan nümayəndə qəbul etməkdən imtina etmişdir. Əmlak və torpaq vergisini ödəməkdən tamamilə imtina etdiyini bəyan etmişdir. Aktı imza etmişdir: Vergi, rüsum və ödənişlər şöbəsinin müdürü Q.M.İbrahimov, sahə nəzarətçisi İ.H.Quliyev, sahə nəzarətçisi H.İ.Həsənov. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya təqdim edilməsini təsdiq edən sənədi təqdim etmədiyindən məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmir və bu halda iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsini poçt xidmətinə təqdim etməklə mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə cavabdeh iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasına görə 2019-2020-2021-ci illər üçün xx.xx.2022-ci il tarixinə kimi faiz borcu ilə birlikdə 4039 (dörd min otuz doqquz) manat əmlak və torpaq vergisinin Nərimanov Bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli, 106 nömrəli qərar qəbul etmiş və icra olunması üçün İcra Şöbəsinə göndərmişdir. İddiaçının mövqeyinə görə sözügedən qərar iddiaçının iştirakı ilə tərtib olunmadığı, qərardan yalnız İcra Şöbəsinin icraata başlamaq haqqında qərar qəbul edildikdən sonra tanış olduğu, verginin iddiaçının mülkiyyətçi olmadığı dövr üçün hesablandığı, eləcə də 3 ildən artıq dövr üçün vergi hesablandığı və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığından ləğv edilməlidir. Məhkəmə hazırkı mübahisə prdemeti olan bələdiyyə qərarının qanuniliyini ilk növbədə həmin qərarın “İnzibati icraat haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanuni ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” ilə nəzərdə tutulmuş prosessual normalarının tələbləri baxımından yoxlayır. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən yerli büdcənin gəlirlərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərdən əmlak vergisi; yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar aid edilir. Fiziki şəxslərə torpaq və əmlak vergisinin hesablanması isə bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5.0.3-cü maddəsinə əsasən vergi məbləğləri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) tutulur. -8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi. -8.2-ci maddəsinə görə yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. -196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. -197.1-ci maddəsinə görə aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla); 197.1.4. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla). -200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. -200.4-cü maddəsiə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. -200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. -200.6-cı maddəsinə əsasən binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. -201.1-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. -203.1-ci maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. -204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. -205-ci maddəsinə görə fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. -206.1-ci maddəsinə əsasən bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir. -206.3-cü maddəsinə görə bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: -208.1-ci maddəsinə görə torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. -208.2-ci maddəsinə görə torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. -208.3-cü maddəsinə görə müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. -208.6-cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Sadalanan normalardan göründüyü kimi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak və həmin əmlakların yerləşdiyi istifadədə olan dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə görə yerli inzibati ərazinin bələdiyyəsi tərəfindən yerli vergilər hesablanır və büdcəyə ödənilir. Əmlak və torpaq vergisinin bələdiyyələrin ərazi vahidlərinə, torpaq sahələrinin təyinatına uyğun olaraq müvafiq dərəcələr üzrə hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanuni ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə əsasən bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. - 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. - 5.4-cü bəndinə əsasən ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. - 5.6-cı bəndinə əsasən bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. - 5.7-ci bəndinə əsasən ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. - 5.10-cu bəndinin tələbinə görə Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı bələdiyyə tərəfindən iddiaçıya münasibətdə əmlak və torpaq vergisinin ödənilməsi ilə bağlı inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılmaması müəyyən edilmişdir. Belə ki, iddiaçıdan 2019, 2020, 2021-ci illər üzrə əmlak və torpaq vergisi üzrə borcların və həmin borcun vaxtında ödənilməməsi ilə bağlı faizlərin ödənilməsi tələb edilsə də cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli tədiyyə bildirişinin, eləcə də borcun ödənilməsinə dair tələbnamə, xəbərdarlığın iddiaçıya çatdırılmasını təsdiq edən sənədlər cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçıdan 2019-2020-2021-ci illər üçün əmlak və torpaq vergisi borcu tələb edilsə də cavabdeh 2019-2021-ci illəri əhatə edən borclar ilə bağlı tədiyyə bildirişlərini ümumiləşdirərək xx.xx.2022-ci il tarixli tədiyyə bildirişi tərtib etmişdir. Halbuki, qanunvericilik tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verilməsini, cari il üçün verginin məbləğinin bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsini təsbit etmişdir. Göründüyü kimi inzibati orqan hər cari il üçün ayrı-ayrılıqda əmlak və torpaq vergisi ilə bağlı borcun ödənilməsi barədə tədiyyə bildirişlərini göndərməmiş, bunu təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, vergi borcunun tutulması barədə mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarla iddiaçıdan əsas borc və faiz borcu ilə birlikdə cəmi 4039 manat borcun tutulması qərara alınsa da həmin tarixədək vergi borcunu əks etdirən xx.xx.2022-ci il tarixli tədiyyə bildirişində cəmi ödəniləcək məbləğ olaraq 4495,84 manat vergi borcu hesablanmışdır. Eləcə də cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 03/413 nömrəli tələbnaməsinin bir nüsxəsində iddiaçıya 2019-2021-ci illər üzrə cəmi 3476 manat, eyni tarixli və eyni nömrəli digər tələbnaməsində 4039 manat əmlak və vergi borcunun yarandığı qeyd edilmiş və həmin məbləğin ödənilməsi tələb edilmişdir. Beləliklə, cavabdeh orqan iddiaçıdan tələb edilən vergi borcunun məbləğinin hansı qaydada hesablandığı, tələb edilən borcun hansı hissəsinin illər üzrə əsas vergi borcu, faiz borcu olduğunu müəyyən etməmiş, tədiyyə bildirişi, tələbnamə və borcun tutulması ilə bağlı qərarların hər birində fərqli vergi borcu məbləği qeyd etmiş, konkret məbləğ müəyyən etməmiş, bunun açıqlamasını verməmiş, nzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, ən əsası hesalanmış vergi borcunun ödənilməsi ilə bağlı istinad etdiyi tələbnamə, tədiyyə bildirişinin iddiaçıya göndərilməsini təsdiq edən sənədi təqdim etməmişdir. Halbuki, inzibati orqan iddiaçını əlavə öhdəliklə yükləyəcək onun üçün əliverişsiz inzibati akt qəbul edəcəyi təqdirdə bunu iddiaçının diqqətinə çatdırmaqla, onun inzibati icraatda dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İnzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, sübutların qiymətləndirilməsini təmin etmək vəzifəsi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin məhkəməyə ünvanladığı mübahisələndirilən qərarın qəbul edilməsi zamanı obyekti iddiaçının adından etibarnamə ilə idarə edən şəxsi icasa dəvət etdiyi, eləcə də tələbnamənin iddiaçının nümayəndəsinə təqdim etdiyi və sonuncunun tanış olmaqdan imtina etməsi ilə bağlı təqdim etdiyi akt iddiaçının inzibati icraata cəlb edilməsini təsdiq edən mötəbər sübut qismində qəbul edilmir. Cavabdeh tələbnamənin iddiaçının ünvanına göndərilməsini və ya birbaşa ona elan edilməsini təsdiq edən sənədləri təqdim etməmişdir, tərtib edilən akt isə birtərəfli qaydada-bələdiyyənin öz işçiləri (yerli vergi, rüsum və ödənişlər şöbəsinin müdiri, sahə nəzarətçiləri) tərəfindən tərtib edilməklə imzalanmış akt olmaqla iddiaçının qanunla tələb edildiyi qaydada iclasa dəvət edilməsini və ya məlumatlandırılmasını təsdiq edən sübutlar hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində 2019-2021-ci illər üzrə vergi öhdəliklərinin tələb edilməsi ilə bağlı inzibati icraat düzgün aparılmadığından, mübahisələndirilən qərarın qəbul edilməsi zamanı isə yuxarıda qeyd olunun qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan, qəbul edilmiş mübahisələndirilən qərar iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbi təmin edilməli, mübahisələndirilən bələdiyyə qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh 106 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4575/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4575/2023
19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver