Məhkəmə qərarları › İş №2-1(112)-4581/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4581/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4581/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, iddiaçı "xxxx" Firmasının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borc məbləğinin silinməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı "xxxx" Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəxsi hesab vərəqəsində 7.550,0 manat kameral yoxlanılmalı məbləği ləğv etmək və kameral yoxlamanı başa çatdırmaq öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğ kimi qeyd olunan 7550 manat (yeddi min beş yüz əlli) manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “Ziyil Arxı" Firmasının şəxsi hesab vərəqəsində 7.550,0 manat məbləğ üzrə kameral yoxlama nəzərdə tutulan məbləğ qeyd edilmişdir. Qeyd edilən məbləğlə bağlı iddiaçı tərəfindən dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə dəfələrlə ərizə və şikayətlərlə müraciət edilərək cavabdeh tərəfindən kameral münasibət bildirmənin yeni qaydaları barədə izah verilməsini, Vergi Məcəlləsindəki bu barədə 37-ci maddənin tələblərinə əməl edilməməsinin səbəblərinin izah edilməsi və şəxsi hesab vərəqəsindəki 7.550,0 manat kameral yoxlanılmalı məbləğə qısa müddətdə kameral münasibət bildirilərək şəxsi hesab vərəqəsində düzəliş edilib, 7550.0 manat kameral yoxlanılmalı məbləğin ləğv edilməsi xahiş edilmişdir. Buna baxmayaraq hələ də süni surətdə borcun məbləğini şəxsi hesab vərəqəsində artırmaq üçün əsassız olaraq müəssisənin şəxsi hesab vərəqəsində 7.550,0 manat kameral yoxlanılmalı məbləğ qeyd edilmişdir. Bununla yanaşı inzibati icraat qaydalarına zidd olaraq bu günədək müəssisəyə qarşı borcun əsassız olaraq şəxsi hesab vərəqəsində 6928.58 manat və faiz borcunun 2508.95 manat göstərilməsinə baxmayaraq 17015.57 manat cəmi ödənilməli borc məbləği qeyd edilmişdir. Sözügedən borc məbləğinin yazılmasının səbəbi, bu borcun açıqlamasının təqdim edilməsi barədə vergi orqanına müraciətlər ünvanlasa da, vergi orqanı tərəfindən müraciətlərinə məhəl qoyulmamışdır. Eyni zamanda sözügedən yoxlamanın Vergi Məcəlləsində göstərilən 30 iş günü və 60 iş günü müddəti artıq başa çatmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının inzibati icraat haqqında qanunvericiliklə və vergi qanunvericliyi ilə müəyyən edilmiş hüquqları pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən vergi qanunvericiliyinin tələbləri pozularaq şəxsi hesab vərəqəsində 7.550,0 manat məbləğ dondurularaq əsassız olaraq kameral yoxlama başa çatdırılmır. Bu səbəbdən cavabdeh tərəfindən 7.550,0 manat kameral yoxlanılmalı məbləğ ləğv edilərək kameral yoxlama başa çatdırılmalıdır.

4. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, cavabdeh iddia tələbi ilə razılaşmır və aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********812000 nömrəli Qərarına əsasən (2.1.1,3.1.1) vergi ödəyicisi riskli vergi ödəyicisiləri siyahısına əlavə edilmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq tərəfinizdən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilmiş kənarlaşma barədə vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023- cü il tarixli **********652600 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi üzrə 2022-ci il üçün 12546.10 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********719900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin bildirilir ki, ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarı ilə təsdiq edilmiş meyarların 2ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: riskli əməliyyatlar aparan şəxs olduqda; aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; yuxarıda qeyd edilmiş meyarlar üzə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin meyarların 3-cü bəndinə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü-vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi- vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Qeyd edək ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulur. Belə məhdudlaşmalara aşağıdakılar aiddir: Əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulur; Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir; Əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDVnin əvəzləşdirilməsinə yol verilmir; Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab edilir; Vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verir; Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır; Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır; Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılır. İnzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.

5. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********812000 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarına əsasən vergi ödəyicisi İddiaçı Firması (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

6. İddiaçı Firmasınana (VÖEN: **********) Şəxsi hesab vərəqəsinə əsasən: Vergilər üzrə vərəqə Faiz Yazılış Əməliyyatı Əməliyyat Ödəmə Miqdar Artıq Qalıq üzrə tarixi n adı ın növü tarixi (manat) ödəmə qalıq HŞƏV xx.xx.20 Hesablam xx.xx.202 8.354,6 2024 – 1.456,09 2.680,11 25 a 5 7 CARİ (B)

Çap olunma tarixi xx.xx.2025 Əhatə etdiyi dövr xx.xx.2022-xx.xx.2025 Saldo 0,00 Hesablanılmışdır 60.206,90 Ödənilmişdir 12.265,45 Qaytarılmışdır 0,00 Azaldılmışdır 40.298,98 Əmlaka yönəldilmişdir 0,00 Məhkəmə hökmü ilə təmin edilmişdir 0,00 Faiz saldo 0,00 Çap tarixinə fazi borcu 2.697,73 Təsdiqlənməmiş azalmalar 7.555,39 Əhatə etdiyi dövrün son tarixinə saldo -9.675,27 Çap tarixinə saldo -9.596,31 Cəmi ödənməli borc 18.607,79 Vaxtı ötmüş borc 0,00 Vaxtı ötmüş artıq ödəmə 0,00 Möhlət verilmişdir 0,00

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, vergi orqanı tərəfindən 2022-ci il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə kameral yoxlama nəticəsində 12546 manat vergi borcunun müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. Lakin vergi orqanı tərəfindən sonrakı tarixdə kameral yoxlamadan kənar 7.555,39 manat kameral yoxlanılmalı məbləğ (təsdiqlənməmiş azalma) hesablanmışdır. Faktiki olaraq vergi orqanı tərəfindən eyni vergi dövrü üzrə kameral yoxlamadan kənar əlavə vergi məbləği hesablanmışdır.

8. Məhkəmə iclasında iştiral edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, 7.555,39 manat kameral yoxlanılmalı məbləğ kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarda əks olunmur. Belə ki, həmin məbləğ sonrakı dövrdə aşkar edilmiş və vergi orqanı əlavə qərar qəbul etmədən texniki imkanlarından istifadə edərək vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks etdirmişdir. Həmin kameral yoxlanılmalı məbləğin hüquqi nəticəsi olaraq vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ödənilməli vergi borc kimi əks olunur.

İİ. İddianın növü və mümkünlüyü

9. İddia tələbi vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks olunan borcun silinməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına aiddir.

10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

12. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələbi vergi ödəyicisi olan İddiaçı Firmasının (iddiaçının) şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğ kimi qeyd olunan 7550 manat (yeddi min beş yüz əlli) manat borc məbləğinin silinməsi tələb edilmişdir.

13. Məhkəmə ilk növbədə qeyd edir ki, vergi orqanı tərəfindən İddiaçı Firmasına münasibətdə 2022-ci il vergi dövrü üzrə gəlir vergisi ilə bağlı kameral yoxlama həyata keçirilərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” müvafiq qərar qəbul edilmişdir (həmin qərar vergi ödəyicisi tərəfindən mübahisələndirilmişdir). Buna baxmayaraq sonrakı dövrdə vergi orqanı tərəfindən İddiaçı Firmasına münasibətdə 2022-ci il vergi dövrü üzrə gəlir vergisi ilə bağlı əlavə 7.550 manat vergi hesablanaraq kameral yoxlanılmalı məbləğ (təsdiqlənməmiş azalma) kimi şəxsi hesab vərəqəsində əks olunmuşdr. Məhkəmə iclasında iştirak edən tərəflər 7550 manat məbləğin kameral yoxlamadan kənar hesablandığını və hər hansı qərar qəbul edilmədən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks olunduğu təsdiq etmişdirlər. Odur ki, vergi ödəyicisi (iddiaçı) İddiaçı Firmasına münasibətdə 7550 manat kameral yoxlanılmalı məbləğin (təsdiqlənməmiş azalmanın) sadəcə faktiki xarakterli hərəkətlər vasitəsi ilə hesablandığı işin mübahisəsiz halıdır.

14. Məhkəmə nəzərə alır ki, vergi orqanı tərəfindən hesablanmış 7550 manat məbləğində kameral yoxlanılmalı məbləğin (təsdiqlənməmiş azalmanın) vergi ödəyicisinə münasibətdə hüquqi nəticə yaratması işin digər mübahisəsiz halıdır. Belə ki, vergi ödəyicisi İddiaçı Firmasına məxsus Şəxsi Hesab vərəqəsində vergilər üzrə borc 8.354,67 manat (faiz üzrə qalıq 2.680,11 manat) qeyd olunsa da, yekunda cəmi ödənilməli vergi borcu 18.607,79 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də izahatında təsdiqləmişdir ki, kameral yoxlanılmalı məbləğ vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ödənilməli vergi borcu kimi əks olunur.

15. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-828/2022 nömrəli qərarına uyğundur. Həmin qərara əsasən müəyyən edilir ki: -“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin inzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən, “Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyat olmuşdur. Yalnız şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır.

16. Hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablamışdır. Halbuki bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində həmin inzibati aktı qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan həmin inzibati aktı əsaslandırmalı idi. Baxılan mübahisədə cavabdeh tərəfindən qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması vergi qanunvericiliyinin tələblərinə və yuxarıda istinad edilən qərardaddakı hüquqi mövqeyə ziddir.

17. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

18. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

19. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Firmasına məxsus şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğ kimi qeyd olunan 7550 manat (yeddi min beş yüz əlli) manat borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsininin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar