Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-458/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və X12) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda isə göstərmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 2.0 ha olsa da, faktiki olaraq 1.842 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili mövcud deyil. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlüklə digər hüquq sahibinə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planının ölçüləri daxilində yerləşir. Torpaq sahəsinin yerləşmə mövqeyini təyin edən çizgi təqdim edilmədiyindən sənədin göstərilən sahəyə aid olub- olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə bələdiyyə ərazisi olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Həmçinin göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Sahənin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin və neft quyusunun mühafizə zolağında yerləşir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X14" MMC tərəfindən Binəqədi Rayonu Xocasən Bələdiyyəsindən alınmış 2 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, xx.xx.2024-cü il tarixli qərardadı ilə isə X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 28 aprel 2006-cı ildə "xxxx" MMC-in rəhbərliyi məktubla bələdiyyəyə müraciət edərək Xocəsən Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07/10 saylı qərarı ilə X2 icarəsinə verilmiş 3 ha torpaq sahəsindən 2 ha torpaq sahəsinin alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün "Yaycılı Yaquboğlu” MMC-nin mülkiyyətinə verilməsini xahiş etmişdir. Eyni zamanda vətəndaş X4 notarial qaydada təsdiq edilmiş ərizə ilə bələdiyyəyə müraciət edərək qeyd edilən torpaq sahəsini "xxxx" MMC-nin mülkiyyətinə verilməsinə razılığını bildirmişdir. "xxxx" MMC-nin rəhbərliyi torpağın nəzərdə tutulmuş satış qiymətinə uyğun məbləği (hər kv.m üçün 80 qəp cəmi 16.000 manat) bələdiyyə büdcəsinə ödəmişdir. (Qəbz № 053037) Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyası həmin məsələnin müsbət həlli üçün qərar layihəsini təsdiq etmiş və Hüquq məsələri daimi komissiyası qərar layihəsinin qanunauyğunluğu haqqında rəy vermişdir. Bələdiyyə iclası isə X2 xx.xx.2006-cı il tarixli 07/10 saylı qərarla üzünmüddətli icarəsinə verilmiş 3 ha torpaq sahəsindən 2 ha torpaq sahəsinin "xxxx" MMC-nin mülkiyyətinə verilməsi, bələdiyyənin ərazisində yerləşən 2 ha torpaq sahəsinin təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə "xxxx" MMC-nin mülkiyyətinə verilməsi, mülkiyyətə verilmiş torpaq sahəsində tikilicək tikilinin layihəsinin rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırılması, Torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməsi haqqında qərar qəbul etmişdir. Eyni zamanda qərarda mülkiyyətə verilmiş torpaq sahəsinin naturada vətəndaşa təhvil verilməsi və alqı-satqı aktı ilə rəsmiləşdirilməsinin Bələdiyyənin icra aparatına tapşırılması nəzərdə tutulmuşdur. Torpaqların alqı-satqısına dair aktda "xxxx" MMC 28 aprel 2006-cı ildə torpaq sahəsi almaq üçün Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinə müraciət etdiyi, bunun müqabilində "xxxx" MMC tərəfindən Xocasən Bələdiyyəsinin hesabına 16000 (on altı min) manat haqq ödənildiyi öz əksini tapmışdır. Həmin akt Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin nümayəndəsinin -Yerli Büdcə və İqtisadi inkişaf məsələləri daimi komissiyasının sədri M.Hüseynov və torpaq alanın-"xxxx"MMC iştirakı ilə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Hüquqi Şəxsin adına edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınması haqqında şəhadətnaməyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı İddiaçı adı ilə əvəz olunmuşdur. Dəyişiklik dövlət qeydiyyatına 25 oktyabr 2006-cı il tarixində alınmışdır. X1 Oil Company-ə ərizə ilə müraciət edərək ona məxsus olan "xxxx" MMC-yə ayrılan torpaq sahəsinin Şirkətin ərazisinə düşüb-düşməməsi barədə məlumat verilməsini xahiş etmişdir. Ərizəyə cavab olaraq bildirilmişdir ki, Şirkət hasilatın pay bölgüsü Sazişi üzrə Binəqədi blokunda əməliyyat şirkəti qismində fəaliyyət göstərir. Sazişin şərtlərinə əsasən Şirkət podratçıların adından kontrakt sahəsində neft-qaz əməliyyatlarının aparılması ilə məşğul olur. Müraciətə əsasən Şirkətin əməkdaşları tərəfindən əraziyə birgə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, ərizədə qeyd olunan torpaq sahəsi Saziş ərazisi hüdudları daxilindən kənarda yerləşir. Lakin sözü gedən torpaq sahəsinin bu hissəsi 341856, 340837, 340786 saylı neft quyularının mühafizə zolağı daxilində yerləşir. Sözügedən məsələ ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında imtina məktublarında göstərilən dəlillərə istinad etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi ləğv olunmuş quyuların mühafizə zolağında yerləşən torpaq sahəsinə münasibətdə iddianın rədd edilməsini, digər hissəyə münasibətdə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan: - Xocasən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07/10 saylı qərarından görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmış cizgi ilə müəyyənləşdirilmiş göstərilən ölçü və ünvana uyğun olaraq 3 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş X2 qısamüddətli icarəsinə verilmişdir. - Xocasən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 09/17 saylı qərarından görünür ki, X2 xx.xx.2006-cı il tarixli 07 10 saylı qərarla uzunmüddətli icarəsinə verilmiş 3 ha torpaq sahəsindən 2 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. -204-N2-3655 saylı Hüquqi şəxsin adına edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" MMC adı İddiaçı MMC-yə dəyişdirilmiş, dəyişiklik xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, "xxxx" MMC xx.xx.2006-cı ildə Xocasən Bələdiyyəsinə torpaq sahəsi almaq üçün müraciət etmiş, bələdiyyə 2 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 09/17 saylı qərar qəbul etmiş, bunun müqabilində "xxxx" MMC Xocasən bələdiyyəsinin hesabına 16000 manat haqq ödəmişdir. İddiaçı hazırda qeyd olunan qərar və akta istinad edərək, ona ayrılmış 2 ha torpaq torpaq sahəsinə mülkiyyət hüqununun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın özgəninkiləşdirilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - maddə 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - -Maddə 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində - 0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; 8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək; 8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə. - maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) əsasən: - bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - bənd 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. -bənd 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -bənd 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. İstinad olunan normalardan müəyyən olunur ki, xx.xx.2006-cı il tarixdə bələdiyyə şəxsə torpaq sahəsi ayırmaq üçün: 1.torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir;
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir;
3. həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin icarəsinə verilməsi ilə bağlı qərar qəbul edir.
4. şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır. Lakin işdən görünür ki, bələdiyyə iddiaçıya torpaq sahəsi ayırarkən qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, səlahiyyətli orqanların rəyini almamışdır. Belə ki, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi barədə sorğuya cavab olaraq İdarənin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin xx.xx.2011-ci il tarixli məktubundan isə görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Binəqədi rayonu Xocasən bələdiyyəsi tərəfindən ona ayrılmış 2,0 ha torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan əraziyə daxildir və bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, toıpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağladıqları əqdlər, habelə torpaq mülkiyyətçilərinin Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Göründüyü kimi, iddiaçıya mübahisəli torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilən zaman rəy əldə edilməsi üçün aidiyyəti qurumlara müraciət edilməmiş, sonradan edilmiş müraciətə cavab olaraq isə həmin torpaq sahəsinin dövlətin müstəsna mülkiyyətinə aid olan əraziyə daxil olduğu bildirilmiş və müsbət rəy verilməmişdir. Məhkəmə qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.” Göründüyü kimi, istinad olunan mövqe nəzərə alındıqda aydın olur ki, müvafiq rəylər olmasa belə, iddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati akt səlahiyyətli orqan tərəfindən qəbul olunduqda, onun qəbul olunmuş inzibati akta etimadı qorunur. Lakin işdən görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması zamanı həm maddi, həm də prosessual normalar pozulmuş, bələdiyyənin həmin torpaq sahəsini iddiaçıya ayırmağa səlahiyyəti olmamışdır. Belə ki, birincisi, həmin torpaq sahəsi Xocasən bələdiyyəsinə məxsus torpaq sahəsi olmamışdır. Çünki işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr məlumat bazasında sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Sözügedən sahədən 7 metr məsafədə neft quyusu mövcuddur. Bundan əlavə, işdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamından görünür ki, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin X9 xx.xx.2005ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. A № 319656 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamı ilə X10 universitet kampusunun tikintisi üçün daimi istifadəyə verilən Binəqədi rayonu, Xocəsən kəndinin şərq hissəsində yerləşən Xocəsən gölünün ətrafında 17276776 kv.m sahəsi olan torpaq sahəsinin xx.xx.2011-ci il tarixdə plan və ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8348 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-20746/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-35742/2023 saylı mütəxəssis rəyində, vahid elektron kadastr baza məlumatlarında iddiaçının naturada göstərdiyi sahənin bütövlüklə ləğv edilmiş X6 Komitəsi tərəfindən X10 ayrılmış sahə ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdə Xocasən bələdiyyəsi tərəfindən mübahisəli torpaq sahəsi iddiaçıya ayrılsa da, həmin torpaq sahəsi dövlətə məxsus torpaq sahəsi olmuş və daha əvvəl, xx.xx.2005-ci il tarixdə X9 daimi istifadəsinə verilmişdir. Belə olan halda aydındır ki, Xocasən bələdiyyəsinin ona məxsus olmayan 2005-ci ildə Fondun istifadəsinə verilmiş torpaq sahəsinin 2006-cı ildə iddiaçının mülkiyətinə verilməsi barədə qərar qəbul etmək səlahiyyəti olmamışdır. Mübahisəli torpaq sahəsinin X9 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X10 ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə müəyyən olunduğundan, X10 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər isə öz qüvvəsini saxladığından, iddiaçının hazırkı məzmunda iddiası təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddia olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin olunmasın. Ekspert tədqiqatının dəyəri olan 50 (əlli) manat xərc İddiaçındən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X3, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova