Məhkəmə qərarları › İş №2-1(112)-4582/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4582/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4582/2022 17.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə 04.11.2021-ci il tarixdə verilmiş xitamın ləğv edilməsi və həmin əmək müqaviləsi üzrə yeni əmək müqaviləsi bağlanılaraq işə bərpa olunmağına, 04.11.2021-ci il tarixdən keçən müddət üçün əmək haqqının hesabalanaraq iddiaçıya ödənilməsi vəzifəsinin İcbari Tibbi Sığorta üzə Dövlət Agentliyinə və Tibbi Ərazi İdarəetmə Bölmələri Birliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya 21 dekabr 2021-ci il tarixli məktub ünvanlayaraq müvafiq iddia tələbi ilə hüquqi şəxsin ünvanının olduğu yer üzrə ümumi məhkəməyə müraciət etməli olduğu izah olunmasına baxmayaraq, iddiaçı tərəfindən buna dair müvafiq hərəkət edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. İşih araşdırılan halları ilə iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən müəyyən edilmiş iddia tələblərindən hər hansı birinin təsirinin altına düşməsi müəyyən edilmir. Bu səbəbdən də, hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün deyildir. Hazırkı iş üzrə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, mübahisə predmeti tərəflər arasında mövcud olan müqavilə münasibətləri ilə bağlıdır ki, qeyd olunan mübahisə ilə bağlı işlərin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə tənzimlənir. Belə ki, iş materiallarına əlavə edilmiş “əmək müqaviləsinə xitam verilməsi haqqında” 04 noyabr 2021-ci il tarixli 03-259 №li əmrin surətindən görünür ki, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Nizamnaməsinin 4.10.5-ci bəndinə və 4.10.10-cu yarımbəndlərini rəhbər tutaraq “Füzuli rayon Mərkəi Xəstəxanası” publik hüquqi şəxsin direktorunun müavini-baş həkimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə 04 noyabr 2021-ci il tarixində xitam verilmiş, əmrin icrası və son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin təmin edilməsi tibb müəssisəsinə tapşırılmışdır. Göründüyü kimi iddiaçının hazırki tələbi “əmək müqaviləsinə 04.11.2021-ci il tarixdə verilmiş xitamın ləğv edilməsi və həmin əmək müqaviləsi üzrə yeni əmək müqaviləsi bağlanılaraq işə bərpa olunmağına, 04.11.2021-ci il tarixdən keçən müddət üçün əmək haqqının hesabalanaraq iddiaçıya ödənilməsi vəzifəsinin İcbari Tibbi Sığorta üzə Dövlət Agentliyinə və Tibbi Ərazi İdarəetmə Bölmələri Birliyinə həvalə edilməsi” barədə olmaqla, əmək hüquq münasibətlərilə bağlıdır. Odur ki məhkəmə hesab edir ki, irəli sürülən iddia tələbi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsindən irəli gələn öhdəliklərə əsaslanan münasibətlərlə bağlı olduğundan və Qanunvericiliyə müvafiq olaraq bu tələblərə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalı, iddiaçıya yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə, yəni hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 17-ci maddəsində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar