Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4577/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Silahlı Qüvvələrdən ehtiyyata buraxılmağı barədə öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1983-cü ildə Ağdam rayonunda anadan olmuşdur. 2002-ci il tarixdə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakultəsinə qəbul olunmuşdur. 2006-cı il tarixdə təhsilini Hərbi Tibb fakultəsində kursant kimi davam etdirmişdir. xx.xx.2008-ci il tarixdən Silahlı Qüvvələrdə zabit kimi, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək N saylı hərbi hissənin məntəqə rəisi, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Hərbi Tibb fakultəsində internatura, xx.xx.2011-xx.xx.2018ci il tarixlərdə N saylı hərbi hissənin X5 Cərrahiyyə bölməsinin baş ordinator vəzifəsində, 2014-cu il tarixdən indiyə qədər Müdafiə Nazirliyinin Baş X1 cərrahiyyə bölməsinin baş ordinatoru vəzifəsində xidmət göstərmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı barədə raportla müraciət etməsinə baxmayaraq, ona Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində kadr yetməzliyi ilə əlaqədar məqsədə uyğun deyil cavabı verilmişdir. Bu cavab şifahi şəkildə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və bildirmişdir ki, iş materiallarından göründüyü və iddiaçının da qeyd etdiyi kimi İddiaçı Azərbaycan Ordusu sıralarında zabit olaraq xidmət etməklə 10 ildən artıq müddətdir ki xidmətdədir. İddiaçı, Müdafiə Nazirliyinin Baş X1 cərrahiyyə bölməsində baş ordinator vəzifəsində xidmət edir və o, xx.xx.2024-cü il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciət etmişdir. Bildirilir ki, İddiaçı rəhbərlik və cavabdeh şəxslər tərəfindən qəbul edilmiş, Baş Klinik Hospitalına təxliyyə edilmiş hərbi qulluqçuların hospitalda müayinə və müalicələrində mütəxəssis-həkimlərin çatışmazlığı, həmçinin vəzifələrin həkimlərlə komplektləşdirilməsinin ilin başlanğıcında planlaşdırılması səbəbindən ilin digər vaxtlarında ehtiyata buraxılmanın dərhal həyata keçirilməsinin mümkün olmaması izah olunaraq ehtiyata buraxılması təxirə salınmışdır. Belə ki, Səhiyyə Nazirliyi ilə birgə aparılmış analizlərdən görünür ki, qəbul imtahanlarında "hərbi həkim" ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olunanların sayında azalmaların olması, Azərbaycan Ordusunda hərbi həkimlərin çatışmazlığı və buna uyğun olaraq müvafiq vəzifələrin komplektləşdirilməsində çətinliklərin yaranmasına səbəb olmuşdur. Aparılan təhlillərdən görünür ki, hərbi həkimlərin Müdafiə Nazirliyinin hesabına xarici ölkələrdə (əsasən Türkiyədə uzmanlıq) və ölkə daxilində fəaliyyət göstərən ixtisas və biliklərin təkmilləşdirilməsi kurslarını (təhsil müəssisələrini) başa vurduqdan sonra orduda xidmətlərini davam etdirməyə maraqlı olmamaları, öz arzuları ilə ehtiyata buraxılmaları üçün müraciət etmələri müəyyənləşdirilmişdir.Əlavə olaraq, Azərbaycan Ordusunda həkim vəzifələrinin komplektləşdirilməsi və ixtisaslı kadrların zəruri tələbata uyğun planlaşdırılması hər ilin əvvəlində həyata keçirildiyindən, digər aylarda plana uyğun və ya şəxsi təşəbbüs ilə ehtiyata buraxılmaların icra olunması çətinliklər yaradır. Ona görə də planlaşdırılmamış aylarda ehtiyata buraxılmaq üçün müraciət edən hərbi qulluqçuların buraxılmaları qanunvericiliyə uyğun olmasına baxmayaraq, onlarla fərdi söhbətlər aparılır, qarşıya çıxan çətinliklər izah edilməklə cari ilin sonuna (növbəti planlamaya) qədər gözləmələri bildirilir. O cümlədən İddiaçılə də fərdi söhbət aparılmış və qeyd edilənlər diqqətinə çatdırılaraq, növbəti 1 il ərzində ehtiyata buraxılacağı bildirildiyindən raportu baxılmamış saxlanılmışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 47.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306, 308, 310 ve 259.0.10-cu maddələrini rəhbər tutaraq, məhkəmədən yuxarıda qeyd edilən xüsusatları, həmçinin iddiaçının əvəzinə ixtisaslı kadr planlaşdırıldıqdan sonra ehtiyata buraxılacağını nəzərə alaraq, İddiaçı iddia tələbinin növbəti 1 il ərzində icra edilməsi ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (“öz arzusu ilə”) ehtiyata buraxılması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Əlavə olaraq bildirmişdir ki, tibb xidməti mayoru İddiaçı xx.xx.2006-cı il tarixindən Azərbaycan Ordusunda, xx.xx.2019cu il tarixindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həqiqi hərbi xidmətdədir. İddiaçı 10 ildən artıq müddətdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit kimi xidmət edir. Qanunvericiliyə görə, AR Silahlı Qüvvələrinin sıralarında 10 il zabit vəzifəsində xidmət edən hərbi qulluqçular öz arzusu ilə ehtiyata buraxılırlar. Ona görə də hərbi xidmətkeçməni tənzimləyən normativ hüquqi aktlara əsasən xx.xx.2024-cü il tarixdə öz arzusu ilə ehtiyata buraxılması barədə yuxarı komandanlığa raportla müraciət etmişdir. Həmin raport qeydiyyata alınmışdır. Lakin uzun müddət keçsə də, onun qanunamüvafıq surətdə ehtiyata buraxılması təmin edilməmişdir. Halbuki, qanunvericiliyə görə, hərbi hissə komandirinə təqdim etdiyi raport müvafiq əmrin verilməsi üçün AR Müdafiə Nazirliyinə göndərilməli və 15 gün müddətində ehtiyata buraxılması təmin olunmalı idi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2024cü il tarixli, 319 nömrəli arayışında qeyd edilmişdir ki, tibb xidməti mayoru İddiaçı həqiqətən xx.xx.2006-cı il tarixindən Azərbaycan Ordusunda, xx.xx.2019-cu il tarixindən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həqiqi hərbi xidmətdədir. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2024-cü il tarixli, 6409 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Tibb xidməti mayoru İddiaçı xx.xx.2024-cü il tarixdə septiki cərrahiyyə bölməsinin rəisinə raport ünvanlayaraq "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən onun ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - Septiki cərrahiyyə bölməsinin rəisi tibb xidməti polkovnik leytenantı Şükür Abdullayev ümumi cərrahiyyə şöbəsinin rəisi-hospitalın aparıcı cərrahına raport ünvanlayaraq, tibb xidməti mayoru İddiaçı raportuna əsasən vəsatət qaldırmışdır. - Ümumi cərrahiyyə şöbəsinin rəisi-hospitalın aparıcı cərrahı vəzifəsini müvəqqəti icra edən, tibb xidməti polkovniki X4 Nazirliyinin Baş Klinik Hospital rəisinin tibb hissə üzrə müavini –tibb hissəsinin rəisinə raport ünvanlayaraq, tibb xidməti polkovnik leytenantı Şükür Abdullayevin raportuna əsasən vəsatət qaldırmışdır. - Müdafiə Nazirliyinin Baş Klinik Hospital rəisinin tibb hissə üzrə müavini –tibb hissəsinin rəisi vəzifəsini icra edən X6 İdarəsinin müavini-Baş Klinik Hospitalın rəisinə raport ünvanlayaraq, tibb xidməti polkovnik leytenantı Səxavət Hüseynovun raportuna əsasən vəsatət qaldırmışdır. -Söhbət vərəqəsindən görünür ki, tibb xidməti mayoru İddiaçı ilə xx.xx.2024-cü ildə keçirilmiş birinci söhbətdə iddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına münasibətinin yaxşı olduğunu, ehtiyyata getmək istədiyini, mənzillə təmin olunmadığını, növbəti məzuniyyətdən istifadə etdiyini, 35 gün istifadə etmişdir, ehtiyata buraxılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilən raport müvafiq olaraq Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Vüqar Mürsəlov tərəfindən “müvafiq qaydada icra edin” sözləri ilə xx.xx.2024-cü il tarixdə təsdiq edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı tibb xidməti mayoru Əliyev X3 Nazirliyinin Baş X2 cərrahiyyə bölməsinin baş ordinatoru vəzifəsində xidmət edir. İddiaçı xx.xx.2024-cü il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciəti ilə əlaqədar hərəkətsizlik göstərməklə müraciətin təminini həyata keçirməmişdir. Hazırkı iddiasında iddiaçı onun hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Resp ublikasının Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: c 156-cı maddəsinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. -162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. -163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı bəndinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisinə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılması hüququnu nəzərdə tutur və qanuna görə bu hüquqa şəxs hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu xx.xx.2024-cü il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. Onun həmin tarixdə rütbəsi tibb xidməti mayoru, vəzifəsi Septiki cərrahiyyə bölməsinin baş ordinatoru olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına tələb hüququ yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciəti (raportu) üzrə inzibati icraat nəticəsində sonuncunun ehtiyata buraxılması və ya bundan imtina olunması məsələsi ilə bağlı rəsmi yazılı cavab verilməmişdir. Lakin məhkəməyə təqdim edilmiş iddia tələbinə etirazda iddiaçının müraciəti ilə bağlı cavabdeh orqan öz rəsmi yazılı münasibətini bildirmişdir. Məhkəmə cavabdehin hazırkı iddiaya yazılı münasibətində müvafiq sahədə həkimlərin çatışmazlığının ehtiyat buraxılmanın dərhal həyata keçirilməsinin mümkün etməməsi əsası ilə razılaşmır. Belə ki, vəzifələrin həkimlərlə komplektləşdirilməsinin təmin və təşkili cavabdeh inzibati orqanın kadr siyasəti ilə bağlı məsuliyyət sferasına aid məsələdir və bu hal 10 ildən artıq xidmət etmiş hərbi qulluqçunun xx.xx.2024-cü ildən verdiyi raporta əsasən öz arzusu ilə ehtiyata buraxılmaq hüququnun realizisinə mane təşkil etməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4577/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4577/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver