Məhkəmə qərarları › İş №2-1(112)-4577/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4577/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4577/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş və ərizənin məhkəmə icraatına qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi uzun müddətdir ki qeyri-yaşayış sahəsi kimi istifadə olunur və hazırda iddiaçının mülkiyyətindədir. İddiaçı həmin əmlak üzərində mülkiyyət barədə sərəncam vermək hüququna malik olduğuna əsaslanaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mübahisə predmetini təşkil edən mənzil ilə bağlı iş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhər, Nizami rayonu, Məhsəti küçəsində yerləşən 16 saylı evin 14-cü mənzili (ümumi sahəsi 55.1 kv.m) İddiaçı xüsusi mülkiyyətindədir. Texniki pasportda mövcud olan göstəricilərə əsasən sözügedən mənzilin ümumi sahəsi 55.5 kv.m, yaşayış sahəsi 33 kv.m olmaqla yanaşı, mənzil 2 otaqdan ibarətdir. “xxxx” MMC tərəfindən Bakı şəhər, Nizami rayonu, Məhsəti küçəsində yerləşən 16 saylı evin 14-cü mənzilinin layihələndirilməsi aparılmış və “Memarlıq və Planşdırma Bölməsi”nin rəyi ilə rəsmiləşdirilmişdir. 14.03.2021-ci il tarixinə olan məlumata əsasən sözügedən mənzil üzərində məhdudiyyətinvə yüklülüyün qeydiyyata alınması aşkar olunmamışdır (arayış əsasında) Cavabdeh tərəfindən ünvanlanmış imtina məktubundan görünür ki, iddiaçının müraciətinə qiymət verilmiş və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə”25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar Nizami rayonu, B.Çobanzadə, Ş.Miriyev, Ə.Əzimzadə və Məhsəti Gəncəvi küçələrinin kəsişməsindəki 2547-ci məhəllədə yerləşən istismar müddəti başa çatmış 2 mərtəbəli yaşayış binalarının söküntüsü nəzərdə tutulduğundan iddiaçının müraciətinin həll edilməsi mümkün deyildir. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq Bakı şəhər, Nizami rayonu, Məhsəti küçəsində yerləşən 16 saylı evin 14-cü mənzilinin hazırki vəziyyətdə qeyri-yaşayış sahəsi kimi istifadəsinin şəhərsalma və tikinti normalarına uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi sorğuya cavab məktubunda bildirmişdir ki, qeyd olunan ünvanda Bakı şəhərində tətbiq olunmuş ərazi-planlaşdırma sənədlərinə, o cümlədən hazırlanan Baş plan layihəsinə əsasən memarlıq həlli baxımından əhəmiyyət kəsb etməyən və istismar müddəti bitmiş tikililərin sökülərək mərhələli şəkildə yol-nəqliyyat infrastrukturunun yenidənqurulması və irimiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulduğundan qaldırılan məsələnin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün kifayət qədər əsasla mövcuddur. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı zəruri inzibati icraat aparmamışdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə, əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən, izibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Qeyd edilməsi zəruri hesab edilir ki, inzibati icraat üçün ümumi müddət müəyyən etmiş və bu müddətin axımı müraciətin qeydiyyata alındığı gün başlayır və müraciət üzrə qərar (qərar dedikdə həm müraciət üzrə qərarın qəbul edilməsi, həm də qərar qəbul etməkdən imtina haqqında qərar başa düşülür) qəbul edildiyi gün başa düşülür. Qərar qəbul edərkən və ya müraciətə imtina edərkən, işin hallarını öz xidməti vəzifəsindən irəli gələrək araşdırılması inzibati orqanın borcudur. Obyektiv araşdırmanın prinsipi öz məzmununu onda ifadə edir ki, qərarın qəbul edilməsi və müraciətə imtina olunması üçün lazım olan araşdırmanın aparılması və faktların müəyyən edilməsi inzibati orqanın vəzifəsidir və inzibati orqan bunun üçün məsuliyyət daşıyır. İşin halları barədə faktlar və digər sübutlar o həcmdə araşdırılmalıdır ki, qərarın qəbul edilməsi üçün inzibati orqan kifayət qədər yetərli əsaslara malik olsun. Əks halda aparılmış araşdırma qüsurlu həyata keçirilmiş sayılır və onun nəticələri qanuni hesab edilmir. İşin faktiki hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçının müraciətinə qiymət verilərkən mübahisəli mənzilinin yerləşdiyi binanın söküləcəyi səbəb ilə imtina olunmuşdur. Məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olub-olmamasını müəyyən etmək məqsədi ilə aşağdaki qanunvericiliyin müddəalarına istinad edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci və 22-ci maddələri yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərini və imtinanın əsası olacaq halları kifayət qədər aydın göstərmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə müvafiq olaraq çoxmənzilli binalarda mənzillərin qeyri- yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən, sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən 30 gündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 21.5-ci maddəsinə əsasən, sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən 3 iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Həmin Məcəllənin 21.6-cı maddəsinə əsasən, keçirilən sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 21.7-ci maddəsinə, əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 21.8-ci maddəsinə əsasən, sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. Həmin Məcəllənin 21.9-cu maddəsinə əsasən, bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir.Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 21.10-cu maddəsinə əsasən, keçirilmiş sahə yaşayış və ya qeyri yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyriyaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədiər təqdim edilmədikdə; 22.1.2 bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3 yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 22.3-cü maddəsinə əsasən, sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-1-ci maddəsinə əsasən insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 №-li Fərmanının 1.2-ci bəndinə görə həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Şərh olunan qanunvericiliiyin normalarından görünndüyü kimi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə yalnız Mənzil Məcəlləsinin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərtilə yol verilir. Həmin səlahiyyətlər isə normativ hüquqi aktın tələbləri baxımından yerli icra hakimiyyətinin orqanları tərəfindən həyata keçirilir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərar qəbul edilərkən, yerli icra hakimiyyəti orqanları Mənzil Məcəlləsinin tələblərindən kənar çıxmadan zəruri araşdırma aparmalı, müvafiq sənədlər tələb etməli, sözügedən yaşayış sahəsinin hazırki vəziyyətinin şəhərsalma və tikinti normalarının tələbləri əsasında qeyri-yaşayış sahəsi kimi istifadəsinin mümkün olubolmamasına qiymət verməli, yenidənqurma işləri aparıb-aparmamasını və ya əlavə yenidənqurma işlərinin zəruri olub-olmamasını müəyyən etməlidir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina edilməsi yalnız Mənzil Məcəlləsinin 22.1-ci bəndində göstərilən əsaslar mövcud olduğu halda yol verilir. Qanunvericilikdə sahəni keçirmək istəyən şəxsin bu keçirmənin qanuni olmasını sübut etmək vəzifəsi müəyyən olunmamışdır. Əksinə inzibati orqan sahəni keçirməkdən imtina edərsə, bu əsasları sübut etməli və bunu öz imtina qərarında əsaslandırmalıdır. Cavabdehin imtinasına nəzər yetirdikdə aydın olur ki, inzibati orqan tərəfindən iddiaçının müraciətinə qiymət verilərkən sözügedən mənzilin yerləşdiyi binanın söküləcəyi bildirilərək, imtina olunmuşdur. İddia edilən mənzilin yerləşdiyi binanın gələcəkdə sökülməsi ümumiyyətlə iddiaçının hazırki tələbi üzrə əhəmiyyət kəsb edən hal kimi qiymətləndirilmir. Bu hal yalnız o zaman tərəflər üçün hüquqi xarakter daşıyar ki, mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olması səbəbindən qeyri-yaşayış sahəsinin istifadəsi üçün nəzərdə tutulmuş yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair normalara cavab verməsin. Sözügedən halların mövcudluğu cavabdeh tərəfindən sübut olunmadığından, məhkəmə cavabdeh tərəfindən verilmiş imtinanın formal xarakter daşıdığını və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə əməl etmədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci və 22-ci maddələri ilə müəyyən edilən halları araşdırmadan əsaslandırılmamış imtina etmiş, inzibati orqan onun keçirilən sahədə yenidənqurma işləri aparıb-aparmamasını və ya əlavə yenidənqurma işlərinin zəruri olubolmamasını, həmçinin, sözügedən yaşayış sahəsinin hazırki vəziyyətinin şəhərsalma və tikinti normalarının tələbləri əsasında qeyri-yaşayış sahəsi kimi istifadəsinin mümkün olubolmamasını müəyyən etmədən qanunvericilikdə müəyyən olunmayan əsasla imtina etmişdir. Halbuki, inzibati orqan sahənin keçirilməsi ilə bağlı qərar verməkdə tam səlahiyyətlidir və bununla bağlı ona kifayət qədər diskresion səlahiyyətlər verilmişdir. Verilmiş bu geniş səlahiyyətlə birlikdə, imtina edildiyi halda isə, inzibati orqanın bu imtinanın bütün pozuntular göstərilməklə əsaslandırılması vəzifəsi müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, hətta,sözügedən mənzilin yerləşdiyi binanın sökülməsinin Mənzil Məcəlləsinin 22-ci maddəsində imtina üçün göstərilən əsaslardan birinin əhatə dairəsinə düşdüyü müəyyən olunsaydı belə, həmin əsasın iddiaçının müraciəti üzrə tətbiq olunub-olunmaması araşdırmalıdır. Belə ki, cavabdehin əsasladığı Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Piralları, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №-li 25 fevral 2016-cı il tarixli qərarı ilə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi qərara alınmışdır. (1.1-ci bənd) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 482 №-li 17 dekabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Piralları, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №-li 25 fevral 2016-cı il tarixli qərarı ləğv edilmişdir. Sözügedən qərarın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olara 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsi və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzill ərin ayrılmasının təmin edilməsinə nəzarət Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyətinə, Binəqədi Rayon İcra Hakimiyyətinə, Qaradağ Rayon İcra Hakimiyyətinə, Suraxanı Rayon İcra Hakimiyyətinı, Nəsimi Rayon İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə, Cavabdehnə, Yasamal Rayon İcra Hakimiyyətinə, Səbail Rayon İcra Hakimiyyətinə,Pirallahı Rayon İcra Hakimiyyətinə və Xəzər Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №-li 25 fevral 2016-cı il tarixli qərarı ləğv olunması səbəbi ilə qüvvəsini itirmişdir. Cavabdeh həmin qərara əsaslanarkən, sözügedən qərarın ləğv olunduğunu nəzərə almamış, bundan savayi, iddiaçının iddia etdiyi mənzilin yerləşdiyi binanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 482 №-li 17 dekabr 2019-cu il tarixli qərarının təsiri altına düşdüyünü, ümumiyyətlə həmin binanın qəzalı vəziyyətdə olub-olmaması ilə bağlı hər hansı bir araşdırma aparmamış və bunun əksini təsdiq edən sübutu məhkəmə tədqiqatı zamanı təqdim etməmişdir. Yuxarıda göstərilənləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən yenidən baxılmalı, iddiaçının faktiki olaraq mülkiyyətindən qeyri-yaşayış sahəsi kimi istifadə etməsi, sahədə yenidənqurma işləri aparıb-aparmamasını və ya əlavə yenidənqurma işlərinin zəruri olub-olmaması, həmçinin, sözügedən yaşayış sahəsinin hazırki vəziyyətinin şəhərsalma və tikinti normalarının tələbləri əsasında qeyri-yaşayış sahəsi kimi istifadəsinin mümkün olub-olmamasi, o cümlədən Mənzil Məcəlləsinin 20-ci və 21-ci maddələrində nəzərdə tutulmuş tələblərə cavab verib-vermədiyi qiymətləndirilərək, qərar qəbul edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırki mübahisəlinin həlli ilə bağlı məhkəmə tərəfindən formalaşmış mövqeyi əsasında qərar qəbul edilərkən hər hansı üçüncü şəxsin hüquq və mənafeləri pozulmamış,qanunamüvafiq qaydada həm prosessual, həm də mahiyyəti etibarı ilə tərəflərin izahatların və sübutların verilməsinə imkan yaradılmışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-ci maddəsinə görə inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 1.2-ci maddəsinə uyğun olaraq bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə şəxsin müraciətinə düzgün qiymət verməli idi. Məhkəmə isə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Eyni zamanda, inzibati məhkəmə icraatı üzrə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/2020 saylı İcmal məktubu da məhkəmə araşdırması və inzibati orqan tərəfindən həyata keçirilən araşdırmanın əhatəsi baxımından fərqləndirilməsinin zəruriliyini qeyd etmişdir. İcmal məktubunun məzmunundan aydın olur ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın “İnzibati icraat haqqında” Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. Bu mənada “İnzibati məhkəmə icraatı haqqında” Qanunun 10-19-cu maddələrində inzibati orqanlar tərəfindən müraciətlərə baxılmasının ümumi prinsipləri təsbit olunmuş, 24-cü maddəsində isə işin bütün hallarının obyektiv araşdırılması, təqdim olunmuş sübutları toplamaq vəzifəsi nəzərdə tutulmuşdur. Burada digər mühüm prinsiplərə riayət etməklə bərabər, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmaq, habelə təqdim edilmiş sübutlarla bağlı olmadan öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq borcu da daxildir. Qeyd edilən normalara uyğun olaraq inzibati orqanın şəxslərin müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın faktiki və hüquqi əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavabda aydın görmək, bununla da cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Odur ki, işə məhkəmədə baxılarkən inzibati orqanlarda mübahisənin düzgün həlli üçün lazımı araşdırmanın aparılıb-aparılmadığını və aidiyyəti sübutların toplanılıb-toplanılmadığını, eləcə də inzibati orqanın mübahisə üzrə bütün zəruri faktiki və hüquqi hallara münasibətini aydın şəkildə bildirib-bildirmədiyini müəyyən etmək üçün İPM-in 49,51-ci və 60-cı maddələrində təsbit olunmuş imkanlardan fəal istifadə edilməlidir. Buraya cavabdehdən faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi, eləcə də dəqiqləşdirmə tələb olunan müəyyən halların izah olunmasını tələb etmək və bu məqsədlərlə müvfiq müddətlər üçün təyin etmək də daxildir. Bununla da, öz vəzifələrini tam həcmdə yerinə yetirmək üçün məhkəmələrə maraqlı şəxsin müraciəti ilə bağlı həmin inzibati orqanda aparılmış araşdırmanın bütün materiallarının (məhkəməyədək inzibati icraat materiallarının) cavabdehdən tələb edilməsi tövsiyə edilir. İnzibati orqanın imtinasının qanuniliyinə qiymət verilməsi üçün məhkəməyədək aparılmış inzibati araşdırma materialları təqdim edilmədikdə, yaxud təqdim edilmiş materiallardan şəxsin müraciəti üzrə “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmaqla zəruri araşdırmanın aparılmadığı, formal əsaslarla imtina olunduğu müəyyən edildikdə, bu hallar inzibati orqanın hərəkətsizliyi kimi qiymətləndirilə və hər bir konkret işin hallarından asılı olaraq həm İPM-nin 33.3, 33.4-cü maddələrində, həm də Məcəllənin 73.2 və 73.3-cü maddələrində müəyyən edilmiş hüquqi vasitələrdən istifadə edilə bilər. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsindən iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun tam və hərtərəfli inzibati icraat aparılmadığından, inzibati icraat yenidən aparılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, İddiaçı yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciətinə dair inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsi ilə bağlı iddiaçıya yenidən iddia irəli sürmək hüququ izah edilir. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar