Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4576/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər ala bilmədiyi əmək haqqının, mükafat və sosial sığorta ayırmalarının, eləcə də iddiaçıya vurulmuş mənəvi zərərə görə 3000 manat məbləğində mənəvi təzminatın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qoyulmuş diaqnoz əsasında 13-14 yaşlarından döş qəfəsinin anadangəlmə 3-cü dərəcəli qıfabənzər deformasiyası, tənəffüs çatışmazlığı xəstəliyi ilə ilkin olaraq iddiaçıya müddətli 2-ci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Daha sonra xx.xx.2011-ci il tarixdən 3-cü əlillik dərəcəsi təyin edilmişdir. Qeyd edilən diaqnoz əsasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığının Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 80C maddəsinə, eləcə də AR Müdafiə Nazirliyinin 24.03.200-ci il tarixli 95 nömrəli əmrinə əsasən sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Sonradan üç ildən bir olmaqla ümumilikdə beş dəfə hərbi həkim komissiyası tərəfindən yoxlamadan keçmişdir. Hər beş yoxlanışda hərbi xidmətə yararsız olduğu müvafiq komissiya tərəfindən təsdiqlənmişdir. 2023-cü ilin oktyabr ayında komissiyadan keçərkən ona bildirilmişdir ki: “Sən sağalmısan, hərbi xidmətə yararlı sayılırsan”. İlk növbədə bildirilir ki, ümumiyyətlə o, hərbi xidmətə çağırışla əlaqədar heç bir prosedurdan məlumatlı olmamışdır. Həyata keçirilən bütün proseduralar telefon zəngləri və təqdim edilən sənədlərin oxunmadan imzalatdırılmasından ibarət olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də təsbit edilən “Xəstəliklər cədvəli”ndə iddiaçı barəsində müəyyən edilmiş hərbi xidmətə yararlılıq kateqoriyasının hansı əsasla dəyişdirilməsi və hansı müayinənin nəticəsində bu cür qərarın qəbul edilməsindən də məlumatsızdır. İddiaçıya çağırış vərəqəsi təqdim edilmədən, yalnız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin əməkdaşı tərəfindən telefonla məlumatlandırılmaqla xx.xx.2024-cü il tarixdə hərbi xidmət keçməyi üçün Gəncə şəhərində yerləşən hərbi hissəyə getməli olduğunu və bunun üçün həmin tarixdə Xidmətin Xətai rayon idarəsinə gəlməli olduğu bildirilmişdir. İddiaçı da qeyd edilən tarixdə Xidmətin Xətai rayon idarəsinə gəlmişdir. Burada digər çağırışçılar ilə Xidmətin Xətai rayon idarəsinin əməkdaşının müşayiəti ilə Gəncə şəhərində yerləşən hərbi hissəyə getmişdir. Həmin gün hərbi hissədə həkim komissiyası tərəfindən yenidən müayinə olunmuşdur. Komissiya üzvləri iddiaçının 3-cü dərəcə əlil olduğunu bildikdən sonra onun geri qayıtmalı olduğunu və sağlamlığının hərbi xidmət keçməyə imkan vermədiyini bildirdilər. İddiaçı həmin gün yenidən Bakıya qayıtdı. xx.xx.2024-cü il tarixdə Xidmətin Xətai rayon idarəsi tərəfindən ona bildirildi ki, əlilliyin təkrar müayinə olunması üçün xx.xx.2024-cü il tarixdə yenidən yoxlamadan keçməlidir. İddiaçı təkrar müayinə ilə əlaqədar müvafiq komissiyaya ünvanlanan göndərişlə tanış olmaq istədikdə, bu göndərişin yalnız elektron olduğu və çağırışçıya təqdim edilməli olmadığını bildirdilər. Bu səbəbdən yenidən əlilliyin müayinəsinə yaranan zərurətin hüquqi əsası ilə bağlı məlumatsız qaldı. Nəticədə iddiaçıya sonradan məlum oldu ki, TSEK-nın qərarı ləğv edilmiş və iddiaçının əlillik statusu itirilmişdir. İddiaçının xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin “Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları” cədvəlinin 80-ci maddəsinin İ qrafasının C bəndinin təsiri dairəsinə düşür. Həmin Əsasnamənin 80-ci maddəsinin 48-ci abzasına əsasən döş qəfəsinin İ dərəcəli (2 sm-dən artıq olmayaraq) deformasiyası bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur. İddiaçının döş qəfəsində isə qeyd edilən deformasiya 2 sm-dən artıqdır. Lakin “müayinə” zamanı qeyd edilən hal nəzərə alınmamışdır. İddiaçının xəstəliyi anadangəlmə xəstəlikdir və 35 ildən çoxdur ki, bu xəstəlikdən, paralel şəkildə onurğa sürüşməsindən və yastıpəncəlilikdən də əziyyət çəkir. Eyni zamanda hərbi xidmətdən sonra ayaqlarında damar genişlənməsi yaranmışdır. Bütün bunlara baxmayaraq Xidmətin qanunsuz hərəkətləri nəticəsində iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətin ilk həftəsində pnevmoniya xəstəliyinə tutulmuş və Gəncə şəhər Hərbi Hospitalında müalicə olunmuşdur. Nəticədə nəfəsdarlığı və təngnəfəsliyi bir az da artdı. Artıq dörd aydır təxris olunmağına baxmayaraq hələ də keçirdiyi pnevmoniya xəstəliyinin fəsadları ona mənfi təsir göstərməkdədir. Xidmət tərəfindən yol verilən bu pozuntular nəticəsində o, aylıq gəlirdən, təhsil hüququndan məhrum olmaqla yanaşı dərin mənəvi sarsıntı və fiziki iztirablara məruz qalmışdır. Belə ki, hərbi xidmətə çağırılmamışdan öncə o, "xxxx" MMCnin direktoru vəzifəsində çalışmış, nəticədə onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar cavabdeh tərəfindən heç bir qanununsuz hərəkətə yol verilməmişdir. İddiaçı 2007-ci ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış, tibbi müayinədən keçirilmiş və müayinələrin nəticəsinə əsasən rayon çağırış komissiyasının qərarına əsasən onun barəsində “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə və qanunvericilikdə dəyişiklik olandan sonra isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 20.3-cü maddəsinə əsasən (Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar) 3 ildən bir mütəmadi olaraq təkrar tibbi müayinələrdən keçmiş və“ dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı" hesab edilməsi haqqında qərarlar qəbul edilmişdir. İddiaçı növbəti təkrar tibbi müayinədən keçən zamanı ona xx.xx.2023-cü il tarixdə “X7” PHŞ göndəriş verilmiş və həmin tibb mərkəzinin xx.xx.2023-cü il tarixli “Sağlamlıq vəziyətinin müayinə edilməsi Aktı”na (rəy əlavə olunur) əsasən ona “Döş qəfəsinin arxaya qabaran deformasiyası, ventilyasya pozğunluğu qeyd olunmur” diaqnozu qoyulmuşdur. Həmin rəyə əsasən, iddiaçı barədə rayon çağırış komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim” ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasının 80-ci maddəsinin “ç” bəndi ilə “Hərbi xidmətə yararlıdır - 3” qərar qəbul edilmiş və həmin qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən təsdiq edilmişdir (əsas: xx.xx.2023-cü il tarixli 1058 nömrəli arayış əlavə olunur). İddiaçı 2024-cü ilin yanvar çağırışında ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin (bundan sonra - Əsasnamə) tələblərinə əsasən, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicəsağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət tibb müəssisələrinə həvalə olunmuşdur. Əsasnamənin 1.3-cü bəndinə əsasən, hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Əsasnamənin 1.5-ci bəndinə əsasən, tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Əsasnamənin 5.1-ci bəndinin 8-ci abzasında qeyd edilir ki, sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. Əsasnamənin 2.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilmə prosesində tələb olunan müayinələrdən keçirlər. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 369-cu maddəsinə əsasən, alaya (briqadaya) yeni gələn şəxsi heyət 14 gün ərzində ayrıca binada yerləşdirilir. Bu dövrdə onlar tibbi müayinədən keçir, onlara peyvənd edilir, geyim və ayaqqabı verilir, onlar əyninə uyğunlaşdırılır. Şəxsi heyətlə döyüş və ictimai siyasi hazırlıq məşğələləri keçirilir. Həmin nizamnamənin 372-ci maddəsinə əsasən, hərbi qulluqçuların fiziki inkişafını və sağlamlığının vəziyyətini müəyyənləşdirmək məqsədilə ildə iki dəfə qış və yay tədris dövrü ərəfəsində tibbi müayinə keçirilir. Bu, alay (briqada) tibb xidməti rəisi tərəfindən təşkil edilir. Zabitlərin və gizirlərin tibbi müayinəsinə hərbi müalicə müəssisələrindən mütəxəssis həkimlər cəlb edilirlər. Həmin nizamnamənin 373-cü maddəsinə əsasən, tibbi yoxlamalar hərbi qulluqçuların sağlamlığının vəziyyətinə nəzarət etmək üçün aparılır. Göründüyü kimi, iddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş, habelə hərbi xidmətə qəbul edilərkən hərbi hissənin hərbi həkim komissiyası tərəfindən yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə qəbul edilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. Bununla da cavabdeh çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş, heç bir qanunsuzluğa yol verməmiş və bu səbəbdən hər hansı kompensasiya ödəmək öhdəliyi daşımır. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4576/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “iddiaçının ümumilikdə ala bilmədiyi 7018 manat məbləğdə əmək haqqı, həmin tarixlərdə ödənilməli olan 1985,32 manat məbləğdə sosial siğorta ayırmaları və 4000 manat məbləğdə əmək haqqına əlavələr, eləcə də 3000 manat məbləğdə mənəvi təzminatın, ümumilikdə 16003,32 manat məbləğdə vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin üzərinə qoyulması” kimi icraata qəbul olunması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası kompensasiyanın ödənilməsi haqqında iddia (İPM-in 2.2.7-ci maddəsi) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 651 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisaı üzrə xidmətə və s. yaralılıq haqqında qərarı: "Xəstəliklər cədvəlinin" 80c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Diaqnoz: Anadangəlmə inkişaf qüsuru; Döş qəfəsinin “çəkməçi döşü” tipli deformasiyası (37 mm). restriksiyanın üstünlüyü ilə, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu ilə. Onurğanın döş nahiyəsinin (Th3) 6° (altı) dərəcə İ (birinci) mərhələ təsbit olunmamış skoliozu. Aşıq-qayıqvari oynaqların osteoartrozu olmayan hər iki ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı. Hər iki gözün sadə miopik astiqmatizmi, refraksiya Em və M 1,0 D nəticəsində görmə itiliyinin 0,6ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Xoşxassəli hiperbilirubinemiya. SX № ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə hərbi hissəyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 01 noyabr 2023-cii il tarixindən 07 mart 2024-cü il tarixinədək "xxxx" MMC-də (VÖEN **********) direktor vəzifəsində çalışmışdır. Onun orta aylıq əmək haqqı 1127 azn olmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Siz xx.xx.2007-ci il tarixdə keçmiş Xətai rayon hərbi komissarlığının hərbi həkim komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2000-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin Xəstəliklər cədvəlinin 80-ci maddəsinin c bəndinə əsasən dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmisiniz. Qeyd olunan Əsasnamənin tələblərinə uyğun olaraq, təkrar tibbi komissiyadan keçirilmək üçün Xətai rayon çağırış komissiyasına dəvət olunaraq, xx.xx.2016-cı il tarixdə, xx.xx.2019-cu il tarixdə əlavə müayinələrdən keçirilmısıniz. Keçirilmiş tibbi şəhadətləndirilmənin nəticələrinə görə Siz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin Xəstəliklər cədvəlinin 80-ci maddəsinin c bəndinə əsasən əvvəllər təyin edilmiş qərara qüvvədə saxlanılaraq, dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmisiniz. Növbəti təkrar tibbi müayinədən keçirilmək üçün idarəyə dəvət olunaraq xx.xx.2023-cü il tarixdə rayon çağırış komissiyasının həkim mütəxəssisləri tərəfindən əlavə müayinə olunmaq üçün (diaqnoz: döş qəfəsinin qıfvari deformasiyası) 164 nömrəli göndərişlə X6 göndərilmısıniz. X2 daxil olmuş xx.xx.2023-cü il tarixli 820 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına əsasən Sizə “Döş qəfəsinin arxaya qabaran deformasiyası ventilyasiya pozğunluğu qeyd olunmur” diaqnozu təyin edilmişdir. Həmin diqanoza əsasən Xidmətin Xətai rayon idarəsinin həkim mütəxəssisləri tərəfindən tibbi şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin Xəstəliklər cədvəlinin 80-ci maddəsinin ç bəndinə əsasən “3-cü məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən verilmiş qərarın təsdiq olunmasıməqsədilə Siz, sənədlərinizlə ilə birgə Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilmisiniz. Tibbi şəhadətləndirilmənin yekunu olaraq, rayon çağırış komissiyasının qərarı Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qüvvədə saxlanılmış və Siz xx.xx.2024-cü il tarixdə Xidmət rəisinin müvafiq sərəncamı ilə təyin olunduğunuz hərbi hissəyə göndərilmisiniz. Lakin hərbi hissənin hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı, uşaqlıqdan 3-cü qrup əlillik dərəcənizin olduğu barədə məlumat verdiyiniz üçün hərbi hissədən geri qaytarılmısınız. Hərbi hissədən geri qaytarılma səbəbinin araşdırılması məqsədilə tərəfimizdən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə məktub ünvanlanaraq Sizin ekspert komissiyasından keçirilməyiniz və barənizdə müvafiq qərar qəbul olunması xahiş olunmuş, xx.xx.2024-cü il tarixdə qeyd olunan ekspert komissiyası tərəfindən müayinə yekunlaşdırılaraq 3-cü əlillik dərəcəsinin ləğv olunması barədə rəsmi arayış alındıqdan sonra xx.xx.2024- cü il tarixdə təkrar təyin olunduğunuz hərbi hissəyə təhvil verilmisiniz. Bildiririk ki, çağırışçılar və hərbi vəzifəlilər tibbi şəhadətləndirilməyə cəlb edilərkən rayon çağırış komissiyasında qərarlar yalnız xəstəliyin növünə görə aiddiyyəti dövlət səhiyyə müəssisəsinin təqdim etdiyi sağlamlıq vəziyyətinin müayinə edilməsi aktındakı diaqnozlara əsasən qəbul edilir. Sənədlərdən göründüyü kimi Sizin, istər təkrar tibbi şəhadətləndirilmə, istərsə də müddətli həqiqi hərbi xidmətə cəlb edilmə prossesində rayon çağırış komissiyası tərəfindən mövcud qanunvericiliyin həmçinin bu sahəyə aid normativ hüquqi aktların tələbləri heç bir halda pozulmamışdır. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi büdcə təşkilatı olduğu üçün hər hansı bir maddi təzminatın ödənilməsi mövcud qanunvericiliyə əsasən idarənin səlahiyyətləri xaricindədir.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə İddiaçı adına 2023-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatları və fərdi şəxsi hesab məlumatlarını (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) barədə məlumat təqdim olunmuşdur. Həmin məlumatdan görünür ki, 2023 yanvar - 2024 dekabr ayı üzrə iddiaçının gəliri 21168 manat, cəmi hesablanmış 5292,01 manat, cəmi ödənilmiş 5089,91 manat olmuşdur. Təqdim olunmuş əmək müqavilələrindən görünür ki: -İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində müddətsiz əmək müqaviləsi bağlanmış, işçiyə hər ay 350 manat əmək haqqı ödənilməsi, iş saatının 16:00da başlaması, saat 18:00-da qurtarması şərtləndirilmişdir. -İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində müddətsiz əmək müqaviləsi bağlanmış, işçiyə hər ay 1127 manat əmək haqqı ödənilməsi, iş saatının 09:00da başlaması, saat 18:00-da qurtarması şərtləndirilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-ə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna görə: 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi xidmətkeçmə ilə bağlı fəaliyyətin subyekti kimi şəxsin tibbi qiymətləndirilməsinin aparılması və xidmətkeçmə baxımından yararlılıq kateqoriyasının müəyyən edilməsi zəruridir. Cavabdeh isə həmin hala əhəmiyyət vermədən iddiaçının hərbi xidmətə məhdud yararlı olduğunu nəzərə almamış, şəxs barəsində hər hansı əsaslı yoxlama aparmadan, xidmətə yararlılığı barədə qərar qəbul edərək hərbi xidmətə göndərilməsini təmin etmiş, lakin hərbi xidmət dövründə həmin şəxsin hərbi xidmətə məhdud olması barədə qənaətə gəlinmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hərbi xidmətə məhdud yararlığına əsas mövcud olsa da, həmin xəstəliklə hərbi xidmətin həyata keçirilməsinə məcbur qalmış şəxsə münasibətdə iddiaçıya həm maddi zərər vurmuş, həm də onun şəxsi qeyri-əmlak hüquqlarının pozulmasına, mənəvi sarsıntı və iztirab keçməsi, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. xx.xx.2024-cü il tarixli 651 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı “anadangəlmə inkişaf qüsuruna” malik olmuşdur. Lakin bu hal nəzərə alınmadan o xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hərbi xidmətə cəlb edilmiş, daha sonra göstərilən əsasla hərbi xidmətdən təxris edilmişdir. Məhkəmə işin halları üzrə təqdim olunmuş sübutları və tərəflərin izahatlarını qiymətləndirməklə müəyyən etmişdir ki, iddiaçı, hərbi xidmətə yararlığının müəyyən edilməsindən əvvəl, iki ayrı iş yerində, "xxxx" MMC-də yarım ştat əsasında və "xxxx" MMC-də tam ştat əsasında əmək fəaliyyətini həyata keçirmiş, bu fəaliyyətinə görə müvafiq olaraq aylıq 350 (üç yüz əlli) manat və 1127 (min yüz iyirmi yeddi) manat məbləğində əməkhaqqı əldə etmişdir. İş materiallarına əlavə edilmiş əmək müqavilələri, ödəniş sənədləri, sosial sığorta ödənişlərinə dair məlumatlar və digər müvafiq sübutlar əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının hərbi xidmətə göndərilməsi qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirilmiş, nəticədə o, əsassız surətdə hərbi xidmətə cəlb olunaraq faktiki əmək fəaliyyətindən kənarlaşdırılmış və əməkhaqqı almaq imkanından məhrum edilmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddiaçının "xxxx" MMC-də çalışdığı dövrə dair təqdim olunmuş məlumatlara əsasən, o, hər ay 350 manat əməkhaqqı almışdır. Məhkəmə bu əməkhaqqının may ayı da daxil olmaqla ödənildiyini nəzərə alaraq, iyun (350 manat) və iyul (315 manat, ayın günləri nəzərə alınmaqla hesablama aparılaraq) ayları üzrə əməkhaqqı almamaqla ümumilikdə 665 (üç yüz altmış beş) manat məbləğində maddi ziyana məruz qaldığını müəyyən edir. İddiaçının "xxxx" MMC-də əmək fəaliyyəti ilə bağlı isə təqdim olunmuş sənədlərəəsasən məlum olmuşdur ki, mart ayı üzrə ona cəmi 278,04 manat ödənilmiş, mart ayının qalan günləri, eləcə də aprel, may, iyun və iyul ayları üçün isə əməkhaqqı ödənilməmişdir. Bu səbəbdən də iddiaçı mart ayının qalan günlərinə görə 849 manat, aprel, may, iyun ayları üzrə 1127 manat, iyul ayı üzrə iş günlərinə münasibətdə hesablama aparmaqla isə 833 manat, ümumilikdə 5063 manat məbləğində ziyan dəymişdir. Məhkəmə nəticə olaraq belə qənaətə gəlir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olmaq imkanından əsassız məhrum edilməsi nəticəsində ona ümumilikdə 5.728 (beş min yeddi yüz iyirmi səkkiz) məbləğində maddi ziyan dəymişdir və bu məbləğ cavabdeh tərəfindən iddiaçıya kompensasiya olaraq ödənilməlidir. İddiaçının mükafat qismində əmək haqqına əlavələrin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, onunla işəgötürənlə bağlanmış əmək müqavilələrində əlavə və mükafat qismində hər hansı ödəniş nəzərdə tutulmamışdır. Sosial sığorta ödənişləri isə əmək haqqından tutulduğundan iddiaçıya münasibətdə kompensasiyanın hesablanması zamanı əmək haqqı məbləğinin nəzərə alınması həmin sosial sığorta ödənişlərini də əhatə etdiyindən, sosial sığorta ödənişlərinə münasibətdə təkrar hesablama yolverilməzdir. Mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin tutulması varlaşma vasitəsi deyil, hazırki mübahisə üzrə cavabdehin hərəkətlərinin qanunsuzluğunun nəticəsini əks etdirən simvolik ifadə vasitəsidir. Başqa sözlə desək, mənəvi zərər bilavasitə zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Bu hallarda məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən hər iki tərəfin konstitusiya ilə qorunan hüquq və marağlarını nəzərə alaraq məbləğin ağlabatan olmasını nəzərə almalıdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq tutulacaq pul vəsaitinin məbləği 3000 manat məbləğində yox, məhz 1.500 manat məbləğində müəyyən edilməlidir ki, həmin məbləğin hər iki tərəf üçün ədalətli olması hüquqi yanaşma prizmasından əsaslıdır. Bu səbəbdən də məhkəmə iddianın qismən təmin edilməli olması qənaətinə gəlir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 nömrəli 3 noyabr 2008-ci il Qərarının 10-cu bəndinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə də Plenum Qərarının 10-cu bəndində nəzərdə tutulan fərdi xüsusiyyətlər nəzərə alınmaqla rəhbər tutaraq, hesab edir ki, 1.500 manat məbləğ müəyyən edilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1635/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarının tələblərinə də uyğun olmuşdur. Adıçəkilən işdən də göründüyü kimi iddiaçı Xidmətin aidiyyəti ərazi idarəsinə qarşı iddia irəli sürərək həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb etmişdir. İddianın məzmunundan görünür ki, iddiaçı hərbi xidmətə çağrılarkən böyrəyindən əziyyət çəksə də yoxlanılma aparılmadan hərbi xidmətə cəlb edilmişdir. İddianın rədd edilməsi barədə apellyasiya məhkəməsinin qərarını ləğv edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(102)- 1605/2021 saylı qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, ilk növbədə cavabdeh (onun hüquq sələfi) tərəfindən iddiaçının hərbi xidmətə çağırıldığı vaxtda qüvvədə olan “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunubolunmadığını müəyyən etməli idi. Həmin normaların tələbinə görə, kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər... Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssishəkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər (Qanunun 7-ci maddəsi). Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; ...çağırışçıların tibbi müayinəsini təşkil etmək (Qanunun 10-cu maddəsi). Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər-cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq—burun-boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir (Qanunun 13-cü maddəsi). Normaların tələbindən göründüyü kimi, vətəndaşlar təkcə müddətli hərbi xidmətə çağırılan zaman deyil, həm də buna qədər – onların 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilərkən hökmən tibbi müayinədən keçirilməlidirlər. Bu müayinə isə, yalnız cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq-burun-boğaz həkimi, diş həkimi tərəfindən deyil, həm də zərurət olduqda müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən həyata keçirilir. İddiaçının sağlamlığından şikayətinin olmadığı barədə cavabdehin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əgər hər hansı orqanın (hazırkı halda, böyrəyin birinin) olmaması şəxsin hərbi xidmətə yararsızlığının əsası (səbəbi) kimi çıxış edirsə, çağırış komissiyasının təşkilinin əsas məqsədi də məhz şəxsin hərbi xidmətə yararlılığının müəyyən edilməsindən ibarətdirsə, deməli, həmin komissiya qanunda şəxsin hərbi xidmətə yararsızlığının səbəbi kimi təsbit olunan bütün halları yoxlamaq vəzifəsi daşıyır. Həmin qərar əsasında qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1635/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında analoji mövqedən çıxış edilərək hərbi xidmətə yararsız şəxsin hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə cəlb edilməsinə münasibətdə cavabdehin hərəkətləri qanunsuz hesab edilərək mənəvi zərərin ödənilməsi barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçıya dəymiş 5.728 (beş min yeddi yüz iyirmi səkkiz) manat məbləğində maddi zərərin və 1.500 (min beş yüz) manat məbləğində mənəvi zərərin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5.
Məhkəmə qərarları › İş №2-1(112)-4576/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4576/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver